Yollar və “Uzaq adamlar” - “Ünvanımı tapan kitablar” silsiləsindən ... Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi

 

 

Gedişlər möhtəşəmdir, 

Yola salan sağ olsun... 

 

Gədəbəyin  Qalakəndinin içindən bir yol keçir. O yolun gəlib Şəkinin Yuxarıbaşına çatması qədər gerçəklikdir zehnimdəki yelləncək. Gözümdə bir gilə yaş üzünü tutub Qazaxdakı Damcılı mağarasına. Və mən yenə başlamışam zehnimdəki yelləncəkdə görünüb yox olan xatirə-insanları yolçu etməyə. 

Hamımızın uzaqda adam(lar)ı var. O uzaqdakının xətrinə saçımızdan bir tel ayırıb sinəmizə basırıq bəlkə də... Çiynimizi çəkib gülümsəyirik kirpiyimizin ucunda bir gilə yaş titrəyərkən. Yazırıq axı...

“Ay uzaqdakı, hey!” bağırırıq gündə neçə dəfə, səsimiz özümüzə də çatmır. Oradakılar olduqları yerdə xoşbəxtdirlərsə, haraylayıb geriyə-bizə çağırmağa dəyməz, bilirik. Bildiyimizlə bədbəxtik... Yazığıq axı... 

...Gədəbəyin Qalakəndinin içindən bir yol keçir. O yol yastıca bir dağın aşağısından burulub gedir. Dağ öz yaşını unudub. Lap çoxdan unudub. Mənsə o dağı elə bircə dəfə görmüşəm. Mənim yaddaş təqvimimdə o dağın 16 yaşı var.  Qalakəndə çatmamış, yolun üzüaşağı olan hissəsində dayanırsan, yastıca dağa baxırsan. Bircə ağaclı yastanasında bircə də qapqara boşluq görünür. Kiçik, göz qıyılınca görünən o boşluğun adı “Koroğlu qalası”dır. O boşluğa yolu saatlarla axtarmışam 16 il bundan əvvəl. Sonra yerin altına girmişəm və orada belə, hamının uzaq adamları olduğunu dərk etmişəm. Dağın bağrından qaynayan, içəri gün işığı sızan o bircə boşluqdan dünyaya “mən də varam” deyə səslənən şipşirin suyun üzündə kağız gəmi üzürdü. İki daşın arasında ilişib qaldığından su onu axarına alammırdı. Əyilib kağız gəmiyə diqqətlə baxdım. Bir məktəblinin “Ana dili” dəftərindən cırılmış vərəqdən hazırlanmışdı. Üstündə yazı yox idi, “Ana dili” dəftəri olduğunu fəhm eləmişdim. “Düzcızıqlı dəftərlər  tutun “Ana dili”nə!” deyə  eşitmişdim məktəbli olanda. 

...Şəkinin Yuxarıbaşında bir balaca dalan var. Bir ucundan maşın girir, amma o biri ucu addım-addım nazilir, meşəyə çatanda təkadamlıq cığır olur. Həmin cığırla azacıq yuxarı qalxırsan, qarşına quşburnu (elmi adı itburnu) kollarının arasında bir heyva ağacı çıxır. Heyvanın dibində əyri-üyrü budaqlardan hazırlanmış oturacaq var. Oturacağa çatmaqçün ocaq yerinin başına dolanmalısan. İlk dəfə görəndə düşünmüşdüm: “Ocaq daşlarını kim aparıb divarına hörüb, görəsən?” Küllər belə, küsüb orada insanlardan. Bilirlər ki, heç kim “başına kül!” qarğışnı edəndə, yaxud “başıma haranın külün töküm?” ilə çarəsizliyini dilə gətirəndə onları xatırlamır. O küllər heç kimin xatirəsində yoxdur, bəlkə də, məndən savayı... 

...Qazaxın Damcılı mağarası Avey dağın qoynundadır. Avey mağarası var üstündə. O mağaraya qalxmaq olmur. Bəlkə də, olur. 16 il əvvəl ilk dəfə ora gedəndə məni mağaraya çıxmağa qoymamışdı qazaxlılar. “Daş pırtar ayağından, özün də hayıf olarsan, başına daş düşən də!”-deyib qorxutmuşdular məni. Damcılı mağarasında damcılayan bulaq qədər hüznlü və məğrur olan qadınlardır dünyanı hələ də yaşamağa dəyər edən. Uzaqdakılara ən gözəl şeiri də, ən gözəl hekayəni də  ruhundan damcılayan kədəri təbəssümü ilə dənə-dənə toplayan qadınlar yazır... 

Üç yol da bir-birindən uzaqdadır. Üç yol da haradasa bir özəyə bağlıdır. Üç yol da tarixi danışır. Üç yolla da kiminsə uzaq adam(lar)ı gedib.  Gedib... Sonrası? Qalanlar bilir. Bilirəm... Bilir Hədiyyə Şəfaqət...

