Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Aysu Muxarinin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihənin koordinatoru Təbrizdə yaşayıb yaradan şair, yazar və tərcüməçi Əli Çağladır.
Aysu Muxtari
ÇƏKİLİR
Və gözlərin arası körpü yox, divar çəkilir,
Və səndən öncə yerin könlümə hamar çəkilir.
Yabancı qürbətimə min vətən dadın verənə,
Ovuc-ovuc vətəni bir ürək kənar çəkilir.
İçimdə min çavuşun hayqırışlı ötməsisən,
Qəzəlparam! Gülüşün dağlarımda car çəkilir.
Yarıb da dağları gəl, otraq et bayım, bayatım,
Bu qış yerin ürəyimdə azar-azar çəkilir.
Qanadlarım yaşıl orman sızıldayır hər an,
Payız qonub içimə, min fəsil bahar çəkilir.
Qəzəl-qəzəl qılınır qiblə-qiblə hər namazım,
Bu dan əzan yerinə ah qatar-qatar çəkilir.
Payız-payız talanır əllərimdə eşq üşüyür,
Və bağrıma yaradan bir payızlı nar çəkilir.
ŞİKƏSTƏ NAMAZI
Ey şarqı əlin tənimdə sazlıq,
Nisgil baxışın sinəmdə razlıq.
Sızlar göz önümdə bir qadın, eşq!
Qoynu dənizi edir dayazlıq.
Bir qıvrım əgər gözündən axsa,
Məftildən ağır yanar hicazlıq.
Ağlar gözünə gəlin gedəndə,
Lil-lil üzümə axıb Arazlıq.
Üsyan baxışın payız-payız eşq,
Qoynunda qəzəl qılanda nazlıq.
Ehmalcasına axanda məhmil,
Gül-gül açılar tənin qotazlıq.
Qoşma, qəzəlimdə iz buraxmış,
Gül ətri saçan telində yazlıq.
Aç saçlarını şikəstə qılsın
Rükət bə rükət ürək namazlıq.
YARALI
Mən o sayxın baxışa bağlı bağımdan yaralı.
Kəsilən müvrə kimi qol-budağımdan yaralı.
Öz içim boyda ucalmaqda bu qürbət məndə
Orağım məndən ağır, mən orağımdan yaralı.
Sağ gözüm kəndinizin kəhrizinin dul bacısı,
Solu, dağlarda coşan göz bulağımdan yaralı.
Sinəm üstündəki sazlıq saralır sənsiz də,
Qana batmışdı muğamat çanağımdan yaralı.
İldırım boyda bağırtım taxılır öz içimə,
Köçü köçmüş dərəyəm, səs-sorağımdan yaralı.
Oğlu şəhrin çiyinində qayıdan bir ana tək,
Boy atarkən bayatım dil-dodağımdan yaralı.
Gəl qəzəl bas yarama, qan aparır, qan içimi,
İndi ağ dəstmalın artıq bıçağımdan yaralı.
GET
Susuz bayırdı bu yer yağma burda, qurtar get!
Azarlıdır yaralar, qalmasan da toxtar, get!
Əfil-əfil əsirəm mən, titim-titimtitrir*
Baharlı könlümə düşmüş xəzəli bağlar get!
Düşübdü kirtməyə, fellərdəyik, tilsimdəyik,
Bu yerlə göy kəsib iblislə burda ilqar get!
Haçandı burda ətir saçmayır ətir şahılar,
Yalın o yoxluğunu gəl baharda qaytar, get!
Dalıbdı dalğalara, göz yaşım başımdan aşıb,
Bu kənan ayrılığın köynəyində qurtar, get!
QAÇIRAM
Cin-cəhənnəmli baxış pəncərələrdən qaçıram,
Yarası tağ-tağ açılmış herələrdənqaçıram.
Qolu sınmış sonayam qan dənizindən uçaraq –
Bilmirəm mən nədən ax, Mən nərələrdən qaçıram!
Elə qat-qat hörülüb daş qayalardan budağım,
Tilisimlərlə dolu div dərələrdən qaçıram.
Üşüyür məndə min ildir bu sətəlcəmli ürək,
Tonqalı küldə bitən kor kürələrdən qaçıram.
Qara qürbətli, ağır kölgəli, dəhşətli sərə,
Qolu boynunda qalan mənzərələrdən qaçıram.
Əlvida sevdicəyim söndür o qanlı mayağı,
Qara tabutlu köç ilə mərələrdən qaçıram.
SƏSİNDƏN BİR QUCAQ PAY GÖNDƏR GÜLÜM
Səsində inləyir bir payız xəzəl,
Bir çılpaq gəraylı, bir üsyan qəzəl,
Səsin ürəyimə eylə ki, özəl,
Səsindən bir qucaq pay göndər gülüm...
Haraya dönürəm, haya dönürəm,
Könül asmanında aya dönürəm,
Dənizə çevrilib çaya dönürəm,
Səsindən bir qucaq pay göndər gülüm...
Səsinlə könülə basılan sazam,
Nə qədər çoxalsam, yenə də azam,
Əşhədi, həmdi yox sınıq namazam,
Səsindən bir qucaq pay göndər gülüm...
Səsində Sufiyəm dönnəm, ucallam,
Göylərin ulduzun sənə bac allam,
Səsini çox görsən inan, qocallam
Səsindən bir qucaq pay göndər gülüm...
Səsin qürbətimdir, səsin Təbrizim,
Səsin bulaq başım, səsin kəhrizim,
De axı o səssiz mən necə dözüm,
Səsindən bir qucaq pay göndər gülüm.
Səsində Nəbi var, səsində Həcər,
Vətən qızları var göz süzər, keçər,
Səsin bayatımdır dərin, müxtəsər,
Səsindən bir qucaq pay göndər gülüm.
Səsin ildırımdır al şaxar, keçər,
Könlümə dərd oxun yan taxar keçər,
Bir gedər, bir dönər, bir baxar keçər
Səsindən bir qucaq pay göndər gülüm...
* Titrir: Əslində “Titrəyir”-dir.
“Ədəbiyyat və incəsənət”
(13.08.2024)