“Ulduz”da “Genç yürekler” Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi

 

 

“Yazının işığında geleceye yürüyoruz...”  “Genç Yürekler” dərgisinin şüarı olan bu cümlə ilə yazının sevdalı yollarına addım qoymaq xoşbəxtlikdir. Nə qədər Rey Bredberi “Dadli Stounun ölümü” hekayəsində beynimizə yeritməyə çalışsa da ki, “yaşamaq yazmaqdan əfzəldir”, ruhumuz bunu qəbul etmir. Yazmaq taleyimiz, yazmaq həyatımızın özüdür. 

 

 “Genç Yürekler” dərgisinin adı da elə-belə seçilməyib.  Dərginin heyəti “bir gəncin ürəyinə toxunmaqla başlar hər şey” gerçəkliyi ilə Türk dünyasında özlərinə ulduz yolu salmaq qərarında idilər 2019-cu ildə. 5 il keçdi, yolları Türk dünyasının Qafqazda vuran ürəyi olan Bakıda “Ulduz” ilə kəsişdi. 

Qulu Ağsəsin rəhbərliyi ilə “Ulduz” kollektivi daim ədəbiyyata sadiqdirlər. Hər ay yeni sayının çıxmasını nənəmin turşulu supu, anamın qurudlu xəngəli kimi dişlərimin ucu sızlaya-sızlaya gözlədiyim tək jurnaldır “Ulduz”. Müqayisə edə biləcəyim daha həsrətli heç nə tapammaram; nənəm 5 ildir ki, bu dünyada yoxdur, anam 10 ildir ki, qurud qoymur. Hər ayın başında yenilənən həsrətimi hər ayın sonu “Ulduz”la ovuduram. Və bu sətirləri yazarkən belə, gözlərim dolur... 

Hə, təsəllidir mənə “Ulduz”. Və bu ilin sentyabrında “Ulduz”dan “Genç Yürekler” keçdi. Həsrətimin rənginə ay-ulduzlu al bayrağın məğrurluğunu qatdı “Ulduz”un sentyabr sayı.  Balaca Şəkinin böyük ürəkli insanları qapılarına üçrəngli bayraqla yanaşı, al bayraq da asıblar, gələnlər görür. Və mən Şəkinin gözəl payızında “Ulduz” oxuyuram. 

Muhterem Şahin “Senin törene kurban” deyə yazıb Bestami Yazgana ithafən... O Bestami Yazgan ki, “Ah benim korlu yüreğim” şeirində deyir: “Hasret başa taç yazılmış, Dert, alnına borç yazılmış...”  Bəlkə də,  sayın Muhterem Şahin “Tozlanmış raflardan bir şiir buldum” deyəndə elə bu şeiri nəzərdə tutub, kim bilir?!  Düşdüyü o heyrətin  içində  Tanrının ona əta etdiyi  şair ruhunu adam arasına çıxarmağı bacarıb. Təsəllisi bu olub: “Hayret edip şaşmak yasak!”  “Burası Bozok yaylası” şeirində deyir ha, sayın Şahin, “her ilçesi bir gül koklaması”, “Genç Yürekler”e ürəyini açmış “Ulduz” da gül qoxusu saçır.  Ürək qoyulan hər yazıdan gül ətri gələr! 

“Genç Yürekler” dərgisinin yola qoyulduğu gündən bu yana  qət etdiyi məsafə, kamına yetdiyi səmt ağacları, nəfəs dərdiyi yolayrıcları haqqındadır Mehmet Hakkı Yanmazın şeiri. “Yazının işığında atılan addımlar gələcəyə çatacaq” inamı var şeirin içində: 

 

İlmin, eğitimin, bilgin ve kültürünle,

Kalemin ve kelamın tesirli hikmetiyle,

Aydınlık günler kapında, sabret, az ötende,

“Genç Yürekler”, gelecek gelecek seninle.

