Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Solmaz Cəmalinin hekayəsi təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihənin koordinatoru Təbrizdə yaşayıb yaradan şair, yazar və tərcüməçi Əli Çağladır.
BU CƏHƏNNƏM, O CƏHƏNNƏMDƏN DAHA YAXŞIDIR!
1
- Bu xaraba otaqdan bi çölə çıx dənə. Gülsara xala yenə səni soruşur. Day üzüm də gəlmir deyəm kitab oxuyur. Deyir hay düşüb qızın boşanır. Görürsən?! sözlərimi qulağında sırğa eləmədin, bu da axırı.
Anam hirsli-hirsli yuxarıdan aşağı məni süzür. Acı baxışları ilə az qalır məni deşik-deşik eləsin... Yan dövrəmə nifrətlə göz gəzdirir. Dirsəklərimi söykədiyim masanın üzərindən götürüb oturacaqda dik otururam. Gözümü oxuduğum kitabın sətirlərindən alıram. Əllərimlə hər iki yandan saçlarımı yığıb başımın arxasında topalayıram. “O arvad heç nəyin ağını, bozunu bilmədi. Həmişə qazanı qarışdırır, çaxnaşma salır. Qüruru, bicliyi, sayğısızlığı yerə-göyə sığmır.” Deyirəm.
- Düşmüşük ağızlara; ancaq sənin ağzından hələ də Gülsara xala düşmür. Niyə başa düşmürsən? Südəmər uşaq da bildi bunu, sən bilmədin.
Kürəyini dayadığı divardan götürüb mənə sarı gəlir. Masanın üzərindən oxuduğum kitabı qaldırıb əllərini altdan onun hər iki tərəfinə qoyur; şappıltı ilə bağlayıb masamın üzərinə tullayır. Ürəyimdə incə-incə ağrılar dolaşır.
- Özüzü aldatmayın, ortada mənim qız doğulmağımdan başqa bir problem yoxdu. Siz hələ də yüz il bundan qabağın dəbinə uyub onun-bunun sözüylə qızlarızın günün tutusuz göy əskiyə. Alı qızı onu deyir, Oruc qızı bunu deyir. Özəl sözlərizibelə onnan-bunnan paylaşırsız.
Danışdıqca içimdə əsirdim. Nəfəsim güclə çıxırdı.
- Oturub onun-bunun dalınca danışmaq hünər deyil. O arvadın, bu arvadın ayaqqabısından, donundan danışmağı elə hamı bacarar.
Sağ əlimi alnıma qoyub ehmalca hövkələyirəm. Əl atıb özümü saçlamaq istəyirəm.
- Beş yaşımdan hey gözünü ağartdın, dilini dişlədin. Dedin ucadan gülmə; Orucun qızı divarın deşiyindən görər, Hacı Cəlil eşidər. Oynama! Alı qızı nə deyər adama?! Onu geymə, bunu geymə.
Nə zaman ağladığımı, gözümün yaşı necə üzümdən boynuma axıb getdiyini bilmirdim.
- Sağ-solumu tanımadan məni bibim oğluna verdiz; anadan olcaq bizi deyilgi etmişdiz. Mən hələ təzə-təzə, uşaqlığımda, qohumlarımızın mənləonu bir yerdə gördüklərində qaş-göz oynatmalarının, şuxluq dolu gülüşlərinin nədənini anlayıram.
Günəş alovlanmışdı. Yumşaq əsintibacanın tül pərdələrini yüngül-yüngül tərpədirdi.
- Arvad acı bağırsaq kimi uzatdıqca uzadır. Qırmızı-qırmızı belə sözün yetirir sanki Rza sənə görə arvadın boşayır. O da qorxu dənə yazıq arvad...
Anam əllərini hövkələyə-hövkələyə titrək səslə davam eləyir.
