RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

Restoranın arxa qapısı kiçik həyətə açılırdı. Həyətə girdiyimi görən orta yaşlı birisi yaxınlaşıb detektiv Bəxtiyar Nəzərli olduğumu dəqiqləşdirdikdən sonra arxasınca gəlməyimi xahiş etdi. Qapıdan keçib daha çox labirintə oxşayan uzun, dolanbac dəhlizlə getməyə başladıq. Dəhlizə hər iki tərəfdən çoxlu qapılar açılırdı. Bu qapıların arxasındakı otaqlar gəlişini gizli saxlamaq istəyən, əsasən də sevgililəri ilə gələn «VİP» qonaqlar üçün nəzərdə tutulmuşdu. Restoranın arxa qapısından yalnız «seçilmişlər» içəri keçə bilərdi. Nəhayət gəlib məni gözləyən adamın olduğu kabinetə çatdıq. Qapını döyüb içəri keçdim. Məni görən Fərman Gəraybəyli ayağa qalxıb görüşmək üçün əlini uzatdı:

- Çox sağ olun ki, təklifimi qəbul etdiniz.

Onun əlini sıxıb dedim:

- Mən hələ ki, sizi dinləmək təklifini qəbul etmişəm. Qalan şeylərə söhbətimiz əsnasında qərar verərik.

Həmsöhbətim sözlərimdən bir qədər tutulsa da, üstünü vurmadı. İlk baxışdan onun sifətinin rənginin necə qaçdığını hiss etdim. Salamlaşarkən isə əli titrəyirdi. Bu həyəcan yox, aşkar qorxu əlaməti idi. Görəsən, belə bir adamı bu cür qorxudan nə ola bilər? Masaya əyləşdik. Fərman müəllim çaydanı götürüb stəkanıma çay süzdü.

- Siz nuş edin, mən danışım.

Heç nə deməyib çayı qarşıma çəkdim. O, sözünə davam etdi.

- Bəxtiyar müəllim, mənim oğlumu oğurlayıblar.

Təbii ki, belə bir hadisə Fərman Gəraybəyli üçün fəlakət kimi dəyərləndirilirdi. Onun halını başa düşmək olardı. Mənimçünsə bu qəbildən olan cinayətlər yenilik deyildi və hətta maraqlı idi. Ona görə də təmkinimi pozmadan yenə də susub onun daha nə deyəcəyini gözlədim.

- Dünən axşam uşaq evə gəlmədi. Yəqin dostlarıyladı deyə əvvəl çox fikir vermədim. Oğlan uşağıdır. Bir qədər sərbəst olmasını mən də istəmişəm həmişə. Amma saat on biri keçəndə narahat oldum. Belə gec qaldığı olmamışdı. Telefonuna zəng çatmırdı. Dostlarına zəng vurdum, heç kim harada olduğunu bilmirdi. Saat on ikidə isə ev telefonuna zəng gəldi. Naməlum kişi səsi oğlumun onda olduğunu dedi. İki yüz min manat pul tələb etdi. İki gün sonra zəng edəcəyini, polisə xəbər verərəmsə, uşağı bir daha görməyəcəyimi bildirib dəstəyi asdı. Gecə yarısına qədər fikirləşdim. Yoldaşımla məsləhətləşdik. Polisə xəbər verməməyi qət etdik. Xeyli götür - qoydan sonra birdən yadıma Ənvər düşdü. O sizin haqqınızda mənə danışmışdı. Gecə saat 3 - də onu yığdım, nömrənizi istədim. Sonra səhərin açılmasını gözləyib zəng vurdum. Xahiş edirəm, mənə kömək edin.

Bunları deyən həmsöhbətim cibindən çıxardığı bloknota qonorarımın məbləğini yazıb vərəqi qoparıb qarşıma qoydu. Gözucu vərəqdə yazılan rəqəmə baxdım. Məbləğ həddən artıq yüksək idi.

- Niyə oğlunuzu xilas etmək üçün həmin məbləği o adama vermək istəmirsiniz?

Nəhayət ilk sualımı verdim.

