“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrindən Zali Qureviçin şeirlərini təqdim edir.
Zali Qureviç (1949) – ABŞ-da, Kaliforniyada anadan olub. Hələ uşaq ikən valideynləri ilə bərabər İsrailə köçüblər. Qüds Yəhudi Universitetini bitirib, sosiologiya və antropologiya şöbəsində dərs deyir. İvritdə yazır. Altı kitabın müəllifdir. Xüsusən Con Eşberinin ivritə tərcüməçisi kimi tanınır.
Şeir deyil ki...
Poetik nitqə doğru
uçmaq istəmədim,
sağ qalmaq üçün
təsvirlərin bəsit dilinə
sığındım.
Kənardakı şeir
Dünən tv-də
rok vardı.
Bir də on min tamaşaçı.
Axı şeir hardaydı?
Şeirlər kənardaydı,
səssizdi, dardaydı,
hər dəfə daha uzaqdaydı,
hardasa böyürdə,
paytaxtın bölüşmədiyi
bir zaldaydı.
Yenə də həmin iki-üç tanış gələcəkdi-
bu da belə bir görəcəkdi.
Gələcəkdimi, kim bilir ?
Şeirlər kənardaydı,
o tərəfdə,
mən də şeirin tərəfində.
Hərdən mən də öz bədənimdə ikiyə bölünürəm.
Amma onda belə mənim tamaşaçım
nə mızıldanır, nə də tərəddüd edir.
Bilərəkdən
Yazmağa başlayanda
eynəyin şüşəsini bilərəkdən silmədim,
istədim ki, çirkli qalsın şüşələr,
bəzəkli görünsün misralar.
Yağış damcıları...
çoxdandır diqqətsizdim onlara nədənsə.
Qalxar, qalxar
Qardaşım A. telefonda soruşur:
- Sənə nəsə olub? Yazırsan?
-Hə.
-Yenə şeir?
-Hə, şeir.
-Bəlkə hekayə yazasan, maraqlı olardı.
Şeirlər darıxdırcıdır.
- Bir taksi sürücüsü demişdi ki,
Əmək partiyasına səs verməyə gedibmiş,
amma əli qalxmayıb səs verməyə.
Mən də eləyəm,
hekayə üçün əlim qalxmır.
-Qalxar, qalxar,
sətirlərin arasını çox qoy.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)