Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam əziz izləyicilərimiz, yeni rubrikamız haqqında gözəl rəylərinizdən anladıq ki, bu rubrikamız da çox sevilib.
Bu gün də poeziya aləmində öz sözünü söyləyən bir şairimiz qonağımızdır.
O şair söyləyir ki:
Çiyinlər öyrəşib həmişə yükə,
Baharı daşıyıb, qışı daşıyıb.
Sevdası, qovğası özündən yekə
Ağıllı, ağılsız başı daşıyıb.
Çiyinlər öyrəşib həmişə yükə,
Yorulmaz yollarda dəvələr kimi.
Gedərik yol boyu tər tökə-tökə,
Gedər çiynimizdə dünyanın qəmi.
Gedərik dayanıb, dinşəyib bir az,–
Torpağın qarğışı tutana kimi,
Çiynimiz tabuta çatana kimi
Boyumuz uzanar, ömür uzanmaz.
Çiynimiz tabuta çatıb dayanar,
Yox olar dünyanın nağılı birdən,
Hardasa baxtımız yatıb dayanar,
İtirrik ümidi, ağılı birdən.
Yapışar yollara ayaqlarımız,–
Torpaq ilğım kimi çəkər adamı.
Çatlayar qəfilcə dodaqlarımız,
Bir anlıq unudar adını hamı.
Bir qorxu qıvrılıb yatar ürəkdə,
Açıb ağartmarıq ancaq heç kimə.
Sevinci hamıyla bölə bilsək də,
Dərd var–bölünəsi deyilmiş demə.
Yaxın olanmazmış heç vaxt özgəsi,
Hər kəsin bir mərhəm kədəri varmış.
Hərənin çiynində bir qəm heyvəsi,–
Hərə öz dərdini tək aparırmış.
(Saqif Qaratorpaq)
Bəli, rubrikamızın qonağı dəyərli şairimiz Saqif Qaratorpaqdır.
-Əziz Saqif bəy, dünyanı sözlə anlamaq və anlatmaq şairlərin sənətkarlıq xüsusiyyətləridir. Saqif bəyin öz orijinal üslubu, mövzu rəngarəngliyi şeirlərində özünü aşkar şəkildə göstərir.
Saqif bəy, izləyicilərinizə
"Bir şeirin hekayəti"- ni söyləyərmi?
-Salam Ülviyyə xanım, yeni rubrikanızı çox bəyəndim və bol-bol uğurlar arzu edirəm.
"Bir şeirin hekayəti" üçün isə "Durna " şeirimin tarixinə nəzər salaq.
Mən həmişə qəribə yuxular görürəm. 2022-ci ilin may ayının son günləri idi. Səhərə yaxın qeyri-adi bir yuxu gördüm. Dan yeri yenicə ağarmışdı, eyvanda dayanmışdım. Qəfildən göy üzündə, cənub tərəfdə bir dəstə durna göründü. Heyrətləndim... Axı, durnaların qayıdan vaxtı deyildi, may ayı idi. Durnalar bizim evə sarı uçurdular... Bir az keçmiş durna qatarı evimizə yaxınlaşdı, durnalar evin damına qondular. Amma qəribəsi bu deyildi, bir durna qatardan ayrılıb, eyvana doğru uçdu və... özünü sinəmə çırpdı... Mən yuxudan oyandım və bu şeiri yazdım.
DURNA
Bir yaz gecəsi yuxuma
Bir durna qonaq gəlmişdi...
Sən niyə ayrıldın qatardan belə,
Hardan uçub gəldin yuxuma mənim.
Sən niyə sinəmə çırpdın özünü,
Baxmadın azıma-çoxuma mənim.
Axı, mən kiməm ki? Söz şəkli çəkən...
Min ildi əsirəm qələmin üstdə.
Könlümdə qopubdu Nuhun tufanı,
Çıxıram sahilə ağ gəmi üstdə.
Sən necə bildin ki, yanıb qanadım,
Elə o zamandan göyə həsrətəm.
Ömrümün-günümün səhmanı itib,
Nə vaxtdı sevgidən qalmışam yetim.
Necə yaşayarıq ikimiz belə?
Bizimki tutarmı? Sən-quş, mən-adam...
Bir gün göylər üçün darıxacaqsan,
Açılanda səhər, düşəndə axşam.
Sən hardan bildin ki, uça bilmirəm,
Gəlmisən dərdimə əlac etməyə.
Neyləyim, mənim ki qanadım yoxdu,
Bir gün havalanıb sənnən getməyə.
Quşlar uçub gedir... sən də dayanma,
Orda səndən ötrü darıxır yuvan.
Gün gələr mənim də qanadım çıxar,
Uçaram, uçaram lap yanınacan...
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)