“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Yaranmış ani sükutu Ağamirzənin xırıltılı səsi pozdu: Mənim yerimi öyrəniblər. Birtəhər qaçıb canımı qurtarmışam. Burdayam, tez gəl qapını aç.
Telefonun o başında uzun sükut yarandı. Ağamirzənin mənə tərəf baxıb başını yelləməsindən Cahandarın susduğu aydın olurdu. Gözlərimi evin mən olduğum tərəfə baxan pəncərələrindən ayırmırdım. Sükut xeyli uzandı. Görünür ev sahibi yaranmış bu fors - major vəziyyətdə necə hərəkət edəcəyini götür - qoy edirdi. Birdən pəncərənin birində hərəkət edən zəif parıltı göründü. Bu telefon aparatından düşən işıq idi. Deyəsən, telefonu əlində tutmuş adam qapıya tərəf gəlirdi. Yəni o qapını açmağa gəlir? Əzələlərimin necə gərildiyini hiss etdim. Saniyələri sayırdım: Bir saniyə, iki saniyə, üç, dörd. Şaqqıldayan qıfılın get - gedə şiddətlənən küləyin yaratdığı vıyıltıya qarışan səsi qulağıma dəyəndə rahat nəfəs aldım. Deyəsən planımın ehtiyat variantına ehtiyac olmayacaqdı. Bunun ardınca qapı yavaş-yavaş açılmağa başladı. Ehtiyatla evdən çıxıb ətrafa boylanan adam tez - tez sağa - sola baxa - baxa asta addımlarla küçə qapısına tərəf gəlməyə başladı. Gizləndiyim ağac qapıdan cəmi üçcə metr sağ tərəfdə idi. Ona görə də demək olar ki, «Molla» birbaşa mənimlə üzbəüz gəlirdi. Elə bu səbəbdən yeriyərkən sağ əlini yellətmədiyi diqqətimi çəkdi. Hərif əlində silah tutmuşdu. Bu əlbəttə gözlənilən idi. İndi maksimum diqqətli olub onun artıq bir hərəkət etməsinə imkan verməməliydim. Qapının çöl tərəfində dayanmış, qorxusundan və soyuqdan tir - tir əsən Ağamirzə ilə bu əsən küləyin vıyıltısının mənim üçün heç bir fərqi yox idi. Ancaq mən ona heç nə olmayacağına söz vermişdim. Sözümü isə həmişə tutmuşam. Cahandar qapıya yaxınlaşırdı. Bir addım qalmış dayanıb yenə ətrafı gözdən keçirdi. Sonra əlini uzadıb qapının cəftəsini açdı və üç addım geri çəkildi. Bu üç addım mənim üçün həyəcan təbili idi. Əlimdə tutduğum silahın dəstəyini möhkəm sıxdım. Cahandar çəkilib yerini bərkitdikdən sonra yoğun səslə dedi:
- Gəl içəri.
Qapı içəri açılırdı. Bunu gələndə yoxlamışdım. Ağamirzə əlini uzadıb qapının dəstəyindən tutub itələdi. Bir addım atıb açılan qapıdan içəri keçdi.
- Qapını arxadan bağla.
Cahandar hökmlə dedi.
Ağamirzə küləyin çırpmaması üçün qapının dəstəyini hələ də əlində saxlayıb buraxmırdı. Çevrilib qapını bağlayanda Cahandar arxasında gizlətdiyi sağ əlini qaldırıb ovcunda sıxdığı tapança ilə onun kürəyini nişan alıb qışqırdı:
- Məni satmısan, əclaf!