 

Arslan Kayanın (Âhar) “Şairin şiiri”ndə  pəncərə-dünyaya baxıb keçən şairlərin xatırlanması vəfadır-şairə, şeirə, insanın özünə.  “Sürgündeyken Halikarnas gibi Sessiz gemilerde türküler söylemek” arzumudur, yaşanmışlıqmıdır, xatirəmidir?  Bəlkə, heç biri deyil, Tanrının şairə sirr pıçıldamasıdır?  Halikarnas balıqçısının-Cevat Şakirin Azra Erhata göndərdiyi son məktubdakı o cümlələri xatırlayıram: “Yahu, mən bu dünyaya bir daha gəlməyəcəyəm. Dağların, suların necə axdığını görsünlər ki, gözlərim açıq qalmasın…” Şeirlərdəki sirləri də bilsəydi insanlar, şair olaraq gözümüz açıq qalmazdı dünyadan yükümüzü çəkəndə… Müşfiq demiş, “arzuya bax...” 

“Turana esiyor Baküden rüzgar, Yeşil, kızıl, bir de gök, ay-yıldız var!”  Cemil Sütbaşın “Kızıl elma” şeirini  oxuyandan sonra dilimin əzbəri olan misralardır. Heca-heca qürurlanmışam!  Qürurumun müşayiətçisi Fazlı Sakarın “İki hece” şeirindən seçdiyim misradır: “Sokakları bırakan yolun hayalindeyim”. O yolun ki,  Türk dünyasının bu başından başlayır, o başınacan gedir. 

Erdem Ayıkın “Değişmeyen tek şey” adlı yazısını Baumanın 44 məktubunun davamı kimi oxudum.  Həyatımızın hər anında fərqində olmadan özümüzə nəsə qazandırdığımızı deyən  müəllif insanın nəyisə dəyişmək cəhdinin bəzən boşuna olduğunu vurğulamaqdan çəkinmir.  Onun fikrincə, insan  dəyişimə özündən başlamalıdır. Güllərin qurumasını istəməyən insan  hər gün o gülləri sulamağı vərdişə çevrilməlidir. Bacararmı? Erdem Ayıkın yazısının sonunda açıq qalan sual budur. 

Şərqi Anadolunun qış mənzərəsində insanın xoşbəxtlik arayışından bəhs edir  müəllifi Esma Erdoğan Ayçiçek olan “Doğudan bir kış öyküsü”.  İnsana ən soyuq qış günündə belə, isinməyi öyrədən yazıdır.  

Ayşe Nur Sivri “İstikbalimizin İstiklali” yazısını Mehmet Akif Ersoyun “İstiklal marşı”na həsr edib. Qəşəng bir cümlə keçir yazıda: “Biz Türk milletiyiz, aç yatarız, yeri gelir susuz kalırız; ancak Vatan olmadan yaşayamayız”.  Vətənə olan sevginin sadə sözlərlə bu qədər dərin anladılması Ayşe Nur xanımın qələminin peşəkarlığının göstəricisidir. 

Dostluq-mənə görə, sevgidən daha mücərrəd qavramdır. İnsanı sevgidən çox, məhz dostluq xəyal qırıqlığına uğradır.  Bumin N.Dündarın “Dost hançeri” şeiri  elə bu xəyal qırıqlıqlarının poetik əksidir.  “O`ndan gelir, O`na gider” deyən Bestami Yazgan isə  “həyat-məmat arasında qaçaraq keçən ömrün” faniliyini anladaraq, sanki dost xəncəriylə uğradığımız xəyal qırıqlıqlarını bağışlamağımızı diqtə edir.  Mənsə, sayın Bestami Yazgana üz tuturam: “Yalan dünyanın köçəri quşları kimi yaşadığımız zaman kəsiyində sol tərəfimizə dost əliylə son sürət saplanan bıçağı bağışlamayan bizmi günahkarıq, yoxsa o bıçağı saplayan?” 

