“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Onun maşına oturmasını gözləyib qapıları qıfılladım. Telefonumu çıxarıb Layiqəyə olduğum məkan barədə məlumat atdım. Sonra maşının açarını ön buferin üstünə qoyub ona mesaj yazdım. Yaranmış vəziyyətdə ən yaxşı variant indi Sənubəri evə aparmaq idi. O öz işini görmüş, illər əvvəl cəmi ikicə dəfə olduğu bağı tapa bilmişdi. Ancaq Layiqənin buna orta hesabla bir saat vaxtı gedəcəkdi. O isə mənə burada lazım idi. Elə bu bir saat özü də vəziyyətə uyğun olaraq yerində qurduğum planda ən vacib bir saat idi. Sonra dan yeri sökülməyə başlayacaqdı. Bu isə işimi çox çətinə salardı.
Qayıdıb darvazanın yanına gəldim. Əvvəlcə əllərimlə özümü dartıb hasardan həyətə boylandım. Sakitlik idi. Bundan sonra hasarın üstünə qalxıb yavaşca, səs salmadan həyətə düşdüm. İndi bu böyük bağda nəyin harada olduğunu müəyyən etməli, əsas da giriş qapısını tapmalı idim. Əyilə-əyilə evə yaxınlaşdım. Artıq gözlərim əməlli - başlı qaranlığa öyrəşmişdi. Ev birmərətəbəli, köhnə ev idi. Ehtiyatla divar boyu getməyə başladım. Qapıya çatanda dayandım. Yavaşca əlimlə itələdim. Bağlı idi. Həmin istiqamətdə davam etdim. Evin ikinci tinini dönəndə divardan çıxmış soba borusu diqqətimi çəkdi. Əlimi uzadıb toxundum. Boru isti idi. Deməli hərif bu otağı qızdırıb yatıb. Otağın həyətə baxan pəncərəsi var idi. Bu pəncərə ilə mənim işim yox idi. Oradan hətta içəri boylanmağı da ağlımdan keçirmirdim. Bu riskli bir hərəkət olardı. Özünü doğrultmayan riski heç vaxt sevməmişəm. Qayıdıb bayaq gələrkən keçdiyim divardakı pəncərənin yanına gəldim. Bu pəncərənin şüşələrindən birini çıxarıb içəri girəcəkdim. Cib bıçağımı çıxarıb ikilaylı pəncərənin sağdakı şüşəsini saxlayan kiçik mismarları əyməyə başladım. Mismarlar köhnə və paslı idilər. Asanlıqla əymək olurdu, bəziləri isə əyən kimi qırılırdı. Sonuncu mismarı əyəndə şüşə yerindən laxladı. Ehtiyatla, səs salmadan onu götürüb bir kənara qoydum. Sonra pəncərədən içəri keçdim. Evin dörd otaqlı olduğunu müəyyən etmişdim. Mənə lazım olan otaq dayandığım yerdən sol tərəfdə idi. Ancaq əvvəlcə o biri iki otağı yoxlayacaqdım. Bunları edib soba olan otağın qarşısına tərəf gəldim. Bu elə də tez olmadı. Köhnə döşəmə cırıldayırdı deyə, hər addımda dayanıb gözləyir, sonra yenə bir addım atırdım. Qapıda açar yeri var idi. Əyilib oradan baxdım. Otaq böyük idi. Sobanın zəif işığı küncdə qoyulmuş çarpayıda büzüşüb yatmış adam siluetini zorla işıqlandırırdı. Adam bu boyda evdə tək idi. Belə olacağını təxmin etmişdim. Otağa necə girəcəyimi götür - qoy etdim. Astaca qapını itələyib açmaq təhlükəli idi. Əgər bu köhnə evin taxta döşəməsi belə cırıldayırsa, qapısının dəmir petlələri gör necə səs çıxarardı. O da hələ qapı arxadan bağlı deyilsə. Bunu yoxlamaq imkanım da yox idi. O oyanmadan başının üstünü almalı idim. Deməli