Bunun ardınca açılan atəş səsi ətrafı bürüdü. Küləyin apardığı gurultu səsi qısa müddətdən sonra uzaqlarda əks - səda verib yox oldu. Ağamirzə də, Cahandar da bir anlıq yerlərində donub qalmışdılar. Ancaq bu yalnız bir an çəkdi. Ardınca Cahandarın cansız bədəni yerə sərildi. Atəş açan mən idim. Ağacdan enib tez həyətə keçdim. Layiqə də ardımca gəldi. İşarəmlə bayaq ona verdiyim qandalın bir halqasını Ağamirzənin bir əlinə vurub o biri halqasını qapının içəri tərəfindəki dəmir dəstəyinə bərkitdi. Bunu edən Layiqəyə dedim:
- Sən tez evə keç, uşağı tap. Layiqə sürətlə evə tərəf qaçdı. Mənsə yaxınlaşıb barmağımla yerə sərilmiş Cahandarın nəbzini yoxladım. O ölmüşdü. Tapançası yarım metr aralıda yerə düşüb qalmışdı. Silaha toxunmayıb Layiqənin arxasınca evə keçdim. Əvvəlcə balaca Ağanı tapıb onun vəziyyətinə baxacaq, sonra qalan şeylərə qərar verəcəkdim. Zavallı uşaq artıq üçüncü sutka idi ki, bu qəddar adamın əlində idi. Cahandar ölmüşdü. Ağamirzə isə heç yerə qaça bilməzdi. Ona görə də bütün diqqətimi uşağı tapmağa yönəltmişdim. Mən içəri girəndə Layiqə iki otağa baxmış, üçüncünü yoxlayırdı. Onun işarəsi ilə hələ baxmadığı otaqlardan birinə, sonra o birisinə keçdim. Uşaq heç yerdə yox idi. Yadıma Ağamirzənin sözləri düşdü: Evdə beş otaq var. Yəqin otaqlardan birindədir. Yəni mən səhv etmişəm? Uşaq burada deyil? Bir anlıq fikrə getdim. Yoox, belə olmur. Səhv ola bilməz. Uşaq haradasa buralardadı.
Birdən Layiqənin səsi gəldi:
- Burda zirzəmiyə düşən pilləkən var. Bura gəlin.
Layiqə çağıran tərəfə, giriş qapısının yanına qaçdım. Pilləkənlə aşağı düşdük. Burada dəmir qapı var idi. Qapısı qıfılla bağlı idi. Tapançamı çıxarıb qundağının arxası ilə möhkəm bir zərbə vurub qıfılı qırdım. Qapını açıb içəri atıldım. Zirzəmi qaranlıq idi. Telefonumu çıxarıb fənərini yandırdım. Fənərin işığı otağın küncündə yerdə hərəkətsiz vəziyyətdə uzanmış uşağın üstünə düşəndə ona tərəf atıldım. Ayağı divardakı boruya zəncirlənmişdi. İlk növbədə uşağın nəbzini yoxladım. Sağ idi. Ancaq nəbzi çox zəif vururdu. Zəncirə vurulmuş qıfılı qırmaq bir qədər çətin oldu. Uşağın ayağı şişmiş, qançır bağlamışdı. Birtəhər bu qıfılı da qırıb uşağı qucağıma aldım. Sürətlə piləkənlərə tərəf qaçdım. Sonuncu pilləni qalxanda heç vaxt ağlıma gətirməyəcəyim bir şey baş verdi. Qəfildən atəş səsi eşidildi. Bu nə ola bilərdi? Atəş açan kim idi? Bir anlıq yerimdə donub qaldım. Heç nə başa düşə bilmirdim. Cəld evdən həyətə çıxıb küçə qapısına tərəf qaçdıq. Həyətin ortasına çatanda Layiqə də, mən də gördüyümüz mənzərədən yerimizdə donduq. Sənubər həyətdə, üzü giriş qapsına, arxası bizə tərəf dayanmışdı. Cahandarın bayaq yerə düşmüş silahı əlində idi. Sağ qolu qapının dəstəyinə qandallanmış Ağamirzənin bədəni yerə çökmüş, başı qeyri-adi şəkildə sallanmışdı. Qucağımdakı uşağı Layiqəyə verib Sənubərə yaxınlaşdım. O sanki canlı insan yox, heykəl idi. Üzünə baxdım. Gözlərində anlaşılmaz bir ifadə var idi. Bir nöqtəyə baxıb tərpənmirdi. Ehtiyatla silahı onun əlindən götürdüm. Sonra Ağamirzəyə yaxınlaşıb baxdım. Ağzından qan axırdı. Güllə qara ciyərini dağıtmışdı. Ona daha heç kim kömək edə bilməzdi. Beynim sürətlə işləyirdi. Nə edəcəyim barədə təcili qərar verməliydim. Ağamirzəni kənara çəkib qapını açdım. Uşağı Layiqədən alıb maşını buraya çəkməsini tapşırdım. Layiqə maşını sürətlə sürüb qapının qarşısında saxladı. Köməkləşib əvvəlcə Sənubəri arxa oturacağa oturtduq, sonra oğlunu uzadıb başını onun qucağına qoyduq. Uşağın vəziyyəti son dərəcə ağır idi. İndi hər dəqiqə qızıla bərabərdi. Layiqəyə bir neçə küçə ara yollarla getdikdən sonra əsas yola çıxmasını tapşırdım. Mən burda qalırdım. Buranı belə qoyub gedə bilməzdim. Layiqə maşını döndərib sürətlə bağlar arası yola tərəf sürdü. Bir azdan maşının səsi şiddətli küləyin səsində itib batdı. İçəri keçib həyət qapısını arxadan qıfılladım.
