İngilis ədəbiyyatının amerikalı nümayəndəsi TOMAS ELİOT Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə “Nobel mükafatı laureatları” silsiləsindən Tomas Eliot barədə yazı təqdim ediləcək. Müəllif İlham Abbasovdur.

 

 

          1923-сü ilin ədəbiyyat üzrə Nobel mükafatçısı, ingilisdilli irland şairi Uilyam Yeytsin. Vəfatından sonra bu sənətkarı bütün dünyada ingilis dilində yazan şairlərin ən yaxşısı sayırdılar. Bu iki görkəmli şairi birləşdirən əsas cəhət onların hər ikisinin bədii yaradıcılığının ilk növbədə lirik poeziya əsasında formalaşması idi. O bu günə qədər də dünyada ən çox çap olunan və ən çox oxunan şairlərdən biridir. Şeirləri dünyanın, demək olar, bütün mədəni xalqlarının dillərinə tərcümə olunub. Söhbət 1948-ci ildə “müasir poeziyanı dəyərli novatorluqla zənginləşdirdiyinə görə” ədəbiyyat üzrə 43-cü Nobel mükafatına layiq görülmüş ingilis şairi Tomas Eliotdan gedir. Mükafata namizədliyi müzakirə olunanda İsveç Akademiyasının üzvü Andres Esterlinq onun yaradıcılığını xarakterizə edərək demişdi: “Tomas Eliotun şeirləri insanların yaddaşına almaz  itiliyi və sərtliyi ilə həkk olunur”. Özü isə mükafata layiq görülməsinə belə reaksiya vermişdi: “Mən şairlərə Nobel mükafatı verilməsini poeziyanın ümumbəşəri dəyərinin daha bir təsdiqi hesab edirəm. Mənə verilən mükafatı şəxsi xidmətlərimin qiymətləndirilməsindən daha çox, poeziyanın əhəmiyyətinin rəmzi etirafı kimi qəbul edirəm”.

          Onun mükafata layiq görülməsi haqqında Nobel Komitəsinin qərarında ingilis şairi kimi göstərilsə də, Tomas Sternz Eliot 1888-сi il sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Sent-Luis şəhərində zəngin sənayeçi ailəsində dünyaya gəlmişdi. Atası Henri sahibkar, anası Şarlotta yazıçı idi. Görkəmli adamların bədii bioqrafiyalarının müəllifi kimi tanınmışdı. Tomas yeddi uşaqlı ailənin sonbeşiyi idi.

          T.Eliot mükəmməl təhsil almış, Harvard Universitetini magistr diplomu ilə bitirmişdi. Yeniyetməlik çağlarından bədii yaradıcılığa meyil salan gələcək şair qədim Şərq mədəniyyətinə maraq göstərərək ilk şeirlərini böyük fars şairi Ömər Xəyyamın rübailərini təqlid edərək yazmışdı. Həmin qələm təcrübələrini 1909-1910-cu illərdə Harvardda nəşr olunan “Harvrad vəkili” jurnalında dərc etdirdikdən sonra təhsilini davam etdirmək üçün Avropaya gedən Tomas 1910-1911-сi illərdə Fransada Sorbonna Universitetində fəlsəfə ixtisası üzrə təhsil alır, o cümlədən 1927-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısı, görkəmli Fransa filosofu Anri Berqsonun mühazirələrini dinləyir, fransız dili və ədəbiyyatı üzrə məşğələlərə gedir. Ədəbiyyata gəldiyi ilk dövrdə o zaman Avropada aparıcı rol oynayan simvolizm ədəbi cərəyanı və simvolist yazıçıların yaradıcılığı ilə maraqlanır.

          Lap erkən yaşlarında dünyanın ən nüfuzlu universitetlərindən ikisinin diplomunu qazanan və dərin biliklərə yiyələnən gənc yazıçı ABŞ-yə qayıtdıqdan sonra poetik yaradıcılıqla paralel, elmi araşdırmalarla da məşğul olur. Onun tədqiqat işləri ədəbi yaradıcılığın fəlsəfi problemlərinin öyrənilməsinə həsr olunmuşdu. İlkin olaraq görkəmli ingilis filosofu Frensis Bredli haqqında dissertasiya üzərində işləyir.

