Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə yenə daimi müəllifimiz Əlizadə Nuridir. Cəlilabadda yazıb yaradan şair yenə kədərin rəsmini çəkib.
Təbii ki, oxunaqlıdır və təsirlidir.
Xoş mütaliələr.
Göyə çöp daşıyan bir quşam, ana...
Bu qəmlə bələkdə tanış olmuşuq-
Mən elə bu qəmlə tay-tuşam, ana.
Yerdə yer tapmadım yuva qurmağa,
Göyə çöp daşıyan bir quşam, ana.
Sözün aynası da qırıldı bu gün...
Sonuncu ümid də vuruldu bu gün.
Dərd mənə çatınca yoruldu bu gün-
Mən tanrı dağına yoxuşam, ana...
Daha bundan belə mən kiməm, nəyəm?
Bəxtimin əynində qara köynəyəm.
Çəmən bitirməyən, ot bitirməyən
Səhraya tökülən yağışam, ana.
Bu ipi kim çəkib çəpər eyləyib?
Şeytanın evinə səfər eyləyib...
Xaraba salana xəbər eyləyin-
Mən o xarabada bayquşam, ana.
Sənin haqq bildiyin haqq-hesab imiş,
Ölüm-iynə imiş, ömür-sap imiş...
İçdiyim süd imiş, ya şərab imiş-
Dünyaya gələndən sərxoşam, ana?!..
“Ədəbiyyat və incəsənət”
(07.08.2024)