“Anton Çexovla İsaak Levitanın ruhi yaxınlığı” - Allahverdi Eminov Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATI SEVDİRƏK layihəsində bu gün sizlərə Allahverdi Eminovun “Anton Çexovla İsaak Levitanın ruhi yaxınlığı” məqaləsi təqdim edilir. 

 

 

Dünya korifeyləri silsiləsindən 

 

İsaak Levitan (1861-1900) Anton Çexovdan (1860-1904) beş il az yaşamışdır. Hər ikisi ədəbiyyatda və rəssamlıqda şedevr əsərlər qoyub getmişlər. "Sokolnikdə payız", "Yağışdan sonra", "Əbədi dinclik" tablolarını kətana köçürmüş, "Çinovnikin ölümü", "Buqələmun", "Yoğun və Nazik" hekayələrini yazmışdır. İ.Levitan rus təbiətini, onun mənzərələrini, meşələrini təsvir etmişdir. A.Çexov rus xarakterinin "böyüklər" qarşısında "kiçikliyi"ni, polis nəzarətçisinin simvolik obrazını: vəziyyətdən asılı olaraq hər an simasını dəyişməsini, Yoğunun amiranə çığırtısından sonra Naziyin yaltaqlığını və girməyi bacardığını rəmziləşdirmişdir.

Levitan rəsmlərində çalışırdı hər otun, yarpağın, açıq havanın şəffaflığını gözə çarpdırsın, təbiətin predmetlərinin qoxusunu, rəngini, istisini hiss etdirsin, bununla əsərlərinə füsunkar incəlik versin.

Çexovun ağalıq və tabelik ideyaları fonunda insan varlığında qaliblər və məğlubların mövcudluğu inkarolunmazlığını, sosial mühitin eybəcərliyinə qarşı mübarizəni qələmilə aparırdı. Əxlaq və adətlər barədə sadəliklə, səmimiyyətlə danışırdı. Anton Çexovla İsaak Levitan arasında dostluğu və səmimiyyəti yaradan birincisi, yaradıcılıq psixologiyasının üst-üstə düşməsiydi. İkincisi, eyni mənəvi və sosial ab-havanın hər ikisinə təsir qüvvəsiydi. Üçüncüsü, hər iki sənətkarın səhhətində yaranan problemdi.

Anton Çexov xaricə getməzdən qabaq Peterburqa gəlir, rəssamların sərgisinə baxır, sərgi xoşuna gəlir, İ.Levitanın əsərlərini xüsusilə bəyənir. Aldığı təəssüratla bağlı bacısına yazmışdı ki, Levitan gözəl ilhamının ad gününü bayram edir, əsəri gurultu qoparıb. A.Çexov Parisdə də sərgiyə tamaşa edir və müqayisə aparır, üstünlüyü rus rəssamlarına verir. Levitanı yenidən xatırlayır: "Buradakı mənzərə şəkli çəkən rəssamlarla müqayisədə Levitan kraldır" - yazmışdır.

Bu işlər Anton Çexovun ən şöhrətli illəri idi və o, dramaturq olaraq həm aktrisaların, həm də xanımların sevgi mərkəzinə düşmüşdü, bacısı Mariya Pavlovnanın rəfiqələri Anton Çexovla yaxından maraqlanırdılar. Məsələn, Lika Mizinova bu qəbildən idi. Çexov sevgisində bir növ qapalı idi, intim şəxsi həyatı qapalı çevrədə fırlanırdı. Qadınların ondan xoşu gəlirdi. Nemiroviç - Danqenko bildirirdi ki, kişi istedaddan savayı məftun etməyi bacarmalıdır. Yazıçı Bunin deyirdi ki, Çexov qadın qəlbini çox gözəl bilir, qadın incəliyini həssaslıqla duyur, xəyalında yaratdığı obrazlar arasında məftunedici surətlər də vardı, çoxu onu sevmişdi, qadınlarla danışmağı, onları riqqətə gətirməyi, ruhən onlarla yaxın olmağı Çexov kimi bacaran tək-tük ola bilər.

