“Sevgi varsa, xəyanət yoxdur!” - RƏSMİYYƏ SABİRLƏ 10 SUALLIQ MÜSAHİBƏ Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə “Cümə günü Əbülfəzqızının 10 sualı ilə”rubrikasının qonağı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin keçmiş Baş katibi, hazırda – Məşvərət Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, bir çox sevilən musiqilərin söz müəllifi, nurüzlü xanım Rəsmiyyə Sabirdir.

 

 

-Xoş gördük, əziz Rəsmiyyə xanım.

Zaman nə çıxar, nə də bölər. Lakin elə bir şəkildə toplayar ki, vurma belə onun yanında heç qalar. (Bob Talbert)

Dəyərli Rəsmiyyə xanım, zamanı itirmədən Sizin görüşünüzə həyəcanla tələsən, sevinən, səbirsiz "10 sualı" səsləyirəm.

 

1) 

Bəzən həyat

üzərimə yeriyir.

O zaman

özümü sözlə ovuduram.

Taleyimin əzablarını

beləcə unuduram. ( Rəsmiyyə Sabir)

 

Əziz Rəsmiyyə xanım, həyata tərif verilsəydi, Sizin tərifiniz necə olardı?

 

- Həyat - insanın müəyyən zaman ərzində yaşantılarıdır, iki nöqtə – olumla ölüm arasındakı ömür xəttidir. Bu yaşantıların arasında xoş gün də var, pis gün də, kədər də var, sevinc də, xoşbəxtlik də var, bədbəxtlik də... Fikrimcə, biz doğularkən taleyimiz alnımıza yazılır. Biz qədərdən istəsək də qaça bilmirik. Bir şeirimdə yazmışdım ki:

Bu tale baş alıb gedir,

Məni də sürüyür, anam.

 

2) 

F.Dostoyevskinin “Alçaldılmış və təhqiredilmişlər” romanında başqalarının bədbəxtliyinə, məhvinə gətirib çıxarmasına səbəb olan var-dövlət ehtirasının bəzi insanlarda ifrat dərəcədə olduğunun şahidi oluruq. Cəmiyyətdə pulun həlledici olmasına münasibətiniz necədir?

 

- Həqiqətən də bəzilərinin var-dövlət ehtirası başqalarının bədbəxtliyinə gətirib çıxarır. Mən ixtisasca iqtisadçıyam və bir iqtisadçı olaraq pulun funksiyalarını gözəl bilirəm. Məni hər zaman düşündürən bəzi məsələlər var. Onlardan biri pulla bağlıdır. Niyə insanlar pulun bu qədər əsirinə çevrilirlər? Doğrudur, pul həyatda çox şey deməkdir, lakin hər şey demək deyil. Pulla ömür almaq olarmı? Xeyr. Bir milyarderin pulun gücsüzlüyü haqqındakı fikirlərini oxumuşdum. Belçikada 4 il davam edən milli xoşbəxtlik sorğusuna görə, pulun səadət gətirmədiyi qənaətinə gəlinmişdir. Fikrimcə, pul yaxşılıq etmək üçün bir vasitə olmalıdır.

 

3) 

Sən –

Tanrının yaratdığı

şeirsən, qadın.

Mən

Səni

ruhumu oxşayan

şeirə bənzədirəm.

Şeirdir sənin adın...( Rəsmiyyə Sabir)

Dəyərli xanım Şairimiz, “qadınları nə xoşbəxt edir?” - sualına cavab istəsək, siyahıda 1,2, 3 - cü sırada hansı cavablar olar?

 

- Təkcə qadınları deyil, mən deyərdim ki, bütün insanları xoşbəxt etmək üçün çox şeyə ehtiyac yoxdur. Bir mahnıda deyildiyi kimi: “Ovuc içi qədər xoşbəxtlik yetər”. O ki qaldı qadınları xoşbəxt edəcək şeylərə...

Bu, zamana, məkana və şəxsə görə dəyişir. Məsələn, bir qadını xoşbəxt edəcək bir şeir başqasına gülünc görünə bilər. Yaxud, bir qadını xoşbəxt edəcək bahalı bir hədiyyə başqa birisi üçün heç bir əhəmiyyət kəsb etməz. Bu kimi nümunələrin sayını artırmaq da olar, lakin mən oxucuları yormaq istəmirəm. Qadınları ən çox xoşbəxt edən nəsnələr arasında birinci yerdə hörmət, ikinci yerdə sevgi, üçüncü yerdə isə diqqət gəlir. Təbii ki, bu, qadına görə dəyişir. Yəqin ki, qadınların əksəriyyəti sevgini birinci yerdə qeyd edərdi. Mənim düşüncəmə görə isə, hörmət hər şeydən vacibdir. Əgər bir insanın sənə hörməti yoxdursa, onun sevgisinin heç bir əhəmiyyəti olmayacaqdır. İfrat sevginin bəzi hallarda böyük fəsadlar verdiyini çox görmüşük real həyatda... 

