TƏRCÜMƏ SAATInda Sergey Dovlatovun “Ariel” hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün tərcümə saatıdır, sizlərə rus yazıçısı Sergey Dovlatovun “Ariel” hekayəsi təqdim edilir. Hekayəni dilimizə Xatirə Nurgül çevirib.

 

 

Rus yazıçısı Sergey Dovlatov 1941-ci ildə Başqırdıstanın paytaxtı Ufada anadan olub. 1979-cu ildə ailəsi ilə birlikdə ABŞ-yə köçərək orada yaşamağa başlayıb. 24 avqust 1990-cı ildə Nyu-Yorkda dünyasını dəyişib.

S.Dovlatov 1980-ci illərin ortalarından “The New Yorker” jurnalında dərc olunmağa başlamış, bununla da ətrafına böyük oxucu kütləsi toplamağa müvəffəq olmuşdur. Onun ABŞ və Avropada 12 kitabı çap edilib. SSRİ-nin dağılmasından sonra isə hekayələri Rusiyada da nəşr olunub.

Yazıçının sizlərə təqdim edilən “Ariel” hekayəsi  daha çox kədərli təbəssüm yaradan əsər kimi qiymətləndirilir.

 

          ARİEL

Yazıçı bağ evi kirayələmişdi. Bu, cənub tərəfdəki sıradan beşinci ev idi. Qaraqabaqlığı ilə seçilən bu şəxsin kirayələdiyi evin sağ və sol tərəflərindəki evlərdə iki yəhudi ailəsi yaşayırdı. O, sakitliyə ehtiyac duyduğu üçün dəmir yolu qovşağına yaxın yerdəki evi seçmişdi. Yazıçının adı Qriqori Borisoviç Koşitsdi.

Yay fəsli idi. Rus koloniyası (burada başqa bir ölkədə əcnəbilərin yaşadığı yer, məhəllə nəzərdə tutulur – X.N. ) adi həyat tərzi sürürdü. Ərlər evə istirahət günləri gəlirdi. Dərhal məşq paltarlarını geyinir, beysbol papaqlarını taxırdılar. Qadınlar bütün həftəni çimərlik geyimlərində, açıq-saçıq libaslarda dolaşır, çılpaq uşaqlar su kənarındakı qumluqda oynayırdılar. Kişilər göldə çimir, gündə qaralır, balıq tuturdular. Qadınlar maşınlarla alış-verişə gedirdilər. Uşaqlara nəzarət etmək və yemək hazırlamaq da onların vəzifəsi idi. Axşamlar isə deyirdilər:

– Nəsə istəyirəm, amma özüm də bilmirəm nə...

Qriqori Borisoviç qapalı yaşayırdı. Nə qaralmağı, nə də çimməyi xoşlayırdı. Onu balıq tutmağa dəvət edəndə imtina edirdi:

– Təəssüf ki, mən Heminquey deyiləm. Hətta Aksakov da ola bilmərəm...

– Əcəb adamdı da, – qonşular deyirdi.

– Çox bilir...

Yazıçı bütün günü iş başında olurdu.  Taybatay açıq olan pəncərəsindən yazı makinasının səsi gəlirdi.

Təkrar edirəm, o, ünsiyyət sevməyən, qapalı insan idi. Ondan sağda Kasperoviçlər, solda Mişkevitserlər yaşayırdı. Hər iki ailədə uşaqlar böyüyürdü. Kasperoviçlər dörd uşaqlı ailə idi. Mişkevitserlərin isə üç övladı vardı,  hələ səkkiz yaşlı qohumları Ariel də onlarla yaşayırdı.

Koloniya səs-küylü idi. Uşaqlar qaçırdı, qışqırırdı, su tapançasından atəş açırdılar. Onlardan hansısa daim ağlayırdı.

Əgər uşaqlar öz aralarında mübahisə edərdilərsə, valideynlər onların müdafiəsinə qalxardı. Dalaşdıqları zaman da ingilis dilinə müraciət edərdilər.

