POETİK QİRAƏTdə Əlizadə Nurinin “Səhra kimi yaşadım...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Səhra kimi yaşadım...”

şeiri ilə. 

Yenə də təəccübləndirir, heyrətləndirir şair. 

“Qoy, özümə daş atım,

Qurumaz bu yaş adım.

...Səhra ömrü yaşadım-

İndi də qum-qum ölüm...”

Gözəl poetik bənzətmədir, deyilmi? 

Xoş mütaliələr!

 

Gətirdiyin havadan,

Son dəfə udum, ölüm.

Sən baxınca ölmərəm-

Gözlərini yum, ölüm.

 

O nəğməni oxuma-

Qar yağacaq yuxuma...

Mən boyda bir toxuma

Olarsanmı şum, ölüm?

 

Sinəm tutmur ahları,

Çağır o sabahları.

Soyundum günahları-

Özümü yudum... ölüm.

 

Uçmağa bir qanad qoy,

Mənə güc qoy, inad qoy.

Bu dərdimə bir ad qoy-

Ölüm, Qorqudum, ölüm...

 

Qoy, özümə daş atım,

Qurumaz bu yaş adım.

...Səhra ömrü yaşadım-

İndi də qum-qum ölüm...

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.