 

4) 

Pul dəniz suyuna oxşayır; nə qədər çox içsən, o qədər çox susayırsan. (Artur Şopenhauer)

“Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.” ( Nizami Gəncəvi)

Rəsmiyyə xanım, tamahkarların gözləri niyə doymur ki doymur...?

 

- Məşhur bir məsəl var: “Torpaq gözünü doydursun”. Bu deyim insanların acizliyinin etirafıdır. Yəni, biz insanları tamahkarlıqdan yayındıra bilmirik, bu problemi ancaq ölüm həll edə bilər. Bilirsiniz, kamil insan heç zaman tamahkar ola bilməz. Çünki dünyanın faniliyini anlayır. Yunis Əmrə deyir ki:

 

Mal sahibi, mülk sahibi,

Hanı bunun ilk sahibi?

Mal da yalan, mülk də yalan,

Al, bir az da sən oyalan.

 

Dünyanın faniliyini, var-dövlətin insana məxsus olmadığını bu dörd cümlə necə gözəl ifadə edir?... Təəssüf ki, insanların əksəriyyəti bu dünyanın faniliyini anlamır, sanki ölməyəcəklərmiş kimi vardan, dövlətdən dördəlli yapışır... Xarici ölkələrin varlı insanlarının, milyarderlərinin yaşam tərzinə nəzər salın. Onların çoxu varidatını xeyrixah məqsədlər üçün xərcləyir, bəziləri vəsaitlərini xeyriyyə fondlarına bağışlayırlar ki, dünyalarını dəyişəndən sonra xoş əməllər, təhsilin inkişafı, qızların savadlanması üçün istifadə edilsin. Dəyərlimiz Qənirə xanım nə deyirdi? “Biz bu dünyadan köçəndə hər şeyi burda qoyacağıq, özümüzlə heç nə aparmayacağıq...”

 

5) 

Bu qəm bazarına hey baxa-baxa,

Bir cəza aldım ki, ölümdən baha,

Mənim göz yaşlarım quruyub daha,

Qələmin gözündən indi yaş gəlir. (Rəsmiyyə Sabir)

Əziz Rəsmiyyə xanım, ”Qəm bazarının” alıcıları sükutun içində əzilən ümidlərini necə ovudurlar?

 

- Hərə bir cür ovudur. Mən də sözlə... Ən çətin anımda ilahi söz köməyimə çatıb. Çox itkilərim olub, yaxınlarımı, dəyərli insanları itirmişəm. Atamı, anamı, bacılarımın uşaqlarını, müəllimlərimi, dostlarımı və s. Həyatda nə qədər mübariz olsam da, bəzən həyat üzərimə yeriyib. Bu şeirlər təsadüfdən yaranmayıb. Əksəriyyəti həyatın vurduğu sillələrin nəticələridir... 

 

6) 

Dəyərli Şairimiz, hansı hisslər bir-birini “tanımır”? Çünki heç vaxt rastlaşmayıblar.

 

- Sevgi və xəyanət. Sizə qəribə görünə bilər. Lakin əsl sevgidə xəyanət ola bilməz. Sevgi varsa, xəyanət yoxdur. Xəyanət varsa, sevgi yoxdur. “Dostluq və təmənna” da bu qəbildəndir. Təmənna olan yerdə dostluqdan söhbət gedə bilməz.

 

7) 

Elmi və yaradıcı fəaliyyətiniz qoşa addımlamağı bacarırmı?

 

- Fikrimcə, bacarır. Hərdən insanlar mənə belə bir sual ünvanlayırlar: “Bu qədər işi bir arada necə bacarırsınız?” və ya “Bu qədər uğura necə nail olursunuz?”. Qayğıkeş ana, zəhmətkeş tədqiqatçı, tələbələrin sevdiyi müəllim, tanınmış şair olmaq heç də asan deyil. Elmi və yaradıcı fəaliyyəti bərabər şəkildə uğurla irəli aparmaq insandan fədakarlıq tələb edir. Məni tanıyanlar bilirlər ki, çox ağır, gərgin rejimdə çalışan biriyəm. Bəzən sutkada 18 saat işləyirəm. Özümlə bağlı bir fakt deyim. Mən heç bir zaman rahat şəkildə televizorun qarşısında oturub serial izləməmişəm. Azərbaycan televiziyalarında yayımlanan bir çox serialların “ana” mahnılarının sözlərini mən yazmışam, lakin onları belə izləmək imkanım olmayıb. Hər bir uğurun arxasında gərgin zəhmət, yuxusuz gecələr dayanır. Təbii ki, bu, öz zəhmətiylə yüksələnlərə aiddir. 