Ahsen Yıldız Şahin və Selahaddin Kaşgarlı öz yazılarında uyğurların məruz qaldığı zülmə diqqət çəkirlər.  Yazıları oxuduqca Türkün tarixində hələ dilə gəlməyən, hələ üstü açılmayan nə qədər zülm olduğunu düşündüm.  Babalarım, valideynlərim  1988-ci ilin o qarlı qışında canlarını götürüb Ermənistan-Azərbaycan sərhəddini bəri keçəndə də zülmün əlindən qaçmışdılar. Zülm zülümdür-zaman onun rəngini də, yaşatdığı ağrıları da dəyişmir. Bişirdiyi yeməyi qazanında qoyub zalımın qəddarlığından qaçan anamın qaçqınlıq günlərində yazdığı qırıq-qırıq xatirələrin bir gün kitab kimi nəşr olunmasını diləməkdən başqa əlimdən nəsə gəlmir.  Və zülm haqqında yazılan yazılara giziltili bir şükür duyğusu ilə yanaşıram. Nə də olsa, “söz uçar, yazı qalar...”  Murat Aybirdi “Türkistanlı çocuklara tunç kafiye” adlı şeirində təsəlli verməkdən ötəyə keçməsə də,  inanıram ki, “Bitecek bu kara kış, mevsim dönecek yaza”.  Və Türkün izi nə silinəcək, nə də unudulacaq! Zaman-zaman o izlər axtarılacaq, tapılacaq, üzə çıxarılacaq: Ali Onur Karanın “Batı Trakyada Türk varlığı” adlı yazısı kimi. 

Edib Aykut Çiçekli “Ebediyeti kutlu kılmak” adlı yazısında müasir insanın insandan qopmasını dilə gətirir.  İmran Azaklı Tekelinin “Ağlamaklı bir Mona Lisa” yazısı Edib Aykut Çiçeklinin fikirlərinin təsdiqi kimi qələmə alınıb sanki. İnsan insana gərəkdirsə, insan insansız yaşaya bilmirsə, seçdiyimiz/itələndiyimiz tənhalıq bizə əlac ola bilərmi? Təbii ki, yox! Amma ürəyimizi qıranlar, qəlbimizə dəyənlər bizi həmin əlacsızlıqla baş-başa qoymaqda mahirdirlər! Dünənimizə baxanda-tarixə boylananda müasir insanın, həqiqətən də, tənha olduğunu anlayır, üzülürük... Məsafələr daha uzunkən, zaman daha yavaş irəliləyərkən, həyat daha bəsit yaşanırkən insan insandan bu qədər qopmamışdı heç.  Muhammet Bekir Karacakaya “Türkistandan Anadoluya Türk kültüründe ferfene toplantısı” adlı yazısında  ictimai münasibətlərin dünənindən bəhs edir... O dünəndə ortaq asılan qazanlar,  eyni sevinən uşaqlar var. 

Payız bizim ürəyimizdən keçir, yoxsa biz payızın ürəyindən?  Yaradıcı insan olaraq bizmi qazanclı çıxırıq payızdan, yoxsa payızmı neçə-neçə şeir, hekayə, esse qazanır ürəyimizdən keçdiyi anlıq yolçuluqlarda?  Melike Yazganın “Sonbaharım” şeirini oxuyarkən bunları düşündüm... Cavabsız qalan bütün suallara ehtiramla, növbəti yazını oxumağa tələsdim. “Sevgi güzel şey” dedi Lokman Tümtürk.  Yazıda sevgidən daha çox sevənin nəyə çevrilməsindən bəhs edilir.   Sevgi gözəlləşməkdir! 

Yolun məramı kirlənməyibsə, yolçuluq qudsaldır.  Havva Ay “Yolcu selamı” şeirində yazır: “Bu satırlarda tanıştık siz yolcularla, Yolunuz hangi güzergâhta?”  Əhməd İsayevin Bəndər romanında Göygöldən üzübəri Gəncəyə gələn yolun təsviri var.  Bu iki misrada o yolu niyə xatırladım, bilmirəm. Hikmətini yolu yaradan-Yaradan bilir...  Unutmaq istədiyim, daha doğrusu, yerli-yersiz xatırlamaq istəmədiyim o qədər oxucu xatirəsi var ki, ruhumda. Unutmağın çətin olduğunu söyləyə bilməyənlər elə asanca “Unut!” deyə məsləhət verə bilirlər ki!  Amma Ebru Yılmaz bütün səmimiyyətiylə “Zor olacak” deyir: 

 

Tam unuttum derken,

Ya da unuttum diyerek kendimi kandırırken,

Kimseye bizden bahsetmeyerek

Yaşatıyorum derinlerde seni...

