Bizə elə gəlir ki, xoşbəxtlik həmişə başqa yerdədir – MİRMEHDİ AĞAOĞLU Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Nəsr saatıdır, sizlərə Mirmehdi Ağaoğlunun özüylə söhbəti və bir hekayəsi təqdim edilir.

 

 

Mirmehdi Ağaoğlunun özüylə söhbəti...

 

Atamın babası bizim tərəflərin tanınmış seyidlərindən olub. Deyilənə görə, çox böyük kəramət sahibi imiş. Onun kəraməti haqqında kəndimizdə müxtəlif rəvayətlər dolaşır. Uşaq vaxtı bu rəvayətləri çox eşitmişdim. Bir dəfə isə əmimin yasında söhbət gəzib-dolaşıb yenə atamın babasından düşdü. Kəndin qocaları Seyidağa kişi ilə bağlı müxtəlif möcüzəvi əhvalatlar danışdılar. Onda artıq 19 yaşım vardı. Rəvayətlər mənə, əlbəttə, maraqlı idi, üstəlik, qürurverici tərəfi də var idi ki, bu cür babam olub. Bu rəvayətlər mənə o qədər xoş gəlmişdi ki, qorxdum, nə vaxtsa unudaram. Qərara gəldim ki, bu rəvayətləri itməyə qoymaq olmaz və Bakıya qayıdan kimi otağıma çəkilib eşitdiyim rəvayətləri kağıza köçürdüm ki, unudulmasınlar.

Söhbətə niyə bu qədər uzaqdan başladım? Sözümün canı odur ki, məni yazmağa atamın babasının kəramətləri haqqında eldə gəzən rəvayətlər ruhlandırıb. Mən ilk dəfə yazmağa o rəvayətlərdən başlamışam. Hərə bir şeydən impuls alıb yazır, mən də atamın babasının kəramətindən bəhs edən rəvayətlərdən impuls almışam.

Belə çıxır, ilk dəfə unutmaq qorxusu ilə yazmışam. Həmən cızma-qaralardan sonra başa  düşdüm ki, mən yazmaq istəyirəm. Beləcə yazmağa başladım və düz iyirmi üç ildir, yazıram. Özü də ilk qələm təcrübələrimdən biri çox ciddi fəlsəfi mövzuda idi. Platonun “Mağara” rəvayətindən təsirlənib nağılvari hekayə yazmışdım. Həmin hekayəni heç yerdə dərc etmədim, heç sonralar üzünü açıb baxmadım da ki, görüm ilk qələm təcrübələrim nə qədər zəif olub? Görünür, özümlə qarşılaşmaqdan çəkinmişəm. Sonralar “Kulis”də redaktor işləyən zaman da gördüm ki, təzə yazmağa başlayanların çoxu nədənsə adi mövzulara deyil, məhz Tanrı, yaradılışla bağlı dərin dini-fəlsəfi mövzulara can atırlar, yeri qoyub göylə əlləşirlər. Halbuki yazmaq üçün başını göyə qaldırmağa ehtiyac yoxdur, ətrafına baxsan, kifayətdir. Görünür, bu xüsusiyyət ümumilikdə yazının ilahi mahiyyətindən doğur deyə, əlinə qələmi götürən əbədi-əzəli məsələlərlə rabitə qurmaq istəyir, bir az kobud çıxsa da, deyəcəyəm, başı girməyən yerə qələmini soxmağa çalışır.

Allah mənim üzümə baxdı, o cür mövzulardan tez üz döndərdim, başımı aşağı salıb ətrafıma baxdım və yaxşı bildiyim mövzulardan yazmağa başladım. Yeri gəlib, deyim. Ədəbiyyatda bildiyin mövzulardan yazmaq çox vacibdir. O zaman əsər də həqiqi alınır, çünki bədii mətnin içində baş verən hər şeyə hakimsən, heç nə süni deyil, sənin yaşantın, müşahidəndir. Bununla bağlı sözlərimi təsdiq edəcək kifayət qədər nümunə var. Deyirlər, bir gün tanınmış Amerika yazıçısı Şervud Anderson təzəcə yazmağa başlayan Uilyam Folknerin müharibə, bir də bohema həyatından bəhs edən hekayələrini oxuyub hirslənir və üstündən bir müddət keçəndən sonra küçədə rastlaşanda ona deyir: “Qulaq as, sən niyə bohema həyatından yazırsan? Sən bohema adamısan? Müharibədən niyə yazırsan? Döyüşmüsən? Nəyi bilirsənsə, ondan yaz”. Şervud Anderson haqlı idi, Folkner Birinci Dünya müharibəsinə yollansa da, başına bədbəxt hadisə gəlmiş, elə ABŞ-da da qalmışdı, müharibə meydanına gedib çıxa bilməmişdi. Sonralar Folkner yaxşı bildiyi Cənub həyatından silsilə romanlar yazaraq XX əsrin ən azman yazıçılarından oldu və Nobel mükafatını qazandı.

Özümüzdə də buna uyğun bir nümunə var. Bir gün Mehdi Hüseyn yolda İsa Hüseynovla rastlaşır, üstünə acıqlanır ki, sən niyə atandan bu qədər yazırsan? İsa Hüseynovun cavabı çox möhtəşəmdir: “Çünki atamı yaxşı tanıyıram”.