– Sənə göstərəcəm, Marat!

– Mən də sənə Vladlen, o key?!

Axşamlar az qala hər evin qarşısında manqal tüstülənirdi. Tranzistorlar tam gücü ilə işə salınırdı. Bağ sakinləri əllərində şüşə butulkalarla əraziləri gəzirdilər. Otların üzərində plastik stəkanlar ağarırdı.

Səs-küy dözülməz həddə çatdıqda isə yazıçı pəncərədən qışqırırdı:

– Sakit! Sakit! Ağcaqanadları oyadacaqsınız!..

Bir dəfə Qriqori Borisoviç alış-verişə yollandı. Dükanı koloniyadan beş dəqiqəlik yol ayırırdı. Buna görə də o, evə düz yarım saatdan sonra qayıda bildi.

Həmin vaxt belə bir hadisə baş verdi. Oyun oynayan uşaqlar qaçaqaçla dördüncü evə daxil olub pərdəni yerindən qopardılar. İçində ərikgülü olan bankanı yıxdılar. Kağızları ətrafa səpələdilər.

Bir azdan yazıçı geri qayıtdı. Bir dəqiqədən sonra isə qəzəbli halda evdən çıxıb qışqırmağa başladı:

– Şikayət edəcəm!.. Mənim kağızlarım!.. Yaşayış yerinin toxunulmazlığı barədə qanun var!

Bundan sonra isə:

– Henri Toroya elə həsəd aparıram ki!..

– Tipik dəlidir – qonşular dedi.

– Heç demə, onun qiymətli kağızları var imiş!

– Qiymətli kağızları! Tanrı eşqinə, Roza, güldürməyin məni!

– Ən başlıcası isə Toronu yada salaraq bizi məzəmmət eliyir. Guya mərhəmət hissimiz yoxdur...

Yazıçı daha da əsəbi və qaradinməz oldu. Artıq harasa gedərkən qapını qıfıllayırdı. Təzə asdığı pərdələr  isə pəncərənin lap aşağısına qədər uzanmışdı.

Bazar günləri koloniyada adam əlindən tərpənmək olmurdu. Ailələrin böyükləri, tanışlar, qohumlar gəlirdi. Görünür, yazıçının qohumları yox idi, elə tanışları da. Bu günə qədər cəmi bir dəfə kinokameralı gənc amerikalı onu ziyarət etmişdi.

Avqust ayı idi. Günlər əzablı dərəcədə isti keçirdi. Təkcə axşamlar sərin olurdu. Gündüz bütün koloniya gölə gedirdi. Yazıçı evdə qalırdı. Bəzən də yol boyu gəzişirdi.

Yadımdadır, günəşli, qızmar səhər idi. Koloniyada heç kim gözə dəymirdi. Qriqori Borisoviç stulu artırmaya çıxardı. Yazı makinasını dizlərinin üstünə qoydu.

Birdən balaca oğlanı gördü. O, təkbaşına, kötüyün üstündə əyləşmişdi. Yanında müxtəlif rəngli plastik oyuncaqlar vardı.

Oğlan hərəkətsiz oturmuşdu. Hətta yazı makinasının səsini eşitdikdə də çevrilib baxmadı.

Bütün bunlar təxminən on dəqiqə çəkdi. Yüngül mavi bulud bu müddət ərzində yerini cənuba doğru dəyişdi. Çinar ağacının kölgəsi azca sola tərəf hərəkət etdi.

Yazıçı nəhayət dilləndi:

– Ey, miserable (ing. zavallı, miskin – X.N.)! Sən kimsən? Adın nədir?

– Mənim? Arikdi.

Yəni Aron? Ya da Arkadi?

– Ariel – cavabı səsləndi.

– Sənin qanadların hanı bəs, Ariel? – yazıçı soruşdu.  (İzah: – Yəhudilikdə “Ariel” mələklərdən birinin adıdır – X.N.)

– Yoxdur, – oğlan qısa şəkildə, həm də təəccüblənmədən cavab verdi. – Bəs sənin?

