“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Eminqueyin şeirləri
təqdim edilir.
1.
Babamgilin evi
Mən nənəmin örpəyindən
tanımışam hicabı,
ilk dəfə qocalığı onun
örpəyi düşəndə görmüşəm,
hər qadın gəncliyi ayrı rəngdə görür,
həmin rəngə boyayır saçlarını,
qırmızı idi nənəmin cavanlığı...
Mən babamgilin
tut ağacından öyrənmişəm
insanın yer üzündə
ən böyük qarışqa olduğunu,
qarışqaları sevindirmişdik
ağaca dırmaşıb tutu çırpanda,
elə bilmişdilər ki,
tutu ağacdan çərşova
özləri daşıyıblar bircə anda.
Mən atamın qollarından
öyrənmişəm sevgini,
anam pəncərəyə çıxıb şüşəbəndi silər,
atam ayaqlarını qucaqlayardı.
Mən babamla nənəmin
ölümündən öyrənmişəm
böyüksüz evlər necə yox olurmuş,
insan babasıgilin evi
yox olanda böyüyürmüş...
Bir də,
Bir də öyrəndim ki,
atam anamın ayaqlarını qucaqlayanda
özü də ölmək istəmirdi...
2.
Sərxoşdan Allaha
Ya Rəbb,
Keç günahımdan,
Mən içəndəəəə
nəəə kiminsə qəlbini qırırammm,
nə də dddaaalaşırammmm,
Məəən,
məəən,
məəən içəndə küsdüklərimlə barışıram.
Qucaqlamaq istəyirəm düşmənlərimi,
Öpmək istəyirəm o məscidin ddddivvvvar...
divarını...
Bir dəəə,
bir dəəə,
öpmək istəyirəm aaaa... atamın,
dossss... dostumun ot basmışşşş məzarını...
Ya Rəbb,
mən içəndəəə,
çox yox e,
bir azzzz ağğğlamaq üçün içirəm,
birazz da danışşşmaq üçün...
mənə bir az da möh... möhlət ver,
səninlə də barış... barışmmmmaq üçün...
3.
Göz yaşı
Göz yaşı hamıdan məsumdu, safdı,
Göz yaşı hamıdan kövrək, insaflı,
Yuyur sözlərimin hərflərini:
Mə...
Mə...
öz...
bbb..m...əm...
çə...t..di..
axı.
öl....m... kkk...
ist... əm...
olmur, alınmır,
bir də hıçqırıq tək yolumu kəsir,
gah anam qoymur,
gah Allah baxır...
4.
Köhnə video
Köhnə videolara baxırdıq axşam,
Dizinin üstəydi başım anamın.
Gördüm, silkələyir çiyinlərini,
Kirpik ucundadır yaşı anamın.
Qəfil danışmağa başladı atam,
- Uzağa gedirəm, məni çək belə.
Səsini eşidib "can" deyəcəkdim,
Elə boğuldum ki...
O gülə-gülə...
...qəfil əl yellədi ekrandan bizə,
Elə düyünləndi söz boğazımda,
Elə təzələndi xatirələrim,
Elə gileyləndim alın yazımdan!
Dizimə büküldüm lap körpə kimi,
Elə ağladım ki...
Anam unutsun,
Kəssin göz yaşını, hönkürtüsünü,
Başımı bağrına basıb ovutsun...
Bəs hanı telefon? Bəs hanı video?
Bayaq ağlayanda əlimdən itib.
Tapdım telefonu divanın üstdən,
Baxdım video bitib...
Atam da gedib...
5.
Pəncərə
Niyə axtarırsan? Axtarma! Yoxdur!
Bu evin səması, Günəşi, quşu.
Bütün pəncərələr baxır bayıra,
Amma ya divardı, ya da ki qonşu.
Bu evin Günəşi o qonşu evin
Tez-tez yanıb-sönən pəncərəsidir.
Belə Günəş olar? Belə Gün olar?
Nə işığı çatır, nə də isidir.
Pəncərə dil açıb danışır, hərdən,
Gah bərkdən qışqırır, gah söyüş söyür.
İşığı göz vurur, görəsən, kişi
Arvadı, yoxsa ki işığı döyür?
Saat üçü keçir, soyuyur kişi,
Kəsilir qadının kəlməsi, sözü.
Saat üçü keçir, çökür qaranlıq,
Pəncərə utanır, qaralır üzü.
6.
“Həmd"ə şeir
bismillahir-rəhmanir-rəhim,
sənə inanmaq yox,
səninlə dost olmaq çətin...
əlhəmdü lillahi Rəbbil-aləmin,
ayaqlarım, alnım, əllərim.
ər-rəhmanir-rəhim
barmaqlarım, burnum, dizlərim.
maliki yəumiddin
endim, səcdəyə endim.
iyyakə nə'ubudu və iyyakə nəstəin,
barmaqlarımdan alnımadək Yerə uduzdum,
oldum ölümə təslim.
ihdinəs-siratəl müstəqim,
yanıma düşən qollarım məzar halımdı,
səcdəmdi bətin halımı təsdiqim.
siratəl-ləzinə ən'əmtə əleyhim,
səcdə bətn halımdı,
səcdə ölüb dirilməyim...
ğəyril-məğzubi əleyhim vələzzalin,
yaşasın ölümə baş əymək!
Amin! Amin! Amin!
7.
And
Bütün bayraqlar yellənir
göyərçin qanadları kimi pır-pır.
Uşaqların göz yaşları bir buluddur,
Qan-qadayla savaşar tarix boyu min kərə,
Necə ki buludlarla savaşan yerə
göyqurşağı sülh gətirir rəngbərəng,
Qalxıb iki düşmən arasında körpü olur,
Bir başında gözüyaşlı,
O biri başında üstü-başı
toz-torpaq bir körpə olur.
Bayraqlar da hərəsi bir göyqurşağıdır,
Göz yaşları olmasa solur,
ay Allah bəndəsi,
solur!
İlk dəfə insana qarğamı
öyrətmişdi öldürüb-basdırmağı,
Yoxsa, göyərçin?
Məndən olsa,
Kitaba and içib öpməzdim bayrağı,
Bir körpənin göz yaşlarına and içib
ayaqlarından öpərdim...
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)