“Ədəbiyyat və incəsənət” portalı müxtəlif mədəniyyət sahələri üzrə gənc istedadların təqdimatını davam etdirir. Bu gün sizləri gənc yazar Pərviz Əlyaroğlu ilə tanış edirik.
Pərviz Əlyaroğlu 1995-ci il yanvarın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Vüqar İbrahimov adına Xaçmaz kənd 2 saylı tam orta məktəbini 2012-ci ildə əla qiymətlərlə başa vurduqdan sonra yüksək balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinə daxil olub. 2016-ci ildə bakalavr təhsilini bitirərək eyni universitetin magistratura pilləsinə yüksəlib. 2018-ci ildə magistraturanı bitirib. Hazırda SOCAR-da çalışır.
Hekayələr, şeir və esselər, “İblisdən Betər” və “İkinci Nəfəs” romanlarının müəllifidir.
Yazıçılıq fəaliyyətinə uzun müddətdir başlasa da ilk dərc olunan kitabı 2017-ci ilin qış aylarında qələmə aldığı “İblisdən Betər” detektiv romanı oldu. Kitab 2018-ci il aprel ayından etibarən oxucuların ixtiyarındadır. “İkinci nəfəs” kitabının 2020-ci ildə nəşr edilib.
Dəfələrlə müxtəlif yazı müsabiqələrinin mükafatçılarından biri olub.
Sizə onun “Ata, sənə sözüm var” hekayəsini təqdim edirik.
Pərviz Əlyaroğlu
“Ata, sənə sözüm var”
(Atama)
Qarşıdan gələn maşının uzağı vuran işıqları gözünə düşəndə hansısa vəhşi heyvanın hücumunu hiss edən dovşan kimi özünü yol kənarına atdı. Bədən elastikliyi və çəkisi ona cəld hərəkət etməyə imkan verirdi. Üstəlik son zamanlar bir az da arıqlamış, necə deyərlər, bir dəri bir sümük qalmışdı. Olduqca sağlam görünsə də mənəvi cəhətdən tamamilə tükənib əldən düşmüşdü. Elə hey düşünür, gah kimisə günahlandırırmış kimi barmağını havada yellədir, gah dərindən köks ötürür, gah da başını yelləyə-yelləyə nəyəsə etirazını bildirir, sanki düşündükləri ilə barışmaq istəmirdi. Beyin hüceyrələri daim məşğul olduğu üçün bu aylı gecədə korlar kimi qarşısına çıxanları görmədən, haradan keçdiyinə fikir vermədən addım-addım gedirdi. Ona görə də qarşıdan gələn maşını gec görə bildi. Maşının işıqlarının gözünə düşməsi və özünü yol kənarına atması arasında bir saniyə belə keçmədi. Sürünüb yolun kənarındakı dərədə kol-kosun arasında gizləndi. Baxışları ilə keçib gedən maşını izlədi. Ona elə gəldi ki, maşın bir anlıq sürətini azaltdı, hətta dayanmaq üçün qəza işıqlarını da yandırdı. Yoxsa sürücü onu görmüşdü?! Ola bilməz, o cəld hərəkət etmişdi. İndi ələ keçə bilməzdi. Bu qədər yol gəldikdən sonra öz diqqətsizliyi ucbatından yaxalanıb geri qaytarılmaq istəməzdi. Axı hələ məqsədinə çatmamışdı. Bütün düşüncələrdən azad olacağı, ruhən, mənəvi rahatlıq tapacağına inandığı bu yoldan geri çəkilmək onu daha da məhv edərdi.
Maşın yenidən sürətini artırıb uzaqlaşmağa başladı. O maşının uzaqlaşan işıqlarına baxıb rahatladı. Bir qədər dayandığı yerdə dincəldikdən sonra ayağa qalxıb təpəyə sarı çevrildi. Artıq şosse ilə gedə bilməzdi. Az əvvəl bəxti gətirsə də bir gün onu yol kənarında hansısa təsadüfi sürücü görə, onu tanıyaraq polisə xəbər verə bilərdi. Bu isə onun əbədi olaraq məhv olması demək idi. Bu qədər yol gəldikdən sonra geri çəkilə bilməzdi. Digər tərəfdən çəkilmək də istəmirdi. O yetişmək istədiyi məqsədi mənəvi ehtiyac hesab edirdi.