Bizə elə gəlir ki, xoşbəxtlik həmişə başqa yerdədir, halbuki bircə addımlığımızdadır, görmürük, görə bilmirik. Bununla bağlı xeyli Şərq pritçası var. Birini Paulo Koelo genişləndirərək “Kimyagər” romanını yazıb. Ədəbiyyat mövzuları da daha çox bizim ətrafımızda, gündəlik həyatımızdadır, məişətimizdədir. Səhər bir adamın yuxudan durub ictimai nəqliyyatla işə getməyi... Evdən yarıyuxulu çıxmağı, həmən günkü hava, yolda qarşılaşdığı özü kimi yarıyuxulu, əsəbi insanlar, tıxac, avtobusdakı sıxlıq, sərnişinlərin bir-birinə atdıqları replikalar, sürücünün kobud rəftarı və sair və ilaxır. Bəlkə də, bu dediyimdən hekayə çıxmaz, amma yaxşı ədəbi fraqment, etüd, yaxud hekayə məşqi alınar. Bunları ən xırda detallarına qədər yaza bilsən, usta yazıçı olarsan. Özü də bildiyin mövzuları yazmaq bilmədiklərini yazmaqdan daha çətindir. Bilmədiklərini uydurursan, bildiklərini dəqiqliyi ilə köçürməlisən – miniatür üzü köçürən kimi. Mən o vaxt bilsəydim, Platonun “Mağara” rəvayətində hekayə yazmağa can atardımmı?! Əsla! Qızarmış közü qızıl parçası sanıb ona əl uzadan körpə kimi xəbərsizdim!

Bütün kəşflərin əsası xəyal qurmaqdan başladığı kimi, yazıçılıqda da xəyal qurmaq başlıca xüsusiyyətlərdəndir. Mənə elə gəlir ki, uşaq vaxtı pis xəyalpərəst olmamışam. Əgər xəyalpərəstlik yarışı keçirilsə, ilk yerlərdən birini tutardım. Başqaları çöldə futbol oynayanda, velosiped sürəndə, küçələri veyil-veyil dolaşanda mən evdə üzü divara uzanıb xəyalən yaratdığım balaca Mirmehdi ilə söhbət etmişəm. Məndə olmayan bütün cəhətləri özündə birləşdirmiş həmən bu qəhrəmanı müxtəlif macəralara salmaqdan xoşum gəlirdi. Beləcə bir yerdə uzanıb saatlarla xəyallar qurur və bundan həzz alırdım. Məsələn, Qarabağ müharibəsi gedirdi, rayonlarımızın işğalı, ordumuzun məğlubiyyəti haqqında kədərli xəbərlər alırdıq. Mənim xəyalımda canlandırdığım Mirmehdi dərhal yaraq-əsləhəsini götürüb müharibəyə yollanır və bütün döyüşlərdən qalib çıxırdı. Mən evdə ehtiyac içində yaşayırdım, qəhrəmanım yağ-bal içində böyüyürdü. Xəyal dünyamın inkişafında, sözsüz ki, oxuduğum kitabların, baxdığım filmlərin, o dövrdə indikindən fərqli olaraq məşhur olan Latın Amerikası seriallarının böyük rolu vardı. Qısacası, mənim o vaxtı üzü divara uzanıb xəyalımda canlandırdığım qəhrəmanım mənim keçə bilmədiyim bütün əngəlləri keçir, mənim sahib olmadığım hər şeyə sahib olurdu. Mən böyüyürdüm, xəyalımdakı Mirmehdi də böyüyürdü. Mən böyüdükcə həyatın əngəlləri ilə daha çox rastlaşıb ləngiyir, qəhrəmanım isə mənim xəyal dünyamda sədləri yarış atı kimi anında aşırdı. Mən böyüyürdüm, o da böyüyürdü, mənimlə birlikdə qız sevirdi, universitetə hazırlaşırdı, iş qururdu... Axırda lap böyüdü, böyüdü məndən çox-çox qabaq ayıb işlər də görməyə başladı... Deyəsən, o ayıb şeylərdən sonra hər ikimizin məsumluğu pozuldu, bununla da, irtibatımız kəsildi, daha xəyallar qurmadım, əvəzinə oturub hekayələr yazdım. İndi, açığı, o Mirmehdi haradadır, bilmirəm, çoxdandır bir-birimizi xatırlamırıq.

Sözümü ona gətirirəm ki, yazmaq üçün təxəyyül, informasiya texnologiyaları dili ilə desək, çox vacib alətdir. Mənə elə gəlir ki, yazmaq həvəsini məndə oyadan nəsnələrdən biri də bu xəyal qurmaq bacarığı olub. Yazmaq alternativ dünya qurmaq cəhdidirsə, belə çıxır, məni heç vaxt yaşadığım zaman qane etmədiyi üçün xəyal qurmuşam, təxəyyülümü sınağa çəkərək daha çox xəyalət aləmində yaşamışam. 

 

Söhbət çox şaxələndi, mətləbdən uzaqlaşdım. Atamın babasının kəramətlərindən bəhs edən rəvayətlərə sonralar geri qayıtmadım, cızma-qaralar mənim üçün dəyərli olan əşyaları saxladığım çamadanımda necə var, eləcə də dururlar. Ömür vəfa eləsə, nə vaxtsa müvafiq mövzuda iri həcmli əsər yazsam, istifadə edəcəyəm.

