“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gündən başlayaraq ardıcıl üç gün sizlərə nəsr zamanında Nazilə Gültacın hekayələri təqdim ediləcək. İlk oxuyacağınız “İki limon” hekayəsidir.
İşdən bir neçə saat bundan əvvəl çıxsa da, evə getməyə həvəsi olmadı, ayaqları onu dartıb sahilə apardı. Xeyli dolaşdıqdan sonra üzündə, gözündə yeni il ərəfəsi bir neçə gün evdə tək və tənha olmağın kədəri ilə metroya endi. Gecə saat on ikiyə az qalırdı. Xeyli adam qatar gözləyirdi. Bir kişi iki yeşik limonu gətirib, düz onun yanındaca yerə qoydu. Hiss olunurdu ki, kişi bərk yorulub, üz-gözündən yorğunluq yağırdı, limonlarsa adamın üzünə gülürdü. Getdikcə ətrafa qəribə bir xoş rayihə yayılmaqda, sanki hər tərəf limon rənginə boyanmaqdaydı. “Kim deyir ki, sarı rəng bədbinlik rəmzidir”. İlk dəfə sarı rəngin nə qədər gözəl bir rəng olduğunu düşündü. Limonların rəngində həyat eşqi, təravət vardı. Hərə bir-iki limon aldı. O da limon almaq istədiyini bildirdi. Kişi ona iki limon seçib verdi, amma nə qədər israr etsə də, limonların pulunu almadı. “Gözəl qadına hədiyyə edirəm, məndən yeni il hədiyyəsi olsun, ikiniz də gözəlsiniz – sən də, limon da”, – dedi.
...Yeni il hədiyyəsi olan iki limon stolun üstündə sarı-sarı gülümsəyirdi, elə bil ki, evdə iki balaca günəş doğmuşdu. Özünə çay süzdü, əli gəlmədi limonu doğramağa. Yeni ili bu bir cüt limonla bərabər qarşıladı. “Hər şey gözəl olacaq”, – deyərək, limonlara baxıb gülümsədi. O, tək deyildi...
“Ədəbiyyat və incəsənət”
(17.07.2024)