Bu uzun yolçuluğa başlamazdan əvvəl uzun-uzun düşünmüşdü. Bunun üçün xeyli vaxt sərf etməli olmuşdu. Uzun müddət nə edəcəyini, bu sıxıntılardan, mənəvi narahatlıqdan, vicdanını sızladan fikirlərdən yaxa qurtarmaq üçün nə etməli olduğunu götür-qoy etmişdi. Sonunda başqa bir yol görməmiş, ilk addımını ataraq bütün doğmalarını geridə buraxıb yola çıxmışdı. Artıq bir həftə idi ki, yol gedir, gecə-gündüz bilmədən irəliləyir, getdikcə daha çox düşünür, düşündükcə də daha çox irəli can ataraq məqsədinə bir an əvvəl çatmaq istəyirdi.
Beyninin içində o qədər fikir var idi ki, yaranan baş ağrılarını kəsmək üçün qəbul etdiyi heç bir dərman kömək etmirdi. Düşüncələri keçmişdə ilişib qalmışdı. Fikirlərində keçmişə səhayət edib sanki baş vermiş hansısa hadisəni, ya da nəyisə dəyişməyə çalışırdı. Beyninin içindəki səs ona “Hər şey başqa cür ola bilərdi” deyirdi. Az əvvəl yoldan keçən maşını vaxtında görüb özünü yol kənarına atması kimi. Bir anlıq ələ keçdiyini düşündü. Sürücü maşını saxlayıb yol kənarına boylanır, onu görüb polisə xəbər verir və çox keçmir ki, onu ələ keçirib ailəsinə təhvil verirlər. Necə də maraqlıdır, bir hadisə, ən xırda bir şey onun həyatını dəyişdirə bilərdi. İndi o dağları-dərələri aşmağa çalışmaya, ailəsinin yanında oturub dizlərini qucaqlayaraq hönkür-hönkür ağlaya bilərdi. Amma sürücü onu görməmişdi, deməli, taleyin istəyi ondan yana idi. O bu yolu başa vurmalı, mənzilinə çatmalı, keçmişi ilə üzləşməli idi. Elə isə keçmişdə olanlar da taleyin istəyi idi. Axı həmin hadisə olmasaydı indi o burada olmaz, gizlənmək məcburiyyətində qalmazdı. Ah, keçmiş necə də əzab verir, “əgər”lər, “kaş”lar insanı yıxıb sürüyür, məhv edir. Bir də görürsən ki, dəli olub yollara düşmüsən.
Lakin o özünü dəli hesab etmirdi. İlk baxışdan da belə görünmürdü. Daha çox günahkara oxşayırdı. Vicdanı ilə vuruşan zavallı döyüşçü kimi nə edəcəyini bilmirdi. Çıxış yolunu bu səhayətə çıxmaqda tapmışdı. Hətta geridə buraxdığı gözü yaşlı anası, qardaşı, bacısı da onu bu yoldan döndərə bilməzdi. Getdikcə onları da düşünürdü. Onlara bu qədər əzab verməyə dəyərdimi? Yaşlı anası bununla baş edib həyatda qala biləcəkdimi? Ürəyi bu qədər göz yaşına dayanarmı? Suallar o qədər idi ki, hansı birinə cavab verəcəkdi. Tək ümid yeri qardaşı və bacısı idi. Onlar analarını təsəlli edərdi. Bir də axı o ölməmişdi ki. Sadəcə olaraq heç kimə bir kəlmə də demədən evi tərk etmişdi. İndi, bir həftə sonra olsa-olsa itkin hesab oluna bilərdi. İtkin olmaq ölü olmaqdan daha ümidverici səslənir. Necə olsa itkin olan bir gün tapıla bilər, ən gözləmədiyin anda geri qayıdar, ölü isə əsla geri dönməz.
