“Daş yağışı” - Vaqif Sultanlının hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Vaqif Sultanlının hekayəsi təqdim edilir. 

 

 

Əvvəlcə vahiməli bir səs duydu. Yönü, səmti bəlli olmayan bu səs bütün özgə səsləri yeyə-yeyə böyüyür, göy üzünə dağılaraq əks-səda verirdi. Səsin hayandan gəldiyini bilmək üçün başını qaldıranda qəfildən təpəsinə çırpılan daşın zərbindən sanki beynində ildırım çaxdı və huşunu itirərək daş kimi üzüqoylu düşdü.

Handan-hana özünə gələndə daşa basıldığını zənn edərək əllərini yerə dayayıb birtəhər ayağa durmaq istədi, ancaq qalxmağa macal tapmamış eynən bayaqkı kimi zərblə təpəsinə çırpılan daşın sinirləri boyu axan dözülməz ağrısi ilə birgə dəhşətli təlaş duydu. 

Göydən daş yağırdı.

Hardansa acı fəryad səsləri eşidilirdi; kimsə dəhşət içərisində qışqırır, haray çəkir, başqa birisi doğmasını itiribmiş kimi için-için hönkürür, daşqalaq edilən ümidsiz bir səs isə Tanrıya yalvarır, imdad diləyirdi.

Kürəyinə döyən daşların altında güc-bəla sürünüb çardağın altına girdi, buranı yağış tutmadığından bir qədər təhlükəsizdi, həm də daldalandığı yerdən göy üzünü seyr etmək mümkün idi. Əlini yavaşca başına, boyun-boğazına, üz-gözünə çəkdi - qanı daşlara dağılınca əməlli-başlı yaralandığını duydu.

Daş yağışı altında birdən-birə daşlanmış, dışlanmış həyatın miras qoyduğu, zülmətə calanmış yaddaşı işıqlandı. Açdığı qapılar üzünə çırpılarkən dalınca atılan, ağrısı hələ də kürəyini sızladan qara daşları xatırladı. İllərin arxasında  boynuna yükləmiş ömrün sarayından qopan daşların bayquş ulayan xarabalığı uzanıb gedirdi. Nə zamansa özünün də daşa dönəcəyinin xofu içərisində ömrünü-gününü hər yetənə daş atan, nəfsi daşı çatladan, daş qəlbli insanların çevrəsində çürütmüşdü. Ürəyinə daş bağlayaraq içinə yığılmış, artıq tamahın daş yardığını bildiyindən daşdan yumşaq nə tapmışdısa, qane olub taleyi ilə barışmışdı. 

Maviliyini itirərək bomboz daş rənginə boyanmış göyüzünə düşən bulanıq ləkənin kölgəsi altında vaxtın dayandığını, illərlə ömrünü yeyən, heç cür vaz keçə bilmədiyi arzularının yox olduğunu anlayınca içinin burxulduğunu duydu.

- Bu zülm yerdə qalmaz. Tanrı göydən daş yağdıracaq...

Ta uşaqlıqdan dünyada zülmün ərşə dirəndiyi, Tanrının göydən daş yağdıracağı ilə bağlı qarğış və nifrinlər eşitsə də, bu sözlərə bir elə məhəl qoymamışdı, indi isə insanlar doğrudan-doğruya yaradanın qəzəbinə tuş gəlmişdi. Yağış gücləndikcə göydən tökülən daş parçaları da böyüyür, ətrafa qəribə bir qoxu yayılırdı, alışmadığı bu kəsif qoxuya heç cür dözüb-dayana bilmirdi; sanki dünyanın havası azalırmış kimi boğulur, nəfəsi daralırdı.