yeganə düzgün variant qəfildən qapını təpiklə sındırıb içəri atılmaq, onun əl - qolunu burmaq idi. Bu halda qapının içəridən bağlı ya açıq olması heç nəyi dəyişmirdi. Hər iki halda bir azdan bu taxta qapı yerdə olacaqdı. Bir addım geriyə çəkilib hazırlaşdım. Nəfəsimi yığıb qapıya möhkəm bir təpik vurdum. Yerə aşmağı ilə özümü içəri atmağım bir oldu. Üç addıma çarpayıya çatdım. Səs - küydən oyansa da, başqa heç nə etməyə ona imkan vermədim. Elə çarpayının üstündə üzüstə çevirib qollarını arxadan qandallayıb yenə üzüyuxarı çevirdim. Səs çıxara bilməməsi üçün sol əlimlə ağzını qapadım. Əgər cinayətkar yatdığı yerdə yaxalanırsa, ilk növbədə onun balışının, sonra isə döşəyin altı yoxlanır. Mən də belə etdim. Bu bədbəxtin altında döşək yox idi. Sağ əlimlə başının altına balış kimi qoyduğu kisəyəbənzər şeyi dartıb yerə atdım. Silahı olacağına çox əmin olmasam da, oradakı tapançanı görəndə təəccüblənmədim. Həmişə hər şeyin ən pisinə hazır olmaq lazımdı. Hər halda ölüm işinə görə on beş il həbs cəzası çəkmiş birində silah olmasında qeyri-adi heç nə yox idi. Tapançanı götürüb cibimə qoydum. Sol əlimlə hələ də ağzını tutmuş, tərpənə bilməməsi üçün dizlərinin üstündə oturmuşdum. Adamdan kəskin spirt iyi gəlirdi. Axşamdan içib yuxuya gedibmiş. O, bir qədər çapalayıb sakitləşəndən sonra dedim:
-Ağamirzə, mənə diqqətlə qulaq as. İndi əlimi ağzından götürəcəm. Səs-küy salsan özündən küs. Sonra bir sualıma cavab ver - Uşaq haradadır?
- Nə uşaq, mən uşaq - zad tanımıram.
Adına reaksiya verməməsi ilə onun Ağamirzə olduğuna tam əmin oldum. Ancaq sualıma cavab vermək istəmirdi. Sualımı başqa cür təkrarladım:
- Əgər mən səndən indi hansısa bağ qonşunun harada olduğunu soruşsaydım sən belə cavab verə bilərdin. Mən də qəbul edərdim. Səndən oğurladığın uşağın harada olduğunu soruşuram.
- Mən heç nə bilmirəm. Heç kimi də oğurlamamışam, - Ağamirzə çımxırdı.
Həbsxana məktəbini keçənlər heç vaxt etirafa rahat getmirlər. Hər şeyi boyunlarından atır, yalnız faktlar qarşısında məcbur olub danışmağa başlayırlar. Səhərin açılmasına da az qalırdı. Qaranlıq çəkilərsə, «Molla»nın bağında işlər çətinə düşə bilərdi. Çox ümid edirdim ki, uşaq məhz orada gizlədilib. Deməli, rahat girə bilməyim üçün qaranlıqkən özümü oraya çatdırmalı idim. Ona görə də bu murdarla oyun oynamağa vaxtım yox idi. Belə məqamda ən yaxşı arqument yumruqdur. Cavabı səslənməklə saçlarından qaldırıb alnına sanballı bir yumruq endirməyim bir oldu. Başı çarpayının dəmir toruna dəyib tap elədi. Qeyri - ixtiyari yumruğu çox bərk vurmuşdum. Öz övladını pula görə oğurlayan, onun anası olan qadını zorlayan bu oğraş bundan betərinə layiq idi. Onun zarıdığını görüb yenə saçlarından tutub başını qaldırdım. Vurmaq üçün qolaylandığımı görəndə dedi:
- Dayan, vurma.
Dayansam da, əlimi endirmədim.
- Mənə su ver. Boğazım quruyub.