Lidiya Mizinova rus dili müəlliməsiydi, Rjensk gimnaziyasını bitirmişdi. T.L.Şepkina - Kupernik yazırdı ki, Lika adlandırılan Lidiya Mizinova qeyri-adi dərəcədə gözəldi, onun qızılı rəngdə buruq-buruq saçları, zil qara qaşları, boz gözləri, son dərəcədə incəliyi, dillə təsvir edilə bilməyən zərifliyi, lətafəti, əzilib-büzülməsi, sadəliyi onu daha cazibədar edirdi. Çexov Likanın səmimi və dərin məhəbbətinə cavab vermək üçün özündə hissi qüvvə və qəlb genişliyi tapmışdı. Çexovla Mizinova 1891-ci ildən bir-biri ilə yazışmağa başladılar. Bu məktublarda kədər motivləri yox deyildi. Likanın obrazı həmişə müxtəlif rənglərlə bərq vururdu, qeyri-adi sabit idi. Qızın xarakterindəki aydın olmayan cizgilərin özündə Çexova son dərəcə yad görünən nəsə vardı. Görünür, bu da onların sonrakı münasibətlərini əvvəlcədən müəyyən etmişdi.

L.Mizinova Levitanla, Çexov qardaşları ilə bir vaxtda tanış olmuşdu və Levitanı həvəskar rəssam Sofya Kuvşinnikovanın salonunda görürdü. Sofya ərliydi və gözəldi, cəzbediciydi, elə də cavan deyildi, Levitanla bağlılığı coşğun davam edirdi.

Lika Mizinova Çexovu yarızarafat, yarıciddi qızışdırırdı. O, 1891-ci il 13 yanvar tarixli məktubunda onu Çexovgildən evlərinə ötürən Levitan olduğunu xəbər verərək yazırdı ki, bilirsinizmi, əgər Levitan heç olmazsa, bir az sizə oxşasaydı, mən onu şam yeməyinə çağırardım. Tədqiqatçı Leonid Qrossman bu əhvalatı belə yozur ki, Likanın bu hərəkəti Çexovun soyuqqanlılığını yaradan arzusundan irəli gəlir: "Bu qısqanclıq hissini oyatmaq üçün adi manevr idi". Levitanın Lika üçün əsl qəhrəman olduğunu etiraf edir, çünki o, məşhurluqla comərdliyi sevirdi. Qızın Levitana heç bir meyli yox idi, çünki onun qəlbi artıq başqasına məxsus idi. Anton Çexov Likaya məktublarının birində (17 martda) yazırdı: "Gözəl, məlahətli Lika! Çərkəs Levitana meyil salıb sizə iyunun 1-də bizə gəlməyiniz barədə qardaşım İvana verdiyiniz sözü tamam unutmusuz və bacımın da məktubuna heç cavab vermirsiniz. Mən özüm də sizə Moskvaya yazıb evimizə dəvət etmişəm, lakin mənim də məktubum cavabsız qaldı".

A.Çexov Mizinovanın qaldığı yeri bilirdi. İyunun əvvəllərində o, xalalarının Tver malikanəsində məskən salmışdı. Burada onu Levitan gözləyirdi. O, buraya vəfalı dostu Kuvşinnikova ilə birlikdə köçmüşdü. Çexov bunu Levitandan öyrənmişdi. Mayın sonlarında Levitan ona xəbər verirdi ki, bu məktubu sənə dünyanın elə gözəl guşəsindən yazıram - burada havadan tutmuş, bağışla, ulu Tanrı, cücüyədək, hər şeydə ilahi Lika duyulur. Hələlik, burada Lika yoxdur, lakin gələsidir, çünki o, sənin kimi sarışını yox, məni, qarayanız vulkanı sevir, mən harada olacağamsa, Lika da ora gələcək. bunları sənə oxumaq ağırdır, amma həqiqəti sevdiyimdən bunu gizlədə bilmədim...

