Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Kiminsə mənasız baxışlarında
Torpaqdı vətənim daşdı vətənim
Mənimsə dünya durduqca dünya üzündə
Qəlbimdə, gözümdə yaşdı vətənim
Siyasi, ictimai xadim, Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından, ilk ana dili dərsliyinin müəlliflərindən biri, İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaratmış, əməkdar incəsənət xadimi, əmək veteranı, mühacir Azərbaycan şairi Əli Tudə.
Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçmüşdür. Atası neft mədənində fəhləlik etmiş və buruq ustası vəzifəsinə qədər yüksəlmişdir. Kiçik yaşlarında hər iki valideynini itirən Əli nənəsinin himayəsində böyüyüb. 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, həmçinin radioda səsləndirilib.
1938-ci il represiya dövründə 7-ci sinifdə oxuyarkən Cənubi Azərbaycan mənşəli olduğu üçün şair nənəsi ilə birlikdə İrana sürgün olunur və təhsili yarımçıq qalır. İranda ata yurdu olan Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olur. Ərdəbildə fəhləlilik edir. Ağır həyat tərzi keçirir, lakin, bir gün belə olsun qələmini yerə qoymur, daim yazıb-yaradır.
1940-cı illərdə Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatının ən fəal üzvlərindən biri də Əli Tudə olur.
1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulur. Xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyir. “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayır. Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradır.
Milli hökumət onu ali mükafatla, “21 Azər” medalı ilə təltif edir. Təbrizin "Şairlər məclisi" ndə müdriklər tərəfindən Əliyə Tudə, yəni Xalq təxəllüsü verilir.
Tudə təxəllüsünü
Xalq özü verdi mənə.
Mərd, fədai olmağı
Məsləhət gördü mənə.
O zaman şairin hələ sadəcə 22 yaşı var idi və ilk şeirlər kitabı da çap mərhələsində idi.
Lakin, min bir əzabla qanlar bahasına qurulan milli hökumət qısa zamanda İran dövləti tərəfindən devrilir. Şairin kitabı mətbəədəcə yandırılır. Şah tutulduğu anda məhkəməsiz flansız qətlə yetirilməsi haqqında fərman verir. Şair yenidən şimali Azərbaycana üz tutur və ömrünün sonuna qədər siyasi mühacir pasportu və vətən həsrəti ilə yaşayır.
Sovet pasportu daşımır və bir çox yüksək titul və mükafatlardan məhrum olur.
Bütün dünya görür ki,yarım əsrə yaxındır
Mən xalqımın içində siyasi mühacirəm
Mən sakin deyiləm hələ də müsafirəm
Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Burada həmçinin şairə ali təhsil almaq imkanı yaranır və o Bakı Dövlət Universitetinin filologiya fakuktəsini fərqlənmə diplomu ilə bitirir. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müdavim, "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olur. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilir.
Əməkdə fərqləndiyinə görə medalı ilə mükafatlandırılır, Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunur.
O, həmçinin "əmək veteranı", "əməkdar incəsənət xadimi" adlarına da layiq görülmüşdür.
Qardaş xəyalımı soraqlasan sən
Vətən çox genişdir sən hər yanda gəz
Ancaq ürəyimi tapmaq istəsən
Başqa yerə getmə Savalanda gəz
Yaradıcılığının başlıca motivlərini, nisgil, intizar, vətən həsrəti təşkil edən şair 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Onun əsərləri özbək, qırğız, hind, ukrayna, rus, inglis və s dillərə tərcümə olunmuşdur.
Ömrü boyu cənub intizarı çəkən Əli Tudə doğma kəndi Çanaqbulağa olan həsrətini belə ifadə edirdi:
Yol üstdəki bulağıyla kəndimizi istəyirəm
Gəncliyimin dodağıyla kəndimizi istəyirəm
Mənə şair balam deyən, şeir sənət qalam deyən
Durnalardan salam deyən kəndimizi istəyirəm
Gülqasımlı yarağanıyla, Gülburnulu bostanıyla
Günəşiylə, dumanıyla kəndimizi istəyirəm
Xəyal hicran dumanında, könül vüsal gümanında
Çanaqbulaq ünvanında kəndimizi istəyirəm
O, 1996-cı ildə fevralın 26-da Bakıda vəfat etmiş və fəxri xiyabanda dəfn olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)