Oturduğum yerdə eləcə quruyub-qalıram. Bir neçə anlıq masamın üzərində tikanlı, yarpaqsız, ətli gövdəsi olan kaktus gülümə gözüm sataşır. Açıq bacadan cırıltıları içəri dolub otağın səssizliyini pozan cırcıramaların səsi, qəfil hönkürtümün içində itir. Anam əl-ayağını itirir:
- Qızım qınama bizi. Biz də gözümüzü açıb belə görüb öyrənmişik. Başıva dönüm ay bala, day sənə heç nə deməyəcəm.
Qıvraqca qapıdan çıxarkən: “Aynaz, bax, ağlama ha! Əyəm bir də sənə bir söz dedim, nə desən de.” Deyib gedir.
2
Qardaşımla anamın pıçıltılarını duyuram. Məni görüncə səsləri ucalır:
- Hələ başı açıq şəklini qoyur instagrama, telegrama! Sənin ixtiyarın kaşki məndə olurdu!
Qardaşımın gözlərindən nifrət fışqırır.
- İndiyə kimi bu qədər kitab oxuyubsan, nolub? Boynundan medal asıblar? Cibini pul ilə doldurublar?
Anam hər zamankı kimi sərt baxışlarını gözlərimə tuşlayır; gözlərini bərəldir. Əllərini ölçə-ölçə dodağını dişləyir:
- Mən olsam kitabla özümü öldürmək yerinə qəşəng duraram mahnını qoyaram, qızımla oynayıb dingildədərəm. Gedib-gəlib meyvədən yeyərəm, qızımı yedirdərəm. A qız elə bilirsən arvadsan? Sən heç ... da deyilsən.
Ürəyimdəki ağrı, bütün canıma dolaşıb ayaqlarıma axır. Aşağı səslə mızıldanıram:
- Məni assaz da, kəssəz də, o dediklərizi sevmirəm.
Çöküb oturduğu yerdən sıçrayıb üzbəüzümdə durur. Nəfəsini dərmədən bir düzünə danışır:
- Ay qız hamı sənin ucuz, kəndli modeldə olan pal-paltarını danışır ey...
Anamın ağzı köpüklənirdi, damcıları üzümə sıçrayırdı. Amacı məni şaqqalamaq olduğu üçün istədiklərinizorla beynimə yeritmək istəyirdi. Onun bu halını görəndə uşaqlığımda məni qəfəsdə saxladığını xatırlayarkən, həmin qorxu məni çulğayırdı... Xatirələr görüntü kimi gözümün önündə boylanıb özü-özünə dalğalanmağa, itib-tapılmağa başlayır.
Bir gün olmadı anamla qardaşımın yerinə özüm bazara gedəm. İstədiyim pal-paltarı bəyənib sevərək alam. Heç elə bil, bizlərlə onların arasında bu boyda zaman məsafəsi yox idi. Ancaq və ancaq geyimlərimiz dəyişmişdi.
3
Gün batmaq üzərədir. Yer üzü ala-bula olur. gün ərzində səsləri çıxmayan qaranquşların yeyin uçuşlarını seyr edirəm. Eyvanda toplanıb ordan-burdan danışırlar. Həyətin sağ bucağında damı, divarı çökmüş təndirxanaya sarı boylanıb baxıram. Uşaqlığımı xatırlayıram; təndirin başında əyləşib ayaqlarımı içinə sallamaq istəyirəm. Yanan ağacların çırta-çırt səsi, özəl qoxusu, təzə çörəyin iysi hər yanı bürüyüb. Təndirxananın divarlarındakımismarlardan çuvallar, torbalar asılıb.