Onu dikəldib oturtdum. Masanın üstündəki plastik su qabının qapağını açıb ağzına yaxınlaşdırdım. Acgözlüklə içdikdən sonra dərin - dərin nəfəs ala - ala danışmağa başladı:
- Uşaq bu yaxındakı bağ evlərindən birindədi.
- Neçə nəfər var orda?
- Bir nəfər.
- Ev sahibi kimdir?
Bu yerdə Ağamirzə susdu. Ancaq gözünün ucu ilə yenə də yumruğumu sıxdığımı görəndə tez dilləndi:
- Cahandar adlı birisidi.
Bu da ehtimallarımın son təsdiqi… Deməli, uşaq fikirləşdiyim kimi «Molla»nın evindədir. Hələ ki, hər şey plan üzrə gedir. Qarşıda əməliyyatın ən çətin fazası gəlir. İndi o evə necə girmək mümkün olduğunu öyrənməliyəm.
- O evdə olmusan?
Təsdiq işarəsi olaraq başını tərpətdi.
- Neçə mərtəbə, neçə otaqdı?
- Bir mərtəbə, beş otaq.
- Uşaq otaqlardan hansında saxlanılır?
- Onu bilmirəm. O evdə bundan əvvəl olmuşam. Otaqlardan birində olar yəqin.
- Qapısı dəmirdəndi?
- Hə, möhkəm qapıdı.
- Bəs pəncərələri?
- Hamısında dəmir barmaqlıqlar var.
- Həyətdə it var?
- Yoxdur.
Qəsdən sualları tez-tez yağdırır, bu adamın fikirləşməsinə imkan vermirdim. Bu halda qarşı tərəfin yalan cavab verməsi ehtimalı sıfıra yaxınlaşır.
- Bəs o evə necə girmək olar?
- Bilmirəm. Məncə heç cür. Ev sahibi qazdan ayıqdı.
- Uşağın vəziyyət nə yerdədi?
- Uşaqçün heç bir təhlükə yoxdur.
- Niyə belə əminsən?
- Dönə - dönə tapşırmışam. Bizə pul lazımdı, uşaqla nə işimiz.
Qəsdən balaca Ağanın onun oğlu olduğunu bildiyimi demirdim. Bir az fasilə verib dedim:
- Bəs əgər mən desəm ki, heç də hər şey sənin düşündüyün kimi deyil?
- Bu ola bilməz.
- Olar, Ağamirzə, olar. Hələ başqa şeylər də olar.
Nə demək istədiyimi başa düşməyib key - key mənə baxdı. Sonra bir qədər narahat halda soruşdu:
- Sən uşaq üçün təhlükə olduğunu düşünürsən? Mən o barədə həqiqətən heç nə bilmirəm.
- Təkcə uşaqçün yox, sənin özünçün də, - səsim sərtləşdi. «Cahandar adlı birisi» dediyin dostun, «Molla» ləqəbli Cahandar Mollayev sənin də, uşağın da ölüm hökmünü verib. Təkcə pulun ona çatmasını gözləyir.
- Belə şey ola bilməz. Sən polisdənsən? Bu haradan çıxdı?
- Mən oğurladığın uşağın atası Fərman Gəraybəylinin yaxın tanışıyam. Məlumun olsun ki, Cahandar həyətinin arxa tərəfində böyük bir çala qazıb. Bu çala yeniyetmə bir oğlanı basdırmaq üçün çox böyükdü. Amma iki nəfəri basdırmaq üçün ideal ölçülərdədi. Hələ də başa düşmək istəmirsən ki, bu adam heç vaxt şahid saxlamır? Onunla dostluğuna belə güvənirsən?
«Molla»nın həyətində, evin arxasında dərin bir çala qazmasını Sənubərgildə olarkən zəng edən Layiqə demişdi mənə. Təbii ki, bunu Sənubərə deməyi lazım bilməmişdim. Aldığım bu məlumat artıq hər şeyin tam düşündüyüm kimi olduğunu təsdiq etmişdi. Ağamirzənin etirafı bir növ bu məsələdə son nöqtəni qoymuş oldu.
Ağamirzə fikrə getdi.
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)