“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun ustad dərsləri təqdim ediləcək.
TƏBABƏTLƏ ƏDƏBİYYAT BİR ARAYA GƏLƏNDƏ...
Təməli nevrologiya həkimi Ziqmund Freyd (1856-1939) tərəfindən qoyulmuş psixoanaliz ədəbiyyatşünaslığın deyil, psixologiya elminin nəzəriyyələrindən biridir. Z.Freydin psixoanaliz sahəsində apardığı tədqiqatlar, irəli sürdüyü elmi müddəalar tibb elmi ilə yanaşı, ədəbiyyata da böyük dəyişdirici təsir göstərmişdir. Z.Freydin təlimi sayəsində şüurdanxaric (və ya təhtəlşüur) anlayışının strukturu və xüsusiyyətləri, seksual təhriklərin insan davranışına təsiri, motivasiya və impulslar kimi anlayışlar tibb elmində öyrənildiyi və tətbiq edildiyi kimi, ədəbiyyata da təsirsiz qalmamışdır.
Z.Freyd hesab edirdi ki, hər bir bədii əsərdə real həyatda gerçəkləşdirilə bilməyən gizli mənalar və istəklər var. Uşaq özünün gerçək dünyadan uzaq fantaziya aləmini yaratdığı kimi, şair də gizlində yaşadıqlarını öz təxəyyülü vasitəsilə canlandırmağa can atır. Yazıçının uydurduğu xəyal dünyasında özü ilə onu əhatə edən mühit arasındakı basdırılmış münaqişələr, dərində qalan sarsıntılar mühüm rol oynayır. Z.Freydin nəzəriyyəsinin maraqlı cəhətlərindən biri şairlə dəli arasında müqayisə aparmasıdır. O qeyd edirdi ki, şairlə dəlini bir-birindən real ilə qeyri-real, şüurlu ilə şüurdanxaric davranışlar arasındakı nazik bir sərhəd ayırır. Onların bir-birindən yeganə fərqi isə odur ki, şair həmin sərhədi ayırd edə bilir, dəli isə özünü real dünyaya qaytaran yolu görə bilmir.
Z.Freydin gəldiyi qənaət budur ki, bədii əsər yaradan şair öz əsəri ilə gizli qayğılarını, içində tüğyan edən duyğularını çölə atmaqla özünü sağaldır, başqalarına da çıxış yolu göstərir...
Psixoanaliz elmi ədəbiyyatşünaslara bədii mətnə yeni mövqedən yanaşmağa imkan yaratdığı kimi, yazıçıları, digər sahələri təmsil edən sənət adamlarını da həyatı və insanları fərqli gözlə görüb qiymətləndirməyə sövq etdi.
Bu da maraqlıdır ki, ədəbiyyatşünaslıq elmi ilə psixoanaliz elmi arasında ortaq sayıla biləcək nəzəri əsərləri, əsasən, psixoloqlar yaradıblar.
Təxminən bir əsr bundan əvvəl psixoanalizin sənətə təsirinin araşdırılması ədəbiyyatın da gündəliyinə gətirildi. Bu mövzuda öz mülahizələrini bölüşən ədəbiyyatçılardan biri alman yazıçısı, Nobel mükafatı laureatı Herman Hessedir (1877-1962). Psixoanalizin bilicisi və tərəfdarı kimi çıxış edən H.Hesse 1916-cı ildə psixoanaliz həkimindən müalicə seansları qəbul eləmişdi.