Levitan boş dayanmırdı, yorulanda dostunun hekayələrini oxuyurdu, o cümlədən, "Xoşbəxtlik" hekayəsini heyranlıqla oxumuşdu, yazırdı: "Mən dünən həmin hekayəni Sofya Petrovnaya və Likaya ucadan oxudum, vəcdə gəlirəm, əsl comərdlik buna deyərlər".

Anton Çexov hadisələrin inkişafından məlumatlı idi və məktubunda xatırlatmağı nəzərindən qaçırmadı. O, Likaya yazmışdı: "Levitanın ayağına yazılıb, xahiş edin ki, o, hər məktubunda sizin barədə yazmasın. Əvvələn, bu, onun tərəfindən yaxşı deyil, ikincisi, Levitanın xoşbəxtliyi ilə mənim heç bir işim yoxdur: salamat qalın, xoşbəxt olun, bizi də unutmayın, hər şey yaxşı olacaq". Çexov sonra ürəyə vurulmuş ox şəklində imza çəkmişdir.

Anton Çexov rəssam dostunun istedadının vurğunu idi, onun zəif cəhətlərinə də yaxşı bələddi. Bir dəfə Babkinoda Levitan gözlənilmədən Mariya Pavlovnanın qarşısında diz çöküb, ona öz məhəbbətini ehtirasla bildirəndə qız çaşbaş qalmış, təzə xəbəri qardaşına demək üçün qaça-qaça onun yanına gəlmişdi. Mariya Pavlovnanın xatirələrinə görə, Çexov ona demiş ki, sən, əlbəttə, istəyirsənsə, ərə gedə bilərsən, amma yadında saxla ki, ona yaşı Balzakın zövqünə olan qadınlar lazımdır, sənin kimilər yox.

Mariya Pavlovna yazır ki, utandım qardaşıma deyəm ki, "yaşı Balzakın zövqünə olan qadınlar"ın nə demək olduğunu bilmirəm, mahiyyətcə də Anton Pavloviçin ifadəsinin mənasını başa düşməmişdim, amma hiss eləmişdim ki, o, mənə nədənsə ehtiyatlı olmağı söyləyir. Və bu, Mariya Pavlovna üçün kifayət idi...

Anton Çexov unutmurdu ki, Likadan yaşca xeyli böyükdür, ona görə də qıza rəhmi gəlirdi: hər bir yaşlı adam cavanlıq və təcrübəsizlik üzündən nöqsanları görəndə labüd olaraq həmin hissi keçirir. Görünür, "hərdəmxəyal" hekayəsini yazanda məhz həmin mürəkkəb hisslər onu bürümüşdür.

Anton Çexov hekayənin mövzusunu qırx yaşlı Kuvşinnikovanın həyatından götürmüşdü. Amma onun ərinin Dımov obrazı ilə heç bir bağlılığı yox idi, əri isə heç bir istedadı olmayan, adi polis həkimi idi.

Hekayənin digər obrazı - Ryabovski Levitana yalnız rəssam olmasıyla bənzəyir, hər halda Levitan da, Kuvşinnikova da özlərini "tanımışdılar". Kuvşinnikovanın salonu hekayədə təsvir edilən salona bənzəyirdi. Yazıçı, görünür, bunun xüsusilə qeydinə qalıb, çünki həmin salonun nişanələri kifayət qədər dəqiq verilmişdir, digər oxşarlığı da vardır: bu, ər-arvad Kuvşinnikovlar, Levitan və Mizinova arasında yaşanan münasibətlərin mənəvi mahiyyətinin oxşarlığıydı.

1891-ci ilin payızı Levitanla Likanın qısa eşq macərasının yüksək zirvəsiydi. Bu aylarda rəssam Likanın xalalarının malikanəsində yaşayırdı. Məhz bu vaxtlarda dahi rəssam "Burulcan", Panaridinin portretini və digər etüdlərini çəkdi. Leonid Qrossman yazırdı ki, Levitanın Tverdə çəkdiyi bu gözəl əsərlər onun alagöz, qızılsaç qıza olan aludəçiliyilə bağlı idi. Levitan "Payız" tablosunu 1892-ci ildə Likaya hədiyyə etmişdi.