 

Cem Arslan “Genç Yürekler” dərgisinin Sorumlu Yazı İşleri Müdürüdür.  “Ulduz”un sentyabr sayında onun olduqca məsuliyyətli bir işin altına çiyin verdiyinin şahidi oldum. Cem Arslan yazar, redaktor, akademik Dr.Ömer Küçükmehmetoğlu ilə müsahibə edib.  Söhbətin “Köroğlu” dərgisi ilə bağlı hissəsində   2016-cı ilin qışında Gülnar Səma ilə birgə Mikayıl Müşfiq haqqında yazı yazmağımız, “Köroğlu” dərgisinə göndərməyimiz  yadıma düşdü…  Dərgi nəşr olunanda da yazmağın verdiyi sevinc qədər sevinmişdik. 

Büşra Ekinci “Güven edebiyatı” adlı yazısında günümüzün dərdlərindən birini dilə gətirib:  insanın insanainamı qalmayıb. Hə, o gerçəklə razıyam ki, insan  həmişə insandan əyrilik, vəfasızlıq gözləyib. Amma kürəyini söykədiyi, ürəyini verdiyi birindən qeyri-dürüst hərəkət görəndə özünə zehnən qurduğu dünya yıxılır axı… O anlarda ədəbiyyat köməyə çatırmı, xilaskara çevrilirmi? Büşra Ekinci  həmkarlarına  üz tutur, yazdıqlarımızla insanın insana güvənməsini aşılamağa çağırır bizi. 

Necdet Özkaya “Edebiyat başka türlü anlatmaktır” kitabından kiçik bir yazı ilə “Ulduz” oxucularının görüşünə gəlib.  Danışılan nağılların, rəvayətlərin qədim insanları öz sehrinə salmağından yazan müəllif bu prosesi ədəbiyyatın yolçuluğunun bir hissəsi sayır.  Yazıda, həmçinin, ədəbiyyatın təkcə var olanı deyil, bəzən olacaqları da anlatdığı həqiqətini oxuyuruq. 

Hərdən ağlımıza gəlir hamımızın: “Telefon, internet yox ikən insanlar necə xəbərləşirdilər? Məsələn, kəndin o başında olub-bitəndən necə xəbərləri olurdu? Axı insan informasiyasız yaşaya bilməz”. Hələ atalar sözümüz də var  insanın doymaz marağı haqqında: “Qulaq gündə bir söz eşitməsə, kar olar!” Bəs keçmişdə qulaq o yeni sözü necə eşidirdi? Hamza Öztürkçünün “Kirazlı köyün berberi” hekayəsində məhz bu suallara cavab tapacaqsınız. 

Bir şairin başqa bir şairin şeirində düşüncədöngələrinin xəritəsini tapdığını görmək həmişə xoşbəxt edir məni. Bu, qələmin həmrəyliyidir! Bu, yaradıcılığın səmimiyyətidir! “Cemal Safi için gönlümden…” yazan Mehmet Ali Kalkana  bu mənada mütəşəkkirəm. Elə səmimiyyətlə yazıb ki, “Cemal Ağabey”!  Yazıda Cemal Safinin “İmkansız” şeirinin yurdunu da tanıyırıq. Sədnik Paşa deyirdi: “Şeirin özündən yurdu şirindir!” 

“Mutsuzluk: hakkı çok yenen bir kavram” yazan  sayın Hatice Zeynep necə gözəl yanaşıb müasir insanın bədbəxtliyinə.  Xoşbəxtliyin nisbi olduğunu anlamamaq cahillikdir-müəllifin “Mutluluk anarşisti” adlı yazısını oxuyandan sonra gəldiyim qənaət budur.  Ardınca,  Ayşe Şeyma Arslanın “Türk” şeirindəki xoşbəxtliyini gördüm. “Dağları əridən”, “Cahanı saran” bir qövmün mirasçısı olmağın xoşbəxtliyini yaşayır bu günün türk şairi!   Belinay Demir isə  hekayəsində türkün  tarixində öz izini qoymuş bir qəhrəmandan-Kara Mehmet Çavuşdan yazıb. Türk Milli Mücadiləsinin adsız qəhrəmanlarına ithaf edilmiş hekayə hər şeyini geridə qoyub Vətənin hayına yüyürən igidlərin fədakarlığının ədəbiyyatda  bir daha boy göstərməsidir. 

