“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Köhnə bağ evinin pəncərəsindən boylanan adam havanın qaraldığını görüb həyətə çıxdı. Bir qədər dayanıb oğrun - oğrun ətrafa boylandı. Sonra qaranlıqda günortadan götürüb evin divarına söykədiyi sapı qırıq beli əlinə aldı və bağın yuxarı başına tərəf getdi. Bağın hasarına çatanda ay işığında ancaq özünə məlum olan məsafələri çarpaz addımlarla ölçüb addımların kəsişdiyi yerdə çömbəldi. Bundan sonra dizlərini yerə qoyub səs salmamaqçün sakitcə, ehtiyatla torpağı qazımağa başladı. Hərdən dayanıb bir qədər ətrafı dinləyir, nəfəsini dərib sonra yenə qazmağa davam edirdi. Yarım metr dərinliyə çatanda birdən bel metal lövhəyə dəyib spesifik səs çıxardı. Tez beli yerə atıb torpağı əli ilə eşməyə başladı. Narın Abşeron qumunu qazımaq elə də çətin deyildi. Çox keçməmiş axtardığı şeyi tamamən torpaqdan təmizlədi. Bu elə də böyük olmayan köhnə dəmir sandıq idi. Sandığı qazıdığı çuxurdan götürüb kənara qoydu. Tələm - tələsik çuxuru torpaqla doldurduqdan sonra beli bir xeyli aralıya vızıldatdı. Sonra sandığı götürüb bacardığı qədər sürətlə evə keçdi.
Sandığı masanın üstünə qoyub otaqdakı dəmir çarpayını kənara itələdi. Onun altındakı döşəmə taxtalarından birini qaldırıb əlini döşəmənin altına uzatdı. Döşəmənin altındakı torpağa sürtdüyü əli axtardığı şeyə toxunanda dayandı. Bu, illər əvvəl basdırdığı sandığın burada gizlətdiyi açarı idi. Açarı götürüb hər şeyi əvvəlki vəziyyətinə qaytardı və masaya yaxınlaşdı. Uzun müddət torpağın altında qalmış sandığın üstü paslansa da, gövdəsi xeyli möhkəm idi. Ehmalca açarı qıfıla salıb iki dəfə burdu. Qıfıl rahat açıldı. Qapağı qaldırıb oradakı sellofan bükülünü götürüb açdı. Bükülüdəki altı patronlu, barabanlı naqan idi. Silah illərlə torpağın altındakı sandıqda yatsa da, vaxtilə yaxşı yağlanıb büküldüyü üçün olduğu kimi qalmışdı. Bir qədər əlində tutub baxdıqdan sonra silahı kənara qoydu və sandıqdakı kiçik dəmir qutunu götürüb açdı. Bu qutudakılar naqanın patronları idi. Onlar da kip bağlanmış qutuda ideal vəziyyətdə qalmışdılar. Patronları da masanın üstünə qoyub sandığı bağladı. Qonşu otağa keçib onu oradakı köhnə dolaba qoyub qayıtdı. Sonra aramla silahı doldurmağa başladı. Bu silahı, hələ illər əvvəl, həbsindən qabaq qumarda udmuş, elə o vaxtdan torpağa basdırıb bir dəfə də toxunmamışdı.
* * *
Heç bir saat uzanmamışdım ki, Layiqə gəlib çıxdı. Deyim ki, verdiyim suallara gətirdiyi cavablar maraqlı idi, onda heç nə deməmiş olaram. Cavabların içərisində olduqca maraqlı olanlar var idi. İlkin şübhələrimin təsdiqlənməsini, yaxud əsassız olduğunu müəyyənləşdirmək üçün verdiyim sullarla bağlı gələn məlumatlar vəziyyəti kökündən dəyişirdi. Təhlilləri sonraya saxlayacaqdım. Hər şeyi bir ipə düzmək üçün irəlidə uzun bir gecə var idi. İndi isə çox vacib olan bir şeyi elə bu gecə dəqiqləşdirmək lazım idi. Sonra ofisə qayıdacaq, bu öyrəndiklərimi də Layiqənin gətirdiyi məlumatlara əlavə edib hadisənin mənzərəsini çəkməyə çalışacaqdım. Məlumatlar yazılmış zərfi mənə verən Layiqəyə gedib dincəlməsini, səhər bir qədər tez gəlməsini tapşırmışdım. Qalxıb ofisin işıqlarını söndürdüm. Küçəyə çıxıb Fərman Gəraybəylini yığdım. Telefona dərhal cavab verdi.
