“Bir şeirin hekayəti” Qəşəm Nəcəfzadə ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə " Bir şeirin hekayəti" adlı rubrikamızın qonağı:

Bu şeiri də yazdım əlvida kimi,

Bax elə bu sətrim son vida kimi.

Mən ölsəm, misra tək, sən nida kimi,

Başımın üstündə dayan, nə olar, - söləyən dəyərli şairimiz Qəşəm Nəcəfzadədir.

 

-Xoş gördük, əziz şairimiz. Qəşəm bəy, dəfələrlə nitqinizi dinləyərkən bəzi şeirləriniz haqqında gözəl izahlarınızı eşitmişik.

Şair həqiqəti sübut etmir, o onu göstərir. (Vissarion Belinski). Qəşəm bəyin şeirlərini oxuyarkən misralar bizimlə səmimi ünsiyyət qurub daxilimizdəki gizli duyğulara çox rahat toxunur. 

 Əziz Qəşəm bəy, rubrikamızın şərtlərinə görə şeirlərinizdən birinin yaranma tarixinə nəzər salmalıyıq. Beləliklə, sevimli şairimiz, oxucularınıza " Bir şeirin hekayəti"ni söyləyin.

 

-Salam Ülviyyə xanım, yeni rubrikanızın ömrü uzun olsun, dəvət üçün təşəkkür edirəm.

Haqqında danışacağım şeiri Siz də səsləndirmisiniz.

Bəli, "Sənin dərsin" adlı şeirimin yazılma tarixinə nəzər salaq.

Deməli, belə: 1984-cü il idi, həyat yoldaşım Tabəs xanımla nişanlı idik. Tabəs xanım ibtidai sinif müəllimi idi. Həmin vaxt bir- birimizdən küsmüşdük. Tabəs xanım mənimlə barışmayacağını və işlərimə qarışmayacağını söyləyib getdi.

Biz İmişlidə idik. Mən də Tabəs xanımın arxasınca getdim. Tabəs xanım məktəbə daxil oldu,  şagirdləri 3-cü sinifdə oxuyurdular və birinci mərtəbə olduğu üçün mən Tabəs xanımı bayırdan izləyə bilirdim, elə o da mənim ona baxdığımı görürdü. Şagirdlər sinifdə səs edirdilər və Tabəs xanım buna görə məndən utanırdı ki, şagirdləri səs edir.

Mən isə bu səhnəni izləyib bədahətən "Sənin dərsin" şeirini söylədim. Elə bu şeir də küslülüyümüzə son qoydu.

 

Niyə şagirdlərin duymurlar səni,

Gül kimi dərsində səs eləyirlər.

Mən sevən əllərə, mən sevən gözə,

Mən sevən ürəyə qəsd eləyirlər.

 

Ağzı yanmışların yoxdu xəbəri,

Mən sənin önündə lal dayanıram.

Dəftərə qırmızı düzəliş kimi,

Varaq yanağımda al dayanıram.

 

Adın tək dərsimi əzbərləyirəm,

Sevgi baxışına boyanmaq üçün.

Ömrümü, günümü qurban verərəm,

Şagird tək önündə dayanmaq üçün.

 

Vaxt axır... şagirdlər duymurlar səni,

Gör necə qıyırlar kövrək səsinə.

Hardan bilsinlər ki, həsrət qalmışam

Qırx beş dəqiqənin bir dəqiqəsinə.

 

Səhvdi misalları, məsələləri,

Dərdini artırıb yüz eləyərlər.

Ölürəm mən sənin “üç”ündən ötrü,

Verdiyin “beş”lərə naz eləyərlər.

 

Təbaşir ləçəkli çiçək əllərin,

Lövhənin üzündə kəpənək olar.

Dəsmala bənzəyər göyçək əllərin,

Bir oğlan balanı bələmək olar.

 

Misra dodaqların yorular hərdən,

Saçların pırtdaşar, əllərin əsər.

Bir gözəl, bir göyçək oğlumuz olar,

Bu dəcəl qızların səsini kəsər.

 

Niyə şagirdlərin duymurlar səni,

Gül kimi dərsində səs eləyirlər.

Mən sevən əllərə, mən sevən gözə,

Mən sevən ürəyə qəsd eləyirlər.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.