Beləliklə, H.Hessenin 1918-ci ildə qələmə aldığı “Sənətkar və psixoanaliz” məqaləsi oxuduğu elmi əsərlərin, ədəbiyyat və sənət üzərində müşahidələrinin, eləcə də şəxsi həyat təcrübəsinin sayəsində araya-ərsəyə gəlmişdi. Psixoanaliz elminin ədəbiyyata təsirindən bəhs edən bu essedə müəllif psixoanalizin bədii yaradıcılıqda təxəyyülün rolunu təsdiqləməsinə yüksək qiymət verirdi. O vurğulayırdı ki, analiz hər sənət adamına bunu xatırladır. Bəzən sadəcə uydurma kimi təsəvvür olunan şey bunun sayəsində ən yüksək dəyər qazanır. Analiz sənətkara yüksək səslə ruhun əsas ehtiyaclarının varlığını, hər cür avtoritar ölçü və dəyərləndirmələrin nisbiliyini xatırladır.
H.Hesse qeyd edirdi ki, psixonaliz bizə şüurumuza basdırdığımızı görməyi, qiymətləndirməyi, araşdırmağı və ciddi qəbul etməyi öyrədir.
Əziz oxucular, H.Hessenin sizə təqdim etdiyimiz “Sənətkar və psixoanaliz” məqaləsi psixoanalizin ədəbiyyatdakı yerinin müəyyənləşdirilməsi baxımından nüfuzlu mənbələrdən biri hesab edilməkdədir.
Herman HESSE
SƏNƏTKAR VƏ PSİXOANALİZ
Freydin “psixoanalizi” dar bir nevroloqlar dairəsinin diqqətini cəlb etdiyi vaxtdan, Freydin tələbəsi Yunq şüurdanxaric psixologiya və tiplər haqqında təlimini yaratdığı və qismən nəşr etdirdiyi vaxtdan, analitik psixologiya bilavasitə xalq mifinə, dastanlara və poeziyaya üz tutduğu vaxtdan bəri sənət ilə psixoanaliz arasında məhsuldar bir təmas yaranıb. Freydin təlimi ilə razılaşsaq da, razılaşmasaq da, onun təkzibedilməz tapıntıları mövcuddur və öz işini görür.
Bir çox cəhətdən belə məhsuldar olan bu yeni analitik metodun məhz sənətkarlara yaxın olacağı gözlənilən idi. Elə bu səbəbdən özü nevrotik olan bir çox insan psixoanalizlə maraqlana bilərdi. Bundan əlavə, sənətkarın özünü rəsmi elmlə müqayisədə tamamilə yeni təməl üzərində qurulmuş psixologiyaya bağlamağa daha böyük meyil və hazırlıq nümayiş etdirdiyini görürük. Radikal bir dahini sənətkarın müdafiə etməsi professorun müdafiə etməsindən həmişə daha asan olub... Və bu gün Freydin ideyalar aləmi mütəxəssislərdən - həkimlərdən və psixoloqlardan daha çox gənc sənətkarlar nəsli tərəfindən müzakirə olunur və daha geniş qavranılır.
Yeni psixologiyaya kafedə aparılan yeni müzakirə mövzusu kimi yanaşmaqla qane olmayan sənətkarda artıq ondan necə öyrənmək istəyi yaranır - daha doğrusu, yeni psixoloji baxışların yaradıcılıq üçün faydalı olub-olmadığı, yaxud nə dərəcədə faydalı ola biləcəyi sualı ortaya çıxır.
Yadımdadır, iki il əvvəl bir tanışım mənə Leonhard Frankın iki romanını oxumağı tövsiyə etmiş, onları sadəcə qiymətli əsərlər deyil, həm də “bir növ psixoanalizə giriş” adlandırmışdı. O vaxtdan bəri mən Freyd təliminin izləri görünən bir sıra əsərlər oxumuşam. Yeni elmi psixologiyaya zərrə qədər maraq göstərməsəm də, mənə elə gəldi ki, Freydin, Yunqun, Ştekelin və başqalarının bəzi əsərlərində yeni və vacib bir şey var. Onların əsərlərini mən özüm oxudum və onların baxışlarında öz fantaziya və müşahidələrimin yaratdığı təsəvvürlərin, demək olar ki, hamısının təsdiqini tapıram. Onlarda qismən mənə aid olan ürəyədamma və ötəri fikir, dəkr edilməmiş bilik kimi şeylərin ifadə edildiyini və aydınlaşdırıldığını görürəm.