Bulud ona yol göstərən ayın qarşısını kəsəndə başını yuxarı qaldırdı. Başına gələnlərin alın yazısı, taleyin hökmü olduğunu qəbul etməsə də ayın öz işıqlarını ondan əsirgəməsini bir işarə kimi qəbul etdi. Yaxınlıqda daldalanmaq üçün bir yer tapmaq ümidi ilə ətrafına boylandı. İki təpənin arasında yaranan yarğan diqqətini çəkdi. Ora enib yıxılan ağac kötüyünün yanında oturdu. Çantasını çıxarıb kürəyini ağaca söykədi. Çantadan bir dilim çörək çıxarıb yeməyə başladı. Ocaq yandırmaq könlündən keçsə də bunu edə bilməzdi. Uzaqdan görülə biləcəyindən qorxurdu. Təpələrin arasında olsa da bu riski gözə almaq istəmədi. İndi sakitcə çörəyini yeyərkən uzaqlara zillənən gözləri önündə keçmişin xoş kadrları canlanmağa başlamışdı. Xəyallar onu çox uzaqlara aparmışdı.
O vaxt onun on dörd yaşı vardı. Sübh tezdən günəşdən əvvəl yerindən qalxar, qardaşı ilə birlikdə meşə yoluna üz tutardı. Atasının iri addımlarına çatmağa çalışaraq onun bir-birindən maraqlı söhbətlərinə qulaq asar, dayanmadan suallar yağdıran qardaşına fikir vermədən yorulmadan atasının cavablarını dinləyərdi. Meşənin dərinliklərində, münasib yer tapdıqdan sonra atası odun tədarükünə başlayar, onlar isə kəsilmiş budaqları bir yerə yığmaqla məşğul olardılar. Günortaya yaxın quru budaqlar toplanıb ocaq qalanardı. Bu vaxt atası iki haçalı budaq hazırlayıb ocağın iki tərəfində yerə batırar, sonra çaydanın qulpunu düz bir çubuğa keçirib onu ocağın üstündən asardı. Qaynanmış yumurtalar soyular, çörək ortalığa qoyular və iştahla yeməyə başlayardılar. Bir neçə gün beləcə tədarükdən sonra yük maşını ilə odun yığılıb evə gətirilərdi.
İndi kürəyini ağaca söykəyib çörək yeyərkən həmin günləri xatırladı. Nə qədər yorulsa da ən xoşbəxt günlərinin həmin günlər olduğunu əminliklə deyə bilərdi. Hər şeydən xəbərsiz, heç nə düşünmədən firavan yaşayırdı. İndi, on il sonra düşünərkən həmin illərdə atasının nələr çəkdiyini, hansı əzablara qatlaşdığını, ailəsini dolandırmaq üçün hər gün nə qədər fikir etdiyini başa düşürdü.
Hazırda torpağın üstündə oturub uşaqlıq illərini arzu etsə də həmin illər onun həyatında keçirdiyi ən çətin və yoxsul illər olmuşdu. Qəflətən on yaşında başına gələn hadisəni xatırlayıb köksünü ötürdü. İbtidai məktəbi başa vurub yuxarı sinifə keçirdilər. Bütün siniflər kimi onlar da bu anı əbədiləşdirmək üçün kollektiv şəkil çəkdirmişdilər. Bütün uşaqlar şəklin pulunu ödəyib onu həvəslə evə aparırdı. Amma o, bir neçə ay həmin şəkli əldə edə bilmədi. Yoxsulluq o həddə çatmışdı ki, iyirmi qəpik pul tapıb ilk sinif yoldaşları ilə olan bu xatirə şəklini ala bilməmişdi. Bir gün sinif rəhbəri onu çağırdı. Həyəcanla, qorxa-qorxa getdi. “Yəqin şəklin pulunu istəyəcək” düşüncəsi ilə titrəyən əlini qaldırıb qapını döydü. İçəridən müəllimin gur səsi eşidildi, içəri keçib əllərini qarşısında qoşalaşdıraraq günahkar kimi başını aşağı saldı. O anda müəllimin dedikləri hələ də sözbəsöz qulaqlarında səslənirdi. “Oğul, ailə vəziyyətinizdən xəbərdaram. Bilirəm ki, şəkli götürməyə imkanınız yoxdur.” – Yaxınlaşıb şəkli ovcuna basdı. – “Götür bu şəkli apar evə. Soruşan olsa, pulunu atan verib. Oldumu?” Həmin anda nə deyəcəyini bilməmişdi. Gözləri dolub, dodaqları titrəsə də bunu heç kimə bildirməmişdi. Hələ indiyədək heç kim bilmir ki, almağa onun pulu olmadığı üçün müəllim ona həmin şəkli hədiyyə etmişdi.