Keçmişdə günəş, çiy kərpiclə tikilmiş təndirxananın kiçik deşiyindən uzun, sarı bir qılınc kimi içəri dürtülərdi. Payızda tavanından daman yağışın izləri görünərdi. İndi isə divarları çökmüş təndirxana, kölgəsini kol-kosun, otların üzərinə tutqun xalça kimi döşəmişdi. Göylük böcəkləri yam-yaşıl otları sarmışdı. Bir vaxtlar həmin o otların üzərinə uzanıb kürəyimdə, boynumun dalında incə toxunuşlarını hiss edərdim. Bəzən qanadları xallı kəpənəklər otların arasında ehmal hərəkətlərlə yoxuşlu-enişli uçuşardılar, onlara qısqanardım. Eşitdiyim acı sözlər uğultu ilə beynimə işləyib qasırğa qopardığı an, həyətdə gəzişib göz yaşlarımı silə-silə çiçək dərərdim, yarpaq dərərdim. İçimdə bölük-bölük buludlar dolub-boşalardı... Otların arasından aclıqla dolu yuxuya bənzər həyatımı hələ də dəfələrlə kabus kimi görürəm:
- Ay bala, belə əl-ayağıvın sümüyü görsənir ey. Başıvı həyatıva, ərivə, uşağıva qat. Yalannan nəyə durub gəlibsən?
Yaşlılıqdan qırışmış dodaqlarının qırağında aşağılayıcı bir ifadə vardı. İri ayağını yana çəkilmiş tuman köynəyindən görürdüm. Ayağının barmaqlarını oynadırdı:
- Gülsaranı hələ də bəzi gecələr əri döyər. Özü də heç zadın üstündə. – Nənəm narahat-narahat deyir.
- Hə nolsun? Arvadda ağıl olmaz.
Gülsara xala səsini ucaldır.
- Rza canı, Oruc qızı deyirdi o Güləbətinin ərindən boşanan qızı yoxdu?
Nənəmlə anam “Hə, hə” deyə-deyə başlarını tərpədirlər.
- Deyirlər alahı kişinən tutublar. Bir tünlük var imiş. Tifağın dağılsın qız olan bəndə. Bizim zaman olsaydı dədəsi, qardaşları şaqqalardılar qızı.
Qıya baxdıqca kiçik gözləri ilə elə bil ürəyimin düz içinə girmək istəyir.
- Day hamı tükü, tükdən seçir. Hamımız yolları, izləri, cığırları, obaları bir-bir gəzib bura çatmışıq.
Hiyləli baxışını gözlərimdən çəkmir. Bu xına, o xınadan deyildi deyəsən.
Günəşi içinə sümürüb kölgəsini yan dövrəsinə sərən təndirxananı süzürəm. Orada xatirələrin tanış qırıntıları köpüklənirdi.
- Ürəyimi qara-qara şübhələr gəmirir. Başımıza kül ələnəcək.
Anam bu sözü az qala pıçıltı ilə özü-özünə deyir. Dizinin üstünə qoyduğu əli astaca əsməyə başlayır.
Yüngül yel əsir. Tikanlı otların, kol-kosun iysi, təzə çörək iysi qoxuyan havanı çulğayır. Heysiz, utancaq səsim sürünüb boğazımdan çıxır:
- Mən istəmirəm sizə oxşayam.
İllər boyu o qadına, nənəmə, anama oxşaram deyə çox qorxardım. Onların gülüşləri, baxışları belə çox qorxunc idi. Quru torpaq kimi çat-çat olmuş üzlərində yoxsunluğun dolaşdığını sezirdim.
Nənəm ört-basdır eləyib sözün yönünü dəyişdirməyə çalışsa da ox artıq yaydan çıxmışdı. Qaşları çatılır. Barmaqlarını sanki gözümə təpəcək kimi havada oynadır. Qadın birdən götürülür. Sözü ağzından fışqırır:
– Ləçəyini ört çölə düşmüş! Ordan-burdan baxan olar.
Səsi yavaş-yavaş sərtləşir. Külək, əlimdə bərk-bərk tutduğum «Özgə» kitabının qıraqlarını xışıldadır.
«Qadın», qadın doğulmur, «qadın» olunur. Bu cümlə beynimin qaranlığında yellənir, gözümün dənizində ləpələnir. ləpələnib ləpələnib bütün vücuduma yayılır, yazılır. Sanki çayların, bulaqların şırıltısına belə qarışır.