Yeni təlimin faydalılığı bədii yaradıcılığa, eləcə də gündəlik həyat müşahidələrinə tətbiq edildikdə dərhal üzə çıxır. Artıq bir açar var – tam sehrli açar deyil, amma yenə də özünün yararlılığını və etibarlılığını tez bir zamanda sübut etmiş yeni dəyərli bir alətdir. Özü də mən ədəbiyyat tarixindəki, yazıçının həyatının bir xəstəliyin son dərəcə müfəssəl mənzərəsini açan ayrı-ayrı əsərləri nəzərdə tutmuram. Yalnız psixoloji dərketmənin və incə ürəyədammaların Nitsşe tərəfindən təsdiqi və aydınlaşdırılması bizim üçün çox dəyərli ola bilərdi. Şüurdanxaricin dərk və müşahidə edilməsinin başlanğıcı, sıxıntı, sublimasiya, reqressiya və s. kimi psixi mexanizmlərin şərhi bu sxemə aydınlıq gətirir və onu asanlıqla başadüşülən edir.
İndi psixologiya ilə məşğul olmaq asanlaşa da, psixologiya elminin sənətkar üçün faydalı olub-olmadığı hələ də, həqiqətən, şübhəli qalır. Tarixə aid biliklər tarixi əsərlərə, botanika və ya geologiyaya aid biliklər də landşaftı təsvir etməyə nə dərəcədə az kömək edirsə, ən yaxşı elmi psixologiya da insanın təsvirinə o dərəcədə az kömək edir. Aydındır ki, analitiklərin özləri dəlil gətirmək, mənbə göstərmək və dediklərini təsdiq etmək üçün hər yerdə ilkin dövrlərin poetik əsərlərindən istifadə edirlər. Görünür, elə buna görə də analiz yazıçıların əzəldən bildiklərini dərk etdi və elmi şəkildə dəqiqləşdirdi, axı yazıçı, əslində, analitik-psixoloji təfəkkürə zidd olan xüsusi bir təfəkkür növünün təmsilçisi olub. O, yuxu görən, analitik də onun yuxularını yozan olub. Yeni psixologiyaya rəğbətlə yanaşan yazıçıya xəyal qurmaqdan, şüurdanxaricin çağırışına əməl etməkdən başqa bir şey qalırmı?
Yox, ona başqa bir şey qalmır. Buna qədər yazıçı olmayanı, buna qədər ruhi həyatın daxili quruluşunu, ürək döyüntülərini hiss etməyəni bundan sonra analiz ruhun tərcümanı etməyəcək. O yalnız yeni sxemi tətbiq edə biləcək, bir anlıq təəccüb yaşaya biləcək, amma mahiyyət etibarilə gücünü artıra bilməyəcək. Ruhi proseslərin poetik qavrayışı bundan əvvəl olduğu kimi intuitiv, analitik olmayan istedad məsələsi kimi qalacaq.
Ancaq məsələ bununla bitmir. Doğrudan da, psixoanaliz yolu sənətçi üçün də əhəmiyyətli təkan ola bilər. O, analiz texnikasını bədii yaradıcılığa köçürməkdə yanılsa belə, psixoanalizə ciddi yanaşmaqda, ona əməl etməkdə yenə də haqlıdır. Mən sənətkarın psixoanalizdən faydalana biləcəyini təsdiq edən üç dəlil görürəm.
