“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Kəmalə Abıyevanın şeirlərini təqdim edəcəyik.
Ayaq açdıq
Ayaq açdıq,
daş-divardan tuta-tuta
yavaş-yavaş addımladıq.
Yıxılmaq qorxusu canımızda,
yeriməyi də öyrəndik.
Bu qorxu çıxmadı canımızdan,
Görən, nə çıxacaq
yıxılmaq qorxusu ilə
yaşamaqdan?!.
O adam
Nə dəbdəbəli evim,
nə varım, nə dövlətim,
nə sərvətim olmadı.
Mənim ən gözəl evim,
bütün varım-dövlətim,
hər sərvətim sən oldun.
Sənin var-dövlətində,
nə qazında, neftində,
nə başqa sərvətində
heç vaxt gözüm olmadı.
Səndən heç nə ummadım,
Səni qınayanları, nə alıb-satanları,
nə də talayanları heç zaman anlamadım.
Mənim sevgim
onların gözləriylə ölçülməz.
bu vətən sevgisidir -
hər kəsə don biçilməz.
Mən sənə ana dedim,
səni balatək sevdim.
Mən səni balam bildim,
səni anatək sevdim.
Sənə ən xoş günləri, ən uca zirvələri
yaşatmaqçün çırpındım,
Ürəyim adın ilə çırpındı.
Nə qədər adamlar var,
Hərə bir tale yaşar.
Hamısı da hər yerdə xoşbəxtliyi axtarar.
Amma hər kəs bilməz ki,
dünyanın xoşbəxtidi vətəni olan adam.
Doğma Azərbaycan!
Mən
o adamam - O adam.
Güvənsizlik
Gözlərimə güvənirdim...
ürəyimə ağır oldu gördüklərim.
Gözlərimdən ürəyimə
gedən yolda dözüb qaldım.
Ürəyimə güvənirdim,
ağlım yaman çaşbaş oldu.
Ürəyimdən mən ağlıma
gedən yolda bezib qaldım,
Ağlım daha güvənmədi gözlərimə.
Mən ağlımdan
gözlərimə gedən yolda azıb qaldım.
Belə payız yaşamadıq
Şuşada Ayrılıq fəsli - beşinci fəsil
Kim deyir 4 fəsil var?
Bəs ayrılıq fəsli?
Çiçəkləri dərd ətirli,
ağacları ağrı-ağrı tumurcuqlar.
Nə varsa saralar, bütün duyğular donar...
Bir udum havasından ruhun alışıb yanar.
İllərin fəslini, fəsillərin yazını,
ayların mayını bir zamanlar sevərdim.
Ayrılığın ağrı oldu, ağır oldu,
yasəmən ayını sevə bilmədim,
İllərin yazını sevə bilmədim.
ayrılıq fəsliydi, o - yaz deyildi,
Ayrılıq fəslini yaşamaq olmur.
Yanırsan, donursan, çat-çat olursan,
sürünürsən, yaşamırsan...
Və bir payız gəldi,
Oğulların yeni payız gətirdi.
Bu payız Qarabağa yaz gətirdi,
Qaytardı çöl-çəmənin rəngini,
çiçəklərin ətrini, çayların ahəngini.
Heç belə vurğunu olmadım payızın.
Şuşam, heç belə sevmədim payızı.
Al-əlvan geyərmiş payızda bağlar,
sevinə bilərmiş payızda dağlar...
Dastan yazılarmış hər qarışa.
Heç belə payız yaşamadıq, Şuşam.
Ayrılıq fəslində bir ümid günəşisən,
şəhidlərin üzündə qələbə gülüşüsən.
Havan da bir başqadı.
Bir başqadı,
igidlərinin nəfəsi qarışan havan da.
Bir inam doğulur bətnimdə
həsrətlə içimə çəkdiyim havandan,
Bilirəm, ayrılıq fəsli bitəcək,
hər tərəf çiçək-çiçək,
yamyaşıl geyinəcək,
çöl-çəmən də güləcək.
Zəngəzur, Zəngibasar, İrəvan,
Təbriz, Ərdəbil, Zəncan, Həmadan
gözləyəcək.
Hər yandan
"Sən azadsan" deyən səs yüksələcək.
Neçə zəfər yolu sənə gələcək.
Nail Orucova
(11.06.1978-31.10.2020)
Ah, polkovnik-leytenantım,
illərlə səni axtardım,
heyif, səni gec tanıdım.
Mən Hadrutdan, Cəbrayıldan,
Füzulidən, Zəngilandan keçib
görüşünə gəldim.
Qubadlıda səni tapdım,
Mən gələndə
kürəyini dayaq edib torpağına
gülümsəyirdin zamana.
Təbəssümün günəş idi,
İşığında hər yeri gördüm.
hər yerdəydin. Hər yer idin.
Ah, polkovnik leytenantım,
bəlkə heç mən sənin qədər
anlamadım bu həyatı,
sənintək sevmədim yəqin.
Mən ki heç yerdə yox idim,
hara baxdım, səni gördüm.
Hər yer Səndi - vətən idin.
Sonra
Mən getdim.
Yolumu kəsmədin,
məni saxlamadın,
"getmə" demədin...
Sonra... axtarmadın...
Mən qapımı bağlamadım,
masaya iki fincan qoydum.