Get-gedə şiddətlənən daş yağışı ilə birgə bütün səsləri örtüb basdıran göy gurultusundan qulaq tutulurdu. Əvvəllər də göy gurultusu eşidəndə özündən asılı olmayaraq gizli təlaş keçirərdi. Ancaq indi daş yağışının gətirdiyi gurultu hər zamankına bənzəmirdi, səma elə guruldayırdı ki, sanki göy qübbəsi sökülüb yerə töküləcəkdi. Göy gurultusunun arasından qulaqlarına qurd ulartısına, it zingiltisinə, quş çığırışına bənzər səslər dəyirdi. Ağlı, şüuru kəsəndən bu yana dünyada belə bir səs duymadığından quruyub qalmışdı. 

Sığındığı çardağın üstü başdan-başa göydən yağan daşlarla örtülmüşdü. Böyür-başında da irili-xırdalı daş yığını qalaqlanmışdı. "Belə getsə, çardaq daşların ağırlığına dözməyəcək. Gərək yağış güclənməmiş özünə daha münasib yer tapaydı. İndi neyləyəcək, nə yolla xilas olacaq?" - içini rahatsızlıq bürüdü.

Artıq xilas yolunun olmadığını, hər şeyin bitdiyini, düşünür, son zamanlar baş verənləri zehnində çək-çevir edərək, nədən göydən daş yağdığının sirrini, səbəbini anlamağa çalışırdı. "Bəlkə elə qiyamət günüdü?" - ixtiyarsız olaraq zehinindən keçən bu fikri qovmaq istədi.

Çardağın altından gözlərinin önündəcə xarabalığa dönməkdə olan həyəti, bağ-bağçanı ürək ağrısı ilə seyr edirdi - bütün yaşıllıq daş-kəsəyin altında qalmış, çayır-çəmən daş yığınına çevrilmişdi. Yağış gurlaşdıqca daş parçaları havada bir-birinə çırpılaraq dağılır, toz zərrələri ətrafı örtüb bürüdüyündən göz-gözü görmürdü. Böyük bir daş yaxınlıqda yerə düşərək dəhşətli gurultu qopardı. Toz dumanı bir qədər səngiyincə daşın düşdüyü yerdə dərin çuxur açıldığını gördü.

Göydən iri daşlar yağdıqca xırda çınqılları kənara sıçradırdı. Bəzən çınqıllar onun daldalandığı çardağın altına da sıçrayıb düşür, belədə qorunmaq üçün əlləri ilə üz-gözünü qapayırdı. Yağış tezliklə kəsməsə, sığındığı çardağın altında, ətrafını örtüb dolduracaq daş yığınının əhatəsində qalacaq, dünya ilə tamam əlaqəsi kəsiləcəkdi.

Hərdən başını qaldırıb qorxa-qorxa göydən yağan daşların ağırlığından dirəkləri əyilmiş, tavanı şişərək qarın vermiş çardağı süzürdü. Açıq-aşkar hiss olunurdu ki, çardağın tavanı daş-kəsəyin ağırlığına tab gətirməyəcək və yağış bu minvalla davam edərsə üstünə çökəcək. Çardaq çökərsə, burdan sağ qurtulması mümkün olmayacaq, qurtulsa belə sığınacaq üçün dalda yer bula bilməyəcəkdi. Hər ehtimala qarşı, çardaq üstünə çökməmiş başının çarəsini qılmalıydı.

Çardağın altında üç-dörd ay öncə evin həyətinə döşəmək üçün alıb gətirdiyi yastı sal daşlar yığılmışdı. Tələsik daşları üst-üstə düzərək qoşa divar hördü və adam yerləşəcək böyüklükdə məzara bənzər sığınacaq hazırladı. Sonra sal daşların nisbətən qalınlarını seçib hördüyü alçaq divarın üstünü örtərək tavan düzəltdi və açıq saxladığı baş tərəfdən sürünüb sığınacağa girdi.

Zənnində yanılmamışdı, çox keçmədən çardaq üstünə yağan daşların ağırlığına dözməyərək gurultu ilə uçub dağıldı. Toz dumanı yatandan sonra ürəyi üstünə gəldi - yeri darısqal olsa da, təhlükəsizdi...