İlk növbədə, dərin fantaziyanın, təxəyyülün dəyəri. Sənətkar özü özünə analitik gözlə baxanda onun əziyyət çəkdiyi zəif cəhətləri özünə gizli qalmır. Bu zəifliklərə sənətinə inamsızlıq, fantaziyaya şübhə, özündəki burjua baxışlarını və tərbiyəsini doğru qəbul edən, onun sənətini yalnız xoş bir "uydurma" saymaq istəyən yad səs aiddir. Lakin məhz analiz inandırıcı şəkildə öyrədir ki, indi “uydurma” kimi qiymətləndirilə bilən şey ən yüksək dəyərdir. Bu dəyər əsas insan ehtiyaclarının mövcudluğunu, eləcə də bütün avtoritetli ölçülərin və dəyərlərin nisbi olduğunu güclü şəkildə yada salır. Sənətkar analizdə özünə haqq qazandırır. Eyni zamanda, analiz ona analitik psixologiyanın özündəki sırf intellektual təsdiq aləmini açır.
Metodun bu faydalı tərəfini artıq onunla yalnız kənardan tanış olanlar da qəbul edə bilər. Digər iki dəyərli cəhət isə yalnız özlərində ruhi analizi hərtərəfli və ciddi şəkildə yaşamış olanlara, onlar üçün analiz ağıl məsələsi deyil, təcrübə məsələsi olanlara aşkar olacaq. Öz “kompleksləri” və ruhani həyatları haqqında müəyyən formalaşdırılmış məlumatlarla kifayətlənənlər isə bu mühüm dəyərləri itirəcəklər.
Analiz yolu ilə ciddi şəkildə dərinə gedən, xatirələrdən, xəyallardan və assosiasiyalardan ilkin ruhi səbəblər axtaran hər kəsin əldə etdiyi isə təxminən "öz şüurundan xaricdə olana səmimi münasibət" kimi müəyyənləşdirilə bilər. O şüur və şüurdanxaric arasında isti, məhsuldar, ehtiraslı bir tarazlıq vəziyyətini yaşayacaq, əks halda "gizli şəraitdə" qalmaqda davam edəcək və yalnız yuxularda görünməz şəkildə təzahür edəcək şeyləri tapacaq ki, onlara da diqqət yetirməyəcək.
Bu isə psixoanalizin etika üçün, şəxsi vicdan üçün vacib olan nəticələri ilə dərindən bağlıdır. Analiz hər şeydən öncə başqa bir əsas tələbi irəli sürür ki, ondan yayınma və etinasızlıq dərhal qisas alır, tiyəsi dərinə işləyir və silinməz izlər buraxır. Özünə qarşı doğruluğu, bizim öyrəşmədiyimiz doğruluğu tələb edir. O, bizə sıxışdırmağa nail olduğumuzu, bütöv bir nəslin uzunmüddətli məcburiyyət şəraitində sıxışdırdığını görməyi, tanımağı, araşdırmağı və ciddi qəbul etməyi öyrədir. Psixoanalizlə tanış olaraq atılan ilk addımlar güclü, hətta həddindən artıq güclü təcrübədir, təməllərin sarsılmasıdır. Kim tab gətirib irəliləyirsə, indi özünü getdikcə daha çox tək, şərtiliklərdən və ənənəvi baxışlardan uzaqda görür, suallar verməyə və şübhələnməyə məcbur olur ki, bu da onu heçliklə üz-üzə qoyur. Ancaq ənənəvi olanın dağılan pərdələri arxasında o, getdikcə daha çox həqiqətin, təbiətin sarsılmaz mənzərəsini görür və ya hiss edir. Yalnız indi, analiz özünü intensiv şəkildə sınaqdan keçirərkən inkişaf tarixinin bir parçası həqiqətən yaşanır və qanı axan duyğu ilə aşılanır. Ata və ana, kəndli və köçəri, meymun və balıq proobrazlarına qayıdaraq, insanlar psixoanalizdə olduğu qədər heç bir yerdə öz ilkinliyini, bir-biri ilə əlaqələrini və ümidi bu qədər ciddi, bu qədər sarsıntı ilə hiss etmirlər. Ürəyin döyüntüsü aydın hiss olunur, qorxular, çətinliklər, təzyiqlər aşkara çıxdıqca həyatın, şəxsiyyətin mənası bütün saflığı və tələbkarlığı ilə artır.
