“Gördüklərimdən yalnız yağışı sevdim” - ARƏŞ SAİ Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət” (Güney Azərbaycan bölməsi)

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Arəş Sainin  şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

 

YAĞIŞI SEVDİM 

 

Təkcə trenlər, avtobuslar qapılarını açdılar üzümə

Təkcə xiyabanlar izin verdilər keçməyimə. 

Nə anam oldu dərdlərimi söyləyəm bağrına 

Nə atam oldu söykənəm qayalığına, 

Gördüklərimdən yalnız yağışı sevdim 

Nə səsindən qorxdum 

Nə də gəlməsindən! 

İlk toxunduğunda mənə 

İllər öncəydi 

Unudulan, bürgələnmiş bir küçədəydim 

Təbriz küçəsindəydim 

İki divar arasında 

Uca 

Və pəncərələri az qala qanad tuta 

Bir divar, yaşasın deyə sərt dayanmışdı 

Bir divar, ölüm olsun deyə! 

Keçənmədim, heç birindən 

Sındım qum saatı kimi 

Sovruldum zamanın kor döngəsində! 

Bu üzdən 

Nə yumruğumu toplaya bildim 

Nə də dodaqlarımda gülüşü 

Bir siqaret odladım 

Və sərçələrin uçuşuna baxdım 

Meydan oxuyarkən azadlığa 

Yalnız yağış toxundu 

Bir də yarpaqlardan enən payız. 

 

Yalnız yağışı sevdim 

Bir də yarpaqlardan enən payızı...

 

OTUZ İLDƏN SONRA ƏLLƏR 

İnanıram bu şeiri bir gün qızım sən yazacaqsan mənə! 

Bu şeiri bölüşün öz aranızda ey işçilər 

Bu şeiri biraz yeyin, biraz da için, ey təmiz işçilər! 

 

Uşaqlığımdan bir ulduz oğurladılar 

Düşdü 

         Bir yüzbaşının çiyninə

Uşaqlığımdan babamın əllərini oğurladılar 

(Kimə deyim axı 

Kim düşünə bilər ki) 

Atdılar bir varlının evinə 

Babamın əlləri qalıb, qalıb öldü bir varlının evində 

Sonralar o par-par parıldayan kişinini 

Adını söylədilər mənə: 

- Kapital baba

(Kaaaaaapiiiiiitaaaaaaaaaaal b a b a 

Kaaaaaaaaaaaaapitalllllllll babaaaaaaaaaaaaaaaaaa)

Sanki güllələnmişdi 

Soyuq idi ayaqları 

Tükənirdi nəfəsi 

Sanki bir kamyon beton qurumuşdu üstündə 

Dəmir-dirəklər belə ayaqda saxlayanmazdı onu! 

Sanki bütün öldürülənlərin suçlusuymuş 

Və bütün aksiyaların yumruğu buymuş 

İqtisadi düşüşlərin nədəni hətta... Mənim babam. 

 

Otuz ildən sonra

(Babamı deyirəm) 

Bateriyasının tükənməsi üzündən 

Kapital baba hirslənmişdi əllərindən

Vaxtı ötmüş konserv kimi, şişik 

          Həm də qoxumuşdu o əllər daha

Və daş dırnaqları otuz ilin yox! 

Otuz min ilin oxunmayan kətibəsi idi artıq! 

Haydi kapitalizm! 

Haydi eşşəyini satan, babamı alan varlı! 

Gəlin... oxuyalım bu əlləri

O əllər! 

(O vaxtı ötmüş konserv kimi şişik əlləri deyirəm) 

Kapital babaya ihanəy kimi idi indi. 

Bağışlayanmırdı onu 

Bağışlayanmırdı o! İşçinin əllərini 

Nə olsa

Babamın babasıydı... Kapiiiiiiiital baba

Dışlasaydı 

Başını kəssəydisə belə! 

Otuz il

Ortaq dil idi əllərin ağrısı, işçilər arası! 

Otuz ildən sonra 

Daha qalmamışdı ağrını ifadə etməyən 

Əllərə rastlanmayan bir ağrı kəlməsi belə... 

 

Nə yazıq! 

Əllər yorulanda 

Deşilər yaşam bir çox vaxt 

Neçə kişi 

Neçə əl 

Geri dönməyər albumlardan

Sadəcə bir ulduz daşınar 

Bəzən bir uşağın arzusundan 

Yüzbaşının çiyninə...

