“Yoldaş oldum dərdi-sərlə…” - Rəsmiyyə Sabir Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxıdır, sizlərə Rəsmiyyə Sabirin şeirləri təqdim ediləcək.

 

                                              

ŞEİR VAXTI

 

Rəsmiyyə SABİR

 

 

MƏNİ

 

Yolum üstə daş qoydular,

Tuş etdilər qışa məni.

Harda kədəri gördülər,

Keçirdilər başa məni.

 

Min fitnə-fəsad qurdular,
Hiylələriylə yordular,

Kövrək qəlbimdən vurdular,

Sındırdılar şüşə məni.

 

Heç işim olmadı şərlə,

Yoldaş oldum dərdi-sərlə,

Bundan sonra tək kədərlə,

Görərsiniz qoşa məni.

 

Həsrət gəldi incə-incə,

Dərd qəlbimi sıxdı küncə,

Bu qədər əzab verincə,

Tanrım, döndər quşa məni...

 

Neyləyirdim bunca dərdi,

Fələk bir ucdan göndərdi,

Bilmədim, Allah döndərdi,

Ya insanlar, – daşa məni?..

 

 

QAYIDACAM

 

Qəlbinə cığır açıram,

Büküb, sonra qayıdacam.

Dünya adlı bu qəfəsi

Söküb, sonra qayıdacam.

 

Bu həyat da bir oyundur,
Fələk hələ məni udur,

Ömür-gün bulanıq sudur,
Çöküb, sonra qayıdacam.

 

Siləcəyəm qırışları,

Gözlərimdəki yaşları,

Ətəyimdəki daşları

Töküb, sonra qayıdacam.

 

Tale əlində mən naşı,

Qazanacam bu savaşı,

Bu torpağa məhək daşı

Əkib, sonra qayıdacam.

 

Qədər dayanıb qəsdimə,

Kor oluram öz tüstümə,

Ana torpağı üstümə

Çəkib, sonra qayıdacam. 
 

 

SƏNİNLƏ ARAMIZDA

 

Səninlə aramızda

məsafələr var.

Sevgi qədər yaxınıq,
həsrət qədər uzaq.

 

Səninlə aramızda

məsafələr var.

Bir söz qədər yaxınıq,

susqunluq qədər uzaq.

 

Səninlə aramızda

məsafələr var.

Xəyal qədər yaxınıq,

həyat qədər uzaq.

 

Səninlə aramızda

məsafələr var.

Nəfəs qədər yaxınıq,

ölüm qədər uzaq...

 

Səninlə aramızda

məsafələr var.

Ömür-gün keçib gedər.

Səninlə aramızda

Eh, üç nöqtə dayanar...

 

 

ŞEİR QADIN

 

Zərifliyini görüb

Səni

çiçəyə bənzətdilər...

 

Şıltaqlığını görüb

Səni

küləyə bənzətdilər...

 

Gözlərində yaşı görüb

Səni

dənizə bənzətdilər...

 

Sonsuz vəfanı görüb

Səni

torpağa bənzətdilər...

 

Sən –

Tanrının yaratdığı

şeirsən, qadın.

Mən

Səni

ruhumu oxşayan

şeirə bənzədirəm.

Şeirdir sənin adın...

 

Şeir kimi doğulmusan.

Kuplet-kuplet yaşayarsan.

Heca-heca ağlayarsan.

Sətir-sətir gülərsən.

Gülüşünlə yer üzünün

kədərini silərsən.

 

Gah şeir kimi sevinclisən.

Gah şeir kimi kədərli...

Lakin

şeir kimi əbədisən, qadın!

Şeirdir sənin adın...

 

 

ANAM

 

Bu tale baş alıb gedir,

Məni də sürüyür, anam.

Yığılıb ay ilin üstə,

Ömür-gün çürüyür anam.

 

Tale durubdur qəsdimə,

Boğuluram kor tüstümə,

Ayaq alıbdır üstümə,

Dərd-kədər yeriyir, anam.

 

Gözlərim tox, ruhum acdı,

Bir dəli sözə möhtacdı,

Ürəyim bir qızmar sacdı,

Dözümüm əriyir, anam.

 

Düşdüm görmədiyim günə,

Bir həsrətim döndü minə,

Ölümün addım səsinə

Uşağın kiriyir, anam...

 

 

ADAM

 

Mən bu nağılın sonunu

Əzəldən bilirəm, Adam.

İçimdə dərd bayram edir,

Yalandan gülürəm, Adam.

 

Əlləşirəm günlə, ayla,

Həyatın məhək daşıyla,

Buludların göz yaşıyla

İzimi silirəm, Adam.

 

Mən yendim zəif qorxumu,

Qovdum gözümdən yuxumu,

Azad eylədim ruhumu,

Haqqa yol gəlirəm, Adam.

 

Gəzərsən məni çırağla,

Gözümü sevginlə bağla,

Üstümdə bir ağız ağla,

Görmürsən ölürəm, Adam...

 

 

AĞLADIM

 

Sənin yoxluğunda hər gün,

Bir bilsən, necə ağladım.

Misra-misra gah hönkürdüm,

Gah heca-heca ağladım.

 

Özümə bir dünya qurdum,

Gözləyib dözümü yordum,

Küləklərdən səni sordum,

Hey gündüz-gecə ağladım.

 

Səni unutmadım bir an,

Güman əlimdə verdi can,

Utandım mərd qürurumdan,

Sakit, gizlicə ağladım.

Yoruldum eşq romanından,

Ömür kitabın bağladım.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.