Güney Azərbaycan Poeziyası Antologiyasında Dərviş Təbrizlinin “Tənhalıq Tanrıdan başlayır” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Dərviş Təbrizlinin şeirlərini təqdim edir.

 

 

Dərviş Təbrizli

Təbriz

 

GƏLMƏZ

 

Getmək zamanı gəldi, gedək, durmağa gəlməz,

Dil susmalıdır, yox, daha söz sormağa gəlməz.

 

Döz, göz-gözə bir yolda doyunca baxa gözlər,

Həsrətlə çiyinlərdə boyun burmağa gəlməz.

 

Məndən sənə qoy bircə nişan qalsın əlində,

Qaytarma, o halqa daha heç barmağa gəlməz.

 

Boş sözlərə uydun sən özün, neynəsin özgə?

Təqsiri rəqibin nədi, yox vurmağa gəlməz!..

 

Yüz min dərəcə sifrdən azdır bu baxışlar,

Od sözlər ilə ağzımı yandırmağa gəlməz.

 

Əlcəkdə də əllər üşüyür, əl üz əlimdən,

Bum-buzdur əlin, əlləri dondurmağa gəlməz.

 

Dərviş, bu qədər eyləmə nisgil, sözü qurtar,

Hər bir gəlişin getməyi var, yormağa gəlməz.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.