- Eşidirəm, Bəxtiyar müəllim.
Gəraybəylinin səsi heç xoşuma gəlmədi. Deyəsən halı elə də yaxşı deyildi. Ancaq bu başa düşülən idi. Nə qədər möhkəm adam olsa da, yuxusuz keçirdiyi gecə, hər keçən saatın gətirdiyi həyəcan və hazırkı qeyri - müəyyənlik onun səhhətində özünü mütləq göstərməli idi. Salamlaşmadan dedim:
- Fərman müəllim, zəhmət olmasa binanızın bu gecə növbədə olan mühafizəçisinə mənim gələcəyim haqqında məlumat verin və tapşırın ki, verəcəyim bütün sualları olduğu kimi cavablandırsın. Bir azdan orada olacam.
- Mən də sizi görə bilərəm? - Fərman cəld soruşdu.
- Qətiyyən. Bizi kimsə bir yerdə görməli deyil, bunu ofisimdə görüşməkdən imtina edərkən özünüz də gözəl başa düşürdünüz. İşimizi ehtiyatlı tutaq. Eviniz müşahidədə ola bilər. Suallarımı verib gedəcəyəm. Sizinləsə sonra görüşərik. Bu dediklərimsə ikimizin arasında qalsın.
- Yaxşı, indi tapşıraram, - Fərman müəllim təəssüfünü gizlətmədi.
Telefonu cibimə qoyub maşına oturdum. Fərmanın Sənubər ilə yaşadığı binanın mühafizə olunan bina olduğunu sizə demişdim. Elə həmin vaxt mühafizəçilərin bir sutka işləyib bir sutka istirahət etdiyini özüm üçün dəqiqləşdirmişdim. Nadirin avtomat telefonlardan gələn zənglər barədə verdiyi məlumatları saf - çürük etdikdən sonra tarixlərin eyni mühafizəçinin növbəsinə düşdüyü məlum olmuşdu. Bu gün noyabr ayının on beşidir. Ağamirzə dünən, ayın on dördündə qaçırılıb. Zənglərdən ikisi o qaçırılmamışdan bir gün əvvəl, yəni ayın on üçü, ilk zəng isə on biri tarixində gəlib. Deməli, həmin mühafizəçi bu gün də növbədədir və sabah səhər tezdən növbəni təhvil verib gedəcək. Onunla gecəylə görüşüb danışmağa da buna görə qərar vermişdim. Səhər çıxıb gedərsə, kim bilir sonra harada olacaqdı.
Mühafizəçi ilə istənilən halda görüşəcəkdim. Dediyim zənglərin sırf Sənubərə gəldiyini artıq dəqiqləşdirmişdim. Onun bundan sonra hansısa addımlar atıb - atmadığını bilmək istəyirdim. Ən azı əksər vaxt evdə oturmağa üstünlük verən bu qadının həmin tarixlərdə evdən çıxıb - çıxmadığını öyrənməyim çox vacib idi. Bunu isə bütün günü gəlib - gedənlərə nəzarət edən mühafizəçidən yaxşı heç kim bilə bilməzdi. Ancaq əvvəlcə Layiqənin gəlməsini gözləməliydim. Elə bu səbəbdən planlaşdırdığım görüşə indi gedirdim. Fərman müəllimin tapşırığından sonra mühafizəçinin lazım olan məlumatları verəcəyinə şübhəm yox idi. Çıxmazdan əvvəl güzgünün qarşısına keçib yüngülcə qrimləndim. Fərmanın yaşadığı ünvana gedirəmsə, bunu etməli idim. Qrimim bığ və bir qədər uzun bakenbardlardan ibarət idi. Yol boş olduğu üçün iyirmi dəqiqədən sonra ünvana çatdım. Yaxınlaşan mühafizəçiylə salamlaşıb özümü təqdim etdim. Adımı eşidən kimi dedi:
- Bilirsiz, biz sakinlər haqqında məlumatları heç kimə vermirik. Ancaq Fərman müəllim özü tapşırıbsa, buyurun, sizi nə maraqlandırırsa, soruşun.
