“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Narıngül Nadirin şeirləri təqdim edilir.
Vətən
Dağdı, daşdı, çöldü vətən,
ağac vətən, yarpaq vətən,
Adam ölüb yox olmaz ki,
adam boyda torpaq vətən.
Görən, necə dindir vətən,
hamı ibadət eyləyir?
Görən, necə sevgidir ki,
hamı eyni donda sevir?
Görən, necə yardı vətən,
rəqibi, əğyarı yoxdur?
Görən, necə aşiqdir ki,
özgə bir nigarı yoxdur?
Ərazisi sevgi boyda,
xəritəsi qandan keçir,
Görən, necə qandır ki, bu,
səndən, məndən, ondan keçir?
Getdi igid oğlanları,
getdilər vətən olmağa,
Qorxunc divdən, əjdahadan,
təpəgözdən qorunmağa.
Məlikməmməd xilas edən
qırmızı almadır vətən,
Axtarma başqa yerdə sən,
ürəkdə, candadır vətən.
Adam-adam dolub-daşar,
adam-adam yaşar vətən,
Adam-adam çıxıb gedər,
qürbətə daşınar vətən.
Qürbətdən baxanda vətən,
baxıb ağlamaq üçündür.
Qürbətdən gələndə vətən
yara bağlamaq üçündür.
Sən məni vətən kimi sev,
səndən uzaq düşsə yolum,
Sən məni vətən kimi sev,
sevgindən arxayın olum.
Qarşıda boşluq var
Dolabdan asılıb paltarsız asılqan.
Sümükləri gülür
adamın üzünə.
İndi mən özüm də
dünyanın bir küncündən
asılmış asılqanam
üzü divara sarı...
Hər addım atdıqca
adamlar tökülür əynimdən.
Bir anda
boşalır
bütün izdihamlar.
Qarşıda boşluq var.
Baş alıb gedirəm
adamla dopdolu
qatarın içində.
Ürəyimdə şəhərin basabası,
səhərin basabası.
Baş alıb gedirəm.
bir metro qatarında.
Pərçimlənib adamlar.
Kimsə hövsələsizdir
söyür meqapolisi.
Bax budur, maşinistin
gəlir bariton səsi:
- Ehtiyatlı olun! Qarşıda boşluq var.
İndi mən də şəhərin
gur vağzalı kimiyəm.
Gah dolub, gah boşalır.
ürəyimdən adamlar.
İndi mənim özüm də
fit verən bir gecə qatarı misalı.
Özündən qaçmaqdır
qaçışın ən ən böyük finalı.
Qarşıda boşluq var...
Qanadlarım açılıb
göyün ortasındayam.
Bir quşun qanadında uçduqca uçuram.
Bəs hara gedibdir quşların qatarı?
Bəs bu quş niyə təkdir?
Quşların nə vecinə,
göydəki quşlar üçün
dünya bir yelləncəkdir.
Ürəyim uçunur.
Dimdiyində bir məktub gətirir göyərçin
sevgi məktubudur.
Bu da son sətiri:
Qarşıda boşluq var.
Darıxmaq nədi ki...
Yaxşı tanıyıram mən
bu darıxmağı, sırtığın biridir,
Nə qədər yozursan,
başını qatırsan kirimir.
Yaxşı tanıyıram,
tutub ətəyindən getməz ki,
Yaxşı tanıyıram,
nə qədər çəksən də bitməz ki...
İnadından dönməz,
nə bəndəyə baxar, nə də ki tanrıya
Yaşını bilmirəm,
min illərdir gəlib dünyaya.
Darıxmaq nədir ki,
sənin olanları əlindən buraxmaq,
Sonra da oturub
bir qucaq dolusu darıxmaq.
Darıxmaq nədir ki,
uçmaq istəyərkən qanadı qırılmaq,
Hər gün axşamüstü
üfüqə baxaraq saralmaq.
Darıxmaq nədir ki,
ağacda tək qalan, titrəyən son yarpaq.
Bütün sevgilərin bir ucu darıxmaq.
