“Ədəbiyyat və incəsənət” portalın sizlərə Rəvan Cavidin “Xudavi” hekayəsini təqdim edir.
XUDAVİ
...Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan...
Adı Xudaviydi. Xudadan gələn, Xudaya gedən, Xudada yaşayandı. İllər bu kişini qocaltmamışdı, sanasan, alnının, əllərinin qırışını ilmə-ilmə toxuyub nağılların Allah babasının canlı rəsmini çəkmişdi. Saqqalının salxımları, saçlarının düyünlü ucları, seyrək kirpikləri, qalın qaşları, cod dərisi, qabar əlləri, div ayaqları vardı Xudavi babanın. Kəndin uşaqları ondan qorxmurdu, kəndin kişiləri, arvadları onu bəsləyirdi, kəndin itləri onu qoruyurdu. Mən Xudavini tanıyandan kənd onu unudana qədər küçələrdə “Pepsi”, “Kola”, “Fanta” qutuları yığırdı. Məktəbdən evə gedən uşaqların dalınca gəzir, dar su arxlarına tullanan plastik tör-töküntünü çiynindən aşırdığı çirkli boğçasına atırdı. Sonra o qutuları hara aparırdı, kimə satırdı, aldığı pulu hara xərcləyirdi, bilmirdik. Günəş səmanı qucaqladımı, Xudavi baba da yay-qış, fərq etməz, düşürdü küçələrin canına. Onun sayəsində kəndimizin küçələri, arxları, yekə-yekə kəhrizləri təmiz qalırdı.
Deyirdilər ki, onu evdən qovan arvadı, iki də oğlu var. Oğlunun biri traktor sürürdü. Biçin vaxtı kənd camaatı Xudavinin oğlu Öməri qapı-qapı axtarırdı. Evinin önündə bığıburma kişilər növbə tuturdu. Həmin iki-üç ayı Ömərin cibi pulun qalınlığından, sinəsi də zəhmətin verdiyi qürurdan şişirdi. Əli cibində o kafedən çıxıb bu kafeyə girirdi. Dükanlara olan borcunu sıfırlayırdı. Evə əsl kişi kimi bazarlıq edirdi. Di gəl, atasını küçələrdən yığıb-yığışdıra bilmirdi. Qarılar Ömərin üzünə gülüb arxasınca danışırdılar ki, pul qazanmaqla deyil, vallah, dədəsi bütün günü zibil eşəliyir, dədə qədri bilməyən köpəyin oğlu. Bir Ömər, bir Xudavi, bir də Allah bilirdi ki, Ömər dədə qədri bilən köpəkoğlu idi. İntəhası, Allah Xudavinin ağlını başından almışdı.
Kiçik oğlu Əli hərbi xidməti bitirəndən sonra “maxe” kimi qalmışdı dağların başında. Muzdlu əsgərlik edirdi. O, bu gün vətəni qorumaq, sabah da ölmək üçün maaş alırdı. Ayda bir dəfə, iki aydan bir evə gəlirdi. Anasını, qardaşını görüb, nişan verdiyi qızla görüşüb, küçədə rastına çıxsa, atası ilə salamlaşıb qayıdırdı Murova. Murov nə Murov. Qar dizdən, şaxta da balta kimi. Ayağını atmağa düz yeri, baxmağa göz yeri yox. Uzandıqca uzanan sonsuz dumanlıq. Kəndin qarıları Xudavinin sonbeşiyi haqqında danışırdılar ki, bu da getdi özünü oda-alova atdı, camaatın qızına nişan taxıb, Allah bilir, nə vaxt qayıdıb gələcək. Amma bir Allah bilirdi ki, Əli o nişanlı qızın yanına qayıda bilməyəcək.
İllər keçdikcə keçdi. Fəsillər kəndimizin dağdağan ağaclarını gah yaşıla boyadı, gah da lüt-üryan qoydu. Mən böyüdüm, Xudavi qocaldı, kəndin qarıları öldü, anamın, atamın yadından çıxdı Xudavi. Ruh kimi gəzirdi. Kəndimizin körpə uşaqları indi bellərində çanta, ciblərində telefon rayon məktəblərinə gedirdilər. Kənd məktəbindən evə qayıdan uşaqların əllində fanta qutuları yox, əl boyda telefonlar olurdu. Ömrün elə günü qaralırdı ki, Xudavinin boğçası heç dolmurdu da. Hansısa qapıda qatıq, çörək yeyib qarnını doyurur, sonra da gedirdi kənddə bircə nəfərin də tanımadığı komasına. O vaxt nənəm deyirdi ki, Xudavi qəbiristanda yatır. Mənim də ağlımda elə qalmışdı.