Sadəcə bir əl qayıtmaz bir evə 

İlk gün 

Ölər bir karxanada. 

 

QÜRBƏT 

 

Qürbətə gedərsən 

Bir ömürlük yoldur hər gedişin 

Qayıdışınsa 

Yozumlanmayan bir yuxu

Kor bir arzu. 

Mən getdim gözəlim! 

Sən gəlmə 

Yolları sürən gecədir  

Sən qaranlıqdan anlamazsan 

Sən saatın yorğunluğundan anlamazsan 

Sən torpağın xəstəliyindən nə anlarsan ki! 

Burda günəş ərəb qılıncıdır

Dəvə kinidir 

Can atmağa dəyməz! 

Mən hər axşam səni xatırlayaram 

Hər səhər unudaram 

Bu, gündəki işimdir... 

Dünən sahildə 

Söylədi bir ərəb kapitan mənə: 

“Enə bilməz iskələyə ömürlük 

Heç kapitan bu dünyada.” 

 

Sonra düşündüm: 

İskələ kapitandan ötrü ola bilməz 

Gəmi yorğunları endirər yalnız 

Və dənizdən qorxanlar sahili sevərlər! 

 

BİR ŞƏKİL ARZUSU

 

Biz bir ailəyik 

Amma 

Birgə çəkilən bir şəklimiz olmadı. 

 

50-də anamla atam 

Dörd bacı-qardaşımla şəkil çəkmişdilər

Mən 10 il sonra gələcəkdim 

Birgə şəklimiz olmadı ki! 

 

60-da mən gəldim 

Anamla atam 

3 bacım 

Toplanmışdılar bir yerə 

Qardaşımı aparmışdılar yuxularından desin onlara 

Birgə şəkilimiz olmadı ki! 

 

65-də geri qayıtdı qardaşım 

Həm də yuxusuz idi bətər 

Anamla atam 

Bir mən 

İki bacı, bir də qardaşım 

Gözləyirdik böyük bacını 

63-də getmişdi Sovetdən qırmızı ayaqqabı gətirsin mənə

Birgə şəkilimiz olamdı ki! 

*

96-ci il 

Biz bir ailəyik 

Tarla böyümək peşində 

Zöhrə Təbrizin dəmiryolunda 

Mən şəkillərini seyr edirəm Əsəluyədə! 

 

GEDƏNLƏRİN HƏZYANI 

 

Bir ibhamdır sənə 

Atan nə üçün gedir, ardıcıl! 

Bilirsənmi qızım? 

Getmək, ikinci papirusa oxşayar məndə 

Birincinin ardından. 

Necə deyim 

Belə bir şeyə oxşayır məndə yaşam 

Yoxuşla enişin arasında 

Kilometr-kilometr züyüş 

Santim-santim yüksəliş

Nədəndir bilmirəm! 

Hey bizim başımızı geri çevirməyə çalışır bu yaşam! 

Arxada nə var ki, görən! 

Yoxluğa bir addım qalan, məkan 

Yoxluğa bir addım qalan, zaman. 

Və indiliyimlə baş-başaykən 

Bir dodağın pomidasına yazılan min şeirəm

Min dodağın cənnət sözünə qandırılan bir leş. 

Bilirsənmi qızım? 

Hər günəş çıxdığında 

Bir çox səs ötür bu dünyadan, 

Bunun üçün 

Nağılları bir ulduz daşıyar həmişə

Nağıllar aya yazılar 

Və uşaqlığı basıb torbaya aparan xoxan 

Bir günorta çağı gələr 

Və səni aparıb bir qadın yetişdirər!.. 

 

Ooof qızım! 

Getmək gör haralara çəkir gətirir bizi. 

Getmək 

Tablolardakı yazılan məsafələrin ədədləri olmayıb mənə! 

Getmək 

Ürəyində oturar bir an 

Bir insandan 

Bir məkandan 

Hətta ürəyində sönməyən bir arzudan 

Şəkib gedərsən. 

Və olarsan 

Gedənlərin kraliçəsi! 

Yalnızlığın zirvəsini qoyarsan başına

Dönüşsən dağa. 

Bunların hamısı bir anda olar: 

“Gedirəm” deyəndə! 

Və deyəndə gedirm, süstləşər ayaqların 

O lənət olası an! 

Addımlarını götürməyə çalış sadəcə 

Faciədən uzaqlaşdırar ayaqların səni! 

Qızım 

Getmək çarəsiz edər adamı! 

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.