           Həmin illərdə T.Eliot qədim Şərq mədəniyyətinə marağını davam etdirərək qədim hind – sanskrit dilini və ədəbiyyatını öyrənməyə cəhd edir, həmçinin buddizmlə ciddi şəkildə maraqlanır. Elmi tədqiqatlarına görə Harvard Universitetindən aldığı təqaüdü Almaniya elmi dairələrində bu ölkənin klassik fəlsəfəsini (Kant, Hegel, Şellinq, Feyerbax, Nitsşe) əsaslı şəkildə öyrənməyə sərf edir. Onu Harvard Universitetində professor kürsüsünə dəvət etsələr də, poetik yaradıcılıq yolunu davam etdirməyə üstünlük verərək, bu yüksək etimaddan imtina edir. 1915-ci ildə universitetin nəşriyyatında ilk şeir kitabını nəşr etdirir. Bir neçə il burada nəşr olunan ədəbi jurnalın baş redaktorunun müavini vəzifəsində çalışır. Əsasən ümidsizlik və ruh düşkünlüyü ovqatına köklənən lirik şeirlərini müxtəlif ədəbi nəşrlərdə dərc etdirərək bir şair kimi tanınmağa başlayır. Onu ilk dəfə məşhurlaşdıran “Alfred Pruforkun məhəbbət nəğməsi” (1917) poemasında gənc şairin bədii istedadının tam mənada üzə çıxması oldu. Mütəxəssislər bu əsəri XX əsr Amerika poeziyasının başlanğıc nöqtəsi sayırlar.

          Maraqlıdır ki, ədəbi tənqiddə həmişə ingilisdilli poeziyanın klassiki olaraq  dəyərləndirilən şairin əsərlərinin ingilis ədəbiyyatında nə kimi yer tutduğuna heç zaman bu cüt konkret qiymət verilməyib. O, Birinci Dünya müharibəsi başlayandan İngiltərəyə köçür və ömrünün qalan hissəsini bu ölkədə yaşayır. T.Eliotun əcdadları XVII əsrdə İngiltərədən Amerikaya köçmüşdülər. Şair ABŞ-də doğulduğu, böyüdüyü, təhsil aldığı üçün özünü amerikalı sayırdı. Amma xarakterinə, mental xüsusiyyətlərinə, həyat və düşüncə tərzinə görə T.Eliot amerikan yox, məhz ingilis idi. Hələ tələbəlik illərindən yoldaşları onun ləhcəsindən və vətəndaşlığından başqa hər şeydə amerikan yox, məhz ingilis olduğunu vurğulayırdılar. Və bu mənada, onun lap əvvəldən ingilis şairi kimi ad çıxarması da anlaşılan idi. Buna görə də şairin yetkinlik çağında – 39 yaşında ABŞ vətəndaşlığı ilə yanaşı, Britaniya vətəndaşlığını da qəbul etmək fikrinə düşməsi onu yaxşı tanıyanlardan heç kəsi təəccübləndirmədi. 1927-ci ildə əksər amerikalılar kimi doğuluşdan xristianlığın protestant məzhəbinə mənsub olan T.Eliot İngiltərə üçün daha səciyyəvi sayılan anqlikan təriqətinin qaydalarına uyğun olaraq, xaç suyuna çəkilmə mərasimini yenidən keçir və yeni məzhəbi ilə Britaniya təbəəliyini qəbul edir. Həyatında baş vermiş bu mühüm hadisələr barədə düşüncələr şairin 1930-cu ildə yazdığı “Küllük içində” poemasında öz əksini tapır.

