“Ədəbiyyat və incəsənət” portalına təqdim edilən növbəti şeir çələngi gənc şair Cəvahir Tanrıverdidəndir. Buyurun!
Mən payız qadınıyam,
Məhəbbətim saralmış yarpaqların
Gizlətdiyi rənglərində qorunur.
Mən payız qadınıyam,
Göz yaşımı gölməçələr qoruyur.
Xəzəlin xışıltısıdır
Ürək döyüntülərim.
Nəfəsimə nəfəs verən
Mehin hənirtiləri.
Mən payız qadınıyam,
Həsrətimdə payız kimi
leysanlar yağdıraram.
Bir tufan qopararam,
Qorxudaram ayrılığın gözünü.
Mən payız qadınıyam,
Yarpaq-yarpaq tökülüb
Söykəyərəm buz torpağa üzümü.
Yox... axı bizim yerlərdə
Payızda torpaq isti,
Canından can,
Qanından qan veribdir
Bu torpağa igidlər
Nəfəsi isti-isti.
Payızın soyuğunda
Torpağı isidiblər,
Ümidli ürəklərdə
Arzular bitiriblər.
Qismətin -
Ağacların yarpaqsız bar qisməti,
Bitirmisən neçə illik həsrəti.
Ah, payız, sən
Ruhuma vətənmisən?!
Yoxsa yarpaqlı fəsillər
bəxtinə küsənmisən?
Yox, küsənmə,
Hər fəslə qismət olmur
Bir bu qədər naz-nemət,
Hər fəslə qismət olmur
Səndəki bu qətiyyət.
Üşütmürsən məni sən,
Üşüdürsən
Ürək döyüntüsünü
heç vaxt duymayanları,
Sərt kəlməsi
Vicdanını
didib ovmayanları.
Üşütmürsən məni sən,
Axı mən,
Mən elə sənəm.
Sızlayanda vicdanım
Göz yaşımla
çayları daşdıraram.
Elə daşdıraram ki,
Buludu çaşdıraram.
Özü də anlaya bilməz
gur yağış səbəbini.
Axı mən,
Mən payız qadınıyam -
Öpərəm bu payızın
sulu, selli gözündən.
Dolanaram ürəyinin başına,
Hisslərini
anlayaram üzündən.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)