Qeyd edək ki, Kuvşinnikova Levitandan on üç yaş böyük idi, əlbəttə, rəssamın xüsusiyyətlərinə yaxşı bələddi. Sofya Petrovna özünə sığal verməyi sevirdi, cavan qızlarla rəqabətdən belə çəkinmirdi, üstəlik, Levitan - Kuvşinnikova əhvalatı "hərdəmxəyal"ın süjetində yer almışdı. Bu hekayə iflasa uğrayan gənc, yelbeyin, zəif iradəli qadının əhvalatı kimi qələmə alınmışdı. Xəyali həyatın burulğanı onu ucuz maraq və hisslər aləminə çəkmişdi, yalnız əsərin sonunda bu qadın görür ki, əsl sərvəti bərbəzəyə dəyişmişdir. Kuvşinnikovaya gəldikdə, o, iradəli məqsədinə son dərəcə can atan qadındı və özünə lazım olduğunu gözəl anlayır, istədiyinə nail olmağı bacarırdı.

Hekayənin iyirmi yaşlı qəhrəmanı timsalında Sofya Petrovna özünü tanımışdı. Bir sözlə, Anton Çexovu bu kədərli mövzuya sövq edən isə Lika Mizinova idi...

Lika Melixova Levitanla gəlmişdi, onlarla birlikdə oyanmışdı, qıza məftunluğunu Çexovdan gizlətmirdi və yazırdı ki, Likaya vurulmuşam, amma faydası yoxdur. Bu sözlər onların mütəmadi görüşməsi və Çexovgilə gəlmələri ilə uyuşmurdu.

İ.levitanın baxışları ziddiyyətliydi. Mujiklərin "ağır zəncirlə" bağlandıqlarını, çətin zəhmətə qatlaşdıqlarını görən rəssam düşünürdü ki, mövcud şəraitdə savadlılıq yalnız köləliyə xidmət edir. Belə ki, Levitanın maksimalizmi (ifratçılığı) buradan irəli gəlirdi, insan üçün hər şey yerli-yerində olmalıdır. Çexov isə belə düşünmürdü: "Avam kütlənin maariflənməsini süründürməçiliyə salmaq son dərəcə miskinlik deməkdir". Buna baxmayaraq yazıçı ən məhrəm, gizli fikirlərini rəssama etibar edirdi.

Çexov "Baharda" hekayəsini yazdı. Hekayə qəhrəmanının qəlbindən qopan ifrat nəticələr onun təbiətini müəyyən etmir. Qəhrəman işləmək istəmədiyini və işləməyəcəyini söyləsə də, işləyir, insanların, təbiətin gözəlliyi onun qarşısında açılır: hər bir adamın mənəvi fəaliyyəti sahəsində vəzifəsi daim həqiqətdən və həyatın mənasını axtarmaqdan ibarətdir.

A.Çexovun təsdiq edilən idealı həqiqətlə gözəlliyin sıx birləşməsidir, onun qız qəhrəmanları gözəldir. Bunu Levitan bacılarla ilk görüşdəcə qeyd edir. Məsələn, hekayənin ("Baharda") qəhrəmanı Lidiyanın xüsusiyyətlərində digər keyfiyyətlər də görür. Yazıçı deyir: "Bacılardan böyüyü incə, əsmər bənizli, son dərəcə qəşəng idi. Gur şabalıdı saçları, balaca, incə ağzı və ciddi görkəmi vardı. Mənə ötəri nəzər yetirdi". Daha sonra oxuyuruq: "O, gözəldir, lakin onun gözəlliyində laqeydlik, soyuqluq var. Bu gözəllik insanpərvərliyə yabançıdır, bu cəhət xalqın vəziyyəti barədə söhbət gedəndə, öz yaxın adamından söz düşəndə daha aydın görünür".