          Bədii yaradıcılığında əsas diqqəti, əvvəldə qeyd etdiyimiz kimi, insanın keçirdiyi mənəvi böhran və mənəvi dəyərlərin itirilməsi mövzusuna həsr olunmuş lirik poeziyaya verən şair 30-cu illərdən başlayaraq qələmini dramaturgiyada da sınamağa başlayır. Onun dram əsərləri sırasında ilk teatr uğuru qazanan dini mövzuda yazdığı “Kilsədə qətl” (1934) pyesi ABŞ və Avropanın bir çox nüfuzlu teatrlarında tamaşaya qoyulur. Bundan sonra qələmə aldığı “Ailənin birləşməsi” (1939), “Axşam kokteyli” (1950), “Şəxsi katib” (1954), “Yaşlı dövlət xadimi” (1954) pyeslərini oxucu və tamaşaçılar rəğbətlə qarşılaslar da, bu əsərlər birinci pyes qədər yüksək qiymət qazana bilmir.

          Epik növdə yazdığı poetik əsərlərin sırasını “Bəhrəsiz torpaq “ (1922) poeması ilə qoyan T.Eliot 40-cı illərdə poeziya yaradıcılığını əsasən bu janrda yazılmış əsərlərlə davam etdirir. Ədəbi tənqidin mükəmməl əsər kimi qiymətləndirdiyi “İst Koker” (1940), “Byornt Norton” (1941), “Balaca Ciddinq” (1942), “Dörd kvartet” (1943) və s. poemalarının hər biri müəllifin insan mənəviyyatı və zaman haqqında düşüncələrini əks etdirir. Xüsusən “Dörd kvartet” poemasını vurğulamaq lazımdır. Bu əsərin çapından sonra T.Eliot ən nüfuzlu ingilisdilli şair kimi məşhurlaşır və onun şeirlərini çağdaş modernist poeziyanın ən yaxşı nümunələri kimi qiymətləndirirlər.

          T.Eliot 1915-ci ildə Viven Heyvud adlı balerina qadınla ailə qurur, lakin tezliklə  ruhi xəstəlikdən əziyyət çəkdiyi məlum olan xanım ömrünün qalan hissəsini psixiatrik xəstəxanada keçirməli olur.

          T.Eliot 1922-ci ildə özünün ən dəyərli poetik əsərini – “Bəhrəsiz torpaq” poemasını nəşr etdirir. Bu əsərdə o, mənəvi dəyərlərdən uzaqlaşmış müair gəncliyi “itirilmiş nəsil” adlandırır. Maraqlıdır ki, ötən onilliklər ərzində dünyanın müxtəlif yerlərində, müxtəlif xalqların mədəniyyətində (o cümlədən bizdə) gənc nəsil haqqında bu ifadəni dönə-dönə işlədiblər. 1925-ci ildə şair özünün ən məşhur əsərlərindən biri olan və “ingilisdilli poeziyanın ən dəyərli nümunəsi” adlandırılan “İçiboş adamlar” şeirini yazır və burada həmin mövzunu uğurla davam etdirir.

          T.Eliot 1925-ci ildən başlayaraq 1965-ci ilə (ömrünün sonuna) qədər bütün Avropada tanınan “Faber and Faber” nəşriyyatında redaktor vəzifəsində çalışmış, sonralar isə onun direktoru olmuşdu.

          Peşəkar yaradıcılıq yolu 1905-1965-ci illəri əhatə edən T.Eliot bütün dünyada şair, dramaturq, novellaçı, esseist, ssenariçi, jurnalist kimi tanınsa da, poeziya ilə yanaşı, əsas yaradıcılıq fəaliyyəti ədəbi tənqidlə bağlı idi. O, görkəmli tənqidçi kimi nüfuz qazanmışdı. 1910-cu ildə ədəbi-tənqidi esselərindən ibarət “Müqəddəs meşə” adlı ilk elmi kitabı nəşr olunur. Bu kitabda o, ingilisdilli çağdaş poeziyanın Con Donn, Endrü Marvell, Con Vebster kimi nümayəndələrinin yaradıcılığını xüsusilə yüksək qiymətləndirir.

