Sona Vəliyeva, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Filologiya elmlər doktoru
“Ədəbiyyat və incəsənət” portalı bu yaxınlarda 60 illik yubileyini qeyd edən şair Faiq Balabəyliyə həsr edilmiş yazıların dərcini davam edir. Sona Vəliyevanın “Özünü və dünyanı yazan şair” məqaləsində şairin yaradıcılıq məziyyətləri qabarıq göstərilir.
Faiq Balabəylinin “Bir ovuc kədər” adlı son kitabını vərəqləyirəm. Poeziyanın yaranış prosesinə bələd olan adam kimi bir daha öz fikirlərimin üstündə əminliklə durmağa çalışıram.
Kim necə düşünür, düşünsün, bu həqiqətdir, hər şeir parçasında şair özünü yazır, yəni yaşadıqlarını, düşündüklərini, sevincini, kədərini qələm və kağızla bölüşür. Sonda bir də baxıb görür ki, yazdıqlarında tək özünün deyil bütün insanlığın hiss və duyğularını tərənnüm edib. Beləcə yaranışdan insanın üzləşdiyi dərd, kədər, itkilər, sevinc və məhəbbət duyğuları, bütün yaşantılar zamanın özüylə birgə yaranışa bəxş olunan hər nə varsa bir-bir poeziyada təzahür edir. Şairlər zamanın ölçüsüzlüyündə öz ömrünü, həyatını və insanlığın düşüncələrini təkrar-təkrar əbədiləşdirmək missiyasına İlahidən aldığı ilhamla görəvlidir. Söz Tanrının yer üzünə ən müqəddəs ərmağanı olduğu üçün şeirə, poeziyaya könül verən, sözdən möcüzə yaradan şairlər ən saf duyğuların daşıyıcıları kimi həqiqətən özlərini yazırlar. Şeir bitəndə içində tək şairin öz yaşantıları deyil, dünya və bəşər görünür. Mənim çox sevdiyim şairlər sırasında yer alan R. Həmzətovun bir sözünü xatırladım: “Şeir ya xoş bir təbəssümdən, ya da kədərdən, göz yaşından yaranır”.
Poeziya ən səmimi İlahi duyğuların bələdcisi kimi qəlbimizin dərinliklərində gizlənən hissləri, sirləri öz əlimizlə aşkar edərək, bizi özümüzlə üzləşdirir. Hərdən də şeir o qədər səmimi alınır ki, hər oxucu öz dünyasının yaşantıları kimi o şeiri qəbul edir və müəllifi bəxtəvər edən belə şeirlərdə bütün insanlığın hissləri birləşir:
Özümü yazmaq istədim,
bu ömrü yaşadım necə?
Yaddaşımı vərəqlədim,
gündüz idi, yoxsa gecə,
mən anadan doğulanda...
Hansı ömrün yaddaşını vərəqləyir şair?
İnsan dünyaya gələndə göy yaddaşını, mələk ömrünü qırx günə unuda-unuda yeni yer yaddaşına öyrəşməyə çalışır. Yerdəki yeni ömrünə, insan taleyinə qədəm qoyaraq “saatın əqrəbləri” ömrün qova-qova apardığı aylarının, illərin sübut etdiyi yaş ölçüsünə də müəmmalı baxır. “Yaşım neçədir?” “Kiməm?” “Doğma bildiklərimlə məni birləşdirən hisslər nədir?” – deyərək hər şeyə bəzən təəccüblə baxır. Qohum-qardaşdan, doğmalardan “arxa olmamaq” kədərini yaşayanda şair bir daha anlayır ki, şairlər hər zaman tənhadır.
Ötən illərin o biri üzündə qalan ömür xatirələr adamı kimi şairlər tənhalıqla dərdləşir, hal-əhvallaşır. Bəzən də ömür karvanında yükünün ölçü-çəkisinə bələd olunca, görür ki, ən zəngin var-dövlət insanın yaşam təcrübəsində, qazandığı xatirələrdir. Uşaqlığı, gəncliyi, sevgisinin “məcnun” səhifələri ilə birlikdə malik olduğu vəfalı, sədaqətli dostlarla keçən ləyaqətli ömrün başucalığı gətirən duyğularının sevinci, fərəhi də demə ömrün ən tükənməz qazancı imiş. F. Balabəylibir ömür qazandığı dostların bəzilərindən vəfasızlıq görəndə belə onlara gileyini də dostcasına, qəribə duyğusallıqla çatdırır:
Üzümə ağ oldunuz, dost bildiklərim,
Üzünüz ağ olsun,
Qara rəngi heç sevmədim...
