“Sənsiz saçlarımı qəm darayacaq” - SİMA NEMƏTİ Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət” (Güney Azərbaycan bölməsi)

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Sima Nemətinin şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

I

Senzura olur cümlələr 

“Səni” yazırıq

“Sevirəm” qalır. 

Dünyanın qaydasıdır ayrılıq 

Kəlmənin də bir gedir, biri qalır 

Burası yasaqlar ölkəsi 

Özgürlük axtaran hər kəsin 

“Özü” gedir, “Goru” qalır. 

Yenə yarımçıq qaldı hekayəmiz

Polis qardaş! İyləmə ağzımızı

İçki deyil 

Deyilməmiş sözlərin 

Biri gedib, mini qalır...

 

II

Kalaşinkov sancılıb hər addımda 

Ağacların gövdəsində gizlənən 

Silah qorxusunda 

Şübhələnir sevinc! 

Gələn-gedən səsində diskinir

Gəlib gedən dinc xəyalların 

Səfeh düşüncəsi. 

Ayaqqabına qoşulan kamera 

Nəfəslərini sanayan mikrofon 

Hətta 

Otağındakı güzgü 

Və... 

Hər nə,

Hər nə,

Hər nə varsa 

And içir ki, 

Sən 

Tək deyilsən! 

 

Arxayınlıq aşıb-daşır xiyabanlardan 

Paradoks sancılanır 

Qucağının əmniyyətində 

Dodağının qıpqırmızı hüceyrələrində 

Qara qançır olur öpüş həvəsi 

Aaaax

Nə yaman keflənib bu şəhər 

Öz kefi ilə 

Yaşadır, oynadır, aldadır bizi 

Bu yalançı şəhər

Dilənçi şəhər...

Yoxsul küçələrində 

Sümsünür ac duyğular 

Əsarət təharətində paslanır özgürlük

Burası “torpaq” ölkəsi 

Əl saxlayın! 

Amandır, dəstəmazsız qucaqlaşmayın...

 

III

Pəncərədə qalan gözüm üşüyür,

Cismimi sürüyən dizim üşüyür,

Lap ürəyimdəki sözüm üşüyür,

Qaytar əllərini, qaytar bir daha.

 

Baxışların hələ güzgüdə qalır, 

İnan qəmin məni özümdən alır,

Əllərim əlinin havasın çalır,

Qaytar əllərini, qaytar bir daha.

 

Sənsiz saçlarımı qəm darayacaq, 

Hansı xatirəmiz yaddan çıxacaq, 

İkimizi həsrət birdən yıxacaq,

Qaytar əllərini, qaytar bir daha.

 

Şəhərin əndamın zəhər bürüyür,

Küçənin cəsədin həsrət sürüyür, 

Mənə vermədiyin güllər çürüyür, 

Qaytar əllərini, qaytar bir daha.

 

IV

Qal bu gecə 

Al qoynuna məni 

Mən 

Saatları qıfıllayım xoruzun dimdiyinə! 

Sən gecəni hör tellərimdə

Barmaqların adaxlansın subay saçlarıma! 

Bir qurtum günah içək tamarzı ürəyimizin sağlığına

Cəhənnəmə getsin bütün cənnət vədələri 

Keflənsin getsin bütün cənnət vədələri 

Keflənsin baxışlarımız qaranlığın haram qucağında

Açılmasın səhər

Qap bu gecə 

Qal 

Səhərə qədər!..

 

V

Bura Yəməndirsə 

Sən Parisdəsən.

Sən Şampan keflisi 

Mən müharibədə diskinən birisi 

Deməli ikimiz də yuxusuzuq indi 

Gecədir.

Buradan Parisə qədər

Saat üçün gicəllənən çağı 

Otağımda sənsizlik qaranlığı 

Üçün bəlalı başı! 

Ax! Üç yüz üç yerə bölüb məni 

Saat üçün faciələri

Yenə mən... 

Bu yiyəsiz mən! 

Yenə beynimdə rejə gedir sənə hazırladığım kəlmələr 

Heç söyləmədiyim kəlmələr 

Mən elə buraxdığın yerdəyəm 

Çiynimdə daşıdığın yalqızlığı 

Tanrı da duya bilməz

Gecə yatıb! 

Səndə bəlkə 

Tanrı mürgüləyir sabahıma gördüyü yuxuları! 

Mən elə buraxdığın yerdəyəm 

Sarılıram səndən yaratdığım bütə 

Müqəddəsləşir qucağım 

Yenə xəyalın

Xəyalın... 

Sən...

Sən? 

Adım yadındadırmı? 

 

VI

Və yıxılmış bir evim var 

Asılıbdır qapısından ürəyim 

Gələr olsan ölərəm,

Gedər olsan öləcək

Və tikilmiş iki göz var yoluna...

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.