 

8) 

Taleyimdən çıxıb, gedəndən bəri,

Sildin yaddaşımdan xatirələri.

Dəfn etdin bu eşqi sən diri-diri,

Unutdun məni.

 

Məni ağlar qoydu zalım intizar,

Yerlərdə, göylərdə edir ahüzar.

Ürək əzablardan olubdur bezar,

Qələm göz yaşıyla bircə söz yazar. (Rəsmiyyə Sabir)

 

Rəsmiyyə xanım, musiqisi Nadir Əzimov, ifası Eyyub Yaqubova məxsus olan bu musiqi yarandığı gündən bu günə kimi hələ də sevilir.

 

- Elədir, hələ də sevilir və düşünürəm ki, seviləcək də.Bunun səbəbləri çoxdur. Birincisi, bəstəkar, şair və ifaçı üçlüyü uğurludur. Əgər üçlükdən biri zəif olsaydı, bu qədər uğurlu mahnı yaranmazdı. Mən bu fikrimi dəfələrlə müsahibələrimdə demişəm. Üçlükdən biri zəif olanda, mahnının ömrü qısa olur. İkincisi, hər kəsin həyatında unutduğu nələrsə, kimlərsə var. Yaxud da unudulanlardandır. Yəni bu mahnı insan qəlbinin “sarı sim”inə toxunur. Bu yaxınlarda YouTube-da “Unutdun”a yazılan bəzi şərhləri oxuyurdum. Onu da qeyd edim ki, şərhlərin sayı o qədər çox idi ki, hamısını oxuyub qurtara bilmədim. Həmin şərhləri oxuduqca həm qürurlanırdım, həm də kövrəlirdim... Qürurlanırdım ki, belə bir gözəl əsər yaratmışıq. Kədərlənirdim ki, nə qədər unudulanlar varmış...  

 

-Əziz Şairimiz, unudulmağın ağrısı unudulurmu?

 

- Xeyr. Heç bir zaman... Sadəcə insan taleyi ilə barışıb yaşayır. Yara qaysaqlansa da, kiçik bir toxunuşdan qanaya bilir...

 

9) 

Dəyərli Rəsmiyyə xanım, insan kimi yaşamağı bacarmayıb ölüm sözündən təşvişə düşən insanlara nə söyləyərdiniz?

 

- Ölüm haqqdır. Məşhur bir məsəl var: “Qorxunun əcələ faydası yoxdur”. Hamımız bir gün öləcəyimizi bilirik və bu həqiqətlə yaşayırıq. Qorxan da, qorxmayan da bir gün bu dünyadan gedəcək. Elə yaşamalısan ki, ölümündən sonra səni gözəl insan olaraq xatırlasınlar. Bu, mənim həyat kredom olub. Yaşadığın ömrü şərəflə yaşamaq və insanlara yaxşılıq etmək.

 

10) 

Elmi təfəkkürdə həmişə poeziya elementi olur. (Albert Eynşteyn)

Rəsmiyyə xanım, İqtisadiyyatla Ədəbiyyatı hansı körpü birləşdirir?

 

- Ədəbiyyatın inkişafı iqtisadiyyatla bağlıdır. Ədəbiyyatı inkişaf etmiş ölkələrə baxın. Hamısı iqtisadi cəhətdən güclü ölkələrdir. Ümumiyyətlə, iqtisadiyyat digər sahələr üçün lokomotiv rolunu oynayır. Güclü iqtisadiyyat güclü siyasət, həm də güclü ədəbiyyat deməkdir. Tutaq ki, istedadlı yazarlar var və onlar öz dillərində nəhəng, dünya miqyaslı əsərlər yaradırlar. Bu əsərlərin dünya arenasına çıxardılmasına, tanıtdırılmasına, ekranlaşdırılmasına və s. böyük vəsait tələb olunur. Doğrudur, istedad olmayanda nə qədər maliyyə vəsaiti xərcləsən də, böyük ədəbiyyat yarana bilməz. Lakin biz mövcud ədəbiyyat haqqında danışırıq. İstedad və zəhmətin nəticəsində yaranan ədəbiyyatdan.

 

-Əziz Rəsmiyyə xanım, istər elmi, istərsə də, bədii yaradıcılığınızda, şəxsi həyatınızda Sizə uğurlar arzulayırıq, gərgin iş rejiminiz olsa da, səmimiyyətlə, gülərsima ilə "Ədəbiyyat və İncəsənət" portalına vaxt ayırdığınız üçün Sizə minnətdarıq.

 

- Maraqlı suallar üçün mən Sizə təşəkkür edirəm, Ülviyyə xanım!

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.