“Səndən sonra…” - Orxan Fikrətoğlunun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Orxan Fikrətoğlunun şeirləri təqdim edilir. 

 

 

Qara rəngli dar köynəyim vardı, yadında?

Sizin evin qarşısında durardım.

Tünd qıvırcıq, gur saçlarım vardı, yadında?

Bığımı da Koroğlutək burardım.

 

Bizi bahar tanış etdi, yadında?

Söylədi ki, tez isinən uşaqdı.

Sən əlini mənə tərəf uzatdın,

Mən də necə kəkələdim, yadında?

 

Sonra sənə üzük aldım, yadında?

Barmağına taxmaq üçün gətirdim.

Sən də məni bir payıza ötürüb,

Çıxıb getdin, dayanmadın, yadında?

 

Səndən sonra neçə ömür yaşadım,

Səndən sonra dağı dağa daşıdım,

Bir də gördüm, bu dünyayla yaşıdam,

Sən də yoxsan, olmamısan, yadında?

 

Yadımdadı, sönmüş eşqin ocağı,

Unutmuram o şöləsiz çırağı,

Nə qalıb ki, on, on beş il uzağı,

Məni necə puç elədin, yadında?

 

Yadımdadı, o qəmzəli baxışın,

Yadımdadı, o şahanə duruşun,

Yadımdadı, külək ilə gəlişin,

Təkcə üzün qalmayıbdı yadımda,

Yadında?

 

*

Dünya ceyran gözüydü,

Ənbər kimi qoxurdu.

Həyat məni sevirdi,

Dilim nəğmə oxurdu.

 

Arzularım quş kimi

Göy üzündə süzürdü.

Ömür şirin duş kimi,

Gözümdən süzülürdü.

 

Qardaşlarım sağ idi,

Atam arxa, dağ idi.

Dünya ağ varağ idi,

Hərflər düzülürdü.

 

*

Bu gün atamın anım günüdür. Yeddi ildir ki, onunla ürəyimdə danışıram. Atam ürəyimdədir. Qardaşlarım da ordadır. Mən də ora gömüləcəm, ürəyimə. Ürəyim bizim evimizdir.

 

Səndən sonra havalar soyuq keçir,

Səndən sonra soldu bağçadakı nar.

Səndən sonra anam dovğa bişirmir,

Deyir, atan göylərdədir, umsunar.

 

Səndən sonra dünya heç dəyişmədi,

Pis adamlar yenə surun sürmədə.

Səndən sonra qardaşımı itirdim,

Tək qalmışam bir adamlıq xeymədə.

 

Səndən sonra yazı yaza bilmirəm,

Sözlər qulaq asmır, baxmır sözümə.

Sən ordasan, sözün bitdiyi yerdə,

Ordan bir söz göndər, qatım sözümə.

 

Səndən sonra mən də çıxıb getmişəm,

Qalan mən deyiləm, bir başqasıdı.

O gün tində, qəfil çıxdım qarşıma

Tanımadım gördüm bir başqasıdı.

 

*

Qəlbimlə zikr etdim səni,

Darlıqda şükr etdim səni.

Göylərdə fikr etdim səni,

Könlümdəsənmiş...

 

Qürbətin yolları duzağ,

Gözümün yaşları sazağ.

Hey axtardım yaxın-uzaq,

Könlümdəsənmiş.

 

"Ol!" dedin, oldum ya hu.

"Qal!" dedin, qaldım ya hu,

"Bil" dedin, bildim ya hu,

Könlümdəsənmiş.

 

Tanrıma...

 

Ovcumda bir işıq var,

Vətəndən gətirmişəm.

Bu qürbətə düşəli,

Şöləsin itirmişəm.

 

Qürbətin qapıları

Babi-nəfsdən keçir.

Adamları fanidi,

Baqidə şəri seçir.

 

Mən Tanrının sirriyəm,

Tanrı mənim sirrimdi.

Keçmişəm ərşi-fərşdən,

Şəffaf mənim ismimdi.

 

Yaddan çıxmır vətənim,

Ləbbadəmdi bu tənim.

Gəldim, sənə əyilim,

Gəldim, sənə çevrilim.

 

Əksin aynada şəffaf,

Ha baxıram, görmürəm.

Açıqdı böyük gözüm,

Səni qəlbdən bilirəm.

 

Susmuşam bu qürbətdə,

Sözüm sözündə susub.

Görmürəm bu qürbəti,

Gözüm gözündə susub.

 

Fanidi qürbət eli,

Bəndə nöqsansız olmur.

Baqidi könlün dili,

Bilənlər sənsiz olmur.

 

Bir an sənsiz olmadım,

Unutmadım vətəni.

Ruhu üfürdün mənə,

Cəza verdin bu təni.

 

Səni zikr etdim, ancaq

Səni tanıdım, səni.

Vətəndə itirmişdim,

Qürbətdə buldum səni.

 

*

Atlantik okeanın sularında üzdüm,

Əlimi səndən üzmədim...

Alp dağlarına qalxdım,

Ayağa qalxa bilmədim,

Üfüqdən doğan günü gördüm,

Gün görmədim...

Hamını gördüm,

Səni görmədim...

Sən məni gördün?

Mən özümü görmədim...

 

*

Qızınasan deyə, günlərimi bir-bir

            yandırıram xərabət tonqallarında,

Dünyanın sarı simi qırılsa da, kədəri həmindi

indi...

Ölümü görmək istəsən, üzümə bax.

Amma qorxma...