Çoxları kimi çörəyi daşdan çıxan, hər addımda çarəsizliklə üz-üzə qalaraq başına haranın daşını tökəcəyini bilməyən insan ömrü yaşamışdı. Hayana üz tutmuşdusa, ya yolu daşlı-kəsəkli olmuş, ya qabağına daş dığırladıldığından özünə gün ağlaya bilməmişdi. Daş atıb başını tutan insan tünlüyündə daşların ağırlığını çiyinlərində, vaxtsız əyilən qamətində hiss etmişdi. Bir ara hər şeyə tüpürərək baş götürüb özgə bir diyara pənah aparmaq istəmiş, ancaq dünyanın qanla çəkilmiş sərhədləri keçilməz daş divarlara çevrilərək önünü kəsmişdi. İndi isə bu dar macalda, iki daş arasında təkcə özünün deyil, dağılan dünyanın, üzünə daş yamanmış insanlığın taleyinə acıyırdı.

Artıq fəryad, yalvarış, imdad diləyən səslər tamam kəsilmişdi. "Güman ki, dünya daş yağışının altında qalıb məhv oldu" - ağlından keçən bu fikirdən büsbütün sarsıldı. Əgər sağ-salamat daş qalağının altından xilas olarsa, neyləyəcək, hayana üz tutacaq, necə yaşayacaqdı?

 

*

Gecəni səhərə qədər hərdən güclənən, hərdənsə öləziyən yağışın altında, gələcəyindən əli üzülmüş halda, bundan belə taleyin onu hayana sürükləyəcəyi düşüncəsilə beynini yordu. Hər tərəf zülmət qaranlıq, daş kimi soyuq olduğundan özünü məzardaymış kimi hiss edirdi. Elə bil qurtulmaq üçün daldalanacaq deyil, məzar tikmiş və sinə daşını qoymağı aramsız tökən yağışın öhdəsinə buraxmışdı. Sığındığı yer darısqal olsa da, əl-qolunu tərpədə, o yan bu yana çevrilə bilirdi, ancaq yuxusu ərşə çəkilmişdi, yalnız səhərə yaxın daş kimi yuxuya gedərək bir hovur gözlərinin acısını aldı.

...Yuxuda yağışın hördüyü divarlarla dövrələnmiş sarayın qarşısındakı elçi daşının üstündə oturmuşdu. Divarların çevrəsində özünü məhbəsdəymiş kimi hiss edir, xəyalında uzaq üfüqləri canlandırmaq istəsə də, yaddaşı daş altında qalıb əzildiyindən bulanır, heç nəyi xatırlaya bilmirdi. Divarlar daş addımlarla ağır-ağır üstünə yeriyirdi. Sarayın çevrəsindəki viran qoyulmuş yurdların xarabalığında qara geyimli kimlərsə daşları torbalarla daşıtdırırdı. Üzündə dərin qırışlar açılmış bir qoca dodaqlarının altında kiminsə qarasınca "adın daşlara yazılsın" qarğışını pıçıldaya-pıçıldaya özünün də batdığı hansısa günaha, ya uyduğu yalana görə başını daşa döyürdü.

*

Oyanıb gözlərini açanda əvvəl-əvvəl harda olduğunu kəsdirə bilmədi, handan-hana özünə gələndə dünən baş verənləri xatırlayaraq yuxunun unutdurduğu rahatsızlığı qayıtdı. Hava toranlıq olsa da, daşların arasından yağışın səngidiyi hiss olunurdu. Gördüyü yuxu onu əməlli-başlı sarsıtdığından, özünü dəyirman daşı altında əzilərək anadan əmdiyi süd burnundan gələn insan yerində sanırdı. Ömrün mənasızlığına əsir olduğunu, başı daşdan-daşa dəydikcə hər şeyə boyun əydiyini, bu dünyada qara daşların göyərəcəyi ümidilə tora salındığını anlayırdı. Əyilən yüklərin qəribliyə atdığı daş kimi idi, yerbəyerdən vücuduna sarmaşan daş baxışların soyuq caynağında sıxılırdı. Əslində başlar qədər daşlar olan dünyada ömrünü yelə verdiyinin fərqində idi, bəlkə də vaxtında hər şeyi götür-qoy edərək daşı ətəyindən tökə bilsəydi, başı daşlı olmaz, bunca kor sınaqlarla üzləşməzdi.