Sonra tez-tez pəncərədən boylandım,
Sən gələn yollara baxdım.
Sonra sən keçən yerlərdə dolandım...
küçələrdən keçdim.
Sonra darıxan skamyada oturdum.
xoş anlara sarıldım...
sonra sonralar çox oldu.
Hər sonrada bir bəhanə axtardım,
tapmadım,
Əvvəl səndən küsmüşdüm,
sonra...
sonra özümdən küsdüm...
Bir az möcüzə
Bir az möcüzə ola,
sən sevən yaşda olam,
yenidən tanış olaq,
yenə sənə vurulam.
Bir az möcüzə ola,
mat qoya bir az bizi.
Yenidən əvvəlkitək
sevək bir-birimizi...
Gecəmi diksindirib
zəng edib dinməyəsən,
bu sükutu dinləyib
xəyal quram yenidən,
Sonra titrək səsinlə
yenə görüş verəsən.
necə gözəldi, bilsən,
gəlim görüşünə mən.
Qoşa izlərimizlə
oxşayaq küçələri.
Yenə gəzib əl-ələ
sevindirək şəhəri.
Bir az möcüzə ola,
lap azacıq, bir azca.
Birdən qapım açıla
sən gələsən astaca.
Bir az möcüzə ola,
bəhanələr tapmayaq.
Biz də möcüzə olaq,
heç zaman ayrılmayaq.
Azadlıq
Ruhun azadlıq sevər,
Azadlıq istər,
Azadlığı geyinər, sevinər.
Ruhun azadlığa acdı,
Azadlıq ağıla möhtacdı.
Ağıla gələn deyil azadlıq, ağılla gələndi.
Hər istədiyini etmək deyil,
nə istədiyini bilməkdi,
dərk etməkdi.
Azadlıq dərkdi,
Anlamaqdı azadlıq.
Azad olmazsan anlamadığın yerdə,
anlamadığın birində.
Azadlıq "azadlıq" deyə bağırmaq deyil,
bağırtı deyil azadlıq.
Ürəyin ağılla sevgi pıçıltısıdı.
Dərkin tapıntısıdı.
Ay adam, dərk edib anlasan,
Azad olarsan!
Deyə bilmədim
Qaranlığa qənim ulduzlar - gözlərin,
gecəyə xoş gəldin, şəhidim,
Üzündəki nurdu günəşim.
Bu nurda açılır səhərim.
Səhərə xoş gəldin, şəhidim.
Mən gecənin, səhərin
sənlə bildim dəyərin.
Gəzirəm qarış-qarış hər yeri,
Tanımaq istəyirəm vətəni -
tanımaq istəyirəm səni.
Cəbrayılın, Füzulinin,
Zəngilanın küçələrinə qısılıram,
Qubadlının, Şuşanın dağlarına toxunuram.
Xocavəndə, Xankəndiyə,
Xocalıya sığınıram.
Ağdama, Kəlbəcərə, Laçına sarılıram,
Hamısı sənsən.
Gözlərim ağrıyır...nə gizlədim,
hərdən ağlamaq istəyirəm,
ağlaya bilmirəm,
səni incitmək istəmirəm.
Qorxuram göz yaşımdan diksinərsən,
Məğlub olduğumuzu düşünərsən.
Amma saçına sığal çəkmək,
boyunu oxşamaq keçir qəlbimdən.
Nəfəsin qarışan havayla
içimə çəkirəm sevgini.
Öyrənmək istəyirəm, vətəni sevmək necə olur,
Bilmək istəyirəm, yaşamaq necədir.
Ən ağrılı bilirsənmi, nədir?
Sənə deyə bilmədim ürəyimdən keçənləri.
İllər keçir...mən böyümürəm.
Gülümsəyirsən...
Sənə deyə bilmədim ki,
sənin qədər böyüyə bilmərəm mən.
Zamanın günahı yox,
mən sənə çata bilmirəm - böyük olmuram.
İllər keçir.
Zamana gülümsəyirsən,
"Neçədi yaşın?"- deyirsən...
Ən ağrılı bilirsənmi, nədir?
Mən sənə çata bilmədim...
Bağışla, məni
Mən sən istəyəndə sevmədim səni,
Özüm istəyəndə sevdim, ay ana.
Bağışla, məni.
Bilmədim qədrini sən istəyəndə,
Özüm istəyəndə bildim, ay ana,
Bağışla, məni...
Mən sən istəyəndə anlamadım ki,
Özüm istəyəndə anladım səni,
Bağışla, məni...
nə özüm doyunca, nə sən doyunca
oxşamadım səni, əzizləmədim.
Heç nəyi vaxtında eləmədim mən,
Gec oldu... Gec qaldım...
Gecikdim, ana.
Adət eləmişdim gözləməyinə,
Sanırdım həmişə gözləməlisən.
Amma ki unutdum ölüm gözləməz,
Ölüm sənin kimi səbr edə bilməz.
İndisə oxşayıb, əzizləyirəm,
Mən özüm doyunca sevirəm səni...
Gözlərim doyunca sevirəm səni...
Bağışla, nə olar, bağışla, məni...
Bağışla, ay ana, özüm doyunca...
Bağışla, ay ana, gözüm doyunca...
Bağışla, məni...
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)