* * *
Fərman Gəraybəylinin yatdığı xəstəxananın dəhlizində yenə də qaçhaqaç düşmüşdü. Yolda sanki birdən - birə yuxudan ayılan Sənubər gecə xəstəxanada qalmış sürücüyə zəng edib vəziyyəti izah etmişdi. Sürücü bütün personalı ayağa qaldırmış, Qəbul və Reanimasiya şöbələrində hər şey hazır vəziyyətə gətirilmişdi. Gecə növbəsinin personalı Fərmanın ağır vəziyyətdə gətirilmiş oğlunu qəbul edib təcili reanimasiyaya, atasının yanına yerləşdirmişdilər. Uşağın vəziyyəti kritik idi. Bu haqda məlumat almış baş həkim gecəylə iş yerinə gəlmiş, bir neçə yüksək kvalifikasiyalı həkim dostunu da çağırmışdı. Diaqnoz güclü soyuqdəymə, pnevmaniyanın son mərhələsi idi. On beş yaşlı oğlanın həyatı uğrunda mübarizə gedirdi.
Sürücü haradansa alıb gətirdiyi su şüşəsinin qapağını açıb dəhlizdə oturmuş Sənubərə uzatdı. Sənubər sudan bir qurtum alıb şüşəni ona qaytardı. Gözünün yaşını silib yanında oturmuş Layiqəyə baxdı. Layiqə əlini onun əlinin üstünə qoyub sakitləşdirməyə çalışdı:
- Hər şey yaxşı olacaq, Sənubər, möhkəm ol.
Sənubər başını onun çiyninə qoyub bərkdən hönkürdü. Layiqə onu qucaqlayıb özünə sıxdı.
* * *
Lazım olanları edib şəhərə qayıdırdım. Layiqə uşağın Fərman yatdığı xəstəxanaya çatdırdığını mesajla mənə yazmışdı. Özü də Sənubəri tək qoymamaqçün orada qalmışdı. Ancaq mən ora yox, ofisə gedirdim. Yaranmış vəziyyətdə orada görünməyim arzuolunan deyildi. Dan yeri yenicə sökülməyə başlayırdı. Yolda bir maşın da gözə dəymirdi. Boş yollarla maşını saatda altmış kilometr sürətlə sürürdüm.