 

*

Hədiyyə Şəfaqətin “Uzaq adamlar” romanı ünvanımı tapanda yaz yeni-yeni “gəlirəm” deyirdi. Kitabın mənimlə yoldaş olduğu yol Şəkidən Bakıya uzanırdı. Hər abzasında özümü tapırdım “Uzaq adamlar”ın... Hər abzasında itirdim. İnsanın öz-özünə itik olması qədər xəyalidir romandakı qərhəmanlar. 

İyul ayıydı. Bir oxucu ilə romanı müzakirə edirdik. “Nəsə gizlidir o romanda” dedi, “Şəkinin yollarını keçməsən, o romanı anlaya bilməzsən” dedim. 

Avqust ayıydı. Romanı oxuyub bitirdim. Başladım  xəyalımdakı yollardan keçməyə... Türk dünyasının görkəmli folklorşünası Sədnik Paşa ilə söhbətlərimizi yığsam, bir kitab olar. Ondan öyrəndiyim  çox şey oldu... Özünün dediyinə görə, ona öyrətdiklərim də vardı. Bir gün Şəmkirin İrmaşlı kəndinə getmişdik Pirsultan Abdalın şəcərəsinin iziylə... Kəndə çataçatda Sədnik Paşa dedi: 

-Bilirsən, Şadlıq, yollar yaman şeydi ha! 

-Bilirəm. Yoxsa şair yazmazdı ki: “Özümdən keçir bu yollar, Sözümdən keçir bu yollar...” 

-Yaxşı şair imiş.  O da qocaldı ta! 

Gülümsəmişdik ikimiz də... Mən onun şeir kitabını gizlincə vərəqlədiyimin sirrini açmışdım, o da bunun onunçün sirr olmadığını təbəssümüylə anlatmışdı.  

Hədiyyə Şəfaqətin romanındakı xəyali obrazlardan biri də Sədnik Paşadır mənimçün: 

“Qoca çölün ortasında özünü xəyalən yolun gah o, gah  bu üzünə keçirib sağın da, solun da yoxa çıxdığını yəqinləşdirdi. Heç bir tərəf yoxdu, hara getsə həm irəli, həm geri getmiş olacaqdı”. 

Ömrünün həm irəliyə, həm geriyə uzandığı bir zamanda  rast gəlmişdim Sədnik Paşaya... 

 

*

“Uzaq adamlar”da insandan insana doğru uzanan yolun yolçusu hamımızıq...  Nə olsun, ayağımız  çoxdan kəsilib o yoldan?! Xəyalımızda bütün gedişlər pulsuz, bütün yollar keçiləndir. 

...Koroğlu qalasındakı o şipşirin suyun azacıq yuxarısında-mamırlı daşın üstündə mavi tabaşirlə yazılmışdı: “A+Y”.  Bir sevginin ən gözəl etirafıydı adımızın əvvəlindəki “+” işarəsi bir zamanlar. Biz bundan utanırdıq, buna hirslənirdik. İndi isə, sadəcə, xatırlayıb gülümsəyirik. Sevilməyin ən saf halının qədrini bilməmişik... Heç bilməmişik... 

Hədiyyə Şəfaqət romanında bircə cümlə ilə o çağımızı, yanaqlarımızın çəhrayılığını anladıb: 

“İndi mən ona inanırdım, hamının inandığı kimi yox, öz bildiyim kimi...”

Öz bildiyimiz kimi inandıq sevgiyə, öz bildiyimiz kimi yaşamağa çalışdıq həyatda. Axırı?  Yollar gəlib ürəyimizin üstündə kəsişdi, adını qoydular “ürəyin zəifdir”. Sonra anladıq hamılıqla yanıldığımızı: biz sevginin dərinliyinə baş vurduq, həkimlər qan qrupumuzun əvvəlinə “nadir” sözünü yazdılar. Yenə gülümsədik... Qarşıda yol çox idi... 

 

“Yolçuluq boyu zamanımı həm də onu fikirləşib özüm üçün yaratmağa sərf edirdim. Ayağıma dəyən daşın, üstümə yağan yağışın, sinəmdə yaranan göynərtinin, gözümdə düyünlənən yaşın...-hər şeyin səbəbi o idi...” 

 

Səbəb o idi! O! Gəncliyimdə hansısa essemdə yazmışdım: “Ən çətin sual “niyə?”dir”.  Yaş ötüb, ömrün yarı yaşı geridə qalıb, indi anlayıram ki, “kim?” “niyə?”dən betərmiş! Hədiyyə Şəfaqət o betəri  mətnin bətnində gizlətməyib: 

“Mən özümü ona söykəyib öldürmüşdüm və o məni yenidən tapıb özümə qaytarmışdı.” 

