Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Dua” şeiri ilə.
Ağrılıdır, ürəkgöynədəndir bu şeir.
“İndi ürəyindən sınır adamlar
İndi çörəyindən vurulur hamı.”
Xoş mütaliələr!
Dua
Dostum Ceyhun Alışlıya
Balıqçı toruymuş ömür deyilən,
Hamı öz torunu yığıb gedəcək.
Bəlkə bu sevinclə şəkil çəkdirim?-
Onsuz da bir azdan çıxıb gedəcək...
Yaxşı ki, bu gecə səhərə çıxdı,
Bağrı çatlamadı bu tənhalıqdan.
Hamı göy üzünə tor atıb durub
Qızıl bəxt istəyir qızıl balıqdan.
Mən yerə asiyəm, göylər də uzaq,
Nə yaxşı ruhumun göy atları var.
Məni bu dünyada tapmaq çətindi
Tapacaq-kimin ki, qanadları var.
Bu yolu nə yaman uzun çəkiblər?-
Yolun yarısında yorulur hamı.
İndi ürəyindən sınır adamlar
İndi çörəyindən vurulur hamı.
Qaldı şair başı dar ağacında-
O cavan saçlara indi dən düşür.
İlahi, bu dünya bir damla yaştək
Bəlkə də haçansa gözündən düşüb?!
Bəlkə son tövbədi sonuncu nəğmə,
Bəlkə son axşamdı elə bu axşam?
Bu dünya-qərib bir şəhər kimidi
Mən də bu ,,şəhər"də azıb qalmışam...
Nə yaxşı, dilimə toxundu adın,
Başladım adından həya etməyə.
İlahi, nə yaxşı lal doğulmadım-
Nə yaxşı, dilim var dua etməyə!
Göyün o üzünü görə biləydim,
Bir gün açılaydı göyün yaxası.
İlahi, bir dəfə özünü göstər-
Adamlar bilmir ki, hara yıxılsın...
“Ədəbiyyat və incəsənət”
(26.07.2024)