Analizin bu tərbiyəvi, rəbətləndirici gücü sənətkar tərəfindən xoş qarşılandığı qədər heç kim tərəfindən xoş qarşılana bilməz. Bu, sənətkarın dünyaya və onun əxlaqına mümkün qədər asan uyğunlaşması demək deyil, bənzəri olmayan bir şey deməkdir, onun özünün nə olduğu deməkdir.
Keçmişdəki yazıçılardan bəziləri, ilk növbədə də Dostoyevski analitik psixologiyanın əsas müddəalarını dərk etməyə çox yaxın olub. Freyd və onun tələbələrindən əvvəl Dostoyevski intuitiv olaraq bu yolla gəlmişdi, o da artıq bu növ psixologiyanın müəyyən təcrübəsinə və texnikasına yiyələnmişdi. Böyük alman yazıçılarından ruhi proseslərə baxışları müasir baxışlara ən yaxın olanı isə Jan Poldur. Bununla yanaşı, Jan Pol elə parlaq sənətkarlardandır ki, onun öz təhtəlşüuru ilə daim intim təması dərin, canlı ürəyədamma sayəsində əbədi bolluq mənbəyinə çevrilir.
Sonda elə bir yazıçıdan sitat gətirəcəyəm ki, onu təbiəti etibarilə xəyalpərəst və ya özünə qapılan insan kimi deyil, sırf idealist kimi qəbul etsək də, o, bütövlükdə güclü intellektual sənətkarlardandır. Otto Rank ilk növbədə bu yazıçının məktubundakı aşağıdakı parçanı müasir şüurdanxaric psixologiyasının təsdiqinin ən heyrətamiz sələfi kimi kəşf etdi. Şiller yaradıcılıq durğunluğundan şikayətlənən Kernerə yazır: “Sənin şikayətin, mənə elə gəlir, onunla bağlıdır ki, idrakın təxəyyülünü buxovlayıb. İdrakın qapının ağzını kəsdirib gözləyirmiş kimi çox ayıq-sayıqlıqla hər yerdən gələn fikirləri diqqətlə izləməsi ruhun yaradıcı əsərləri üçün xoş deyil və zərərlidir. Təcrid olunmuş halda ayrıca nəzərdən keçirilən fikir kifayət qədər əhəmiyyətsiz və yanıldıcı ola bilər, lakin aydındır ki, həmin fikir özündən sonra gələn fikir sayəsində əhəmiyyətli olacaq; aydındır ki, ağılsız kimi görünən fikir başqa fikirlər ilə birlikdə zəncirin çox faydalı bir halqası ola bilər: idrak, bir fikri təzəcə mənimsəmiş olmasına baxmayaraq, həmin fikri digəri ilə əlaqəli görənə qədər onun haqqında mühakimə yürüdə bilməz. Yaradıcı şüurlarda isə əksinə, idrak öz ölkəsini qapının önündə tərk edir, ideyalar qarma-qarışıq şəkildə vurnuxur və yalnız bundan sonra geniş ənginlikləri seyr edir.”
İntellektual tənqidin şüurdanxaricə ideal münasibəti burada öz klassik ifadəsini tapıb. Şüur xaricindən, gözlənilməz bir fikrin nəzarətsiz istilasından, bir yuxudan, uydurma psixologiyasından yaranan yaxşılığı heç nə basdırmır, şüurdanxaricin formalaşmamış sonsuzluğuna uzunmüddətli bağlılıq yoxdur, ancaq gizli mənbələrə sevgi ilə qulaq asmaq və yalnız bundan sonra tənqid və xaosdan seçim etmək – bütün böyük sənətkarlar belə işləyib. Bu tələbin yerinə yetirilməsinə kömək edə biləcək bir texnika varsa, o da psixoanalitik texnikadır.
1918
“Ədəbiyyat və incəsənət”
(23.08.2024)