Bir azdan Novxanıdakı bağ evlərinin birinin həyətində iki kişi meyitinin aşkar olunması barədə ərazi polis orqanına məlumat daxil olacaq, hadisə yerinə polis və prokurorluq əməkdaşları, ekspert - kriminalistlər gələcək. Təxirəsalınmaz əməliyyat - axtarış tədbirlərinə başlanılacaq. Yəqin ki, Layiqə uşağı mümkün qədər tez xəstəxanaya çatdırmaq üçün maşını çox sürətlə idarə edib yoldakı bütün radarlara düşüb. Gecə ilə ikili qətl törədilmiş ərazidən şəhər istiqamətində az fasilə ilə iki maşının yüksək sürətlə hərəkət edib radarlara düşməsi artıq suallar doğura bilərdi. Ona görə də tələsmirdim. Onsuz da daha tələsəcək heç nə qalmamışdı. Bir şey mənə təsəlli verirdi - bu gün axşamı gözləməyib yenə də düzgün qərar vermiş, gecə ilə məsələni həll etmişdim. Keçirdiyim əməliyyatın nəticələri məni o qədər də narahat eləmirdi. Cahandar ölməyi çoxdan haqq edirdi. Vaxtilə onun işini aparmış müstəntiq ana və iki körpəsini məhz Cahandarın öldürdüyünü düşünməyə əsas verən kifayət qədər dəlil topladığını deyib. Ancaq bu dəlillər onun təqsirli olduğunu birbaşa yox, dolayısı ilə sübut etdiyindən işi məhkəməyə göndərmək üçün yetərli olmayıb. Biz peşəkarların isə öz yanaşmamız var: Əgər bir adamın günahkar olduğunu sübut edən, qoy lap dolayısı ilə olsun, bir yox, bir neçə dəlil varsa, deməli cinayəti o törədib. O ki qaldı Ağamirzəyə, Sənubərin danışdıqlarından sonra onu Cahandarla bir sıraya olmasa da, cəmi bir sıra arxaya qoymuşdum. Ona verdiyim sözü də ona görə yox, öz sözümə görə tutmuşdum. Sonradan baş verənləri isə, heç kim təxmin edə bilməzdi. Bunlar öz yerində. Əsas məsələ balaca Ağanı xilas etmək idi. Uşağın vəziyyətindən isə belə başa düşülürdü ki, bu halda o, axşama qədər tab gətirməzdi. İndi isə heç olmasa, zəif də olsa, sağ qalmasına ümid var. Adətən uğurla keçən əməliyyatlardan sonra qeyri - ixtiyari məmnunluq hissi keçirirdim - növbəti dəfə də bacarmağımın, cinayətkarlar qarşısında məğlub olmamağımın məmnunluğunu. Ancaq bu dəfə başqa idi. İçimdə təəssüfdən başqa bir hiss yox idi. Gənc, gözəl bir qadının puç olmuş həyatı üçün keçirdiyim təəssüf. Həyat bizə sınaqlar verir, zərbələr vurur. Biz də bu zərbələrin verdiyi yüklə yaşamağa məhkumuq. Nə edə bilərik, həyat belə qurulub - qara zolaqlar ağ zolaqları əvəz edir, sonra onlar yenə də yerlərini dəyişirlər. Sənubərin danışdıqları bir daha gözümün qarşısından keçdi. İllər əvvəl taleyin onun çiyinlərinə qoymuş olduğu yük on doqquz yaşlı bir qızın kövrək çiyinlərinin çəkə biləcəyi yük deyildi. Sənubər söhbətində intihar etmək istədiyini, lakin buna cəsarəti çatmadığını dedi. O səhv edirdi. Bu qadın insanın intihar həddinə çatması mexanizmi ilə tanış deyil. Həmin vaxt sadəcə buna hazır olmayıb. Zamanla o bu addımı atacaqdı. Canından çox sevdiyi və bətnində övladını gəzdirdiyi insanla irəlidə onu gözləyən on beş illik ayrılıq, bütün yaxınlarının üz döndərməsi, yaşadığı şəhərdə gedəcəyi və kömək üçün müraciət edəcəyi bircə nəfərin də olmaması tədricən öz işini görəcəkdi. Adətən küçəyə atılmış gənc qızlar yüz haldan doxsan doqquzunda rastlaşdıqları adamlar tərəfindən aldadılıb əldən - ələ keçir, özləri istəmədən çirkaba yuvarlanırlar. Yalnız yüzdə bir halda onların qarşısına yaxşı insan çıxır. Sənubəri Fərmana rast gəlməsi xilas edib. Yoxsa o dediyim çirkabın içində tab gətirib yaşayacaq birisi deyildi.
Bu fikirlərlə gəlib ofisə çatdım.
“Ədəbiyyat və incəsənət”
(13.08.2024)