Esra Söylemezin “Atarlı Aziz” hekayəsinin qəhrəmanı da adsız qəhrəmanlardandır. Amma bu dəfə biz qəhrəmanı düşmən gülləsinin qarşısında deyil, insan eqosu ilə müharibədə görürük.  “Doğma”, “yad” anlayışının mənasızlaşdığı, təkcə insan olmağın bir dəyərə sahib olduğu  anlar yaşanır hamımızın həyatında. Bizim missiyamızın biri, bəlkə də, birincisi o anı əlimizdən qaçırmamaqdır.  Yoxsa ruhumuzda elə peşmanlıqlar tayalanar ki, içində kədərlər yuva qurar… Murat Karakoyunlunun “Halet-i Ruhiye”sində həmin peşmanlıqları oxuyuruq içimizdəki günəş qürub etmədən. Ümidimiz diri qalır: hər qürub bir dan üzünün müqəddiməsidir! 

Mehmet Kütükçüoğlunun “Çivi Mustafa” hekayəsinin qəhrəmanının gözü uzağa dikilib. O qədər uzağa ki, özünü də unudub. Yaşamağın ən asanının özünü unutmaq olduğunu düşünür bəzən kimsə… Yanıldığını anlaması gecikmir… Cümləmin sonuna nə “şükür” kəlməsini qoya billəm, nə “heyif”; insan olmaqdan danışıram, konkret sərhədlər çizirəm, amma özüm də bilirəm ki, insan olmağın çərçivələri elastikdir…  Bəşəriyyətin daş sütunlarından biridir: “İnsan əvvəlkidir elə!”  

“Başlanğıç”: Gerçeklik üzerine… Erdem Yapan həyatın, düşüncənin ədəbiyyatda deyil, kinodakı əksindən danışır, incəsənətin bu sahəsi ilə ədəbiyyatın sərhədlərində gəzişir.  Erdem Yapan o sərhəddə oxucudan gizlətdiyi daha nələri tapmışdı, bilmirəm, amma gizlədilən hansısa düşüncə olduğunu fərq etmək çətin deyil. 

“Hamının ən gözəl əsəri anası haqqındadır…” Bizim dəyərli Elxan Yurdoğlunun sözüdür.  “Xətir üçün…”dən sonra aldığım rəylər məni bir yazıçı kimi sevindirdi, bir övlad kimi ağlatdı. Mən hələ anamı anladacaq gözəl əsər yazmamışam, məncə…  Uğur Zaferin “Sol yanımda gül saklı” şeiri də onun anasına yazdığı ən gözəl şeir deyil, məncə… Ümumiyyətlə, ananı anladacaq o ən gözəl söz dilə gəlməyib, bəlkə də… Fəlsəfəni bir tərəfə qoyuram, etiraf edirəm ki, bu şeiri ağlayaraq oxudum. 

Türkistan aydını Kasım Tınıstanoğlunu Sabırbek Börübayın yazısında tanıyırıq.  Bir daha anladım: “Öz xalqının dərdi ilə dərdlənən aydınların işığı zamanın bağrını yarmağa qadirdir!”   Dərddən qorxmaq bəşərin ən asan  etdiyi seçimdir, düzdür, amma dərd yükünü kürəyinə alan, onu mənzil başına çatdıranlardır düz dünyanın düz vaxtını xatırlayanlar, bu haqda danışanlar, yazanlar… Məncə, Tuba Özkanlı elə buna görə ürəklə, çəkinmədən “Endişe sermayedir” deyir.  

Amma şairin gözünə “Şimdiki zamanın penceresinden” hər şey fərqli görünür:  insan yaşadığı anların cəmindən ibarət olanı yığır, üstünə adını yazır: “Yaşadıqlarım…” İnsan nə yaşasa, onunla vardır.  Nurşah Talay ən sadə sözlərlə insanın həmişə olduğu yeri/heç vaxt olmadığı yeri anladıb: 

 