Ömür vəfa eləsə... Yaxşı ifadədir. Əslində, ömür həmişə vəfa edir. Dünyada 20-30 yaşlarında bu aləmdən köçsə də, özündən sonra şah əsərlər qoyan yazıçılar da olub, az  qala, qurdla qiyamətə qalsa da, dişə dəyən bircə əsər yaza bilməyən qələm adamları da olub, var, olacaq da. Biz, sadəcə, məsuliyyəti çiynimizdən atmaq üçün bu ifadəni uydurmuşuq. Necəsə etməli, zamanın qısqaclarından sıyrılıb çıxmalı, yazmalıyıq. Bir dəfə Elçinlə müsahibədən sonra məndən soruşdu ki, niyə az yazırsan? Dedim ki, Elçin müəlllim, iş-güc əlindən yaradıcılığa vaxt qalmır. Elçin müəllim onda çox yaxşı bir söz işlətdi: “Vaxtı sənə heç kəs verməyəcək, onu özün yaratmalısan, oturub yazmalısan”. Həmən an Elçin müəllimin sözləri ilə razılaşmasam da (heç indi də bəzi məqamları ilə razı deyiləm, lakin onlar bu yazının mövzusu deyil), fikirləşdim ki, əgər ömrü məsul vəzifələrdə keçən adam yazmağa vaxt ayıra bilibsə, deməli, mənim kimi sadə jurnalist də bir yolunu tapıb yaradıcılığa vaxt sərf etməlidir. Bu onun, necə dəyərlər, vəzifə borcudur. Çünki ömrün sonunda heç kəs sənə deməyəcək ki, başa düşürəm, həyatın məişət qayğıları içində boğulmaqla keçib, yazsaydın, yaxşı əsərlər ortaya çıxardı, al, bu da sənə yazmadığın əsərlərə görə mükafat.

Söhbət bu məcraya boşuna gəlmədi. Rubrikanın ruhuna sadiq qalaraq gərəkdir ki, bu yerdə mən kiçik də olsa, bir etiraf edim, yaxud özümə dediyimi hamı ilə bölüşüm.

Əgər o vaxt atamın babasının kəramətlərini unutmaq qorxusu ilə qələmə sarılmışdımsa, indi mən daha çox xatırlamaq üçün yazmaq istəyirəm. Xatırlamaq... Uşaqlığımın keçdiyi uzaq 80-90-cı illəri. Həmən illərin ağrısını-acısını, havasını-suyunu, həyatını, insanlarını, məktəb illərini, doğulduğum dünyanın ən böyük dövlətlərindən birinin dağılıb, balaca, amma müstəqil dövlətdə böyüməyimi özündə əks etdirən bir roman yazmaq. Daha mənim xəyallarda yaşamaq vaxtım keçib. Artıq geri dönmək, uşaqlığıma qayıtmaq istəyirəm. Əgər uşaq vaxtı balaca Mirmehdinin xəyalında qurduğu qəhrəmanın həyatı ilə ovunurdumsa, bu dəfə divara baxıb xəyallar quran həmən o balaca oğlanın həyatını yazaraq toxtamaq istəyirəm.

Yazmaq istədiyim başqa mövzular da var, onlar barədə, bəlkə, başqa vaxt... İnşallah, ömür vəfa edər, özüm də vəfalı çıxsam, bu dediklərimi yazaram...

 

 

Mirmehdi Ağaoğlunun hekayəsi

 

GÜNAHKAR

 

Eyvaz Əlləzoğlunun xatirəsinə

 

“Üç gündür, kəsməyən bu yağışı Bakıya mən yağdırmışdım. İndisə qarşısını ala bilmirdim. Mənim üzümdən şəhəri sel aparırdı; kanalizasiyalar dolub-daşır, küçələri su basır, maşınlar köpmüş heyvan leşi kimi asfaltda üzür, evlərin tavanından mağara divarı təki şorhaşor su tökülürdü”.

Guya belə bir girişlə başlayan hekayə yazmaq istəyirdim. Lakin nədənsə arxasını gətirə bilmirdim. Gözlərimi civə kimi oynada-oynada gah klaviaturaya, gah da ağ ekrana baxırdım. Fikrim dağınıq idi, birinci abzasdan sonra heç nə ağlıma gəlmirdi. Belə baxanda, beynimdə hər şeyi hazırlamış, dumanlı da olsa, karkası qurmuşdum, sadəcə, bunları döyə-döyə klaviaturanın başına yeritmək lazım idi. Hansısa sehrli qüvvə isə polis maşınına dönüb sözlərin gəldiyi yolu kəsmişdi, elə bil vəzifəli adam keçəsiydi.

Səhərdən, bəlkə, on dəfə balkona çıxıb siqaret yandırmışdım ki, beynim açılsın, xeyri olmamışdı. Zənn edirdim, balkon ilham anbarıdır, ora çıxan kimi siqaretin tüstüsü ilə birlikdə ilham da dolacaq içimə. Qaşlarımı düyünləyib düşüncəli poza alır, hekayənin növbəti abzasını götür-qoy edirdim. Siqaret əridikcə mənə elə gəlirdi, içim dolur, budur, kompüterin arxasına keçən kimi yazacağam. Haradan!? Elə ki kompüterin arxasına keçdim, diqqətim yayılır, hekayəni yazdığım vörd səhifəsini açmaq yerinə feysbuka girib bildirişlərə baxır, səhifədə gəzişməklə vaxtımı öldürürdüm, eyni vaxtda da yaza bilməməyi bəhanə etdiyim üçün özümü danlayırdım: feysbuk olmasa, hekayəni bir saata yazaram! Yalandır! Necə deyərlər, bu daş, bu tərəzi. Yazan oğul yazar.