Daşın ağırından yapışdığı, özünü daşı sıxsa suyunu çıxaracaq qədər güclü sandığı zamanlar arxada qalmışdı. Fələyin çərxi tərsinə dövran etdikcə sözü daşdan keçənlərin çevrəsi daralır, əli-qolu bağlandığından atdığı oxlar daşa dəyirdi. Yalanın qanad çıxardığı, həqiqətin bir daş altda bir daş üstdə qoyulduğu dünyada hər şey dalana dirəndiyindən çıxış yolu tapa bilmirdi, ancaq daş qayaya rast gəlibmiş kimi inadına yenilmək istəmirdi.

Bir ömür ruhunu qamaşdıran, xəyallarının üfüqlərində sayrışan hansısa mübhəm, sirli pəncərədən daş gələcəyini gözləmiş, həyatına rəng qatılacağına, taleyinin dəyişəcəyinə yalın ümidlər bəsləmişdi, ancaq gözləyə-gözləyə gözlərinin kökü saralmış, daşdansa səs-soraq çıxmamışdı.  

Səhər üzü, gecənin qaranlığı əriyib bozluğa qarışanda artıq yağış kəsmişdi, əlləri ilə daşları sağa-sola itələyərək çətinliklə özünə yol açdı və birtəhər sığındığı yerdən sürünüb çıxdı. Gözləri önündə açılan mənzərə onu dəhşətə gətirdi - kənd daş yağışının altında yox olub itmişdi. Təkcə kəndin tikililəri deyil, örüş yerinin kənarı ilə axıb gedən çay, qədim tağlı körpü, çayın vadisilə uzanan seyrək qayın meşələri, bir qədər aşağıda isə il uzunu suyu çəkilməyən qamışlı bataqlıq yağışdan sonra daşlığa çevrilmişdi. Min illər boyunca tikilən, qurulan hər şey yerlə bir olmuş, daş üstdə daş qalmamışdı.

Başını qaldırıb ürkək nəzərlərlə göyüzünü süzdü. Hava işıqlı olsa da, günəş gözə dəymirdi, səma bomboz örtüyə bürünmüş, daş yağışı dünyanın bütün rənglərini, qoxularını, səslərini yuyub aparmışdı. "İndi neyləyəcək, başına haranın daşını tökəcəkdi?" - daş yağışının yaratdığı vahiməli mənzərəni seyr edə-edə düşündü.

Hayana üz tutacağını kəsdirə bilmədiyindən qarasına bir səmt tutub getməyə başladı. Heç olmasa, göy üzündə günəş olsaydı, bəlkə onun doğuşu-batışıyla dünyanın səmtini müəyyənləşdirə bilərdi. Ancaq yer üzü daş yağışı altında qalmışdısa, səmtin nə fərqi olacaqdı ki... Ən dəhşətlisi bu idi ki, eynən yuxuda gördüyü kimi, üfüqlərin önünü daş divarlar kəsmişdi.

Hər tərəf irili-xırdalı daş-kəsəklə örtüldüyündən yerimək çətin idi, addımını atarkən ani bir ehtiyatsızlıqdan ayağının burxulacağından, yıxılıb zədələnəcəyindən qorxurdu. Bununla belə, dayanıb gözləyə bilməzdi, necə olursa olsun yürümək, daş yağışının tutmadığı, həyatın sönmədiyi bir səmtə varmaq istəyirdi.

