“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Arğın Paşanın şeirlərini təqdim edir.
İNQİLAB QOXUSU
İnqilab qoxusu gəlir;
İntihar edir dodaqlarım
Yaxınlaş mənə.
Eheeeey gözləri poeziya xiyabanı,
Muğanda qora pişirən ay;
Təbrizdə titrəyən Ərk
Şuşada həsrət...
Gözlərin islaq son baharın
Öpülməmiş dodağı;
Gözlərin alça bağı.
Gözlərin bir qızıl almanı ikiyə bölmüş Araz,
Yaxınlaş mənə biraz.
Gözlərin yazarlar birliyinin sədri.
Kamaləddin, Kamyunun "Qürbət" şeiri
Şuta Yataşuylinin "Daranmış saçları"
Nəzar Qəbbaninin "Yüz sevgi məktubu"-dur gözlərin.
Mayakovskinin "Şalvarlı bulud"-u,
Gözlərin Nəsimi,
Nazim Hikmətin asılma xəbəri;
Nüsrət Kəsəmənlinin şah əsəri:
"Məndən əsirgəmə o gözlərini..."
Gözlərin Müşfiqin tutqun tarıdır,
Arzularıdır Əhməd Cavadın.
Sökük Oxtaydır[1],
Oxa tay;
Toxtayıram tikiləndə dənizinə...
Gözlərin sürgün Sahirin[2] azadlıq şeiri,
İlahiləşən Nadir[3]
Qarşında çalınan darıxma sazlar
Qəzəllərə sığmayan darıxmalar...
Nisgilli bayatılar...
Qoşmalar...
Sərbəst çiçək toplusu.
Gözlərin uduzma qorxusu!
Baxırsan;
Dili tutulur gözlərimin,
Ağzı bağlanır dilimin!
Düşünmür düşüncəm
Helen Kelerlənirəm...
Gözlərin şeir ocağıdır;
Yandırırsan,
Yaxırsan,
Baxırsan, şair oluram.
Gözlərin, dilimdə yazılan bütün divanlar.
Gözlərində ədəbi yatıram,
Ədəbiyyat öyrənirəm
Baxışın kölgəsində.
Dağıdırsan qalibləri
Sərhədlər itir
İt olur Hitler!
Səddam itilir!
Gözlərin Əbdülmalikin[4] Pakistan torpağında
Qurşun çağıdır;
Sükut çəkir içimə!..
Bas gözlərinin bağrına məni
Gözlərin candır
Güneydə susuz Urmu gölündən küsən durnalar...
Quzeydə sürgün düşən torpaqlar;
Gözlərin ölkəmdəki dağlar.
Gəl!
Gəlişini düşünürəm;
Sinəm su səpir baxışlarına
Bağlanan küçələrə.
Baxırsan;
72 hava gəlir başıma
"Ayaq cəlili" gəlirsən açıq kökdə;
Baş kökdə "Baş müxəmməs"
Paşa köçür gözlərində...
Gözlərində bitir yaşam
Yaşam gözlərində
Buraxma məni.
Gözəllərini qısqanıram
Eheeeeey... Qız, qan!
Qısqanıram şeirimdə gözlərini.
Gözlərinlə şirindir yaşam
Şirinəm;
Bahar baxışlım,
Fəsillərə son qoymuş yaz;
Yaxınlat
Yaxınlat dodaqlarıma gözlərini biraz...
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)