Günümü zəhər edən,
Xəstəliyimin adı şəkər
Şirinliyindən bəhs etdiniz elə,
Çəkdiyim acıdan xəbər tutmadız.
“Başa baxan” dostlara bu giley şeiri Faiqsayağı elə bir tənbeh təliminə çevrilir ki, məncə şeiri oxuyan oxucu mütləq yaddaşında sıralanan dost münasibətlərində mütləq yenidən diqqətli olmağa sövq olunur. Həqiqi dost isə ya bir olur, ya da iki... Əsl dost isə şair üçün qələm və kağızın olması həqiqətini şair M. Araz illər öncə belə çatdırırdı:
Anadan, bacıdan
gizlətdiyimi,
kağızdan, qələmdən
gizlətməmişəm...
Faiq bəy üçün də əsl sirdaşın, dostun kağız qələm olması yaradıcılığının hər səhifəsində təstiq olunur. Eyni zamanda şair öz qələm sirdaşıyla mübarizə meydanının cəngavəri kimi də oxusunun rəğbətini qazanır.
Bəli, şairin meydanı kağız, vərəq, külüngü qələm olduqca duyğular göy üzünə vaqifliyin sirrini axtara-axtara yerin özünü belə göylərə ucaltmaq gücünə malik olur.
Yağışı, qarı, küləyi, fəsillərin mübarək gəlişi ömrün müdrikliyini artıra-artıra qəlbin poetik duyğu təkamülünə fərqli rəng gətirir. F. Balabəylinin son kitabında rastlaşdığım dəniz, su, külək, xatirələr, kənd həyatına nostalji münasibətlər, Vətən və şəhidlik zirvəsi kimi anlayışlar bir şairin qəlb yaşantılarının təzahürü kimi onu oxucusuna sevdirir. Şairlərin yaşadıqları həyatı nə qədər məşəqqətli, çətin olsa belə, ömrün keçən günlərini gələn ömür səhifələrindən daha çox əzizləyərlər. Bax onda şairlərin “xatirələr adamı” olmaq həqiqəti bir daha təstiq olunar. Uşaqlığın qayğısızlığı, atalı-analı ömrün güvən duyğusu, kənd həyatının sadəliyindən qaynaqlanan istiqanlılıq hissləri üçün darıxmaq şeirlərinin hər misrasından Faiq bəyin həm də kövrək insan olduğunu biruzə verir. Bu kövrəklik:
Arada kəndimizin üstündən
uçan buluda oturmaq
istəyirəm...
Arada könlümdən ağrı dolu
ayrılıqları yenidən yaşamaq
keçir,
baxmaq istəyirəm itirdiklərimin
əzabına necə dözməyimə...
– fikri oxucunun içini titrətməyə bilməz...
Çooox qəribə duyğulardı, deyilmi? İtkilərdən sonra axtarış, axtarışdan sonra tapıntıların olmasına İlahi inamım olmasaydı, deyərdim ki, “əstəqfurullah” de, şair!...
Kim özü-özünə “ayrılıqların ağrısını yaşamaq” arzusunu dilər, sizdən savayı...
Faiq bəy dənizçidir. Bəlkə elə ona görə şeirləri də, şeirlərindəki lirika da dəniz üstünə günəş düşərkən min rəngə boyanan suların özü kimi saf və rəngarəngdir. Kədəri, xiffəti, ehtiyacları, arzuları suların, küləyin içindəki düşüncələrin rəngi kimi çətin ki, hər adama görünə...