Gözləri yaşarıb dodaqları titrəməyə başladı. Sanki birdən-birə müəlliminin qarşısında əlində şəkil tutan balaca oğlana çevrilmişdi. Sanki nəsə deməyə çalışırmış kimi baxır, amma deyə bilmirdi. Bu hadisə on yaşlı balacanı bu qədər kədərə qərq etmişdisə, gör onun atası həmin vaxt nələr yaşayıb, nə düşünmüşdü. Övladına bir şəkil belə almağa gücü çatmayan valideyn kimi kim bilir özünü neçə dəfə günahlandırmışdı, neçə gün qəm dəryasına batmışdı. İndi on il sonra atasını daha yaxşı anlayır, onun nə hisslər keçirdiyini az da olsa başa düşürdü.
Fikirlər çörəyini sonacan yeməyə imkan vermədi. Çantasını əlinə alıb çörəyi yerinə qoyduqdan sonra söykəndiyi kötüyün yanındaca yerə uzandı. Çantasını yastıq əvəzi başının altına qoymuşdu. Xəyallar indi də onu Bakıya, bir kəlmə belə demədən tərk etdiyi ailəsinin yanına aparmışdı. Görəsən, indi anası nə işlə məşğul idi? Ağlamaqdan göz yaşları qurumuşdumu? Qardaşı onu təsəlli edə bilirdimi, görəsən? Atasını itirərkən onların necə hönkürdüyünü görmüşdü. Görəsən indi də o günki kimi fəryad edirdilər, yoxsa artıq ağlamağa taqətləri qalmamışdı? Bütün bu sualları düşündükcə özünü günahlandırır, onlara ikinci zərbəni vurduğuna görə ən ağır cəza ilə cəzalandırılmaq istəyirdi. Amma başqa yolu yox idi. Daxili sarsıntılarından qurtulmaq, günahını az da olsa yüngüllətmək üçün bu səfərə çıxmalı, yalnız qalaraq öz-özlüyündə hər şeyə aydınlıq gətirməli, ruhunu sarmaşıq kimi bürüyən sıxıntıları ilə üzləşməli idi. Atasının məzarına doğru çıxdığı yoldan geri çəkilə bilməzdi. Bu yol ona mənəvi iztirablarını dindirməkdə, vicdanı ilə üz-üzə gəlməkdə kömək edəcəkdi. Atasına son sözünü demək üçün hansı çətinliklər olursa olsun, hamısına dözəcək, bu yolu başa vuracaqdı. Bunu son borcu, vicdan məsələsi hesab edirdi.
Gecənin səssizliyində əks-səda verən şırıltı səsini eşidib başını qaldırdı. Səs yaxınlıqdakı kolluqdan gəlirdi. Ehtiyatla yerindən qalxıb səs gələn tərəfə yaxınlaşdı. Kolun yerə yatan budaqlarını qaldırıb qorxa-qorxa altına boylandı. Fənərin zəif işığında qarşısında balaca bir tısbağa balasının xırda addımlarla getməyə çalışdığını görəndə yerində quruyub qaldı. Nədənsə insan kimisə itirdikdə gördüyü hər şey və hər kəs ona həmin insanı xatırladır. Bu dəfə də belə oldu, tısbağa ona yenə də atasını xatırlatmışdı.
