“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nadir Məmmədlinin şeirləri təqdim edilir.
Yaddaşımın məzarlığında
uyuyan dostlar!
Yorulub yolda qalanınız da,
Ömrün baharında solanınız da,
Güzəran davasında həlak olanınız da -
Bir daha keçəməyəcəyim yollar,
Gəlişimə açılmayacaq qollar.
Ömrün bu başından salamlar sizə...
Sevgimin göylərinə
hərəniz adına bir ulduz taxdım,
Yalqızlığın qaranlığından baxdım,
baxdım...
Ömrüm kimi uzun imiş
səbrim də.
O ulduzlar...
O ulduzlar uyuyacaq qəbrimdə.
*
Bu kənddə
məndən qərib adam yox,
Nə də
məndən sevimli bir qonaq.
Bunu kimsə duymasa da,
Anlamış yol üstə quruyan qovaq.
Ürəyim bələdçi,
xatirim ünvansız -
Gəlmişəm -
təmənnasız-filansız...
Bir də axı
dərviş hara, mələk hara?...
Gəldim, eləcə salam deyəm
səni tanıyan yollara,
ağaclara...
*
Ey könül şəhərimin
Əsrarəngiz sakini!
Səni Tanrı atamış -
Oldun şəhər hakimi.
Hüznlü axşamlara
Sən bir əsinti mehsən.
Dan üzünə səcdədə
Kirpiyimdəki şehsən.
Hardandı bu yasaqlar?
Götür, Tanrı eşqinə.
Apar bir keşikçi qoy
Məni saray-köşkünə.
Nə bu güzərgahında
Qadağan saatları?!
Səbrimin üstən keçir
Hər gün fayton atları...
Haralarda qoşarsan,
Kimlərdi sağın, solun?!
Xəyalımda yaşarsan -
Könlümdən keçir yolun...
*
Mən bir xəyalpərəst, sən də utancaq,
Əsir ürəyimdən bir qəm rüzgarı.
Min il də beləcə gözlərdim, ancaq
Həyat bağışlamır utancaqları.
Günlər qanad açıb uçur bir, iki,
Çox da aldatmasın bizi xoş güman.
Bir gün də ayılıb görəcəyik ki,
Ayrılıq nəğməsi oxuyur zaman.
Sükut qaranlıqdır, zülmət nəğməsi,
Susdurub qəlbini durma, danış, din.
Təbəssüm məhəbbət müqəddiməsi,
Səpilsin yoluma təbəssümlərin.
*
Bir də eşidəsən köçüb karvanım -
Yaddaşında açan səhərin olum.
Ahının ucunda adım göynəsin,
"Eyvah"ına dönüm, qəhərin olum.
Ruhum tufansonu kirimiş dəniz,
Xatirəm sahilə çırpılan qayıq...
Küləklə danışan bir sərsərini
Bəs kim ağlayacaq? Qayıt, sən qayıt!
Bir nağıl danış ki yatsın uşaqlar -
Zamanın yelləri acı qəhqəhə.
Denən biri vardı, birisi yoxdu...
Sonra da dərdləri tök bir qədəhə.
*
Sən, ey yaddaşımın üfüqlərində
mürgüləyən xəyal süsü!
Hələ də səslənir ruhumda
o sevda türküsü...
Uğraşma göstərməyə o mələyi
mənə bir qadın qiyafəsində.
Bilirdim bir qadın olacağını,
Hələ
ondan bir az ötəsin də...
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)