Gözlərim həmindi

İndi!

Çağırsan, gələrəm indi.

Amma qorxma,

qorxma, belə ağır tərpənməyimdən...

Sevgim həmindi.

İndi

Azadlıq istəyən kişilərin çoxu

            azadlıqdadı indi.

İt döyürlər Keşlə bazarının arxasındakı

            torpaq yollarda...

Tanrı mənə güvənmir daha,

İmtahan etmir.

Daha qarşıma yaxşı adamlar çıxmır,

Başıma pis işlər gəlir...

İndi

Sevdiyim qadınların nazı demodedir,

Köhnədi baxışları.

Dostların yarısı kirə çıxdı,

yarısı pula.

İndi

Ancaq küləklər əskisi kimi gözəl əsirlər,

Havalandırırlar məni.

Ancaq küləkli günlərdə gözlərim ayılır

Görürəm səni

İndi

Sən hardasan indi?

İndi

Mən hardayam, indi?

İndi.

 

*

Su axar yalın-yalın,

Əridir dağın qarın.

Dənə dən, narın-narın

Suda ömrüm görünür...

 

Bir damcıda uşağam,

Ərgənəm bir damcıda.

Bir axarda dədəyəm,

Babayam bir axarda.

 

Ömrüm su kimi axır,

Əl eyləyir uzaqdan.

Ağ bacalı gəmiyəm,

Tüstü çıxır bacamdan.

 

Saf qar idim, əridim.

Axarla axdım arxdan.

Mən Mələk doğulmuşdum,

Çıxa bilmədim vaxtdan.

 

*

"Ol!" dedin, oldum,

"Qul" dedin, oldum.

"Gəl" dedin, oldum,

Oldummu, ya Hu?

 

Nəfsi-kübra

Ləfsi-zəhra

Ara-ara, sıra-sıra

Qaldımmı, ya Hu?

 

Xəlvətdən aşkara,

İşrakdan pünhana

Çatdım pəncərəsiz hana

Gördünmü, ya Hu?

 

Dərd verdi ruzi kimi,

Güldüm lal quzu kimi.

Faniydim, Baqi oldum,

Hu çəkdim, razı kimi.

 

*

Dərdini deməyə qardaşın yoxsa,

Sirrini deməyə sirdaşın yoxsa,

Sənə yol olacaq yoldaşın yoxsa,

Demək, ya Tanrısan, ya da ki tənha.

 

Əgər Tanrısansa, sənə nə deyim?

Əgər tənhasansa, zamanı əyir.

Əgər Tanrısansa, dünyan mübarək,

Əgər tənhasansa, ölümün xeyir!

 

Tanrı da tənhadı, sən də tənhasan,

Səni özü kimi yaratdı mövlan.

Darıxma, bu ömür göz qırpımıdı,

Tanrı darıxmır ki, tənhalığından.

 

*

Əcəl başımın üstə

Durub əmr gözləyir.

Anam başımın üstə

Sabaha nəzir deyir.

 

Aldadıram əcəli,

Aldadıram anamı.

Allaha can borcum var,

Başa salın anamı.

 

Ömür anadan başlar,

Ana Allah amanı.

Ölüm anadan başlar,

ölüm Allah amanı.

 

Nə yaşadım, nə yapdım?

Nə itirdim? Nə tapdım?

Bu fanidə ha çapdım,

Bulammadım amanı.

 

*

Səninlə oynamıram,

Zər tutursan, İlahi.

Şeş-beş atıb uduzuram,

Yeklə udursan, İlahi.

 

Aldın verdiklərini,

Verdin bildiklərini.

Gördüm gördüklərimi,

Mən gedirəm, İlahi.

 

Mərdin namərdə quldur,

Yaxşın pisin əsiri.

Şeytan tutub əlimdən,

Oynamıram, İlahi.

 

Oyun sənin oyunundu,

Hökmü-zər sənsən, İlahi!

Hamı fanidi dünyada,

Baqi tək sənsən, İlahi.

 

Mən səni sevmək istədim,

Sənə bənzəmək istədim,

Səndən şeş-qoşa istədim,

Du bir verdin, İlahi.

 

*

Ölüm yuxu kimidir,

Kipriyindən sallanır.

Ömür güzgü kimidir,

Adam baxır, hallanır.

 

Hər anı bir zaman bil,

Hər günü bir güman bil,

Bu dünyanı yalan bil,

Adam baxır, aldanır.

 

Yox olacaq hər nə var,

Əldə əsa, saçda qar.

Bu beşikdi, ya məzar?

Adam baxır, yollanır!

 

*

Qar yağır gorgah üstünə,

Gah altına, gah üstünə,

Qar yağır, bir ah üstünə,

Üşüyürsənmi, ata?

 

Bu dünya sənə dar idi,

Hər sözün bir nübar idi,

Söyüşün də kübar idi,

Eşidirsənmi, ata?

 

Qardaşlarım yanındamı?

Burdakılar yadındamı?

Yerin altı gümandımı?

Məni görürsənmi, ata?

 

*

Sənin gözlərin göydü,

Göy üzü kimi.

Göy üzü göydü,

Sənin gözlərin kimi.

 

Mənim gözlərim qaradır,

Gecə kimi.

Gecə qaradır,

Mənim gözlərim kimi.

 

Mən göy üzü maviyə baxdım bir ömür,

Sən gecənin qaranlığına.

Mən səni gördüm bir ömür,

Sən məni qaranlıqdı deyə, görmədin, amma

Görmədin, amma.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.