O zamanlar on iki on üç yaşı olardı. Kənd həyatı elədir ki, həmişə iş tapılır, axşama qədər çalışıb vuruşursan amma yenə də növbəti gün üçün mütləq iş qalır. Kənddə bütün evlərin həyətyanı sahəsini ayıran çəpərlər yaz aylarında bir qayda olaraq yenidən düzəldilirdi. Bunun üçün kənd camaatı meşədən kol-kos yığıb iplə bağlayaraq gətirib çəpərə qoyurdular. Bir az imkanlı ailələr həyətyanı sahəsini setka ilə, bəziləri daş ilə hasara aldığı üçün bu əziyyətli işdən azad olmuşdular. Yoxsullar isə günlərlə meşədə əlləşməli olurdular. Onlar da ilk bahar günlərini meşədə keçirir, atasının dəstələdiyi kol bağlamalarını qardaşı ilə birlikdə bir topaya yığırdılar. Sonra atası əslində at qoşulması üçün nəzərdə tutulan iri taxta arabanı yaxınlaşdırır, kolları onun üstünə səliqə ilə yığıb bağlayırdı. Qırxdan çox bağlama – buna kənd camaatı arasında basma deyirdilər – arabanın üstündə böyük təpə yaradırdı. Sonra bu ağır yükü neçə kilometr uzaqlıqda olan evlərinə qədər darta-darta aparırdı. O vaxt atasının həmin arabanı necə dartdığına izah verə bilmirdi. Elə bilirdi ki, o da böyüyəndə atası kimi güclü olub arabanı darta biləcək. Amma indi atasının o ağır arabanı sadəcə gücü-qüvvəsi çox olduğu üçün asanlıqla dartmadığını anlayırdı. Ona güc verən başqa şeylər var idi. Sən demə o arabanı dartmağa kömək edən gözəgörünməz qüvvələr var imiş. Arabanın bir tərəfindən əlacsızlıq, digər tərəfindən çarəsizlik yapışıb ona kömək edirdilər. Onun başqa yolu yox idi, ondan başqa bu işi görəcək ikinci adam da yox idi. O bu işin öhdəsindən gəlirdi, çünki gəlməli idi, yaşamaq üçün, ailəsini dolandırmaq üçün bunu etməli olduğunu bilirdi.
Bir gün yenə meşədən kol gətirirdilər. Atası qabaqda arabanı dartır, hərdən xırda təpələrlə qarşılaşanda qardaşı ilə birlikdə o da arxadan itələyirdilər. Yenə bir təpəni aşıb iki addım atmışdılar ki, qardaşının sevinc qarışıq qışqırıq səsinə geri çevrildilər. Ata arabanı yerə qoydu. Hər ikisi qaçaraq “Ata, bax, bax!!” deyən qardaşının yanına tələsdi. Balaca bir tısbağa balası təpəni qalxmağa çalışırdı. Üçü də bir müddət maraqla baxdı. İki qardaş ilk dəfə idi ki, tısbağa görürdü. Bir az baxdıqdan sonra atası iri, kobud əli ilə tısbağanın çanağından yapışdı. Tısbağa dərhal qınına yığıldı. Atası onu aparıb yol kənarında düz bir yerdə buraxdı. Bir neçə addım geri çəkilib baxmağa başladılar. Tısbağa qorxa-qorxa qınından çıxıb yoluna davam etdi. Sonra onlar da evə doğru yol aldılar.
İndi də ilk dəfə tısbağa görən balaca uşaq həyəcanı ilə, göz yaşları içində boğulan təbəssümlə kolluqdan canını qurtarmağa çalışan tısbağaya baxırdı. Tısbağa balası nə qədər çalışsa da qarşısındakı balaca budağın üstündən adlayıb keçə bilmirdi. Ona kömək etmək üçün fənəri sol əlinə aldı, sağ əlini kolluğun içinə sarı uzatdı. İri, toppuş əli ilə çanağından yapışıb onu havaya qaldırdı, çevirib o tərəf bu tərəfinə diqqətlə baxdı. Sonra qınına çəkilən tısbağanı daha çox qorxutmamaq üçün budağın o biri tərəfində yerə qoyub geri çəkildi. Gec-gecdən tısbağa çanağından qorxa-qorxa çıxıb yoluna davam etdi. Nədənsə ona elə gəlirdi ki, bu elə həmin, uşaq vaxtı qarşılaşdığı tısbağa idi. Bütün bəzəkləri, çanağındakı naxışlar demək olar ki, eyni idi. Bununla sanki o bir zamanlar atasının əlinin toxunduğu yerə, eyni çanağa toxunmuş kimi hiss edirdi. Bu isə ona başqa bir xoşbəxtlik bəxş etmişdi, uzun zaman idi ki, o bu qədər sevindiyini, sevincdən köksünün bu qədər qabardığını hiss etməmişdi.