Gəraybəyli düşünmədən cavab verdi:

- Bilirsiniz, mənim hələ lap cavanlıqdan çox güclü hissiyatım var. Əgər desəm ki, həyatım boyu qazandığım uğurlarımda savad və bacarığımla yanaşı, hissiyatımın da rolu böyük olub, səhv etmərəm. Gecə yarısına qədər də, elə-belə götür-qoy etməmişəm və sonda məni heç zaman aldatmayan hissiyatımı bu dəfə də dinləməyə qərar verdim. Çünki dünən gələn zəngdən sonra elə ilk dəqiqələrdən içimdən gələn bir hiss məni rahat buraxmır. Pulu versəm belə, oğlumun mənə qaytarılacağına əmin deyiləm. Yoxsa bu mənim üçün elə də böyük məbləğ deyil və oğlumu xilas etmək üçün bundan qat - qat artığını, hətta bütün var - dövlətimi verməyə hazıram. İkinci məsələ odur ki, pulu verəcəyim təqdirdə bunu kimin etdiyini bilməyəcəyəm. Mənsə bu işin arxasında kimin və ya kimlərin dayandığını çox bilmək istəyirəm. Peşəkarlığınıza Ənvərin söhbətlərindən bələdəm. Sizə inanıram. Oğlumun qaytarılacağı ilə yanaşı onların kimliyini də öyrənməyinizi istəyirəm.

Bunları deyən Fərman müəllim sözünə ara verib nə deyəcəyimi gözlədi.

Hansısa cinayəti açmağı boynuma götürəndə əsas şərt kimi qonorarı yox, qarşımdakı insanın kimliyini ilk növbədə nəzərə alırdım. Bəzən, hətta çıxılmaz vəziyyətə düşüb mənə müraciət edən imkansız adamlara kömək edərkən qonorardan imtina etdiyim hallar da olub. Ancaq indiki vəziyyət başqa idi. Fərman Gəraybəyli çox zəngin iş adamı idi və öz varidatını halal zəhməti, iti zəkası və sahibkarlıq bacarığı ilə qazanmışdı. Üstəlik, mənim hansısa bir məbləği səsləndirməyimi gözləməyib təklifi özü etmişdi. Cəmiyyətdəki nüfuzunu və yaxın dostum Ənvər Seyidbəylinin zəmanətini nəzərə alıb bu işi öhdəmə götürməyi qət etdim.

-Oğlunuz haqqında hər şeyi bilmək istəyirəm. Ancaq şərtlərim var: Məndən heç nəyi gizlətməyəcəksiniz və sizə qeyri-adi görünə biləcək suallarım və hərəkətlərimlə bağlı məndən heç nə soruşmayacaqsınız. Lazım bildiyim şeyləri özüm sizə deyəcəm.

Bu sözlərimi eşidən həmsöhbətimin üstündən sanki dağ götürüldü. Başını razılıq işarəsi olaraq tərpədib danışmağa başladı.

-Ağamirzənin on beş yaşı var. Bu ildən imtahan verib məktəbi liseyə dəyişib. Elə sonuncu dəfə də onu dünən liseydən çıxanda görüblər. Dostları ilə sağollaşıb ayrılıb. Başqa nə deyim. Sakit uşaqdır. Dostları da özü kimi tərbiyəli uşaqlardır. Hamısının ümumi bir marağı var. Boş vaxtlarında kartinqlə məşğul olurlar. Kiçik motorlu maşınlarda yarışmağı çox sevirlər. Dünən məşqləri yox idi deyə hamısı dərsdən sonra evinə gedib. Bu saat 15:30-da olub. Ağamirzə də ayrılarkən evə gedəcəyini deyib. Amma… Başqa nə deyim. Sizi başqa nə maraqlandırır?

- Hər şey. Ən xırda təfərrüatlar da mənim üçün vacibdir. Siz lazım olanları yadınıza salın. Xüsusilə, son günlər baş vermiş hadisələri xatırlayın. İndi isə Ağamirzənin anası ilə görüşüb söhbət etməliyəm.

Bu yerdə həmsöhbətimin bir qədər tutulduğu nəzərimdən qaçmadı. Ancaq o özünü tez toparlayıb gülümsədi:

- Nə deyirəm ki, əgər deyirsinizsə, deməli belə lazımdır.

Ayağa qalxdıq. Masanın üzərindəki telefonunu götürüb cibinə qoyan Fərman müəllim mənə baxıb, - ancaq siz heç nə yemədiniz, - dedi.

- Sağ olun, çay kifayət etdi.

Başına gəlmiş fəlakətdən boğazından su da keçməyən birinin yanında rahat yemək yemək qaydalarıma uyğun deyildi. Bunu Fərman müəllimə izah etməyə ehtiyac duymadım. Sadəcə, - gedək, - dedim.

