ƏN YENİ POEZİYA Ramiz Qusarçaylının “Payız şəkli” ilə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Tanınmış şairimiz, füsunkar Qubada yaşayıb yaradan Ramiz Qusarçaylı payız fəslinin gəlişini vəsf edib.

Buyurun. 

 

Payız şəkli 

 

Nə gözəl əsərdi bu,

Boyalar yumru-yumru.

Zirvələr sivri-sivri                             

Qayalar yumru-yumru.

 

Boz talada göy yamaq,

Kövşən sarı, yol dümağ,

Cığırlar yumaq-yumaq

Tayalar yumru-yumru.

 

Xəzəllər xışıl-xışıl,

İlğımlar işıl-işıl,

Mürgülər mışıl-mışıl

Röyalar yumru-yumru.

 

Burda hər şey gül kimi,

Daş açılıb tül kimi,

Çıxarıb ürəyimi

Soyalar yumru-yumru.

 

Rəngi qaçıb bir qızın,

Gözü dolub payızın,

Sevgilər uzun-uzun

Dünyalar yumru-yumru.

 

Nə gözəl əsərdi bu,

Boyalar yumru-yumru.

Zirvələr sivri-sivri                             

Qayalar yumru-yumru.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.