Anamın gözləri qırpılmadan bir nöqtəyə dikilmişdi. nənəm Aysununkiçik əllərinə sığal çəkərək kefsiz və yorğun səsilə ağır-ağır oxuyurdu:
Aysu balam bi qətrə,
Gedə bulaqdan su gətirə,
Suyu verə atasına;
Atası tökə zəmisinə.
Aysu əllərini bir-birinə çırpır, sevincək qışqırır:
- Elçin atam?
Altı göz çönüb mənə baxır. Nənəm düşüncələrinə dalır. O, mütəkkəyə dirsəklənib nalça üstə uzanmışdı. Dilinin altında həzin-həzin başqa bir bayatı oxuyur:
Ay məstana-məstana,
Aysu girib bostana,
Qorxuram yağış yağa;
Qızımın donu islana.
Aysu ovunur. Nənəm çatıq qaşların göyə qaldırır:
- Düz dan yeri söküləndən oyanmışam. Xəmir elə, güd acısın. Kündələ, təndiri sal, külfəni aç, taxta oxlovunu, ilfidəni irahla, sora yay, yap bişir. Day düz ölürəm bala (Anama baxaraq) canım çıxır.
Dodağım qaçır. Gözaltı Gülsaraxalanın nənəmə qarşı baxışına baxıram.
- Ay qız day yazıqlara az qan uddur. Qəşəy ər hələm-hələm tapılmaz. Ərin benavadı, birin də doğ qoy oğlu olsun.
Üz-gözünü turşudur. Bir zəhmlə baxır ki, sanasan ödümü yaracaq. Qadının acığı hələ də soyumamışdı.
Nənəm için-için gülməyə başlayır. Nə isə xatırlamışdı:
- Yadımdadı tək Məhəmmədi doğmuşdum. Gördüm Alı qızı, Oruc qızı ikisin doğub, üçüncüsünəboyludur. Elə bil qarnıma ilan soxdular. Durdum qaçdım Zərnisənin yanına, dedim qarnımı bağla uşağa qalım.
Şaqqıldayıb gülürlər.
- Nənəm nalı mıxa döyür, mıxı nala. Baaah dədöynən məni qınıyan.
4
Otaqdan atamın mən eşidim deyə uca səslə dediyi sözləri duyuram:
- Day bi seri özümü öldürəcəm bu qızın əlinnən. evin-eşiyin boşlayıb gəlib bura ki, nola? O kitablarda nə var?! Gecə yarısınacan yuxu gözümə girmir, yerin içində səhər açılınca çabalıyıram.
Qapını açıb otaqdan çıxıram. Atamın hirsli baxışları sinirlərimi gərir. Kiçik qardaşım dodağı qaçmış mənə zillənir.
- Mən başımı aşağı salıb sevdiyim işi görürəm. Bunun nəyi sizə ağır gəlir? Burnumu onun-bunun həyatına soxmuram. Bir-birimizin düşüncəsinə, geyiminə, yaşayışına sayğımız olsun lütfən.
Yenə dilim söz tutmur. Dolaşıq-qarışıq sözlər bir-birinə qarışır.
Qardaşım mısmırığını sallayır. Sərt baxışları üzümdə donub qalır:
- Elə bu böyük-böyük danışmaqları o kitablardan öyrənirsən. bizim abrımızı aparıb salıbsan ağızlara hələ utanmadan danışısan da. Burda şöngüyüb gözünü kitabnaninstagrama zilləmək yerinə get otur evində, ərivə, uşağıva məhəbbət elə. Elə məhəbbət görməyən ər canıv alıb onun-bunun yanına gedər.
Atama baxıb guruldayır:
- Kitabların odlayın, mobilin sındırın. Bi şillə də yapışdırın ağzına bəlkə adam oldu.
- Bu evdə məni incidən sayğının olmamağıdı, ədalətsizlikdi, ayrı seçkilikdi. Böyük-kiçik sayılmır bu evdə. Nə cür olur da məni adam görmürsüz? – Atama baxıb qardaşımı tuşlayaraq deyirəm.
