“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir.
Sərçə dimdiyində açılar səhərim,
Şüşələr yuxulu-yuxulu dillənər.
İşığa açar gözünü
dünəndən qalan qayğılar,
Pəncərəmdə günəş tellənər.
Bir sərçə dimdiyində
dağılar səhərin yuxusu...
Sonra evlər, maşınlar oyanar,
Yavaş-yavaş küçələrə düşər
addım səsləri, siqar qoxusu.
***
Burdan Göy nə qədər gözəl görünür,
Ulduzu bəxtəvər, ayı bəxtəvər.
Şimşəyi sevincdən dəliyə dönür,
Harayı bəxtəvər, qıyı bəxtəvər.
Necə də azaddı göylər, İlahi,
Gecəsi azaddı, gündüzü azad.
Baharı, payızı, qışı azaddı,
Küləyi azaddı, bürküsü azad.
Tanrı sığal çəkib göyün üzünə,
Dumduru gözündən səadət baxır.
Qırmızı donunu geyib əyninə
Günəş səhər ilə görüşə çıxır.
Buludlar sözünü yağışla deyir,
Damlalar sevgiylə dilləşir, Allah.
Göylər xoşbəxtliyin dadın çıxarır,
Yersə öz canıyla əlləşir, Allah.
***
Ayrılıq zərrə-zərrə
Mənim içimdən qopur.
Mənim əzablarımdan,
Mənim gücümdən qopur.
Bütün rənglər həsrətdi,
Bütün dadlar ayrılıq.
Bütün sözlər, cümlələr,
Bütün adlar ayrılıq.
Bu şəhər, bu adamlar,
Bu küçə ayrılıqdı.
Bu dəniz, bu dalğalar,
Bu gecə ayrlıqdı.
Dadı, duzu yerində,
Odu, közü yerində,
Bircə ürəyim bilir
Bu necə ayrılıqdı.
Sarılmışam təkliyə,
Bir özüməm, bir hicran.
Ayrılıq adamıyam
Təpədən dırnağacan.
Bu günün öz həsrəti,
Sabahın öz dərdi var.
Deyəsən bircə mənim
Ömrümdən gəlib keçir
Ən saxta məhəbbətlər,
Ən təmiz ayrılıqlar.
***
Payız saçlarını açıb darayıb,
Hər tərəf xəzəllə süstlənib yenə.
Bulud gözlərini torpağa dikib,
Günəş dağ dalında gizlənib yenə.
Xəzan rəngindədi çöllər, çəmənlər,
Dərələr payızdı, yallar payızdı.
Azalıb hər yandan ayaq səsləri,
Küçələr payızdı, yollar payızdı.
Sahillə dilləşmir dalğalar daha,
Daha pıçıltıyla danışmır dəniz.
Çırpır hikkəsini lal qayalara,
Deyəsən payızla barışmır dəniz.
...Təzə ayaq açır bu payız hələ,
Hələ addım-addım yorulmağı var.
Hələ sevdalara qucaq açmağı,
Hələ ayrılığa vurulmağı var.
***
Kor adamlar ovuclarıyla gəzir dünyanı,
Ona görə də gözləri arxada qalmır.
Əlil arabasının kürəyindən qan damır,
yollar üstündən keçir.
Məzarlığa yolu düşənlər ləpirlərini
şahid qoyub gedir
sabah yolu azmasın deyə.
Min ildi zamandan çıxmağa çalışır
"25-ci saat"-ın yolçuları,
Bəxtə, qismətə inananlar
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"-ndən baxır sevgiyə.
Məhkumların azadlığı həbsxana hücrəsi boydadı,
"Azadlıq " küçəsindən başlayır bütün məhkumiyyətlər.
Uşaqlar oyuncaq maşınlarla aşırlar sərhəddi,
Atalar bu tayda ürəkləri tətikdə keşik çəkirlər.
Vətən kişilərin çiyinlərində bütövləşir,
Vətənsizlər qadın portmanatlarında "kişiləşir".
***
Yaxamı qələmin, sözün əlində,
Varağın əlində qoyma, sən Allah.
Çevir buludların başına məni,
Məni bu yağışa qıyma, sən Allah.
Dola küçələrin başına, gedim,
Dola gecələrin başına, gedim,
İmkan ver ömrümün qışına gedim,
Məni bu yoxuşa qıyma, sən Allah.
Qapılar açıqdı, dur işığa çıx,
Ümidə, arzuya, barışığa çıx,
Bir dəli, bir şıltaq inada acıq
Məni bu savaşa qıyma, sən Allah.
Yanma, ocağımın külündən qayıt,
Girmə, həsrətimin çölündən qayıt,
Danışma könlünün dilindən, qayıt,
Məni bu baxışa qıyma, sən Allah.
***
Səhər açıla,
Bir əli çiçəkli döyə qapımı,
Qapım sevinə.
Yuxum kirpiyimin ucundan
sürüşüb düşə aydınlığa,
Səhərin qulağına pıçıldayalar adımı,
Adım sevinə,
Ürəklənəm.
Unudam axşamkı yağışı, buludu,
küləyi unudam,
Baxışlarım qapıya qaça,
Ayaqlarım adıma,
Çiçəklənəm...
ÖZÜMƏ
Bu bàyram səninçün şeir yazmadım,
Utandım qələmdən, varaqdan nəsə,
Utandım Allahdan, günahdan nəsə.
Bu dəfə əliboş gəldim yanına,
Məni yazmadığım sözə bağışla,
Tanrıya bağışla, bizə bağışla.
Bu bayram səninçün çiçək almadım,
Bu bayram doyunca ağlatdım səni,
Bu bayram boyunca ağlatdım səni,
Ağla, gözlərinin yaşına dönüm,
"Bayramın mübarək" – deyə bilmədim,
Dayan,heç olmasa başına dönüm.
Mən səni köməksiz qoydum bu bayram,
Şeirsiz, çiçəksiz qoydum bu bayram,
Sənin həvəsinlə oynadım, qadın.
Bu gün daşa döndüm, dəmirə döndüm,
Sənə bircə çiçək qıymadım, qadın.
Aldada bilmədim bu gün mən səni,
Durub danışmağa sözüm olmadı.
Utandım qələmdən, varaqdan bu gün,
Lap elə Allahdan, günahdan bu gün,
Səni aldatmağa üzüm olmadı.
Bu bayram mən səni sözə tutmadım,
Bu bayram mən səni baxışa tutdum,
Küləyə, leysana, yağışa tutdum.
Elə için-için göynədin, qadın.
Bu bayram səninçün şeir yazmadım,
Bu bayram səninçün çiçək almadım,
Bu bayram öyrətdim sənə təkliyi,
Bu bayram qapını döymədim, qadın.
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)