Ümumiyyətlə, T.Eliotun ədəbi-tənqidi yaradıcılığına aid olan məqalələr onun nəzəri-estetik görüşlərindən daha çox Avropa ədəbiyyatının müxtəlif dövrlərinə və cərəyanlarına mənsub olan sənətkarların yaradıcılığının praktik cəhətlərini əhatə edirdi. Bu, onunla bağlı idi ki, müəllif özü nəzəriyyəçi olmaqdan daha əvvəl ilk növbədə şair idi. Və bu əsərlər bir sənətkar və mütəfəkkir kimi onun ədəbi kredosunu bədii əsərləri qədər geniş və dərindən əks etdirə bilmirdi. Bununla belə, onun elmi-tənqidi yaradıcılığı qaldırılan məsələlərin səciyyəsinə və həlli  yollarına görə məntiqi və estetik baxımdan bir sistem şəklində dəyərləndirilməlidir. Ədəbi tənqidin bu yeni cərəyanını İngiltərədə “Kembric məktəbi”, Amerikada isə “yeni tənqid” adlandırırdılar.

          Bu sistemi xarakterizə edərkən onun banisi T.Eliotun bir ədəbiyyatşünas olaraq ilk əvvəl dövrünün yaradıcılıq tərzində nəzəri və praktik cəhətdən aparıcı rol oynayan formalist inikas üsullarına qarşı çıxdığını, çağdaş yaradıcılıq prosesində klassik ədəbiyyatdan gələn ifadə üsullarının kor-koranə təkrarlanmasını qəbul etmədiyini, yeni, modernist ifadə tərzinin tərəfdarı  olduğunu vurğulamaq lazım gəlir. Bu yanaşma ilk növbədə onun bir şair kimi düşüncə azadlığı və yaradıcılıq sərbəstliyinə üstünlük verməsi, ehkamçılıqdan uzaq olmağa çalışması ilə izah edilə bilər.

          Müasir poeziya barədə fikirlərini ifadə edərkən T.Eliot onun klassik poeziyadan daha yüksək məziyyətlərə malik olduğunu vurğulayır. Çünki klassik poeziya insanın duyğu və düşüncələrini bir-birindən təcrid olunmuş şəkildə əks etdirir. O, lirik poeziyada subyektivizmi etalon səviyyəsinə qaldırmağın, obyektiv gerçəkliyin inikasından qaçmağın əleyhinə idi. Onun fikrinə görə, şeirdə duyğuların əks etdirilməsi düşüncələrin ifadə olunması ilə obyektiv tarazlıq şəklində verilməlidir.

          Ancaq onun nəzəri görüşləri ilk baxışda görünə biləcəyi qədər də birmənalı deyildi. Bu prinsiplərlə hətta onun öz bədii yaradıcılığına yanaşdıqda belə, cavabı aydın olmayan suallar meydana çıxır. Çünki onun nəzəri-estetik baxışları donuq ehkamlardan uzaq, daim hərəkətdə və inkişafda olan mühakimələr şəklində mövcud idi. Onları canlı ədəbiyyata tətbiq edəndə bu amilləri mütləq nəzərə almaq lazımdır.

          O, poeziyanı həm onu yalnız estetik material kimi, götürənlərdən, həm də bədii düşüncəni formal məntiq nümunəsi kimi qəbul edənlərdən qoruyurdu. Onun mövqeyi böyük fransız yazıçısı Qustav Floberin Avropa ədəbiyyatşünaslığında sənətə yanaşma etalonu kimi qəbul edilən fikrinə əsaslanırdı: “Yazıçı əsəri öz duyğularının təzahürü nümunəsinə çevirməməlidir. Müəllif yaratdığı əsərdə özünü Allahın Özünü yaratdığı dünyada əks etdirdiyi kimi ifadə etməlidir”.

