“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə portalın və jurnalın birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsində fərqlənən gənc şairlərin şeirlərini təqdim edirik.
III YER
Seyyidəli SÜBHİ
QAYIDIŞ
Bir çörək alacaq, qayıdacaqdım
– küçə sürgün etdi yüz fikrə məni.
İslandı qarışqa qalacıqları,
Yağış güllələdi fikirlərimi.
Düşdüm bu boşluqda illər itkini,
Bulud üstümə min fikir ələdi,
Ömrü bozluqlara sürdüm, qayıtdım:
–Dayandım, dinlədim qarışqaları,
Uçdu başım üstən quş yuvaları,
İlan ağzındakı quş balaları.
İzlədim, göz önü gördüm,
qayıtdım.
Əcələ əl atmaq keçdi könüldən,
Keçdim bu bir qırıq çörək ömürdən!
Xəyalən saçları qara kömürdən
qızımın tellərin hördüm,
qayıtdım.
Qayıtdım ürəyim səksəkələrdə...
İtim hiss eləmiş daş səkilərdən,
Muştuluq istədi evdəkilərdən –
Ayaq səslərimə hürdü:
– "QAYITDI"!
MELODRAM
Divarında bir fotoluq yerin olsa,
mənə saxla.
Sevinsən, özünçün sevin,
Ağlayanda mənə ağla!
Məni ətrimdən unut, qız!
Bəs nə?!
Qoxu – xatirədi…
Mən adda gerçəyin yoxdu,
Bu yuxun xatirədi...
Tənhalıq – Tanrı taxtıdır,
Görən, Adəmə yaraşar?
Ayrıldıq....
Ömür olacaq
təkadamlıq tamaşa…
“Ədəbiyyat və incəsənət”
(25.07.2024)