“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Arda Xaninin şeirlərini təqdim edir.
URMU
Urmuya qan dolub su şəkilində,
İntihar edilən yerdə dayanıb.
İçində gəzdiyim torpağın indi,
Hər evdə iki-üç satqın oyanıb.
Hələ də axacaq damcı-damcı su,
Urmu quruyunca bizim damlardan.
Urmunu evimdə gizlədirəm mən,
Ölkədə qan içən bu adamlardan.
Keçdiyim Urmuda qorxu səsi var,
Ölüm qoxusunu unutmamışam.
Əlimi vurduğum yaşlı gəlindən,
İllərdir gölümdən su tutmamışam.
Həsrətim göyərir su damcısına,
Nisgilim boy atır duzlu su ilə.
Aylardır köçürəm öz vətənimdən,
Hər gecə yatıram bu qorxu ilə.
Urmunun duzların al-ver edirlər,
Ölkədə insanlar duz-çörək yeyir.
Ölümün özünü görürük burda,
Urmunun duzundan qoxuyur şeir.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)