          İndi incəsənətə bu cür baxış ümumi qəbul edilmiş yanaşma normasıdır. Lakin o zaman bu yanaşma tərzinə görə T.Eliot yaradıcılığı maarifləndirmə və tərbiyə vasitəsi saydığı üçün öz ünvanına sənəti fəlsəfə, yaxud din kimi qiymətləndirənlərin dilindən daim qınaq sözləri, ittihamlar eşitməli olurdu. Opponentləri onun incəsənətdə irəli sürdüyü “fərdisizləşdirmə” prinsipini yanlış olaraq “şəxsiyyətsizləşdirmə” tələbi kimi qələmə verərək inkar edirdilər. Şeirin müəllifin düşüncə prosesindən asılı olmadan “öz-özünə yarandığını”, “mistik vəhy kimi gəldiyini” iddia edənlər T.Eliotun poeziyadan tələb etdiyi duyğu ilə düşüncənin vəhdəti, harmoniyası prinsipini sona qədər anlaya, dərk edə bilmirdilər.

          Nəhayətdə T.Eliot bu barədə düşüncələrini “Poeziyanın və tənqidin vəzifələri” kitabında şərh etməli oldu. Şair bu traktatda göstərirdi ki, duyğu və düşüncənin xaotik “sintez”indən incəsənət üçün xilasedici rol oynayan harmonik nizam meydana gələ bilməz. O hesab edirdi ki, poeziya insanın real dünyanı qavramasına hiss olunacaq qədər təsir göstərir. Poeziya bu funksiyanı yalnız insanın düşüncə tərzinin spesifik (obrazlı) bir forması olaraq yerinə yetirə bilər. T.Eliotu dəfələrlə klassik poeziyanı qəbul etməməkdə günahlandıraraq ədəbi ənənələri dəyərləndirməməkdə, onların canlı inkişafını görməməkdə ittiham etmişdilər. Amma nəzərə almaq lazımdır ki, həmin dövrdə Avropa ədəbiyyatı və estetikasında biz başa düşən mənada ənənə anlayışı, ümumiyyətlə, mövcud deyildi. Müasir poeziyanın dəyərləndirilməsi zamanı heç kim Avropa şeir sənətinin Homer, Vergili, Dante, Şekspir, Höte kimi klassik nümayəndələrini, onların bədii və estetik irsini yada salmır, müqayisələr aparmırdı.

          Bunu ilk dəfə edən məhz T.Eliot olmuşdu. O da klassik irsi ideallaşdırmadan, apardığı müqayisələrdə yeni-modernist ədəbiyyatın xeyrinə nəticələr çıxararaq fikir bildirmiş, ötən günlərin ideyaları ilə yaşayan klassik ədəbiyyatdan fərqli olaraq, çağdaş poeziyanı canlı, yaşayan, zamanın çağırışlarına cavab verən bir hadisə kimi qiymətləndirmişdi. Eləcə də onun yaradıcılığı – şeirləri, pyesləri və tənqidi məqalələri müasir dünya ədəbiyyatına çox güclü təsir göstərmişdir. Onu da vurğulamaq lazımdır ki, Nobel mükafatına layiq görülmüş yazıçıların çoxundan fərqli olaraq, T.Eliotun yaradıcılığı Azərbaycanda diqqəti daha çox cəlb etmiş, nəşr və tədqiq olunmuşdur. Əvvəlki onilliklərdə olmasa da, müstəqillik dövründə onun ayrı-ayrı lirik şeirləri müxtəlif şairlərin tərcüməsində Azərbaycan mətbuatında dərc edilmiş, “Seçilmiş əsərləri” kitabı ədəbiyyat üzrə Nobel mükafatı laureatları seriyasından 2011-ci ildə Bakıda nəşr olunmuşdur. Kitabın tərcüməçisi, eyni zamanda tərtibçi və ön sözün müəllifi dosent Vahid Ərəbovdur. Ölkəmizdə T.Eliotun elmi-nəzəri yaradıcılığının tədqiqatçılarından biri istedadlı şair Qismət Rüstəmovdur. O, 2020-ci ilin 12 iyulunda “kulis.az” saytında T.Eliotun tənqidçi görüşlərini əks etdirən “Tənqidin sərhədləri” məqaləsini dərc etdirmişdir. Həmin məqalədən Nobel mükafatçısının tənqidçi konsepsiyasını anlamaq üçün gərəkli olan kiçik bir parçanı oxucuların diqqətinə çatdırmaq istərdik: “Hər nəslin öz ədəbi tənqidi formalaşmalıdır; çünki hər yeni nəsil sənətə öz meyarları, öz sənət tələbləriylə birgə gəlir və mədəniyyətin içində sənətə verdiyi əhəmiyyəti bunlara görə müəyyənləşdirir. Bu hökmü verəndə, əminəm ki, zövqdə və dəbdə olan dəyişikliklərdən daha artığına eyham vurmaq istəyirdim: ən azı bunu nəzərdə tuturdum ki, keçmişin şedevrlərini öz perspektivi içində dəyərləndirən hər yeni nəslin davranışları sələflərindən tamam fərqli təsirlər altında formalaşır”. Qismət T.Eliotun yaradıcılığı üzərində çalışmalarını davam etdirərək 2021-ci il yanvarın 20-də “kultur.az” saytında Nobel mükafatçısına həsr etdiyi “T.Eliotun poetikası” adlı araşdırmasını dərc etdirmişdir.