Bəhanə öz yerində, amma təkcə yaza bilməməyimə görə girmirdim feysbuka. Bu gün ad günümdür. Girirdim virtual dostlarımdan gələn təbriklərə baxım. Təbriklərsə bitmək bilmirdi, qaranquş kimi səhifəmdə yuva qurmaqları xoşuma gəlsə də, “döşəmə”sini “zibilləmək”ləri də vardı. Onların yaratdığı qarışıqlıqdan sonra səhifəmdə nəyisə axtaranda tapa bilməyəcəkdim. İndilik isə yazılanları oxuyub bəzilərinə layk qoyur, bəzilərinə də bir az rəsmi ədayla təşəkkür yazırdım. Üzdən hiss elətdirməsəm də, içdən-içə sevinirdim, sayılıb-seçilmə xoşuma gəlirdi.

Evdə oğlumla ikimizdik. Anası şənbə günü də işləyirdi, günortaya qayıdasıydı. Arabir köntöy sualları ilə fikrimi yayındırmasa, uşaq, demək olar ki, mane olmurdu, yəni yazmağıma əngəl yox idi. Hətta bir ara mən ona mane oldum; nə iş görür deyə maraqlananda əlilə çəkdiyi rəsmin üstünü qapadıb üzümə irişdi. Amma artıq görmüşdüm, qırmızı flamasterlə albom vərəqinə bizim şəklimizi çəkirdi: mənim, anasının və özünün.

Ay yaramaz! Guya bilmirəm, şəkli mənə hədiyyə etmək üçün hazırlayır! Balaca olanda belə şeylərdən çox düzəldir, valideynlərimə, bacılarıma hədiyyə edirdim. Ümumiyyətlə, bu cür əldəqayırma ad günü, 8 Mart açıqcaları hazırlamaq bizim evin uşaqları arasında dəb idi. Əlbət, oğluma da bu xüsusiyyət sonbeşiyimizdən – bacımdan keçmişdi. Yoxsa mən belə şeylərin daşını çoxdan atmışdım, hələ bu cüvəllağının anası ilə tanış olmamışdan qabaq.

Səhər anam zəng eləmişdi. Təbrik edib dedi, atan tapşırıb sənin adına qazan asım, boranı-plov dəmləyəcəyəm, axşama bizə keçərsiniz. Bəhanə gətirdim: “Axşam teatra gedəcəyik, yəqin, oradan gec çıxarıq, qazan asmağa gərək yoxdur”. Anam inadından dönmədi: “Mən qazanımı asacağam, özün bilərsən, istəyirsiniz, gəlin, istəmirsiniz, gəlməyin”.

Doğrusu, planda teatr-filan yox idi. Özümdən uydurmuşdum. Lap açığı, axşama teatra getmək fikrimdən keçsə də, bunu sənət eşqinə görə yox, düşdüyüm vəziyyətdən qaçmaq üçün edirdim.

Yoldaşım hələ iki gün əvvəl soruşanda ki ad günündə nə edək, pul da yoxdur, çıxış yolu kimi teatra getməyi təklif etmişdim. Ötən il də bu variant dadımıza çatmışdı. Ad günümdə evdə qazan asmağa, qonaqları qarşılamağa heç nə yox idi deyə, yoldaşımla teatrı bəhanə eləmiş, qayıdanda da tort alıb gətirmişdik. Təbii ki, teatra gedəcəyimizi əvvəlcədən də qohum-əqrəbaya bildirmişdik. Hə, onda hələ ayrı yaşamırdıq, atamgillə qalırdıq. Yoldaşım bizim ənənəvi ad günü mərasimlərinə etiraz olaraq hər dəfə ya özünün, ya mənim “rojdeniya”mda şikayətlənirdi ki, bu günü heç olmasa bir dəfə baş-başa keçirək. Axı nə qədər olar yeyib-içməkdən ibarət monoton məclislər?! Biz də mətbəxdə yemək bişirək, qab yuyaq, çay dəmləyək. Ad günü sizin üçün istirahətdir, bizdən ötəri öz ad günündür, ya ərinin, fərq etməz, hər zaman zillətdir.

Nə yalan deyim, yoldaşımın şikayətlərinə haqq qazandırmamaq mümkün deyildi. Kişisən, gəl özünü bir dəfə bu qadınların yerinə qoy, gör necə çətindir! Allah üçün, bizim də işimiz asan deyildi. Bir butulka araq iç, bir qazan yemək ye, ardınca mədəni çayla, tortla doldur, sonra da gəl səhərə qədər rahat yat, üstəlik, tezdən də durub işə get. Hər qadın da bunu eləyə bilməz, eləsə, bir də xəstəxanada ayılar.

Təqsir özümdəydi, ilk gündən ona fərqli olmağı aşılamışdım. İndi isə elə bil ad günündən ad gününə mühafizəkarlaşırdım, yoldaşımsa mənimlə mübarizə aparmaqda israrlı idi.

Bu dəfə də qərara almışdıq ki, ad günümü teatrda keçirək. Əslində, teatra getməyəcəkdik, ürəyimə dammışdı. Evdə oturasıydıq. Çünki bilet almamışdım, yəqin, niyyətim qəti olsaydı, əvvəldən hazırlıq görərdim. Sadəcə, anamgilə də, axşama bizə gəlmək istəyən qohumlara da belə demişdim: teatra gedəcəyik. Guya teatrsevərəm. Axtarsan, heç Çexov ad gününü teatrda keçirməyib. Roma papasından artıq xristian olmuşam. Neyləyək? Bu da mənim kamuflyajım idi.

