Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Məmməd Nasirinin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihənin koordinatoru Təbrizdə yaşayıb yaradan şair, yazar və tərcüməçi Əli Çağladır.
AĞ ZƏMİ
Ağ zəmilərdə böyüdüm mən
Arayerlərdə böyüdüm mən
Yaldır uşağı!
Ciblərimi boşaltdım masanın üstünə qarakolda!
- “Arayerçi köpək oğlular!
Bir paket siqareti vardır,
Bir də yarımçıq bir kibrit,
Pul-mul da heç zad!
Kasıb yetimi!”
Suç imiş baxışlarım uzaqlarda
Və məchul imiş baxışlarım uzaqlarda!
Burda məchulluq yeriməz!
Şəhər pıçıltılarıyla doludur,
Və zindanların qapısından o yana dünya
Qurtarar!
Sonralar anladım böyüdükcə!
Siqaretlərimi verdilər
Baxdım, altısını götürmüşdülər!
Tüstü kimi getdi saatlar!
Qapının paslı cırıltısı qazdı beynimi
Çıxdım eşiyə!
Günəş almışdı dünyanı ağzına, çeynəyirdi
- “Keç gəl qızış dayı”
Bülvar ağzını açmışdı deyirdi mənə
Sevinirdi
Bəlkə də sevinmirdi, mənim nəzərimə gəldi!
Bir papirus atdım damağıma
Günəşin istisini nikotin tüstüsü ilə çəkdim qarnıma
- “Ha h h!!
gün aydın!
Salam əleyküm yoldan keçənlər!
Salam əleyküm Mərəndi yaradan divarlar!
Salam əleyküm!
Nə gözəlsiz qızlar!
Hamınızı sevəcəyəm çadralı, çadrasız!
Nə gözəlsən insanlıq
Olsan da, olmasan da!
Nə gözəlsən şəhər!
Heç bərxod olmamışdım indiyə qədər!
00:00
“Seher aydınlığında taze insan,
Yanık benzin kokusu”
Nazım Hikmet
Yenə də gecə
Saat sıfır!
Arayer itlərindən bir sürü,
Qaranlıq dolusu sümsündülər, getdilər
Arayer itlərindən bir sürü!
Qonşumuzun itinin,
Hələ də gözləri böyükdür eşitdiyim!
Korluğuna baxma,
Gözləri dolusu baxar insana, bir də dünyaya!
İnsan bir məchul qoxu, bir də qaranlıq
Dünya bir məchul qoxu, bir də qaranlıq
Bir də qaranlıq!
Hətta boynundakı zəncir də qaranlıq!
Ağzı da qəbiristanlıq kimi açıq
Dişləri qəbir daşları!
Cəmdək iyi qalxar havladıqca ağzından
Cəmdək iyi qalxar ulduzlara hürdükcə!
Məchulları gördükcə!
Yenə
Qaranlıq
Qonşumuzun iti
Arayer itlərindən bir sürü
Qalabalıq!
Yenə də gecə
Saat sıfır!
Uzaqlar məndə qurtulur!
Daha uzaqlaşdıqca kiçilmir
Böyüdü getdikcə, əsarətdəki dünyam öz aləmində
Əsirin dünyası olmaz ki!
Orda mənim yalqızlığıma yağış yağar
Yaldır körpüsünə də yağış yağar eşitdiyim
Soyuq işləyər sümüklərinə,
Dişləri bir-birinə dəyər!
Torpaq da bacardığı yerədək soyuq
Bacardığı yerədək torpaq!
Ölülərə yataq!
Doğrudur inanmışam ki, insanınkı torpağadəkdir!
Var-yoxları da torpaq sayaq çürüyür gedir ölülərin
Üfüqləri də torpaq sayaq çürüyür gedir ölülərin!
Fənərlərində günəş dans eləyir hisli-paslı
Sinələrində qalıb kifsənmiş oksigenkimi acı!
Ağızlarını bıçaq açmaz
Ucaldılar, qocaldılar, öldülər!
Bir də qocalmazlar ölülər
Bir də ölməzlər ölülər
Gözləri bir ovuc torpaqdan doysa da
Yoxsullar aləmində!
İndi məmləkətləri zəncirdir, məmləkətləri qürbət
Öldülər də qurtarmadı əsarət!
Qəbir daşları da adlarını çəkə bilmir ölülərin!
Yenə də gecə
Saat sıfır!
İnsanı, insanlığı
Mənim doğulduğum şəhərin tiryəkçiləri,
Boğazlarındakı düyünlər kimi öskürüb-öskürüb
Qanlı xılt ilə qarışıq, tüpürürlər asfaltın üzünə!
