Gözəl şairəmiz Təranə Turan Rəhimli yeni şeirlərini “Ədəbiyyat və incəsənət” portalına təqdim edib. Buyurun, tanış olun.
ÖZGƏ QAPI ÖNÜNDƏ
Bu qapının dalında uşaqlığım dayanıb,
Bu qapıdan o yanda daha duymazlar məni.
Bir vaxt böyümək üçün bu qapıdan çıxmışam,
Bu qapıdan girməyə indi qoymazlar məni.
Orda qalıb nənəmin xanım-xatun yerişi,
Qanovuz ətəklərin xışıltısı ordadı.
O bağçada babamın əkdiyi ağacların
Dəyməmiş alçası da şəkər dadır, bal dadır.
Məxmər ləçəklərini yerə sərib qızılgül,
Hənirimdən tanıyıb ağac, budaq, bağ məni.
Bu həyətə girməsəm ətrini qoxladığım
Qızılgül kollarının haqqı tutacaq məni.
Bu qapının dalında qanadlı arzularım,
Şaxta, boran görməyən isti, qaynar bir həyat.
Havası xoş, suyu saf, orda hamı mələk tək,
Bu qapının dalında cənnət kimi bir həyət.
Bu həyətdə saz səsi, kəhər at kişnərtisi,
Novruz tonqalı boyda uşaq fərəhi qalıb.
İkimərtəbə evin aynabənd eyvanında
Ətirşah çiçəkləri sanki xəyala dalıb.
Onda qonum-qonşu da ev adamı kimiydi,
Bu qapı səhər-axşam açıq idi hamıya.
İyirmi ildən çox ötüb, özgə qapı önündə
Keçmişə qapı açan adamı kim tanıyar?!
YENƏ GƏLƏCƏKMİ BAHAR?
Yenə gələcəkmi bahar?
Yenə açacaqmı kol dibindəki çiçək?
Şeir yazacaqmı ona
təzə dövrün şairləri?
Əvvəlki kimi oxuyacaqlarmı şeirləri?
Yenə dərdin yedəyində yük olacaqmı talelər?
Ömrün payızında saralıb töküləcəklərmi?
Mən hansı fəsildə köçəcəyəm?
Bir vərəqin küncündə
Bir misranın içində
Yenidən doğulacağammı?
Ölmədiyimi biləcəklərmi?
SƏN MƏNƏ OXŞAMA, BALA
İstəkli qardaşım qızı Fidana
Oxşadırlar səni mənə,
Sən mənə oxşama, bala.
Bax başımda duman-çənə,
Sən mənə oxşama, bala.
Gecə-gündüz dərd yeyirəm,
Qəm soyunub dərd geyirəm.
Nə qədər tezdi, deyirəm:
– Sən mənə oxşama, bala.
İçində dözümü gizlət,
Sirrini, sözünü gizlət,
Kədərdən izini gizlət,
Sən mənə oxşama, bala.
Nə sürünən kölgəyə bax,
Nə yıxılıb ayağa qalx.
Alov olub zülməti yax,
Sən mənə oxşama, bala.
Cin-şeytandı sağım, solum,
Qoymurlar ki, özüm olum.
Özünü tap, qurban olum,
Sən mənə oxşama, bala.
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)