Nə illah edirdim, sonrakı abzası gətirə bilmirdim, yazdığımı da bəyənməyib silirdim. Diqqətim yayınırdı, özümdən asılı olmadan bir də görürdüm, feysbukdayam. Oğlum da, deyəsən, yaman əl qatıb özünə. Bayaqdan bir gözüm ondaydı. Şəkli çəkib qurtarmışdı. Bu səfər də kartondan zərf düzəldirdi. Mən də yaman səbirsizəm, gözləməyib bir ara dedim, oğlum, gətir, göstər görüm nə düzəltmisən? Mızıldandı. Dedi, anam gəlsin, görəssən. Sonra da bic-bic gülümsədi. Ağzında mırığı göründü. Dəniz qulduruna oxşayırdı köpək oğlu.

Hekayənin ardını yaza bilmədiyimə görə özümə acığım tuturdu. Niyə birinci abzasdaca ilişib qalmışam? Düşündükcə daha betər əsəbiləşirdim, əsəbiləşdikcə də diqqətim daha çox dağılırdı. Fikrimi toplamaq üçün təzədən feysbuka girsəm də, başım qarışır, vaxtım gedirdi. Təbriklərinsə ardı-arası kəsilmirdi. İşimi-gücümü atıb baxırdım, görüm daha kim divarıma yazacaq. Təbriklər, xoş sözlər dəcəl eqoma sığal çəkirdi. Bu vaxt bir qız inboksuma yazdı. Dostluğumda olsa da, yaxından tanımırdım. Əvvəllər heç ünsiyyətimiz olmamışdı. Onun təbriki və mənim təşəkkürümdən sonra nə işlə məşğul olduğunu soruşdum. Bir tərəfdən, qızla söhbət etmək istəyir, digər tərəfdən də qorxurdum, haqqımda pis fikrə düşər. Elə bilər, saqqız kimi yapışıb qopmayacağam, təbrik etməyinə peşman olar. Hazırda hekayə yazdığımı ona dedim. Guya belə deməklə həm özümü məşğul göstərərək vicdanım qarşısında təmiz qalmaq istəyir, həm də qızın qarşısında lovğalanırdım: bax gör, ad günümdə də yazıçılığımdan qalmıram! Yaxşı ki, sağollaşdı. Dedi, sizə uğurlar, hekayəni dərc edəndə xəbər edərsiniz. Mən də üz vurmayıb sağollaşdım. Yenə feysbuku bağlayıb hekayə yazdığım vörd səhifəsinə qayıtdım.

Yaxşı, bəs axşama nə edəcəyik? Qəfil qonaq gəlsə, süfrəyə düzməyə heç nə yoxdur. Artıq qətiləşdirmişdim. Teatra getməyəcəkdik. Uzaqbaşı çıxıb gəzə bilərdik. Birdən uşaq bayırda nəsə istədi? Misal üçün, dönər. Necə alacaqdım, hansı pulla? Cibimdə qəpiyim də yox idi. Son pulumu dünən siqaretə vermişdim.

Yoldaşım bir azdan gələcəkdi. Yenə ümidim onaydı. Bəlkə, işdə rəfiqələrindən pul tapardı. İstədim votsapına yazıb tapşırım ki, kimdənsə borc götürsün, maaşda qaytararıq, utandığımdan yazmadım. Hərdən adamın arvadına da deyə bilməyəcəyi şeylər olur.

Yenə balkona çıxdım. Yağış karandaş ucuna bənzəyən narın damlalarıyla havanın bozumtul sinəsinə çarpaz xətlər çəkməkdə idi. Arabir zəifləsə də, kəsənə oxşamırdı. Hər yer islanmışdı: ağaclar, otlar, maşınlar, adamlar binalar, asfalt. Hətta hava da islanmışdı. Boz-bulanıq, həlməşik mayenin içindəyidik. Bakını nəhəng bir akvariumun içinə yerləşdirmişdilər. Əslində, hekayəmi yazmaq üçün əla fürsət idi. Amma... Yoldaşım səhər evdən çıxanda çətir götürmüşdü? Götürməyibsə, yağışa düşüb islanacaqdı. Dəhlizə keçib şkafa baxmağa da ərindim. O, gələnə qədər müəmma içində qalsam, yaxşıdır! Qoy heç olmasa ümid etməyə bir şeyimiz olsun. Səki tərəfə boylandım. Heç kəs gözə dəymirdi. Yəqin, indilərdə gələrdi.

Yaza bilməməyimin bir səbəbi də məişət qayğıları idi. Məni yazmaqdan aralı salmaq üçün bəhsə girmişdilər, işin birini qaydasına qoyurdum, o biri yaranırdı. Görəsən, kimdənsə borc istəyimmi? Axı kimdən? Düşündüm ki, işləri şansa bağlayım, gözləyim, yoldaşım gəlsin, yüz faiz nəsə edəcəkdi. Əmindim. Hərdən buna görə məni danlayır da: “Arxayınsan, mən bir şey fikirləşəcəyəm, heç olmasa bir dəfə də özün nəsə elə...”

Yoldaşım haqlıydı. İçimdə həmişə ona qarşı arxayınlıq var, bilirəm, fikirləşib çıxış yolu tapacaq. Deyir, italyan qadınları heç nədən üç şey düzəldə bilirlər. Birinci bilmirəm nədir, ikinci pizza, üçüncü faciədir. Bizimki də elədir, heç nədən pizza da düzəldir, faciə də. Mən daha çox onun düzəltdiyi pizzaları yeyərdim, baxmayaraq ki, vaxtaşırı “faciə”lərini də dadmağa məcburam.

