POETİK QİRAƏTdə Emin Pirinin “Sən, mən və pianino” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə bu dəfə sizlərlə qazi şair Emin Pirini görüşdürürük. Sevgi şeiridir. 

Xoş mütaliələr.

 

Boyatlamış dərdlərin var,

boyat, köhnə dərdlərin.

Adam da sadiq olar-

dərdlərinə, dərdlərinə?!

Əl atıb qoparsam

ürəyindən kədərini.

Görərsənmi-

əllərimi, əllərimi?!

 

Dəcəl barmaqların  var,

dəcəl barmaqların.

Pianinonun dillərində

yandıracaq yalnızlığın işığını.

Söndürsəm “min illik” alovunu-

elə pianinonun dilləri üstdə

elə pianinonun qucağında,

qucağında.

Sevərsənmi-

günahımı, günahımı?!

 

Bir qızımız olar

gözləri  qəhvəyi gülən-

elə sənin kimi.

Qoşulub ona gülə-gülə

saçlarımı yolarsanmı,

Yolarsanmı?!

 

Sənsiz-

Oyuncağı əlindən alınmış uşaq kimiyəm.

Çağırsam ki, gəl-

sevindir bu saqqallı uşağı-

Gələrsənmi,

Gələrsənmi?!

 

Ədəbiyyat və incəsənət”

(12.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.