Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
İnsan bir iynəsi itsə, axtarar,
Mənim Təbriz boyda şəhərim hanı?
Qüssədən nə gecəm, nə gündüzüm var,
Urmiyəm, Mərəndim, Əhərim hanı?
On səkkiz ilimi taladı hicran,
Şeirimdə xətləri daladı hicran....
Başımda bəyaz qar qaladı hicran,
Demədim o qara məxmərim hanı?
Ölümlə çarpışdım zillətə dözdüm,
Hicranla çarpışdım həsrətə dözdüm,
Nadanla çarpışdım töhmətə dözdüm,
Dedim ağırayaq zəfərim ham?
Bir arı şanıdır sinəm yaradan,
Deyin, ölümmüdür bizi yaradan?
Gündə bir dostumu alır sıradan,
Mən ki, bağ əkmişdim, bəhərim hanı?
Halımdan varmıdır xəbərin, həyat?
Varsa, niyə qopmur məhvərin, həyat?
Nə çoxdur axşamın, səhərin, həyat!
Bəs mənim, bəs mənim səhərim hanı?
Azadlıq! Mən səni nisgillə duydum!
Kövrək təməlinə canımı qoydum.
Əfsus nə yarıdım, nə də ki, doydum,
O eşqim, zəhmətim, hünərim hanı?
Qoymaram Vətənim yada baş əyə!
Meydan oxuyaram mən yerə, göyə.
Döyüşmək istərəm azadlıq deyə,
Üstünü ot basmış səngərim hanı?
Azadlıq! Yenə də sən qayıt dala!
Təbriz də desin ki, uğurlar ola!
Sevinc yaşlarıyla yazsın ki, yola
Hanı təzə doğan ülkərim, hanı?
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)