Siqaret çəkib otağa qayıtdım. Oğlan gördüyü işi yekunlaşdırmışdı, indi də özüyçün qurdalanırdı. Yenə vörd səhifəsini açdım. Bir cümlə yazıb təzədən sildim. İçimi qəribə boşluq bürümüşdü. Bilmirdim, yazının dərdin çəkim, yoxsa pulsuzluğun. Təzədən feysbuka girdim. Təbriklərin sayı-hesabı itmişdi. Yazın, yazın, təbrik edin cibi boş yazıçınızı. Mən nə hayda, siz nə hayda?! Bu cür dolanışıqla hara gedirdim? Məhrumiyyətlər yazmağıma da təsir edirdi, vaxtımın çoxunu alırdı. Gələcəyi düşündükcə dəli olmaq həddinə çatırdım. Yaş ötürdü, bir-iki ildən sonra yazmağa həvəs də qalmayacaqdı. Dolanışıq və yaradıcılıq qayğıları canımı almışdı. Bilmirdim, hansının dərdini çəkim.

Yenə balkona çıxıb siqaret yandırmaq könlümdən keçsə də, fikrimdən daşındım. İndicə yoldaşım gəlib şikayətlənəcəkdi; evdə niyə siqaret çəkmisən, bilmirsən, həkim deyib uşağa kəskin qoxular olmaz?!

Siqaretə görə həyətə düşməyə də ərinirdim. Məndə belədi: yaza bilməyəndə, haradasa ilişəndə digər işləri də görə bilmirəm, ilbiz kimi bir yerə yapışıb qalıram. 33 yaşım tamam olurdu. İsa mənim yaşımda peyğəmbərliyini bitirib çarmıxa çəkilmişdi, Lermontov “Zəmanəmizin qəhrəmanını” yazıb 27 yaşında ölmüşdü, Tomas Mann da o yaşda “Buddenbroklar” boyda qalın bir əsər ərsəyə gətirmişdi. Bəs mən nə etmişdim? Bu vaxta kimi yazdıqlarımı yığıb-yumurlasan, “Buddenbroklar”ın heç bir fəsli eləmirdi: nə kəmiyyətcə, nə də... Əlimdə üzə tutası beş-altı hekayə vardı, vəssalam. Guya özümü yaradıcılığa həsr etmək üçün vaxtı ilə maddi uğurların çoxundan əl çəkmişdim. İndi baxıram, ortada nə yumurta var, nə fal.

Bədbin ovqat əl çəkmirdi. Deyəsən, yağışa görə idi, ya da ad gününə görə. Havada hələ də o bozumtul həlməşik ovqat qalmaqda idi. Yağış havanı sıyığa döndərmişdi, pəncərədən baxdıqca nəfəsim daralırdı, yavaş-yavaş bədbin bir tablonun içinə düşürdüm. Mənə elə gəlirdi ki, dolanışığımı bir azca düzəldə bilsəm, yaradıcılığım da qaydasına düşər. Rahatca oturub əsərlərimi yazaram. Nəticə göz qabağında; qayğılar həndəsi silsilə ilə artırdı və məişət bataqlıq kimi özünə çəkirdi adamı, bir dəfə girdinmi, çıxmaq mümkünsüz idi. Nə qədər belə yazıçı görmüşəm. Ömürlərinin ən enerjili vaxtında məişət qayğılarına yuvarlanıblar, elə orda da ilişib qalıblar.

Qapı döyüldü. Başqa gözlədiyimiz olmadığımdan əmindim, gələn yoldaşımdı. Ona görə oğlumun qapıya qaçmağına bir söz demədim. Hə, gələn yoldaşım idi. Əlində iki sellofan torba qonaq otağında girdi: “Yüngülvari bazarlıq elədim, axşama bir şey hazırlayım”.

Daha üzüm gəlmədi, soruşum ki, pulu haradan tapıb. Utandım, mən qala-qala, borcu o axtarırdı. Demişdim axı, yoldaşım aciz deyildi, heç nədən nəsə düzəldərdi.

Aldıqlarını o dəqiqə torbadan çıxarıb mətbəx masasına düzdü: “Tort ala bilmədim, pulum bunlara çatdı”.

Eybi yox. Bir ad günündə də tort şamını üfürmərik. Bəlkə də, mənə ad günündə şam üfürmək düşmür. 32 dəfə üflədim, bir şey çıxmadı, bir dəfə də üfləməyək.

– Yenə siqaret çəkmisən? – Balkona çıxan yoldaşım iy hiss eləmişdi. Kürə kimidi, nə vaxt yuvarlanıb balkona getdi, görmədim.

– Cəmi bir dəfə, – bunu deyib evin qapısını çırpıb çıxdım. Nəzarətçi qayıtmışdı, çarə yox idi, bundan sonra düz yatana kimi hər siqaret çəkəndə həyətə – birinci mərtəbəyə düşməli olacaqdım.