Külək mövzusu klassik ədəbiyyatımızda “Ey Badi-Səba” – müraciətiylə XXI əsrə qədər yol qət edərək müxtəlif şairlərin dərdlərinin “çaparı”, qəlbinin sirdaşı kimi mistik gücün daşıyıcısı obrazında üz tutulan mövzudur. Külək hansı rəngdəymiş? A. Mirseyidin vaxtsız ölümünə yazılan “Mən görürəm küləklərin rəngini” şeirində bir vəfalı dostun yaşantıları belə ifadə olunur:
Mən bilirəm küləklərin rəngini,
Bizim yurdda əsən külək sarıdı.
Çiçəklərin yaymaq üçün ətrini,
Bəlkə Tanrı küləkləri yaradıb.
Mən bilirəm küləklərin rəngini,
Göstərməyə, amma yoxdu yanımda
Mən öləndə duymaq üçün ətrini,
Basdırarsız çiçəklərin yanında.
M. Müşfiqdən sonra ədəbiyyatımızda “külək” mövzusunun “əsintisi”nə çox şair can atsa da diqqətləri cəlb etmədi... İçinin təlatümünü, dəniz təlatümü qədər şeirləri ilə ovutmağa çalışan F. Balabəylinin dost itkisi kədərindən alışan alovu “Külək” şeiri sakitləşdirmir, əksinə bütün könülləri bürüyür:
Külək dolub yelkənə,
dənizin suyu şəffaf.
Göy üzündən gələn var,
deyir yerdədi Allah,
yerini bilən desin...
Bəzən daxili iztirablarımız dəli külək aləmi bir-birinə qatan kimi iliyimizə qədər işləyərək bizi bizdən alır, dəli-divanə edir:
Sərt külək uladı ac yalquzaq tək
çatmadım səsinə,
qaldım uzaq, tək
sıyrıldım, qınımdan çıxdım bu gecə qaynadım, qanımdan axdım bu gecə...
Qoşulub yalquzaq səsinə gecə
küləyin səmtinə səni çağırım?
Dünya, ətraf aləm, kainat Tanrının bizə verdiyi təfəkkürün qavrayışı çərçivəsindən dərk olunacaq ölçüdədir. İmanlı, vicdanlı insanlar, şairlər, alimlər, zahidlər Allahı, onun yer-göy və onların arasında yaradılanları müxtəlif səpkidən anlamağa və çatdırmağa can atdılar. Şairin qavrayışı isə bambaşqadır. Şairin sözü, düşüncəsi vəhdir, bu İlahi pay hər adama qismət olmaz. Yer üzündə nə mövcuddursa, hansı gözəlliklər yaranırsa və ya hadisələr baş verirsə Tanrının bəxşişi sayılır. Ölüm də yerdə baş verir, yaranış da... Poeziyanın bizə göstərdiyi ülvi baxış bucağıyla baxdıqca görürük ki, Allah La məkan olduğundan çox bizimlədir, Yerdədi, şah damarımızdan belə bizə yaxındır. Hamı köçəcək bu dünyadan amma şair sözüylə, yaratdığı ilə insanlığa bəxş etdiyi poetik ərmağanla bu dünyada əbədi olacaq:
Hamı gedib, dünyada
tək bircə şeir qalıb.
Ölməyə tər çiçəklər,
dir də ki, şair qalıb.
Yerini bilən desin.
Faiq bəyin şeirlərində nə qədər lirik kədər mövcuddursa, mənəvi xarakter yozumunda dəli-dolu Azərbaycan kişisinin yenilməyən, mübarizələrdə polad kimi bərkiyən şəxsiyyətini də açıqca görmək mümkündür. Dənizçi kimi 1990-cı ilin 20 yanvar hadisələrində qəhrəmanlıq dastanı yazan Bakı buxtasının fatehləri sırasında gənc F. Balabəyli də vardı. Onların müstəqillik uğrunda mübarizə aparmaları həbslərlə, hədə-qorxularla qarşılansa da onlar öz sözlərini sonadək deyə bildilər. Bu qəhrəmanlıq dastanı faktlar və sənədlərlə F. Balabəylinin müəllifi olduğu “Bakı Buxtası- 20 Yanvar” kitabından dünyaya ətraflı izahlarla çatdırıldı.