Ne ilerdeyim ne geride

Tam ortada andayım

Ne geçmişteyim ne gelecekte

Anı yaşarım

Hayatım orda benim


Yağmur Filiz Şahin “Özüm atasözüm” yazısında qeyd edir ki, “Atasözleri, toplumların en değerli kültürel parçalarıdır”. Mənim böyüdüyüm atalar sözləri və göyçəli məsəlləri isə mənimçün təcrübələrin deyil, düşüncələrin nəticələridir. Çünki təcrübə sübut edir ki, atalar sözləri reallığın fövqünə qalxa bilir, yaxud tam tərsinə, reallığın  hökmranlığı altında əzilir.  Semiha Arasboranın şeirində biz həmin o hökmran reallığın bircə küncünü görürük. “Ben köylü kızıyım, Anadoluyum” adlı şeirdə ən sevdiyim misralar bunlar oldu: “Bir tebessüm ile kalmaz kederim,Ben köylü kızıyım, Anadolu’yum”. Hə, insan bəzən budur-kədəri olduğu kimi-müvəqqəti yaşayan.  Hatice Zingi isə “İnsan kimdir?” adlı yazısında insan olmağı tamam başqa cığırların kəsişmə nöqtələrində anladır.  Onun fikrincə, Tanrının sözləri sayılan bütün qudsal kəlamlar  “Yaradanın insana öz gerçəyini xatırlatmaq cəhdidir”. Lakin müəllif bu cəhdin uğurlu olub-olmadığı barədə bizə ipucu vermir. Düz də edir! Həqiqət individualdır! 

Kenan Karanın “Gülcihan” şeirində ayrılıq var. Lirik qəhrəman ayrılığın səbəbini axtararkən ilkinlikdən sıyrılıb çıxa bilmir: günahkar seviləndir... Ya əgər o da sevirsə?  Milyon illərdir ki, ayrılığın günahkarı odur, sənsən, mənəm. Və elə o vaxtdan bəri də, hamımız günahsızıq...  Özümüzə yaratdığımız kədəri də, özümüzə tapdığımız kiçik sevincləri də seyr edən bircə tamaşaçımız olur həmişə-dövran.   Ona görədir ki, hamımızın pəncərəsində “qandan bir hırka var”. 

Ömer Kayanın “Sarışın kurda ağıt” şeiri haqqında fikir bildirməyə cürət etmədim.  Ruhum bu şeir qarşısında sayğı duruşunda: 

 

Sarı yağız bir deli kurdu andırırdı gözleri

Ömrü bir destan, yüreği bir kor, sözü ateşti

Şimdi mıh gibi aklımda tutuyorum ettiği sözleri

Ağıtlara sığmazdı ya... bir tabuta sığdı gitti

 

Ayakta tutan bizi kavgası, derdi ve ülküsü

Kabına dar gelen adam kırklara karıştı gitti

Şimdi dudağımda yarım kalan bir Bozdoğan türküsü

Aydın'ım kurt nefesli ordularla yarıştı gitti

 

Semiha Dede “Yeşim taşı efsanesi” (bir kitap eleştirisi)adlı yazısında  dünya ədəbiyyatındakı ümumi problemdən-uşaq ədəbiyyatının yetəri səviyyədə olmadığından  danışır.   Uşağına oxumağa milli ədəbiyyat nümunəsi tapmayan valideyn məcbur qalır, xarici müəlliflərin kitablarını alır. Nəticə etibarilə, uşaq öz milli-mənəvi dəyərlərindən, mənsub olduğu xalqın  təfəkküründən qopur, uzaqlaşır. Yerli yazarların da eləsi var ki, xarici ünsürləri əsərinəqatmaqla, müasir üslubda yazıb-yaratdığını düşünür. Və belə bir vaxtda Semiha Dede Ömer Ünalın “Yeşim taşı efsanesi” kitabına rast gəlib. “Türk tarixi dastanlarındakı real qəhrəmanların bolluğu”ndan istifadə etməyi  həmkarlarına tövsiyə edən müəllif ümidlidir ki, Ömer Ünal kimi yazarların sayəsində “uşaqlar doğma torpaqlarla bağlarını itirməyəcəklər”. 