Əlqərəz, bir gün xəbər gəldi ki, Xudavinin oğlu Öməri erməni snayperi düz alnından vurub. Biçin vaxtı tez-tez olurdu belə atışmalar. Tap-Qaraqoyunlu kəndi sərhəd idi. Ermənilər hərdən zəmiləri yandırır, hərdən camaatı güllə-baran edirdi. Sonra bizimkilər də o tərəfə atırdı. Yarım saatdan-zaddan sonra sakitləşirdilər. Olan da il boyu biçini gözləyən kəndliyə olurdu. Bu dəfə güllə Xudavinin oğluna dəymişdi. Dəyib öldürmüşdü. Öldürüb Xudavinin əlindən Öməri almışdı. O gün kəndin camaatı yığıldı Xudavinin arvadının evinə. Qapısında traktor üçün növbə tutan bığıburma kişilərin çiynində o dünyaya getdi Ömər. Hamı Ömərin qəbrinin üstündə idi, Xudavidən başqa. Xudavi yox idi. Xudavi neçə gün görünmədi. Qeyb olmuşdu. Camaat deyirdi ki, gecə Xudavi Ömərin gorunu qazıb girib içinə. Nə bilim, hərə bir şey danışırdı. Mən onda Bakıda o restorandan çıxıb bu paba girirdim. Düzünü desəm, Ömər ölməsəydi, Xudavi hamının yadından çıxacaqdı. Atam deyirdi ki, Ömər öləndən sonra arvadı Xudavini tapıb, deyib ki, gəl evinə. Biz də bir ailə olaq. Camaat ağzına gələni danışırdı. Xudavi də heç nə demədən çirkli boğçasını çiyninə atıb getmişdi yenə zibil yığmağa.
Gün o gün oldu, müharibə başladı. Kəndin cavan oğlanları davaya getdi. Kənd boş qaldı. Qocalar namaz üstündən durmadı, atalar, analar gözü yollarda oğlunu gözlədi. Həmin payız bizim kəndin pəncərələrini gah yağış yudu, gah anaların göz yaşları. On dörd şəhidi var idi kəndimizin müharibə qurtaranda. Balaca bir kənd igid-igid ərlərini dilbilməz gülləyə qurban vermişdi. Əli də şəhid olmuşdu. Dəfn günü Xudavini heç kim tanımadı. Saqqalı yox, saçı yox. Kostyumda, bəy libasında. Min il cavan görünürdü. Bircə yerişindən, bir də heç nəyə, heç kimə baxmayan gözlərindən tanıdılar Xudavini. İkinci oğlunu da vətənə qurban eləmişdi. Arvadı gah Ömərin, gah da Əlinin adına ağı deyirdi. Gah da Xudaviyə qarğış edirdi. Elə bilirdi ki, hər şey onun küçə-küçə sülənməyindən sonra başlayıb. Xudavidən bir səs çıxmırdı. Ağlamırdı. Gözləri dolmamışdı. Heykəl kimi tabutun başındaca gözləyirdi. Həmişə boğça salladığı çiynini oğlunun tabutu altına verdi. Getdi hər gün getdiyi yolla. Hər gün yatdığı yovşanlığa Əlini basdırdı. Qayıtdı. Yenə qeyb oldu.
Xudavinin arvadı çərlədi öldü. O ki öldü, kənddə hamı yadırğadı Xudavini. Sanasan, belə adam yaşamayıb dünyada. Kəndin hər tərəfində “Pepsi”, “Kola”, “Fanta” qutuları peydə oldu. Arxlar zibillə dolub-daşırdı. Camaat əkini suvaranda kanalların ağzını zibildən zorla təmizləyirdi. Biçin vaxtı traktor qəhətə çəkilirdi. Dava düşürdü. Qızlar əsgərliyə gedib gəlməmiş oğlanlara könül vermirdi. Xudavinin oğlanları öləndən, özü də qeybə çəkiləndən sonra kəndin mizanı pozuldu.
Dövlət, bəlkə, Xudaviyə ev də verərdi. Şəhid oğluna görə hamı ona hörmət də edərdi. Camaatın güzəranı pis idi, müharibədən sonra dolanışıq lap çətin idi, amma Xudaviyə verməyə hamının bir parça çörəyi var idi. İstəmədi. Hara getdi, hara yox çıxdı, bilən olmadı.
Adı Xudaviydi. Xudadan gəlmişdi, Xudaya gedəcəkdi, Xudada yaşamaq üçün.
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)