“Ədəbiyyat və incəsənət” portalı Təranə Turan Rəhmlinin yeni şeirlərini təqdim edir.
ALLAH, MƏNİ GEC BÖYÜTDÜN...
Allah, məni gec böyütdün,
Nəyə əl atdım gec oldu.
Gecikdiyim hər qapıda
Neçə ümidim heç oldu.
Gec tanıdım səhvi, düzü,
Bu dünyanın dönük üzün,
Qoynuna qısıldım sözün,
Sözdə isinib güc aldım.
Yürüdüm işığa, səsə,
Zülmətlə nəfəs-nəfəsə,
Uzun yolu gəldim kəsə,
Yenə həyata gec qaldım.
Daldım bir şirin nağıla,
Qıymadım sehri dağıla,
Ayıldım yana-yaxıla,
Divlər içində puç oldum.
Fələk namərd oyununda,
Düzün kəndiri boynunda.
Haqq deyib əli qoynunda
Gözləməkdən ağac oldum.
ÖMRÜ BADA VERMƏDİM
Ayrıldım məhvərimdən,
Sıyrıldım məhşərindən,
Cin-şeytan çəmbərindən
Səni zikr etdim, Allah.
Səbrimlə daşa döndüm,
Yazımı qışa gömdüm,
Dirildim, bir də öldüm,
Yenə şükr etdim, Allah.
Xeyirdən zireh geydim,
Hər addım şərə dəydim,
Təkcə haqqa baş əydim,
Haqq yolu getdim, Allah.
Məni erkən seçdi dərd,
Əkdim ümid, biçdim dərd.
Ordusuyla keçdi dərd,
Min kərə bitdim, Allah.
Qəm daşıdım köçümdə,
Hər boyda, hər biçimdə.
Od alovun içindən
Mənzilə yetdim, Allah.
Divara söz demədim,
Kimsədən söz yemədim,
Ömrü bada vermədim,
Sözə yüksəltdim, Allah.
YORULDUM, İNANMADILAR
Nağıl sevgilərdə qaldım,
Məni gerçək sanmadılar.
Elə yerdən yaralandım,
Yara bilib sarmadılar.
Ağrılar içimdə dağdı,
Zirvəsinə alov yağdı.
Hər dərdə körpəm tək baxdım,
Gəlməkdən usanmadılar.
Söz olub Haqqa deyildim,
Söz üçün ölüb dirildim.
Həyatı yanmaqda bildim,
Ondan mənə yanmadılar.
Tutundum qələm-silaha,
Yenə də pənah Allaha...
Gücümdən yoruldum daha,
Yoruldum, inanmadılar.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)