          Azərbaycan filologiyasında T.Eliotun yaradıcılığı ilə bağlı daha ciddi, akademik səciyyəli tədqiqat əsərlərinə də təsadüf etmək mümkündür. 2015-ci ildə Raisa Əlizadə magistr elmi dərəcəsi almaq üçün “Tomas Eliotun poeziyasında mifologizmlər” mövzusunda; 2021-ci ildə isə Nurlana Axundova fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Tomas Eliotun poemalarının poetik xüsusiyyətləri” mövzusunda dissertasiyalar müdafiə etmişlər.

          Bunlardan əlavə, professor Asif Hacılı “Yeni tənqid hərəkatı və Tomas Eliot” adlı tədqiqatında; professor Vaqif Sultanlı isə “Azərbaycan ədəbi tənqidi” kitabının “Yazıçı tənqidi” bölümündə T.Eliotun tənqidçilik fəaliyyətini nümunəvi örnək kimi götürərək ədəbi tənqid tarixindəki rolunu yüksək qiymətləndirmişlər.

          Nəşr və oxunma sayına görə dünya miqyasında rekordçu olsa da, T.Eliot elitar şair idi, onun şeirləri heç zaman ümumi oxucu kütləsi arasında geniş populyarlıq qazanmamış, həmişə yüksək zövqlu poeziya xiridarlarının maraq dairəsində olmuşdu. Onun yardıcılığı hələ sağlığında yaşadığı ölkələrdə və Avropanın digər dövlətlərində yüksək qiymətləndirilmiş, nüfuzlu mükafatlararla təltif olunmuşdu. O, dünyanın çox prestijli 16 universitetinin fəxri doktoru seçilmiş, Nobel mükafatından əlavə, İngiltərə və Fransanın ali dövlət mükafatlarına, Almaniyanın ədəbiyyat üzrə ən nüfuzlu ödülü sayılan Höte mükafatına layiq görülmüşdü.

          T.Eliot 1957-ci ildə 68 yaşında ikən ikinci dəfə ailə qurmuşdu. 1965-ci il yanvarın 4-də Londonda beyninə qan sızmasından vəfat etmiş, öz vəsiyyətinə uyğun olaraq, əcdadlarının vətənində – İngiltərənin Somerset əyalətinin Koker kəndində dəfn olunmuşdur.

          Vəfatından sonra, demək olar ki, tamam unudulan bir çox Nobel mükafatçılarından fərqli olaraq, onun əsərləri bu gün də bütün dünyada diqqət mərkəzində saxlanılır, böyük sevgi və hörmətlə tərcümə və nəşr olunur, tədqiq edilir.

          1993-cü ildən başlayaraq şairin özünün 1953-cü ildə təsis etdiyi "Poetik kitablar Cəmiyyəti" hər il yeni nəşr olunan ən yaxşı şeir kitabının müəllifini Böyük Britaniyanın əsas ədəbi ödülü sayılan Tomas Eliot adına beynəlxalq mükafatla təltif edir.  

 

Sabah sizə Tomas Eliotun aforizmlərini təqdim edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.