Üzündə təbəssümlə sağ əlinə baxa-baxa yenidən kötüyün yanına qayıdıb yerində uzandı. Əlini sol əlinin içində möhkəm sıxıb sevinclə gözlərini yumdu və beləcə yuxuya getməyə çalışdı. Çox keçmədi ki, qara fikirlər, nə qədər çalışsa da cavab tapa bilmədiyi suallar yenidən beyninə hakim kəsildi. Əvvəl yenə göz yaşları içində hıçqıran anası, qardaşı və bacısı gözləri önündə canlandı. Sonra birdən-birə dünyalar gözəli nişanlısı gəlib qarşısında dayandı. Evdən çıxdığı gündən sonra demək olar ki, hər gün onunla qarşılaşmalı olurdu. Axı onu birdən-birə tərk etməyə, bir kəlmə belə demədən qeybə çəkilməyə nə haqqı var idi? Gecənin qaranlığında düşündükcə nə qədər zalım olduğunu, ürəyinin yerində ağır bir daş parçası gəzdirdiyini, insanlıqdan payını almamış zavallı bir məxluq olduğunu qəbul edirdi. Ətrafında olan hamını kədərə boğan, onları düşünmədən yalnız öz amalına çatmağa can atan məxluq özünə necə haqq qazandıra bilər ki? Əvvəl atasına etdikləri, sonra bu yetmirmiş kimi anası, qardaş-bacısı, nişanlısı və onu sevən neçə-neçə tanışları... Bu qədər qüssəyə səbəb olmaq olardımı? Düşündükcə ağlını itirəcək həddə çatır, başını əlləri arasında sıxaraq xilas olmağa çalışırdı. Gah beyninin içində özünə haqq verir, gah da boğazını dar ağacının kəndirinə keçirib ayağının altındakı kətili itələyirdi. Sonunda göz qapaqları ağırlaşmağa başladı. On səkkiz saatlıq yol onu əldən salmışdı. Odur ki, bir neçə dəqiqə içində yuxuya getdi.
Sübh tezdən yuxudan oyanıb yola düzəlmişdi. Bu gün yolu istər-istəməz şəhərin ortasından keçdiyi üçün başına papaq qoymuş, ağzını və burnunu şərf ilə möhkəmcə sarımışdı. Şəhərin ətrafı keçilməz qayalıqlarla əhatə olunduğu üçün başqa yolu yox idi. Yol kənarı ilə yorğun addımlarla irəliləyir, hərdən başını qaldırıb ətrafına göz gəzdirir, təhlükəli birşey olmadığına əmin olduqdan sonra daha əmin addımlarla yoluna davam edirdi. Elə bu vaxt gedikcə yaxınlaşan tanış sirena səsləri eşidilməyə başladı. Səs getdikcə yaxınlaşır, yaxınlaşdıqca onu daha çox vahiməyə salırdı. Bir-birini növbəli şəkildə əvəz edən bir uzun və bir qısa səs siqnalı düşüncələrini ələ keçirib onu keçmişə, heç vaxt üzləşmək istəmədiyi həmin qorxunc günə aparırdı. Çox keçmədi ki, yanından sürətlə ötüb keçən təcili yardım maşını yaxınlıqda yolu burulub xəstəxana binasının həyətinə daxil oldu. Gənc oğlan dərhal başını əlləri arasına alıb yerə çökdü, dəli kimi hönkürüb zarımağa başladı.
Həmin günün axşamı işdən geri qayıdanda atasını evdə görmüşdü. O rayondan yenicə qayıtmış, gətirdiyi meyvə-tərəvəzləri, əşyalarını yerbəyer etməklə məşğul idi. Yaxınlaşıb qucaqlaşdılar, dərhal sonra otağına çəkilib həmişəki kimi kitab oxumağa başladı. Atası ilə həmişə məsafəli olmuş, ürəyində onu çox istəsə də bunu heç vaxt dilə gətirməmişdi. Yenə də eyni, sıradan bir gün kimi bütün ailə birlikdə yemək süfrəsi arxasında oturdu. Bunun son axşam yeməyi olduğunu bilmədən hamı yeməyini yeyib öz hücrəsinə çəkildi.