- Gedək-deyə o cavab verdi.

Birlikdə restoranın arxa həyətinə çıxdıq. Sürücü bizi orada gözləyirdi. Gəldiymizi görüb cəld maşına oturdu və mühərriki işə saldı. Keçib arxa oturacaqda əyləşdik.

- Evə gedirik.

Fərman müəllim sürücüyə qısa tapşırıq verib telefonunu çıxardı. Zənginə cavab verilən kimi yenə də qısa şəkildə, - Biz Bəxtiyar müəllimlə evə gəlirik, - deyib xətti kəsdi. Getdiyimiz ünvana çatmağımız elə də çox vaxt aparmadı. Qapını açan ev sahibəsi kənara çəkilib içəri keçməyimizi gözlədi. Çox dalğın görünürdü. Keçib salamlaşdım. Xanımın təxminən otuz dörd-otuz beş yaşı olardı. Kifayət qədər gözəl idi. Sarışın saçlarını başının ortasında yığmış, qulaqlarındakı ağ qızıldan olan brilyant qaşlı iri sırğalar başını tərpətdikcə bərq vururdu. Onların əl işi olduğunu dərhal özüm üçün qeyd etdim. Sağ gözünün altında, almacıq sümüyünün üstündəki kiçik çapıq gözəlliyinə qətiyyən xələl gətirmir, əksinə onu daha da ecazkar göstərirdi. Uzun kirpikləri arxasından baxan açıq mavi rəngli gözlərində təlaş qarışıq dərin bir kədər gizləndiyi hiss olunurdu. Əynindəki ilk baxışdan sadə görünən paltarın ən azı beş yüz manat qiyməti olardı. Makiyajdan istifadə etməmişdi. Ancaq bu halında belə, onda bir çox qadınların həsəd aparacağı bir gözəllik var idi. Fərman müəllimlə qonaq otağında masanın arxasında oturan kimi evin xanımı bizə çay gətirdi. Çayları qarşımıza qoyduqdan sonra özü də masaya oturdu. Ev sahibi boğazını arıtlayıb dedi:

       - Sənubər xanım həyat yoldaşımdır. Buyurun, sizi maraqlandıran sualları verin.

Təşəkkür edib üzümü ev sahibəsinə tutdum.

- Zəhmət olmasa, deyin, Ağamirzə məktəbdən liseyə keçməyi özü istəmişdi?

Belə bir sualla başlayacağımı gözləməyən ev sahibəsi duruxub həyat yoldaşına baxdı. Bunu görən Fərman müəllim onun yerinə cavab verdi:

- Bəli, özü istəmişdi.

Növbəti sualımı verdim.

- Oğlunuz kartinqlə neçə ildir məşğul olur?

Bu dəfə Sənubər xanım özü cavab verdi:

- Doqquz ildir, altı yaşından yazdırmışam. Ağanın lap balacalıqdan yarış maşınlarına həvəsi var, «İdman» proqramında avtomobil yarışları haqqında gedən bir verilişi də buraxmır. Elə Bakıda keçirilən «Formula-1» yarışlarının da hamısına atasına bilet aldırıb, özü də ən yaxşı yerlərə. Yeniyetmələr arasında keçirilən yarışlarda bir neçə mükafat da qazanıb.

Bunları deyən Sənubər xanımın gözlərində ani bir işartı yarandı. Ancaq bu, cəmi bir neçə saniyə çəkdi. Belə olanda soruşdum:

- Yəqin, siz də əvvəllər bu idman növü ilə məşğul olmusunuz?

- Xeyr, heç vaxt, - evin xanımı bir qədər tələsik cavab verdi.

Üzümü Fərman Gəraybəyliyə tutub soruşdum.

- Oğlunuzun adını kim qoyub?

Belə bir sualı qətiyyən gözləməyən ər-arvad duruxub mənə baxdılar. Fərman müəllim yəqin ki, bunun məsələyə nə dəxli olduğunu məmnuniyyətlə məndən soruşmaq istəyərdi. Ancaq mən lap əvvəldən heç bir sual verməyəcəyi barədə şərtimi səsləndirmişdim. Ona görə də sakitcə üzümə baxıb sualımı cavablandırdı.