Alfous de Lamartin məhşur fikrini xatırlamaq çox yerinə düşür:
“Şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasında fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər”. F. Balabəylinin 1990-cı ilin yanvarında qəhrəman dənizçilərimizlə apardığı mübarizə əsl mərdlik mübarizəsi kimi dastana çevrildi. Sonralar bu qəhrəmanlığın tarixi Faiq bəy tərəfindən qələmə alındı: Mübarizə mücahidi şair, qələm adamı olunca yazılan tarix daha dərin duyğularla yazılır.
“Başqa ürəyinə heç nə gəlməsin
Mən bu məmləkətin qara daşıyam” – deyincə hər şey aydın görünməyə başlayır.
Bu daş isə o qədər ağır ki, o qədər gərəkli ki, yalnız haqq-ədalət taptananda, yaxşılıqlar unudulanda nankorun, namərdin başına çırpılıb “özünə gəl” – deyərək mərdliyi, kişilik ənənəsini itib-batmağa qoymur.
Dəniz həyatı lirik ovqatı ilə həm də Vətən, xalq mücadiləsində şairi mübariz vətəndaş kimi tanıtdı. Ona görə şair dənizi mavi gözlü gözəl kimi sevdi, ona könül verdi...
Dənizçiyə dalğaların arasından,
əl eləyir su pərisi,
Dənizçiyə ad qoyarlar
su dəlisi.
Mavi sular, mavi gözlü
gözəl olar,
naz eləyər dənizçiyə...
Şairin sevgisi də, sevgi etirafları ilə birgə bağışlanma diləkləri də fərqli üslubdadır, yəni daha poetikdir. Eşqə həm də İlahi dərd kimi baxa-baxa onun dərkinə tənhalıqda izah tapmağa çalışır. Sevgidə qütblərin maqnit cazibəsi, qəlb cazibəsi qravitasiya çəkisi ilə mütənasib gəlməyəndə hər şey ayrılıq və kədər rənginə bürünür:
Sən axı bilmədin tənhalıq nədir
dözüb küləklərə ağ yelkən kimi
sinənə çəkmədin acı rüzgarı
sıxıb bir-birinə dodaqlarını
adını demədin özün özünün.
Sən axı bilmədin tənhalıq nədir
görmədin, sevmədin ayrılıqları...
Eşq olsun poeziyamıza belə zənginlik qatan tənhalığa! Axı şeir özü də ruhun xəlvətə çəkilərək özünü ehtiva etməsinin məhsuludur. Dərin sükutda yaranan, qəlbləri nurlandıran işıqdır. Cübran Xəlilin bir zamanlar dediyi “Böyük şair sükutumuzda baş verənləri ifadə edə bilən şairdir” fikri çox yerinə düşür. Eyni zamanda şeir, poeziya ruhun azadlığının məhsulu olaraq bütün qəlb sarsıntılarını lirik yolla dilə gətirərək daxili təlafümləri sakitləşdirir, ovudur. Ona görə də Faiqin şeirlərinə ruhun azadlıq nəğmələri kimi baxmaq daha doğru olar. Əgər belə olmasaydı həm çəkdiklərini, kədəriylə, qəmiylə birgə gileylərini və arzu-istəklərini qələmə alıb bütün dünyaya car çəkməzdi ki...
Sevgi şeirlərindəki həsrətin ağırlığını “nəfəsin gedib-gəlməsi” məsafəsiylə ölçərək elə yana-yana qələmə alır ki, oxucu anındaca bu dərdi nəfəsinə çəkir:
Bir də yoluma çıxma,
gözləmə məni,
Hərdən nəfəsim gedir,
Qayıtmaq istəmir,
Sənin kimi...
Şair “sən nəfəsimsən” – demir, tərk olunan sevginin sahibinin bədəninin nəfəssiz qaldığının mənzərəsini yaradır. Nəfəssiz boğulmaq təhlükəsinin fiziki mənzərəsi təsəvvürdə ağır bir itkini göz önündə canlandırır.
Bir də yoluma çıxma
Qaranlıqdan gün üzünə çıxmaq qədər.
Gözləmişdim səni...