Mənzilin qapısını açıb içəri girəndə gördüm, uşaqla fısıldaşırlar. Bilməyə nə vardı, oğlum mənim üçün düzəltdiyi hədiyyə barədə anasına danışıb, indi də onu mənə verməyə hazırlaşırdılar. Uşaq öz aləmində elə bilir, hiyləsini başa düşən deyiləm. Mən də heç nəyi büruzə verməyib keçdim qonaq otağına. Ana-bala dalımca gəldilər, oğlum boynumu qucaqlayıb məni öpdü, sonra hədiyyəni uzatdı. Həmən zərf idi. Guya heç nə bilmirmişəm kimi təəccüblə, sevinə-sevinə zərfin ağzını cırdım. İçindən qatlanmış kağız çıxdı. Kağızı açıb gözümün qabağında tutdum. Oğlumun bayaq çəkdiyi şəkildi: Mən, anası və özü – əl-ələ tutub dayanmışıq. Əsl sənətşünas kimi rəsmi tərifləyə-tərifləyə orasına-burasına gözə gəzdirdim. Oğlumu həm rəssamlıq uğuruna, həm də hədiyyəsinə görə minnətdarlıqla öpüb bağrıma basdım. Zərfin içində bir dənə də manatlıq vardı. Bəs bu nəydi? Soruşdum. Uşaq dedi: “Hədiyyədir”. Öz yığdığı pulmuş – 1 manat. Hədiyyəsini öpüb gözümün üstünə apardım. Şkafa yaxınlaşıb portmanatı götürdüm, pulu içinə qoydum. Manatlıq kimsəsiz adaya düşmüş Robinzon Kruzo kimi portmanatın içində tək-tənha qaldı.

– Nəsibədən borc götürdüm. – Yoldaşımdı, mətbəxdə yemək bişirə-bişirə danışır. Mən də döşəməyə yastıq atıb uzanmışam, telefonda qurdalanıram. Ağlımsa hekayənin yanındadır, düşünürəm, görüm ardını necə yazım?

– Hə, lap yaxşı.

– Neyləyəcəyik pul işini? – Yenə həmişəki suallar... Bayaqdan bunları özüm özümə verirdim, indi yoldaşım ikinci cəbhə açıb.

– Bilmirəm.

– Uşağın dərmanlarını da ala bilməmişik.

– Darıxma, görüm birinci gün nə edəcəyəm. – Əslində, nə edəcəyimi bilmirəm, sadəcə, bu üzücü sualların tezcə bitməsi üçün nəsə demək lazımdır.

– Borcları da yığmışıq üst-üstə. – Şırrrr... Krantı açdı, aldığı göyərtiləri yaxalayır.

– Ana zəng eləmişdi, deyirdi, axşama boranı plov dəmləmişəm.

Yoldaşımdan cavab gəlmir, əvəzinə göyərtini yuduğu plastik qab sink çanağa bayaqkından möhkəm dəyib ətrafa küt etiraz nidaları yayır. Aydındır, baş-başa qalmaq istəyir. Onun çoxdankı arzusuna təzəcə çatmışıq, indi də pulumuz yox. Susduğunu görüb söhbətin davamını özüm gətirirəm.

– Axşam teatra gedək?

–Özün bil. Necə istəyirsən, elə edək.

– Bilet almağa pulun var?

– Dolamısan? Sənə demədim ki, işdən borc götürdüm? Ona da xırda-xuruş ayın-oyun almışam.

– Onda teatr qaldı. Heç uşaqda da həvəs olmayacaq. O dəfə Kukla Teatrında görmədin, necə yuxulamışdı? – Bir qədər pauza verdim. – Hamıya demişik, teatra gedəcəyik. Yenə də qorxuram, birdən axşam gələn olar. Yeməyin çatacaq?

– İmkan verməzlər, sakit oturaq. – Əlindəki qabı zərblə çanağa çırpdı, çanağın qulaq dələn cingiltisi döyüşqabağı təbil sədaları kimi ətrafa vahimə yaydı.

– Narahat olma, heç kəs gələn deyil. Hər ehtimala qarşı deyirəm.

Telefonda qurdalanmaqdan bezdim, bir tərəfdən də, söhbət yorurdu. Siqaret götürüb yenə aşağı düşdüm. Hava qaralmaq üzrəydi. Yağışsa səhərki həyasızlığı ilə yağmağındaydı, lap milyon illər əvvəl Yer üzündə insanların olmadığı zamanlardakı kimi. Nolar, təbiət hadisəsi olanda, yağışda da həya gərək, bir az yağdın, yetər, elə bil başqa işi-gücü yoxdur. İmkanım olaydı, əlimi atıb göyün üzünü qazan dibi kimi qarışdıra, buludların hərəsini bir tərəfə tolazlayaydım: rədd ol get Afrikaya yağ!

Lap Qabillik elədim. Baş qaçır... Bu gün bircə tez bitsəydi! Heç belə darıxdırıcı ad günüm olmamışdı. Yox, nə yalan deyim, keçən il də bu cürdü, onda xilas yolu kimi teatra getmişdik, yadıma düşdü. Sadəcə, builki ad günü keçən ilkindən daha darıxdırıcı oldu. Öz ayaqlarım üstündə dayanandan yalnız səndələməklə məşğulam. Balaca olanda evdə ad günüm həmişə təmtəraqla qeyd edilərdi, çoxlu qohum gələrdi, yeyib-içib şənlənərdilər. Mən də qonaqların gəlməyinə sevinərdim. İndi oğlum belədir, qonaq gələndə sevincinin həddi-hüdudu olmur, zəmzəm kimi qaynayır.

Yoldaşım artıq masanı bəzəməkdədir.

Budur, süfrədə üç cür yemək. Mən deyirdim axı, italyan qadınları kimidir, heç nədən üç şey düzəldə bilir. Boşqablar düzülüb. Bəs içki? İçki də var. Yazda xalam oğlunun toyundan sonra süfrədə qalan çaxır şüşələrindən ikisini götürmüşdüm. Birini elə həmin ərəfədə içmişdim, xoşuma gəlməmişdi. İkinci butulka o üzdən indiyəcən soyuducuda dururdu. Yoxsa evdə içki qoyardımmı qalsın? Eybi yox, heç olmamasındansa, pis, keyfiyyətsiz içkinin olması yaxşıdır. Əsl əyyaş təfəkkürü! Onu təntənəli şəkildə soyuducudan götürüb masanın üstünə qoydum. Hə, bircə sokumuz çatmırdı. Bu vaxt telefon zəng çaldı.