Yağış başlayanda təpəsinə çırpılan daşların ağrı-acısı, bütün gecəni qorxu içərisində çardağın altındakı məzar kimi sığınacaqda keçirməsi, beynində kükrəyən düşüncələrin ağırlığı, tarıma çəkilmiş əsəbləri onu əməlli-başlı yorub əldən salmışdı. Yorğunluqla yanaşı, içini bürüyən qorxu və ümidsizlikdən bütün vücudunun sustaldığını hiss edirdi; başı hərlənir, gözləri qaralır, müvazinətini güclə saxlayırdı.

Zaman hiss olunmadan axıb keçirdi; yol uzanır, məkan dəyişir, ancaq boz daş yatağına dönüşmüş yer üzünün yeknəsək görünüşü dəyişmirdi. Yorulub əldən düşsə də, dayanıb dincəlmək istəmir, bir an öncə dünyanın əzəli mənzərəsinə qovuşacağı ümidilə bilinməzliyə doğru addımlayırdı.

Hərdən isə daş yığını altından özü kimi sağ çıxa biləcək insanlarla qarşılaşacağına çarəsizcə ümid bəsləyir, tez-tez ayaq saxlayaraq çevik baxışlarla sağa-sola boylanır, əlini qaşına kölgələyərək uzaqları süzür, ancaq daş yağışının buraxdığı bu sonsuz düzəngahda bir kimsə gözlərinə dəymədiyindən yenidən yoluna davam edirdi.

Get-gedə artan xof və həyəcan içərisində daş yatağının üstü ilə addımlaya-addımlaya olub bitənləri bir daha zehnindən keçirirdi. Qorxulu bir yuxu gördüyünü düşünərək təskinlik tapmaq istəsə də, fəhmlə bunun acı gerçək olduğunu anladığından tezcə də özünü aldatmaq üçün xəyalından keçirdiyi təsəllilər uçulub dağılır, yenidən ümidsizliyə yuvarlanırdı.

...Nə qədər yol getdiyini bilmirdi, ancaq mənzərə dəyişməmişdi; ucsuz-bucaqsız daş yatağından savayı gözlərinə heç nə toxunmurdu. Dünya yaranandan bəri həyat adına var olan canlı-cansız hər şey dağılaraq daş yığınının altına gömülmüşdü. Dünyanın rəngi-ruhu solmuş, yaşıllığı, gözəlliyi, təravəti büsbütün yox olmuş, yerini nəhəng bulanıqlığa tərk etmişdi.

Ona elə gəlirdi ki, Tanrı öz yaratdıqlarını bir həmlədə məhv etmək üçün göydən daş yağdırmışdı və indi üstüylə yeridiyi bu daşlar dünyaya gəlmiş-getmiş insanlara qoyulan başdaşlarıdı... Bunun gerçək olduğunu xəyalında canlandırır, indi məzarlığın üstüylə addımladığını düşünərək qarışıq hisslər keçirirdi.

"Bəs nədən Tanrı öz yaratdıqlarını belə amansızlıqla cəzalandırmış, rəhmsizcəsinə yer üzündən silmişdi? Axı, dünya yaranandan bu yana belə fəlakətlə üz-üzə qalmamışdı... Yoxsa, bütün bunlar insanlığı yeyib bitirən ədalətsizliyə son qoymaq, tökülən qan izlərini kəsmək, yer üzünə nizam vermək, ya bəlkə dünyanı yenidən yaratmaq üçündü?" - heçliyə ünvanlanan bu sualların cavabsızlığı ona rahatlıq vermirdi...

Məcrasından çıxmış vaxt ağır-ağır sürünürdü.

Daş səssizliyindən qulaq tutulurdu... 

 

*

Aradan nə qədər zaman keçdiyini xatırlamırdı. Başını qaldıranda özünü qayalıqda daş mağaranın önündə, vücudunu tük basmış çılpaq, yarımvəhşi insanların qarşısında gördü. Ağzını açıb nə isə soruşmaq istədi, ancaq onu qorxu və heyrətlə süzən insanların əl-qol hərəkətlərindən dilsiz olduqlarını anladı.

Daş dövrünə düşmüşdü.

              Aprel-may 2024,

              Dubay-Bursa-Bakı

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.