– Başa düşmədim, mənim nə?

– Bəs sənin adın nədir?

– Mənim adım Qriqori Borisoviçdir. Etiraf edim ki, mənim də qanadlarım yoxdur...

Göldən motorlu qayıqların səsləri gəlirdi. Yazıçı soruşdu:

– Sən burda nə edirsən? Həm də niyə təksən?

Ariel:

– Mən göldə idim. Amma Anceloçka dedi ki, get burdan.

– Elə niyə?

Oğlan hazırlıqlı tərzdə, həm də qürurla cavab verdi:

– Çünki məndə bit var. Bax buna görə.

– Buna əminsən? – yazıçı makinasını yerə qoyub ona tərəf addımladı.

– Əminəm. Anam onları görəndə “dəhşət” dedi. Məni kerosinlə yuyundurdu. Məxsusən onu almaqdan ötrü Ramsdeylə getmişdik. Başımı iyləmək istəyirsən?

– İmtina eləmərəm. Həm də olduqca minnətdaram.

– Amma ehtiyatlı ol. Onlar sənin də üstünə tullana bilərlər.

Yazıçı kerosinin iyini hiss etdi. Müharibədən sonrakı uşaqlıq illərini xatırladı. Tarxovkadakı bağda keçən yayı, paravozların siqnalını... Kerosində qızardılmış oladiləri...

Ariel dedi:

– Bax mən buna görə uşaqlarla oynaya bilmirəm.

– Bəs sən onları görmüsən? – yazıçı soruşdu.

– Kimləri?

– Kimləri? Bitləri. Onlar barədə nə bilirsən?

– Heç nə. Onlar çox balacadırlar. Demək olar ki, görünmürlər.

– Bəs səncə, mikroskop nə üçün mövcuddur?

– Mikroskop nədir ki?

– Bu elə bir alətdir ki, işıqda hər şeyi böyüdür. Teleskopla bitlərə bütün günü baxmaq olar. Heyif ki, onu Nyu-Yorkda qoymuşam.

– Deməli, sən onları görmüsən?

– Əlbəttə ki. Dedim axı, bütün günü baxmışam, gözümü çəkə bilmirdim.

– Yaxşı, bəs necədilər?

– Sənə deyim ki, məndə olduqca xoş təəssürat yaratdılar. Onlar xırda, sakit, yaxşı tərbiyə görmüş cücülərdir. Göy rəngli, böyük gözləri var. Hay-küy salmırlar. Səslərini qaldırmırlar. Ən əsası isə hərəsi öz işi ilə məşğul olur.

– Hə, amma onlar dişləyirlər axı.

– Bəzən. Onların nizamını pozduqda. Necə deyərlər, özünümüdafiə qanunu ilə...

Ariel nəfəsini içinə çəkib qulaq asırdı. Qriqori Borisoviç ona balaca, çiçəklənən ölkə barədə danışdı. Qəfil eşidilən çığırtı onun sözünü kəsdi:

– Arik, sən hardasan? Toyuq donur...

– Ana, – Ariel yüngül təəssüf hissi ilə səsləndi.

Sonra isə:

– Mən hələ gəzişəcəyəm.

Cavabında eşidildi:

– Arik! Əgər anan nou dedisə, deməli nou!

– Toyuq donacaq – oğlan kədərlə təkrarladı.

– Bu cür istidə? – Qriqori Borisoviç təəccübləndi, – qəribədir... Ona qibtə eləmək olar.

– Yaxşı, mən gedim.

Bunu Ariel dedi. Yazıçı isə cavabında:

– Get, qardaş. Vaxtın olanda gələrsən...

Oğlan getdi, amma oyuncaqlarını götürməyi yaddan çıxardı. Yazıçı artırmaya keçdi. Yazı makinasını dizlərinin üstünə qoyub dikəltdi. Təmiz kağız vərəq götürdü. Adət etdiyi qorxu hissi onu bürüdü.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.