Anton Çexov 1895-ci ilin yayını Melixovada keçirdi. Kəndlilərlə ünsiyyəti möhkəmləndi: "Kəndə getmişdim, qarasaqqal mujiklər qabağıma çıxırdı, arvadlar məni dərviş kimi gülərüz və mehribanlıqla qarşılayırlar. Tarlada torağaylar oxuyur, meşədə isə qaratoyuqlar çığırışırlar. Günlər isə isti və şən keçir. - Təəssüratını belə ifadə edir.

İsaak Levitan artıq qocalmağa doğru getdiyini başa düşürdü, payız mövzusuna daha çox meyil göstərirdi. O, "Böyük su", "Mart" tablolarını çəkdisə, "İlk bahar" rəsminin önündə dayanıb diz çökdü, bütün olub-keçənlər göz qabağında canlandı. "İlk bahar"da dərin çay yumşaq qarla örtülərək, yarpaqların arasında lal dayanmışdır. Payız rəssamın xəyalında dolaşır, təbiət tünd rəngə boyanır, meşələr yağışın intizarındadır.

İ.Levitan dostu A.Çexovun Yaltada yaşadığını eşitmişdi, görüşmək həsrətini yaşayırdı.

A.Çexov həyatı daha dərindən dərk edir, səhhətindən nigaran idi. O, duyurdu ki, məhəbbətlə, yalnız həqiqətlə, qəhrəmanları vətəndaşlıq səyilə ahəngdar birləşəndə həyat gözəl olur. Yalnız bu hallarda insan ucalır. Bu, mühüm bədii kəşf idi, yazıçı tərəfindən, insanın xoşbəxtliyi probleminin dərk edilməsiydi. Ömür bu arzunu ödəyəcəkdimi?

Anton Çexov nəhayət, sevgisini tapa bilmişdi, Olqa Leonardovna ilə görüşdü Yaltada. Qadın qəlbində duydu ki, onlar ürəklərindən keçənləri bir-birinə hələ açmamışlar. Amma o, Olqanı düşünürdü. Olqa, axı, onu sevirdi, elə indiki vəziyyətində. Anton Çexov çətinliklə əldə etdiyi xoşbəxtlikdən üz döndərmək fikrində deyildi, bu xoşbəxtliyin ləzzətini duya bilmişdi. Olqa Knişner həyatını yazıçıyla birləşdirmək qərarını vermişdi və yazırdı: "İnandırım ki, həyat gözəl ola bilər və olmalıdır, ayrılıqla əlaqədar kədərimizə baxmayaraq, həyatımız gözəl idi, axı ayrılıqlar şən görüşlərlə sona yetirdi". Olqa Leonardovna, hətta ərinin dəfnindən sonra onunla söhbətini davam etdirir, məktub - gündəliyində (19 avqust, 1904) oxuyuruq: "İndi sənə yazdığım özümə qəribə gəlir, amma mən belə istəyirəm, son dərəcə istəyirəm, sənə yazdığım zaman mənə elə gəlir sağsan və haradasa məktubu gözləyirsən"...

Anton Çexov gələcəyə inamlı idi, mücərrəd deyildi, o, iztirablar çəkmişdi, bu iztirablar həqiqətin özü idi, şəxsi həyatının mənasını təşkil edirdi. Bu vaxtlar yazıçını tanıyanlar bu hissi sezmişdilər. Yazıçı A.İ.Kuprin yazmışdı: "Gələcək həyatın gözəlliyi haqqında son əsərlərində incə, hüznlü və ləyaqətli surətdə əks etdirilmiş bu fikir həm də onun həyatda ən səmimi, ən əziz fikirlərindən biri idi. Səhərlər, tək, sakitcə hələ üstü şehli qızılgüllərini kəsəndə, yaxud küləyin zədələdiyi cavan budaqlara diqqətlə baxanda, yəqin ki, tez-tez bəşəriyyətin gələcək xoşbəxtliyi haqqında düşünürdü".

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.