“Ədəbiyyat və incəsənət” portalı sizlərə Yusif Mürsəlin şeirlərini təqdim edir.
TƏK...
Fələyin çərxi fırlanır,
Durub baxıram gendə tək.
Ay təkcə nur saçır Yerə,
Fırlanır göydə Gün də tək.
Batırıq kədərə, yasa,
Ürəkdən daş asa-asa.
Arxa duranı olmasa,
Neyləyə bilər bəndə tək.
Dərd çəkəndə dərd çox olur,
Həm var olur, həm yox olur.
Cücərib sonra çoxalır
Düşüb torpağa dən də tək.
Nə atmağa daş gəzirəm,
Nə çatılmış qaş gəzirəm,
Özümə yoldaş gəzirəm,
Azmayım yolu çəndə tək.
Hərə bir cür toxum əkdi,
Hərə bir tərəfə çəkdi,
Tək yarandı, yenə təkdi.
Yüz iyirmi dörd mində tək.
Min ildi qulam Allaha
Yol gedir yolum Allaha,
Gedim qoşulum Allaha,
Allah da təkdi, mən də tək.
***
Dünən elə dünəndi,
İnanma ki, dönəndi.
Sabah bu gün də
dünən olacaq,
bir gün sonra
sabah da dünən olacaq.
Kim deyirsə,
dünya beşgünlükdü, inanma
dünya cəmi üç gündü,
üçü də elə dünəndi.
***
Belə olur bax vurulmaq,
Aşiq olmaq yox, vurulmaq.
Adam hərdən gah vurulmaq,
Gah da azadlıq istəyir.
Könlüm payız, qış kimidi,
Bir sevdaya tuş kimidi,
Ah da elə quş kimidi,
Ah da azadlıq istəyir.
Dörd divardı, bir otaqdı,
Dörd divarın dərdi dağdı,
Ruhum içimdə dustaqdı,
Ruh da azadlıq istəyir.
***
Mənə hamı deyir ki,
Sözü hardan tapırsan?
Gecə-gündüz yanırsan,
Közü hardan tapırsan?
Bir nazına dözmürük,
Kim deyir ki, bezmirik.
Biz heç səni gəzmirik,
Bizi hardan tapırsan?
Baxış gözdə azanda,
Naxış üzdə azanda,
Dağda, düzdə azanda
İzi hardan tapırsan?
Söz varmı deyilməyən?
Qapı yox döyülməyən...
Heç kimə əyilməyən
Dizi hardan tapırsan?
Mənəm ey, sənin bəndən,
Haqqı tapdığım gündən
Soruşan yoxdu məndən,
Düzü hardan tapırsan?
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)