Allahın da qaranlıq gecəsinin ayı
Süd gölündə yatır!
Qaranlıqda adamların səsləri dünyadan gedir
Qaranlıqda addımların səsləri dünyadan gedir
Ət ayaq yalın, yorğun!
Qanovların ağızları dadıxmış
Aydınlıq isə pəncərə adlanan çərçivələrdə paslanar!
Qaranlıqda adamlar
Qaranlıqda addımlar!
Bələdiyyə süpürgəçiləri yatmadan,
Gecələrdən sabahlaradək
Süpürəcəklər ayaq səslərini xiyabanlardan!
Səhər aydınlğında təp-təzə səhər
Səhər aydınlığında təp-təzə insan
Səhər aydınlğında təp-təzə şəhər!
Yenə həman
Yenə həman!
Gecə həman
Gecə həman!
Yenə də gecə
Saat sıfır!
Fahişələr gün görməz yerlərinin çörəyini yeyirlər!
Yenə də gecə
Saat sıfır!
İşıqlar divar çatlaqlarından düşür
Və pəncərələr yuxularını qusur
Pəncərələr yuxularını qusurlar
Pəncərələr yuxularını qusurlar!
PİLAK 18
Yenə həmən evdəsiniz?!
Dünya ölüm-itimdi ha,
Biraz orda qalın lütfən!
Mən də gələcəyəm, bir gün duram qapınızda!
Çıxsan görəcəksən Məmməd Nasiri durub qapınızda sizin!
Və Məmməd Nasiri durmayıb!
Mən daha inanmışam ki, hərdən insansızlıqdır dünya
Sənsizlikdir dünya!
TƏBRİZİN ŞƏRYİ VATI İLƏ AXŞAM
Höccüllər kimi
Kəlmələrin skeletindəki çalğı!
Gəzmələr kimi
Gecələrin boşluğundakı hüzur!
Bəlkə də qaranlıq kimi
Gecələrin boşluğundakı məna!
Yoxsa kora quyular məchulluğuyam mən!
Huşum-başım yoxdur
Hər zad yadımda yuxu kimi qalar!
Hətta ölüm də yuxudur gözlərimdə
Elə ölərəm ki, qəbiristanlıq da ağlayar!
Mən öləndən sonra biləcəksən ki, dünya
Bir insan daha artıq kiçilibdir!
Doğrudan çörək qurandan da irəlidir saatlarım boş və saniyələrim acından yeriyə bilmir!
Ömürdən, gündən olmayaydı bu saatlar!
Hansı dəqiqənin boşluğu daşıb, üstümü batırıb bilmirəm!
Olmaya yaldırdakı yolçunun dəsmalındakı naçarlığam, bilmirəm!
Yollar uzanır məndə, tozlu-torpaqlı
Mən də yolların zehnindəki yorğunluq kimi ağır
Yorğunluq kimi yorğun!
Maşınlar kəlləmdə tüstüləyir
Sümüklərim də gizildəyir gizim-gizim
İçərimə səs düşdükcə!
Sanki beynimdə addım-addım gəzilir qürbət
Təkərlərin altında cızılır qürbət!
Nələr kimi yox,
Nələr kimi hə
Mən,
Mən!
Elə bir səni Təbrizin şəri vaxtıyla öpmüşəm ki,
Bütün Azərbaycan şəhərinin namazları qəzaya gedib!
Qaranlıqda gedir böyük maşın
Mənim sınıxmış atamdırlar əllərinə baxdım
Buğda biçinindən qayıdıbdırlar, yatıbdırlar avtobanlar
Maşınçı bir nəfər də mindirdi, tamamdır!
Və biz qürbətin çörəyinə su səpmədən yedik!
Gülə-gülə mənim şəhərim
Gələn günlərin olsun!
Burda nə sən, sən oldun,
Nə də mənliyimdə qala bildim mən!
- Şofer qardaşın, bir də müsafirlərin salamatlığına salavat!
Gözlüyümü taxmasam nə tanış, nə yad
Hərə də öz zəncirlərinədək azad!
Ey insan!
Nə yazıq olmuş sözcüksən!
Gülə-gülə mənim şəhərim
Biz, sürün gedək burdan!..
YALDIR
Mən Yaldırlıyam
Evim də Yaldırdadır!
Evimdə kitablar, evimdə gündəliklər!
Sağımdakı qonşu fahişədir,
Solumdakı polis!
Biri özünü satır,
Biri məni!
Daha çörək daşdan yox,
Çörək qan kimi alın tərindən yox
İnsanın insana satılmağından çıxırçörək!
Sağımdakı qonşu fahişədir
Solumdakı polis,
Satılmaqdayıq!..
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)