İntizar ədəbiyyatı - Əli Tudə, "Dəhşətli faciə" Featured

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Vətəndən ayrıldığım 

Yarım əsri haqlamış. 

Ancaq məni hələ də 

Öz ümidim saxlamış. 

Mənə elə gəlir ki, 

Ümidlə bir yaşdayıq. 

Vüsal məclisə dönsə, 

Biz hamıdan başdayıq. 

Fəqət hələ Vətəndə 

Nə vüsal var, nə məclis. 

Gecələr yuxuda da 

Munis gəzirəm, munis...

O tayda tanışları 

Axtarır baxışlarım. 

Qəribədir, bu tayda 

Yaşayan tanışlarım 

Əziz doğmalarının 

Üzünü görsün deyə, 

Uzun həsrətdən sonra 

Bir salam versin deyə, 

Bu dünyanın ən uzaq 

Qitəsinə yollanır. 

Həsrətin sarı üzü 

Xəcalətdən allanır. 

Qəribədir, o tayda 

Yaşayan tanışlarım, 

Həsrəti gözlərində 

Daşıyan tanışlarım, 

Əziz doğmalarının 

Üzünü görsün deyə, 

Uzun həsrətdən sonra 

Bir salam versin deyə, 

Bu dünyanın ən uzaq 

Qitəsinə yollanır. 

Həsrətin sarı üzü 

Xəcalətdən allanır. 

Yox! Bu qəribə deyil, 

Dəhşətli faciədir. 

Ağız-ağız dolaşan 

Qeybətli faciədir. 

Arazın o tayında

Bir Culfa həsrət çəkir.

Arazın bu tayında 

Bir Culfa xiffət çəkir. 

Sərhəddin o tayında 

Bir Astara gözləyir. 

Sərhəddin bu tayında 

Bir Astara izləyir. 

Dünyanın o başında 

Görüşə gedən insan 

Bəs doğma şəhərlərdə 

Haçan görüşsün, haçan? 

Almaniya, Koreya 

Parçalanmamış məgər? 

Ayrılanlar görüşmür 

Qəti vüsala qədər? 

Görüşür! Bəs harada? 

Öz Vətən torpağında! 

Neçə-neçə şəhərin 

Mehriban qucağında! 

Ancaq gör Azərbaycan 

Haçan bölünüb, haçan.... 

Hələ belə görüşə 

Nə qayğı var, nə imkan.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.