“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Adilə Nəzərin şeirləri təqdim edilir.
Sevdalanmaq
bir başqa şəhərə
Heç keçdimi qəlbindən
sevdalanmaq
bir başqa şəhərə,
bir başqa dənizə?
Xəzərdən başqa bir sevgilinin
ləpələrində uyumaq istədinmi?
Dalğalanmaq istədinmi
bir başqa tərəfin küləklərində?
Qarışdımı fikirlərin
İçərişəhərin dolanbac küçələri kimi?
Dayanan vaxtı oldumu ağlının
yollarındakı tıxaclar kimi?
Qaxaclar kimi...
quru və boş qaldımı əllərin
bu neft səltənətində
tindəki qocanın əlləri kimi?
O qədər rəvayət, hekayət danışdılar ki,
başından keçən...
Bəs sən?
başından keçdiklərini
xatırlaya bilirsənmi, Bakı?!
Yox, yox, bunlar ağır söhbətlərdir...
Danışma...
sənə sevdalananları mən tanıyıram...
sevdalandığın oldusa, ondan danış...
Heç keçdimi qəlbindən
sevdalanmaq
bir başqa şəhərə,
bir başqa dənizə?
Məsələn, İrəvana, Dərbəndə, Təbrizə?..
Durub hara gedəsən...
Həyat elə bil susub,
nə "de" var, nə "danış" var,
Durub hara gedəsən?!
Dost deməklə alınmır,
indi dost yox, tanış var,
Durub hara gedəsən?!
Yuvasından perikmiş quş kimi qəribsəyir,
qapalı qəfəsində budaq-budaq sınırsan.
Yarımçıqlar özünü bütövdən üstün sayır,
əlin Allaha çatmır, - içinə sığınırsan...
Durub hara gedəsən?!
Yaxınında olanlar doğma olsa da yaddır,
Dünən tanıdıqların bu gün ötüb, - boyatdır.
Həsəd aparılası müqəddəs heç nə yoxdur,
Biri qazanc düşünür, birinin dərdi addır...
Durub hara gedəsən?!
Hansı yana baxıram, hamı kükrəyir, əsir,
Biri o birisinin bərəkətini kəsir...
Alınıb əllərindən elə bil ki, hissləri...
Bitmir, bitmir niyə bəs
ölümlü insanların ölümsüz ümidləri?!..
Məgər bəlli deyilmi,
hər ürək döyüntüsü əcəlin ayaq səsi...
bilən də, bilməyən də ölümünə tələsir...
Durub hara gedəsən?!
Axşam yeli
Yenə də qəmli əsirsən,
Dərdin nədir, axşam yeli?!
Zalımca ümid kəsirsən,
Fərqin nədir, axşam yeli?!
Ruhumla verib səs-səsə,
Çılğınlaşdın əsə, əsə,
Körpülər namərdlərdəsə,
Mərdin nədir, axşam yeli?!
Hər şey təzad, təzad sirsə...
Qəlbən iblis üzdə pirsə...
Oyunu zər həll edirsə,
Nərdin nədir, axşam yeli?!
Sözdür Haqdan gələn buta,
Dartır əldən tuta-tuta...
O hay-küydə bu sükuta
Qərqin nədir, axşam yeli?!
Adilə, dur yığış, adla,
İslan, quru yağış altda.
Bu qədər yad baxış altda
Ərkin nədir, axşam yeli?!
Külək
Gətirdin günəşli günləri bizə,
Vidalaşdıq axır bu qışla, külək.
Bütün dərd-qəmimiz yuyuldu-getdi
O sağnaq, o leysan yağışla, külək.
İndi ruhumuz da çiçək ətirli,
Bəndimiz, misramız ətir sətirli,
Yaranır yasəmən, süsən xətirli -
Məhəbbət bir isti baxışla, külək.
Hərdənbir əs yenə, yenə də gurla,
Gələn hər günümü özün uğurla,
Tələs, yanağımdan öpüş oğurla,
Apar sevdiyimə bağışla, külək.
*
Yenə bu şəhərin qarmaşasından
Ayrılıb gedirəm fikrə dalmağa.
Ən şirin sözləri sənin səsindən,
Dinləyib sevgidən ilham almağa.
Xəyallar bəxtiyar, xəyallar məsud,
Açılıb göy üzü, boşalıb bulud.
Sarayım yoxsa da, verdiyin ümid
Bəs edər bir ömür tənha qalmağa.
Məhəbbət çarx deyil çəkəm əvvələ,
"Get" desəm, qayıda, "gəl" desəm, gələ.
Mənim bir baharım qalıbdır hələ,
Qismətsə səninlə xoşbəxt olmağa.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)