Dayımdı, ad günümü təbrik edirdi. Soruşurdu ki, haradasan, dedim, teatrda. Əlbəttə, inanmadı, dedi, binanızın yanından keçirdim, gördüm, işıqlar yanır. Bir qədər pauza verdim, yalan danışa bilmirəm, istədim, deyim, işıqları yana-yana qoymuşuq, yaxşı ki, özü söhbəti dəyişdi və pərtliyi duyub sağollaşdı. Deyəsən, incidi məndən. Elə bilir, nəyəsə görə qonaq çağırmadım, daha anlamır ki, hamısı pulsuzluqdandı.

– Ata, bəs mən? – oğlum narazılıq edir.

– Nə sən?

– Özünüz çaxır içəcəksiniz, bəs mən nə içəcəyəm?

Üzümü yoldaşıma tuturam:

– Sok almamısan?

– Yox.

– Necə edək? Pul yoxdur səndə?

– Bayaqdan on dəfə bu sualı vermisən.

– Deyirəm, yəni heç yoxdur?

– Yox.

– Qəpik də yoxdur?

– Yox, yox, yox. – Yoldaşım özündən çıxır.

– Yaxşı, görüm məndə var? – Mənsə təmkinimi pozmuram.

Portmanata baxdım. Bayaq oğlumun verdiyi manatlıqdan başqa heç nə yox idi. Uşağın pulunu xərcləməyə ürəyim gəlməsə də, başqa çarə qalmamışdı: Manatlığı götürüb oğluma uzatdım. İnciməsin deyə, qoltuğunun altına da qarpız verdim:

– Bala, gördün sənin qazancına nə tez möhtac olduq? Vaxtında bu pulu yığmasaydın, indi nə edərdik! Afərin, tez böyü, bizi də dolandır. – Bu alqış artıq təsəlli üçün idi.

– Niyə? – oğlum soruşdu.

– Maraqlı olsun deyə. – Oğlum da, mən də gülüşürük. Söhbət əsnasında elə ki “Niyə?” sualını verirəm, o dəqiqə hazırcavablıq edir: “Maraqlı olsun deyə.” Bu dəfə mən onu “bağladım”. Hansı uşaq uydurub bilmirəm, hamısının dilinə düşüb. Uşaqdırlar, həyatlarını mənalı etmək üçün özlərindən nəsə uydururlar.

Yaxşı ki, ortamı yumşalda bildim, yoxsa bayaqdan evi elə bir qaramat sükut bürümüşdü ki, deyərdin, ad günüm yox, cümə axşamımdı.

– Oğlum, gələ bu pulu, get aşağıdan bir dənə kola al. Litrlik. Ala bilərsən? – Bina ilə üzbəüz mağazaya göndərirəm. Qabağındakı yoldan aradabir təkcə binaya gələn maşınlar keçir.

– Hə, ata. – O da həvəslidir, sayıb qulluq buyurmuşam axı.

– Get.

– Əynini gey. – Anasıdır. – Xəstəlikdən hələ ayılmamısan. – Yağış kəsdi?

– Bayaq mən aşağıdaykən kəsməmişdi.

Göz-qulaq olmaq üçün özüm də geyinib uşağın arxasıyca həyətə düşdüm. 

Uşaq dükana gedib-gələnə kimi binanın girişində, yağış dəyməyən yerdə dayanıb siqaret yandırdım. Hava təmiz qaralmışdı. Qaranlıqda yağış damlaları yaxşı görünmürdü. Yağışa baxa-baxa hekayənin ardını düşünmək istəsəm də, haradansa yadıma altı il əvvəl rayonda dostlarla keçirdiyim ad günüm düşdü. Onda hava isti idi, bircə köynəkdə oturmuşduq restoranın həyətində, günortadan axşama kimi vurmuşduq. Sonra da o günəşli oktyabr gününün xatirəsi olan şəkil çəkdirmişdik. O şəklə baxanda adamın gözləri qamaşır, fənər kimi qabağına tutub qaranlıqdan keçə bilərsən. Ürəyim sıxıldı. Bir anlıq günün çıxmasını, qara buludların dağılmasını istədim. Başımı qaldırıb göyə baxdım, günəşi axtardım. Göy elə bil ağır yük kimi üstümə aşacaqdı.

Budur, uşaq da qayıtdı. Bircə dəqiqənin içində əyin-başı islanıb. Onu qabağa buraxıb dalınca bloka girdim. Siqaretin kötüyünü tullayanda geri dönüb gölməçəni dəlik-deşik edən yağış damlalarına baxdım, elə bil dalımızca atəş açırdılar. Yox, yağış kəsənə oxşamırdı. Əlimi uşağın paltarında gəzdirdim, yamanca islanmışdı. Yoldaşımın sözü qulağımda cingildədi: “Dərmanlarını da hələ ala bilməmişik”. Canıma qorxu düşdü, uşağı sok dalınca göndərməyimə peşman oldum. Xəstəliyi təzədən baş qaldırmasa, yaxşıdır! Bir anlıq özümü günahkar sandım. Elə bil bu yağışı, həqiqətən, mən yağdırmışdım.

Oktyabr – 2016, iyun – 2017, mart – 2020.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.