- A qız sən fərli qız olsaydın deyərdin dədəmin, nənəmin sözü yerə düşüncək qoy mənim başım yerə düşsün.
Səs-küylü arsız qarğalar çılpaq budaqlara şığıyan kimi anam kəskin sözü ilə üstümə şığıyır. Birdən-birə üzü göm-göy göyərir. Hönkürüb bozlayır.
- Soyundur ba sözünü. Deməyin nədi?
Atam nəyi isə beynində götür-qoy edirdi. Tutqun olub qatı hirslənmişdi.
Bu sözləri səhər çağı evdən çıxıb gecə yarısı evə dönən atamdan eşidirəm. Vaxtının çoxunu ailəsi ilə yox, dostları ilə paylaşan atamdan. Maşını götürüb səhərdən-axşama xiyabanları boşuna dolaşan, o qıza, bu qıza qulluq edən, yüksək magistr elmi dərəcəsi olan və məndən yaşca xırda olan qardaşımdan eşidirəm.
Sözləri daraq kimi bir-birinə keçirilmişdi; bilirdim bu sözlərin sonu hara yetişəcək.
- Qayıt öz evinə, nağayırırsan orda elə. Sən yolunu azıbsan deyəsən.
Atam gözlərini yumur. Sağ əli ilə alnını tumarlaya-tumarlaya astadan dillənir. Ürəyimdə nəsə, elə bil sap qırılır.
- Nə zaman dayaq oldun ki? – dişimi-dişimə sıxaraq mızıldanıram.
Gözlərini, gözlərimə dikir:
- Günahıvı öz gözündə yox, ürəyində gəz tap.
Gözlərimi ailəm dediyim insanların üzündə gəzdirirəm.
- Sizlər mənə bir həyat borclusunuz. – deyirəm.
Atamın mat qalmış gözlərinə zillənirəm:
- O əllərini həmişə qızından əsirgədin.
Atam ayağa durur, hüzün dolu bir baxış atır mənə sarı; heç bir söz demədən ağır-ağır çölə çıxır. Ürəyim zoqqul-zoqqul zoqquldayır. Həyatımın hər anında mənə yaşatdığı və qarşısını almadığı bu hiss heç unutmayacağım bir şəkildə yaddaşıma cızılırdı. Hazırlanıram; heç bir zaman mənimsəmədiyim o evə qayıdıram.
5
Bacanın yan divarına söykənib qaranlıq həyətə zillənirəm.
- Qayıtdın?
Biraz susuram. Beynimdə dalğalanan, ləpələnən istəklərə, arzulara nisgillənirəm. Bu şəhər böyüyə-böyüyə ruhumu udmuş, mənliyimi, insanlığımı kültürün, toplumun sıxlığında sümürmüşdü. Bu acılıqları, irinli yaraları ürəyimin məzarlığına yığa-yığa özümü gömmüşdüm. Kölgələr susqun həyətdə gəzişirdilər. Ağızları-başları bəlli deyildi. Bacanın şüşəsindən gözünü bizdən çəkməyən qızımı görürəm. Qolçaq qucağında bizdən biraz aralı bardaşını qurub yerdə oturub.
Bacanın enli taxçasına düzdüyüm doğal güllərimə zillənirəm.
- Bu cəhənnəm, o cəhənnəmdən daha yaxşıdır. – deyirəm.
- Qardaşın zəng eləmişdi. Dedi sənə deyim kitablarının dalısınca getməyəsən.
Gözlərimi güllərimdən alıram. Çönüb qızımın üzünə gülümsəyirəm. Səksəkəli ürəyi ilə qolçağını daha da özünə sıxıb gülümsəyir.
Əllərini şalvarının cibinə salır. Qımışır:
- Hamısın təndirxanada qalayıb yandırıblar...
“Ədəbiyyat və incəsənət”
(16.07.2024)