Mühafizəçi düz deyirdi. Elə gəlməmişdən əvvəl Fərman müəllimə zəng etməyimin səbəbi də bu idi. Üzümü ona tutub dedim:
- Əslində mənim elə də çox sualım yoxdur. Ancaq soruşacağım şeylərdən başqa dediyim tarixlərdə baş vermiş nəsə yadınıza düşərsə, onları da bilmək istərdim. Söhbət bu ayın on biri və on üçü tarixlərindən gedir. Həmin tarixlərdə siz növbədə olmusuz. Bilmək istəyirəm Fərman müəllimin həyat yoldaşı Sənubər xanım bu tarixlərdə evdən çıxıb harasa gedibmi? Əgər gedibsə, hansı saatlarda?
Sualımı eşidən mühafizəçi birdən - birə duruxdu. Əlini uzadıb bir xeyli boynunun dalını qaşıdı. Onun rəng alıb rəng verməsindən belə başa düşdüm ki, məsələnin ər - arvad xəyanəti ilə bağlı olduğunu düşünür. Mən səbrlə onun danışacağını gözləyib susurdum. Nəhayət o dilləndi:
- Məncə, çıxmayıb.
- Mənə dəqiq cavab lazımdır.
- Yox, dəqiq yadımdadır, çıxmayıb.
Bunları deyən mühafizəçi yenə də boynunun dalını qaşıdı.
- Bəs dediyim tarixlərlə bağlı başqa nəsə xatırlamadınız ki?
- Nə deyim, açığı elə diqqət çəkən bir şey baş verməyib.
- Hər ehtimala qarşı əlaqə nömrənizi verin. Mənim də nömrəmi yazın. Nəsə yadınıza düşərsə, mütləq zəng edin.
Mühafizəçinin nömrəsini telefonuma yazıb onunla sağollaşdım. Çox ümid etdiyim söhbət bir nəticə verməmişdi. İndi ofisə qayıdıb əlimdə olanları bir ipə düzməyin vaxtı idi. Maşına oturub mühərriki işə saldım. Artıq gecə yarıya yaxınlaşırdı. Ofisə tez çatdım. Məni topladığım faktları bir - birinə calayıb əsas ipucuna çıxmağım üçün aparacağım təhlillərlə keçəcək yuxusuz bir gecə gözləyirdi. Kresloma oturub adətim üzrə ayaqlarımı masanın üzərinə uzatdım. Uzun - uzadı fikirləşmək lazım olanda həmişə belə edir, sonra tavanda bir nöqtə tapıb gözlərimi o nöqtəyə zilləyirdim. Bilmirəm niyə, amma bu məndə illərlə vərdiş halı almışdı və bu vəziyyətdə fikrimi daha yaxşı toplaya bilirdim. Artıq yarıqaranlıq ofisdə, tam sakitlikdə təhlillərimə başlaya bilərdim.
* * *
Zirzəminin nəfəsliyi səskeçirməyən materialdan olsa da, birbaşa evin içinə baxan qapısı adi qapı idi. Bu qapının arxasından gələn zarıltı səsi evin birincə mərtəbəsinə qədər gəlir, natarazın beyninə işləyirdi.
- Lənətə gələsən, bu da xəstələnməyə vaxt tapdı.
Deyinə-deyinə yerindən qalxan nataraz pilləkənlərlə aşağı düşüb zirzəmiyə keçdi. Yatmazdan əvvəl söndürdüyü işığı yandırdı. Bayaq yerə atdığı döşəyin üstündə huşsuz vəziyyətdə uzanmış, qızdırmadan yanan uşağa baxıb başını buladı. Oğlanın rəngi avazımış, dodaqları quruyub çat vermişdi. Zəncir bağlanmış ayağındakı qançırların yeri elə şişmişdi ki, zəncirin halqa yeri ayağının ətinə işləmişdi.
Döşəyin yanında düşüb qalmış yorğanı uşağın üstünə çəkdi. Onun bu vəziyyətində də ayağına vurduğu zənciri açmağı düşünməyib donquldana-donquldana zirzəmini tərk etdi.
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)