Yusuf Alper Oyar “Malihuyla dönemeçleri” adlı şeirində qəribə bir hikmətə söykənir: “İnsan insanın ihanetidir”. “Dönemeç sonsuzluğuna tutukluydu hayat...” deyən şairin ümidsizliyin qoynunda çiçək açdırmağını umur oxucu.  Təəssüf ki,  tapmır… Yolu bu dəfə də Aslı Elif Demirin “Girdap”ına düşür oxucunun.  Ümid olmasa da, tərəddüd var burada-ümidsizlik uçurumunun başında durub  ayağımızı yerdən qaldırmadan öncə bu tərəddüd bəs edir bəzən geriyə dönməyə: “Vefa(sızlık), Parçalar durursun içimi!” Tərəddüdlər həmişə həqiqətə doğru gedən yolun səmt ağacıdır! 

“Müəllim çörək yemir”…İndiki uşaqları bilmirəm, amma biz birinci sinfə gedəndə belə bilirdik. Geriyə dönüb baxanda ömrümüzdən keçən müəllimlərin hansının əsl, hansının qəlp olduğunu yaxşıca seçə bilirik. Çox istəyərdim ki, mənim xatirəmdə qəlp izlər qoyanlar da nə vaxtsa Sümeyra Karaca kimi  özlərini sorğulayaydılar: “Ben öğretmen olamadım…” Cümlənin sonuna sual qoymaq şansı da tanıyardım o qəlp müəllimlərə. 

Tuncay Çalışkanın “Günebakanların arasından” adlı yazısı isə səmimiyyətin əslidir. Ukraynada yaşayan türklərə baş çəkən Tuncay Çalışkan yazır: “Kırım’da su aynı, su tadı başka, gece aynı, serinliği başka, güneş aynı, sıcağı başka, kavun aynı, lezzeti başka, evler aynı, pencereleri başka, yollar aynı, yürüyeni başka, çocuklar aynı, giyimleri başka, ezan aynı, avazı başka; iyilik aynı, muhabbet aynı- hepsi aynı, bakışlar da, gözdeki yaş da, akıl taşıyan baş da, duvardaki damgalı taş da-her şey Türkiye ile aynı”.

“Neşter” şeirində Ülkücan Sütbaşın  lirik qəhrəmanı üsyankardır.  Yaşama, dövrə, ətrafdakı insanlara-hər şeyə üsyan edən qəhrəman özünə təsılli yeri axtarmır.   Bunu şairin ədəbi manevri kimi dəyərləndirdim. Təsəlli yerini oxucu özü öz həyatında tapsın, şeiri hansı ahəngdə istəsə, o cür də oxusun… Mustafa Türk isə “Adamın biri” şeirində ən böyük təsəllinin Yaradan olduğunu söyləyir. 

Vedat Oyuklunun “Kaybedilen yitik” və  Muhammed Burak Tunayın “Yorgun emekçiler” şeirləri həyat otağımın divarındakı tabloların bədii təsviridir. Məncə, çox adam bu iki şeirdə özünü tapacaq. “Hamı” demədim, bu tabloları görməyənlər də var. Və bu görməməzlik həmin tabloların reallığını yox etmir. 

…Beləcə, gəlib çatdım  bir payız “Ulduz”unun sonuna.   Yarpaqların sarının saysız çalarına bürünməyini gözləyirdim, leysan qoymadı. Dumanında azdığım bir payız günündə “Ulduz”un üz qapağına baxa-baxa oxuduğum yazılardan  neçəsinin məni ağlatdığını saymağa çalışıram. Sonra da düşünürəm: ağlamağa vaxt yoxdur, məni “Azalyanın kitabı” və “Afayət muzeyi” gözləyir.  Bu şeirin haradan, niyə gəldiyini isə özüm də bilmədim… 

 

Bu payız sarı gəlmədi...

Geyindiyi boz nimtənə

Naxış həsrətinə yenik...

Arzu yolum heç bitmədi, 

Sözləri qoydum nimçəmə,

Dolanıram gədik-gədik...

 

İtdi yarpaq arasında

Dünənimin ayaq izi,

Sabahıma nə aparım?!

Hörümçəyin sarısında

Axtarıram bu payızı,

Özümü kimdən qoparım?!

 

Şeirlərim mesaj olur,

Mesajlarım dərd yanğısı...

Görən soruşar: "Dəlisən?"

Ağlamağım yasaq olur...

Güzgüdə də sükunətdir, 

Tapılmır üzümə deyən:

... Ağla, qoy gözün ağrısın,

Ağlamağın şeiriyyətdir,

Sən axı Şəfa Vəlisən!

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.