-Uşağın adını Sənubər xanım qoyub. Mərhum dayısının adıdır. O istədi, mən də etiraz etmədim. Bunu niyə soruşursuz?

Onun dözməyib səsləndirdiyi sualına heç bir reaksiya verməyib dedim: 

-İndi sualı ikinizə də verirəm. Şübhələndiyiniz kimsə var?

Sənubər xanım başını aşağı saldı. Fərman müəllim yenə də ikisinin yerinə cavab verdi:

-Mənim heç kimlə düşmənçiliyim yoxdur və olmayıb. Sənubər xanım da evdar qadındır. Evdən də çox az hallarda çıxır. Burada da nə isə olması ağlabatan deyil. Olsaydı da, mən bilərdim. Fikrimcə bu məsələdə düşmənçilik faktorundan söhbət gedə bilməz. Uşağımızı oğurlamaqda məqsəd yalnız və yalnız məndən pul qoparmaqdır.

Bunları əminliklə deyib mənə baxan Fərman müəllimə heç nə demədim. Bəlkə də o, haqlıydı. Ancaq belə işlərdə sonradan ortaya çox gözlənilməzliklərin çıxdığı mənə məlum idi. Hadisələri qabaqlamağı heç sevmirdim. Araşdırmalarımda ən sevmədiyim şey isə vaxtın azlığı idi. Zəng vuran adam cəmi iki gün vaxt vermişdi Fərman Gəraybəyliyə. Bu iki gün isə dünən axşamdan başlamışdı. Böyük ehtimalla adam elə iki günün tamamında zəng edərkən pulları götürmək üçün görüş yerini deyəcək. Belə çıxırdı ki, sabah axşama qədər ya nəticə olmalıdır, ya da sonrası nə olacaq bilinmir. Mən fövqəladam deyil, sadəcə, işimin peşəkarı idim və indidən başa düşürdüm ki, qaçırılmış oğlanın izinə düşmək üçün bu iki gündən qalan vaxt çox azdır. Görünür, qarşı tərəf də elə bunu fikirləşib belə az vaxt qoyub. Zənnimcə vaxtı uzatmaq üçün indidən bir fənd fikirləşməli olacağam. Elə bir fənd ki, inandırıcı olsun və qarşı tərəfi razılaşmağa vadar etsin. Hələliksə buradan getmək, Ağamirzənin oxuduğu liseyin ətrafını, keçdiyi marşrutu öyrənməyə çalışmalıyam. Onu son dəfə orada görüblər.

Fikrə getdiyimi görən ər - arvad danışmır, səbrlə nə deyəcəyimi gözləyirdilər. Gözucu Fərman müəllimin qarşısındakı stəkana baxdım. Yenə də çayına toxunmamışdı. Nəhayət, sükutu pozdum:

- Ağamirzənin şəklini mənə verin. Sonra oxuduğu liseyin ünvanını və ev telefonunuzun nömrəsini deyin.

Fərman müəllim əvvəl mənə, sonra isə sual dolu baxışlarla həyat yoldaşına baxdı.

Sənubər xanım cəld qalxıb o biri otağa keçdi və əlində oğlunun şəkli ilə qayıtdı. Şəkli mənə verib liseyin ünvanını dedi, sonra ev telefonunun nömrəsini səsləndirdi. Deyilənləri yadımda saxlayıb ayağa qalxdım. Şəkli cibimə qoyub dedim:

- Mən gedirəm. Gün ərzində yeni bir şey baş verərsə, mənimlə mütləq əlaqə saxlayın. İnanmıram ki, bu gün sizə kimsə zəng vursun. Ancaq hər halda ev telefonuna gələn zənglərə daim kimsə cavab versin.

- Mən heç yerə getmirəm, evdə qalacağam. Bir şey də olarsa, dərhal sizi yığacam.

Fərman müəllimlə dəhlizə çıxdıq. Ayaqqabılarımı geyinəndə Fərman müəllim divarda asılmış dəmir ayaqqabıgeyinəni mənə uzatdı. Ayaqqabılarımı birbaşa geyinməyə öyrəşdiyim üçün təşəkkür edib götürmədim. Onu yerinə asan ev sahibi ilə sağollaşıb qapıdan çıxdım. Çıxmazdan əvvəl gözucu dəhlizdən otağa boylandım. Sənubər xanım oturduğu yerdə qalıb fikrə getmişdi…

 

 “Ədəbiyyat və incəsənət”

(15.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.