Səhərə yaxın anasının fəryadı ilə hamı yuxudan hövlnak qalxdı. Tez, tələsik əyninə paltar keçirib digər otağa keçdilər. Atasının rəngi ağappaq olmuş, buz kimi soyuq tər içində çarpayıda uzanmışdı. Xırda-xırda və sürətlə nəfəs alırdı, elə bil hava ciyərlərinə gedib çatmırdı, sanki neçə kilometr qaçıb təngnəfəs olmuşdu. Vaxt itirmədən təcili yardım çağırdılar. Kömək gələnə qədər sanki zaman keçmək bilmirdi. Həyəcan, təşviş içində evdə çox dayana bilməyən qardaşı yola çıxıb təcili yardımı gözləməyə başladı. Gec-gecdən həkimlə birlikdə otağa girdi. Həkim əvvəl xəstənin təzyiqini yoxlayıb köməkçisinə tapşırıq verdi. Tibb bacısı iynəni hazırlayarkən həkim xəstənin ürəyini yoxlamaq üçün naqilləri qoşmağa başlamışdı. Gənc oğlan isə kənarda durub, əllərini çarpazlayaraq həyəcanla atasına nə olduğunu düşünürdü. O, həkimin necə həyəcanlandığını, əllərinin necə əsdiyini, titrəyən barmaqları arasında tutduğu iynəni necə çətinliklə atasının qoluna vurduğunu hiss edirdi. Bu isə onu daha da çox təşvişə salırdı. Çox keçmədi ki, həkim göstəriş verdi, xərəyi gətirdilər. Atası yenə onlara əziyyət vermək istəmədi, övladlarına güc düşməsin deyə özü birtəhər çıxıb xərəkdə uzandı. Xərəyin bir tərəfindən o, birindən qardaşı tutub pilləkənləri çətinliklə endilər. Təcili yardıma minib yola düzələrkən qorxa-qorxa atasının ayaqlarına toxundu, sanki buz parçasına toxunmuş kimi əlləri sızıldadı. Ürəyində atasını xilas etməsi üçün Allaha dua etməkdən başqa əlindən heç nə gəlmirdi.
Təcili yardım xəstəni təkərli çarpayıda reanimasiyaya təhvil verib başqa çağırış üçün yola düzəldi. Gənc oğlan geniş liftdə yanında tibb bacısı, qarşısında genişlənmiş göz bəbəkləri ilə ona baxan atası ilə birlikdə reanimasiyaya qalxdı. O gözlər necə də qəribə baxırdı, sanki nəsə demək istəyir, amma dili söz tutmadığı üçün baxışları ilə izah etməyə çalışırdı. Elə bil gözləri ilə ona - ailənin böyük oğluna vəsiyyət edirdi. Bütün ailəni ona tapşırırdı sanki. Gənc oğlan o gözlərdə bütün dünyanı görmüşdü, çarəsizlik, gücsüzlük hiss etmişdi.
Dəhlizlə irəliləyib hansısa otağın qarşısında dayandılar. Baş həkim çıxıb xəstəyə baxıb hirslə, qışqıra-qışqıra yer olmadığından şikayətləndi. Daha sonra xəstənin çoxdan öldüyünü deyib otağına çəkildi. Gənc oğlan dərhal atasına baxdı, onun hələ də nəfəs aldığını görüb bir az rahatlandı. Tibb bacılarından biri çarpayını hazırlamağa başlasa da olduqca ləng hərəkət edirdi. Gənc irəli keçib atasını xərəkdən çarpayıya keçirməyə kömək etdi. Sonra dəhlizdə olan bu təkərləri qırılmış çarpayını var gücü ilə sürüyüb reanimasiya otağına saldı. Zavallı elə düşünürdü ki, atasını bu otağa nə qədər tez çatdırsa yaxşıdır, onu xilas edə biləcək, sanki bu otaqda heç kim ölə bilməzdi. Həmin gün gənc oğlan bu fikrin nə qədər yalan olduğunu anladı.
