İntizar ədəbiyyatı - Əli Tudə, "Mən kiməm" Featured

Təqdim edir: Heyran Zöhrabova

 

 

Mən öz doğma xalqımın 

Arzusundan yoğruldum. 

Kədərindən yarandım, 

Sevincindən doğuldum. 

Bir xalq ki, mərd yaşayır 

Qədim Şərq torpağında. 

Ayağı Qəzvindədir, 

Başı Qafqaz dağında... 

Mən də - Vətən!

- Xalq! - deyə 

Ona dönüb dartıldım. 

Səsləndim, bir döyüşdən 

Min döyüşə atıldım. 

Sən ey mənim şeirimə 

Qəzəbli deyən insan, 

Bu qəzəb şeirimin yox, 

Savalanındır, inan! 

Sən ey mənim şeirimə 

Nisgilli deyən insan! 

Bu nisgil şeiriminmi? 

Arazınkıdır, inan! 

Sən ey mənim şeirimə 

İnləyir deyən insan!

İnləyən şeirim deyil, 

Ana torpaqdır, inan! 

Mən yanar ürəyimə 

Daim ürək desəm də, 

Bir mürəkkəb qabı tək 

Dolandırdım sinəmdə. 

Zamanın havasında 

Şeirim solmasın deyə, 

Arxivlər bucağında

Qərib qalmasın deyə,

Qələmimin ucunu

Batırıb öz qanıma, 

Mən xalqımın sözünü 

Yazdım hər dastanıma... 

 

II 

 

Baxıram tarixlərə 

Varaqlar qatar-qatar... 

Vətənimin övladı: 

Babək,

Xətai,

Sərdar... 

Dedi: Ya parçalanım

Döyüşdə tikə-tikə 

Ya da tamam birləşsin, 

Parçalanmış bir öikə! 

Vuruşdu... Səngərləri 

Susdurdu hər nərəsi 

Şimşək olub parladı 

Qılıncının tiyəsi! 

Od səpdi hər zərbədə

Sağına, soluna o!

Od səpdi istiqlalın

Qaranlıq yoluna o

Hərdən qibtə edirəm 

Bu böyük mənaya mən. 

Deyirəm ki, o vaxtlar 

Gələydim dünyaya mən. 

Babəkin qılıncını

Bülövə mən çəkəydim. 

Zağlı görünsün deyə 

Gözümdən od tõkəydim

Xətainin önündə 

Qurbani saz çalanda,

Min doğma təranəni 

Dinləyəydim salonda. 

 

Sərdar səngərə gircək 

Sağ yanında duraydım, 

Tüfəngini dalbadal

Yalnız mən dolduraydım, 

Birdən səs eşidirəm, 

Bu sinəmin səsidir. 

Yox, etirazla dolu

Təranəmin səsidir! 

O deyir: Sən bu əsrin 

Vüqarısan elə bil 

Babəki,

Xətaisi, 

Sərdarısan elə bil. 

Sənin kəlmələrin ki, 

Qığılcımlar təkidir. 

Azadlığın yolunda 

Qaranlığı hürküdür. 

Gözü qanlı düşmənin 

Əlinə keçsən əgər, 

O sənin taxsırından 

Bir an keçərmi məgər? 

Yox! Sənin hər misranı 

Bir kəndirə döndərər 

Dar ağacı altında 

Düz boynuna endirər. 

San qaldır hər misranı

Ovxarlı qılınc kimi! 

Yetər ki, istiqlalın 

Yaşadı qaxanc kimi, 

Parçala istiqlalın 

Yolundakı sisiləri! 

Parçala vətənini 

Parçalayan kəsləri!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.