– deyir. Qısa, minimalist səpkidə ifadə olunan məhəbbətin xiffət və kədərini, ürəkdən sevən aşiqin daxili iztirablarını göz önünə gətirir. Vaxtı ilə Vilyam Somerset Moem söyləyirdi: “Qısa və aydın yazmaq, səmimi və xeyirxah olmaq qədər çətindir”. Vüsalsız məhəbbətlərə həsr olunan və ya daxili göz yaşlarının göründüyü kədərli sevgi şeirlərinin ən yadda qalan nümunəsi kimi bu şeirə işıq kimi də baxmaq olar... Həsrət işığı kimi!
Sevgilər yaxşı ki, hər zaman ailə çərçivəsində məhdudlaşmır. Həsrət adlı müqəddəs, sirr, unudulmayan, könül yarasını sağalmağa izn vermədiyindən İlahi eşqin tərənnümü poeziyamızda əzəli-əbədi mövzusunu yaradır.
M. Füzulinin “Yarəb bəlayi eşq ilə qıl aşına məni” harayı əsrlərdir ki, hər gün yeni-yeni eşq qalaları ucaldır. Bu ucalığın zirvəsinə çatan aşiq dünyanın bəxtəvəri kimi Məcnun sevdasının işığında İlahi eşqə qovuşandır.
Kimin vəfasızlığından sevənlərin qovuşmamasını, günahkarın hansı tərəf olmasını deyil, günahın nə ilə yuya bilməsi kədərinin xiffətini çəkən Faiq bəy özü də bilmədən sevənlərin qəlbinin bir olduğunu, “mən” vəhdətində təzahür etdiyini belə söyləyir:
Bənövşə boynu bükük,
Novruzgülü bağrı qan
Dünya hamilə qalıb,
Can ayırıb canından,
Gecə doğar sabahı,
Nə yuyar bu günahı?
Sonra da:
Səni qınayacaq dostun, tanışın
Sirrini heçkəsə deməyəcəksən.
Ürəyin uçacaq yanıma mənim,
Yerini heçkəsə deməyəcəksən.
Saçımı darayan barmaqlarımla,
Durub tellərini oxşayacaqsan,
“Təzə bir xatirə tapasan deyə,
Köhnə məktubları oxuyacaqsan”.
– deyərək, həsrətli eşqin sərgərdanlıq axtarışında müqəddəsliyin, İlahiliyin
mahiyyətini taparaq oxucunu da özünə bəxtəvər edir.
Demə, əsl sevgi şairin təbincə Vətən, yurd sevgisi ilə birləşə bilərək sahibini daha da zirvələrə ucaltmaq gücünə malik imiş. Bəli, Faiqin qələmində yurd, Vətən hətta doğulduğu kəndə, ilk eşqinə olan müqəddəs duyğular birləşərək BÖYÜK EŞQİ yaradır:
Mən də ürəyimin himinə bəndəm
dodağım səyriyər, kövrələ billəm
sənin yaşadığın obayam, kəndəm
viranə yurd yerim, çağırsan gəlləm.
Torpaq qoxusu tək doymaq olmayır
içimə çəkirəm iyini sənin
Günəş donlu qadın, niyə soyuqsan
çağırım, səsləyim nəyini sənin.
Həyatını, ömrünü, taleyini dənizə, suya bağlayan Faiq bəyin düşüncə və xarakteri də su kimi saf və təmizdir-təmənnasızdır. “Limanlara yazığı gələcək” qədər kövrək duyğular sahibidir, şair. Bəli, şairin limanlara yazığı ona görə gəlir ki, bütün limanlar ayrılıq daşıyır. Qayıtmağa, dönüşə ya qismət!
Körfəz boyu səpələnən yosunlar,
balıqların qumla dolan qulağı,
əgər məni incitsəniz gedərəm,
görünmərəm gözünüzə, uzağı.
Yamyaşıldı duzlu suyun köynəyi
qayaların üzü cızıq-cızıqdı
gəmiləri üzüb gedib, göynəyir
bu dənizin limanları, yazıqdı…
Su da, dəniz də ilk yaranışdı, əbədiyyət misalıdır, uzun ömürlülük rəmzidir. Su kimi saf ömrünüzün uzun və bərəkətli olmasını Tanrıdan diləyərək daim yazıb yaratmanızı arzu edirəm, Əziz Faiq bəy!
“Ədəbiyyat və incəsənət”
(26.09.2024)