Həyətdə o tərəf bu tərəfə gəzişərkən anası ah-vay edərək bir kənarda oturmuşdu. Nə qədər keçdiyini bilmədi, onu içəri çağırdılar. Anası hər şeyi başa düşüb hönkürməyə başladı, amma gənc oğlan hələ də ümid edirdi. Ürəyində onun köməyinə, ya qanına, ya hər hansı istənilən köməyə ehtiyac olduğunu düşünürdü. Buna baxmayaraq qorxa-qorxa dəhlizlə irəliləyirdi, dəhlizdə hamı başını aşağı dikmişdi. Reanimasiya otağının açıq qapısından atasının uzandığı çarpayını görüb hər şeyi başa düşdü, onun üzünü ağ parça ilə bağlamışdılar. Artıq atası yox idi.. Əbədi olaraq onları tərk etmişdi…
Gənc oğlanın evi tərk etməsindən bir ay keçmişdi. Kənd qəbiristanlığında heç kimin tanımadığı, saçı-saqqalı xeyli uzanmış bir nəfər irəliləyirdi. Yorğun addımlarla qəbirləri bir-bir geridə buraxıb baxışlarını bir an olsun ayırmadığı qəbrə yaxınlaşdı. Əyilib qarşısında diz çökdü , dərindən ah çəkib dedi:
- Mən gəldim, ata! Nəhayət uzun ayrılıqdan sonra, bax yenə burdayam, düz qarşında durmuşam. Bilirsən, sənin üçün nə qədər darıxmışam!? Sənsiz o qədər çətindir ki.. Axı mən hələ hazır deyildim.. Biz hazır deyildik səni itirməyə.. Sənsiz həyatımız necə alt üst olub bir bilsən. Yoxluğunu hiss etdirməmək üçün əlimdən gələni edirəm, ata. Amma mən sən ola bilmərəm axı.. Sənin qədər güclü, sənin qədər möhkəm ola bilmərəm..
Bax indi qarşında durmuşam.. Bizi elə tez tərk etdin ki, heç bir kəlmə belə deyə bilmədik. Səni nə qədər çox sevdiyimizi deyə bilmədik.. Bağışla məni, ata... Bağışla... İndi bu soyuq məzarda uzanmağının bir günahkarı varsa o da mənəm. Səni mən öldürdüm... Keç günahımdan... əlimdə olsa öz canımı verərdim, təki sən yaşa... Ailəmizin yanına qayıt. Günahkaram… Axı mən hardan biləydim... səni itirməkdən o çox qədər qorxurdum ki... Xəstəxana dəhlizində yalnız bir şey, səni otağa mümkün qədər tez keçirmək haqqında düşünürdüm. Nə biləydim ki, məsələ bununla bitmir... Hardan biləydim ki, sən elə mənim, bu yaramaz oğlunun fərsizliyinin, tələskənliyinin qurbanı ola bilərsən... Bilirsən, həkimlər nə dedi? Ürəyin parçalanıbmış... başa düşürsən!? Kürəyin gömgöy imiş məsciddə yuyularkən... Bunda yalnız mən, mən günahkaram.
Həmin dəhliz yadındadır!? Xərəkdən çarpayıya keçirmək üçün adyalın ucundan yapışmağım, həkimin yavaş, yavaş deməyinə fikir vermədən səni qaldırıb zərblə çarpayıya keçirməyim… Bax buna ürək tab gətirərmi!? Bağışla məni, ata. Bağışla... Mən səni incitmək istəməmişdim... Heç özüm də bilmirəm necə oldu.. Birdən-birə gücüm tükəndi. Əllərimm arasından sürüşüb düşdün... tuta bilmədim... ehh... bacarmadım, ata... Nolar, bağışla məni... Belə fərsiz övlad olduğum üçün bağışla... Bu yaşa qədər həmişə qulluğumda durmusan... Mənim üçün hər şeyin ən yaxşısını etmisən. Mənsə təkcə bir gün, o qara gün ilk dəfə olaraq sənin üçün nəsə etməli idim... onu da bacarmadım... Ata, bağışla məni... Sənə layiq olmadığım üçün keç günahımdan…
Göz yaşları içində başdaşını qucaqlayıb için için ağlamağa başladı. Saatlar sonra bir aydır yanında gəzdirdiyi telefonu çıxarıb nömrəni telefona saldı. Bir neçə düyməni basıb telefonu qulağına apardı.
- Ana. - deyə çətinliklə səslədi..
Telefonun o başında “Can Ana” sözlərini eşidib yenidən ağlamağa başladı…
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)