Dostum, əlini ver
ayrılıq sözünü lüğətdən pozduraq,
Dostum, əlini ver
gedək darıxmağı azdıraq.
Qayıtdınmı, dostum
Unutdunmu, dostum?
Gizlənpaç oyunu kimidir ömrümüz.
Sən varsan, mən yoxam,
mən varam,
sən yoxsan.
İndi bu şəhərdə
qara div kimidir
böyük göydələnlər.
Böyük göydələnlər dam olmaz,
quşlar yuva qurmaz.
Hanı bu şəhərin neft iyi,
hanı mazut iyi?
Sən özün hardasan?
Darıxdınmı, dostum?
Darıxsan, bilet al.
Parisə, Londona,
Ufaya,
Perimə, Hataya...
Hər yerə bilet var,
yetər ki, bilet al.
Şəhərə nə var ki,
atıb getmək olur.
Amma ki, özündən
getmək olmur, dostum.
Bunu sən bilirsən...
Sən bunu bilirsən:
Bütün gedişlərin qiyməti bahadır,
bütün qayıdışlar havayı.
Qarşıda nə var ki, yollardan savayı?..
Qayıtdınmı, dostum?
İndi sən
mənim ölkəmdəki
heç bir xəritədə olmayan şəhərsən -
Çoxdan köçmüş şəhər.
Daha nələr, nələr...
Paslı qıfıl kimidir, bütün xatirələr.
Bir də ki,
Günəş eynidir, dostum,
Şəhərin "Tarqovi" küçəsində,
yaxud da ən ucqar dağ kəndinin
ən ucqar guşəsində.
Günəş eynidir, dostum,
yetər ki, sən gülümsə.
Günəş göydədirsə,
gülümsə...
Darıxmaqdan başqa
Hərdən şəhərin üzünə darıxır adam
tənhalığını sıxır şəhərin alnına.
Baxmır o boyda küçəsinə, dənizinə, vağzalına
darıxmaqdan başqa
heç nə gəlmir ağlına.
Hərdən xoşbəxtlik də görünmür gözünə.
Bu boyda dünyada
adam balası kimi oturub darıxmağa
bir yer tapa bilmir özünə.
Hərdən şəhəri aldadıb vağzala gətirmək,
aldadıb harasa ötürmək,
aparıb dənizdə üzdürmək,
şəhəri götürüb çiynində gəzdirmək
İstəyir adam.
Hərdən şəhərin üzünə darıxır adam
Gül kimi şəhərin üzünə...
Burdan bir köç keçdi...
Mən keçmişi sevirəm, dost.
Ömürlük sürgündür
heç nə geri dönmür.
Qarşıda qadağan işarəsi.
Qarşıda yol polisi
tənzimləyir meqapolisi.
Ömrümün piyada keçidi hardadır?
Keçmək istəyirəm keçmişə.
Mən keçmişi sevirəm, dost.
Keçmiş xatırladır
amma ələ gəlmir.
Zibilliyə atılmış boşqab sınığı
qırıq təbəssümdür.
Boşalmış rezin top
boşalmış dünyadır.
Qırılmış patefon elə hey oxuyur,
bir kimsə eşitmir,
quşlar dimdikləyir səsini.
"Vasmoy" bazarında köhnə əşya satan kişi
qarşısına düzüb keçmişi.
Bəlkə, xırdan ola? Almaq istəyirəm keçmişi.
Keçmiş xatırladır:
Bu dünya bir heçdi...
Yolun kənarında bir yovşan
ətrini burnuna çəkərək ağlayır -
burdan bir köç keçdi...
Mən keçmişi sevirəm, dost.
Bütün gedişlərin vağzalı mənəm,
bütün qatarları qarşılayıram.
Keçmişə aparan taksilər
görəsən, neçəyə aparar?
Ünvanı bilirəm:
Darıxdığın yerdən keçir
bütün ayrılıqlar.
Mən keçmişi sevirəm, dost
Köklü ağac kimi...
Məktub gözləyirəm
Göylərdən bir yarpaq.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)