 

*

...Yuxarıbaşdakı o kiçik yolun daşlarının arasını sel yuyub. Yazağzı daşların  aralarından bənövşə yarpaqları, “dəli süpürgə” şüvülləri boylanır. Çəkinə-çəkinə  yolçulara pıçıldayırlar: “Biz daşlardan əvvəl də burada idik... Sonra başımıza daş düşdü insan əliylə...” Pıçıltıları belə, onların tərəddüdünü ələ verir. Onlar başlarına düşən daşlara qarğış tökə bilmirlər. İndi daşlar onların ən gözəl qoruyucularıdır.  Ayağını daşa qoyan yolçu bənövşə  yarpaqlarını da, “dəli süpürgə” şüvüllərini də əzmir. 

“Uzaq adamlar”da bu özünədönmənin izahı var: 

“Bəlkə də, bunu, məni özümə qaytarması kimi adlandırmaq yanlışdı, çünki mən daha çox gedib onda daldalandığımı fikirləşirdim. Ev kimi, yuva kimi, qın kimi...” 

 

Əsas məsələ qındır, hə... Dünyanın, həyatın bizi itirməyini istədiyimizdə kimdə yoxa çıxmaq istəyirik? Kim olsun istəyirik qınımız?  Bizimlə faniliyin yollarından keçəcək olan o yolçu kimdir, kimimizdir? Cavab gözləməyən suallar... Sual verənin yalnız özünün cavabını bildiyi suallar... 

 

“Öpdü və dayandı. Qadından iy gəlirdi. Qadının boynu nəsə qoxuyurdu. Burnunu saçlarının arasına salıb gözlərini yumdu, diqqətini cəmləşdirib iyi xatırlamağa çalışdı. 

Xatırlamadı.

Tanımadı. 

Ürəyindən qəribə bir gizilti keçdi. Qısqanclıqla sevinc arasında anlaşılmaz bir hissin yaratdığı gizilti”. 

 

Hə... Şəkinin Yuxarıbaşındakı yollar qədər iç-içə, sərhəddibilinməzdir insan hissləri. Ən böyük sevginin ondan da böyük nifrətin başlanğıcı olduğu nöqtədədir hamımızın evi. 

 

*

...Bazarda “Avey daşı” adıyla sutəmizləyən satılır. Ağ daşları üçbucaq formasına salıblar. Mən Aveyin rəngini xatırlamağa çalışıram o daşı görəndən bəri. Rəngsizdir Avey dağı... Rənglidir Damcılı bulağının suyu. Ovcunu tutursan damcıların altına, o suyu içməmişdən əvvəl özünə baxırsan bircə anlığa ovcunun içində... Hər rəng var orada-insanın hər halı var. Yaşanmışların, hətta xəyalını qurduqların belə, o sehirli suyun bircə ovucunda səninlə həmsöhbət olur. Bu da olur, “yola nərdivan salmaq”. Hansı yol? Təbii ki,  ömür yolu! Düşüncə yolunun sonu yoxdur... 

Hədiyyə Şəfaqət romanında bu sonsuzluğu yoğurub, bişirib, gətirib qoyub oxucunun “pay daşı”nın üstünə: 

 

“Onun üçün nə fərqi vardı, yoldur, gedir özü üçün, qocanın nə zamandan bəri yolu düz tutub dolam-dolam dolandığı çöldə yol da bir tərəfə gedib çıxmayacaqdı”. 

 

Roman boyu öz içinə olan yolçuluqda insanın hər addımda təmizləndiyi, durulandığı da var.  Qarı oğlana buyurur ki, su töksün, qonaq ayağını yusun. Oğlan vedrədəki suyu ləyənə əndirəndə deyir: 

 

-“Sənin ayağın məndən təmizdi, yaxala çıx.” 

 

...Oğlanın hər günü eynidir... Qarı isə hər ikisinin-düşünməyi unudan və düşünən insanın arasındakı körpüdür... 

 

*

Hədiyyə Şəfaqətin romanının qəhrəmanları zamandır - həmişə yolda olan, amma heç yerə gedib çata bilməyən qoca, uğurdur-hərdən gələn, kitab götürüb gedən kişi, həyatdır - baş qəhrəman qadın... Üç obrazın yan-yana, iç-içə olması, bir də görünməz sərhədlər var romanda. Bir də, həyatımızda seçimlərimizin yerini anladır müəllif: yol gedir, gedir, baxırsan, dirənir ucu-yoxdur yol, qayıt geri, ayrı döngəyə, ayrı cığıra burul... 

...Üç yolun ayrıcındadır “Uzaq adamlar”: Qalakəndin içindən keçən yol, Avey dağına aparan yol, Yuxarıbaşdakı kiçik yol.  Hədiyyə Şəfaqətin kitabı  ünvanımı tapmaqçün sonuncusundan keçdi. 

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.